• cümə, 29 Mart, 01:34
  • Baku Bakı 7°C

Paşinyan hökuməti virus qarşısında aciz qalıb

01.04.20 17:49 952
Paşinyan hökuməti virus qarşısında aciz qalıb
Erməni mediası yazır ki, hakimiyyət daxilində böyük təşviş hökm sürür

Ermənistan hakimiyyətinin koronavirusla mübarizə tədbirləri effektiv nəticələnmir. Ölkədə virusa yoluxanların sayı saatbasaat artır. Ermənistanda aprelin 1-nə olan məlumata əsasən, 39 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan yazıb. Ümumilikdə ölkədə 571 yoluxma hadisəsi qeydə alınıb. Hazırda 537 nəfər müalicə alır, 31 nəfər sağalıb, 3 nəfər isə ölüb. Yoluxanların sayı artıq 600-ə çatıb. Əksər ekspert və siyasilər də hökumətin virus qarşısında aciz qalmasına görə Nikol Paşinyan hakimiyyətini sərt tənqid etməkdədir. "İrates” qəzeti yazır ki, hökumət vəziyyəti nəzarətdə saxladığını nümayiş etdirmək görüntüsü yaratmağa çalışsa da, əslində hakimiyyət daxilində böyük təşviş hökm sürür. Bir çoxları istisna etmirlər ki, Paşinyan hökuməti infeksiyadan doğan problemlərin yükünün öhdəsindən gəlmək iqtidarında deyil. Hətta hakimiyyətyönlü dairələr belə bildirirlər ki, hökumət aparatında əvvəlki tək özünəinam hissi qalmayıb. Bu səbəbdən də böyük həyəcan dalğasının baş verəcəyi gözlənilir. İqtisadi problemlər çələngi Nikol Paşinyan üçün ciddi təhlükəyə çevrilir, çünki, təmin olunmayan əhali təbəqəsinin üsyanı bu hakimiyyətin sonunu yaxınlaşdıra bilər. "Qraparak” qəzeti isə yazır ki, qondarma DQR ərazisində keçirilən "seçkiəri” müşahidə edən "Mənim addımım” blokunun deputatlarının koronovirus testi müsbət çıxıb və bu da deputatlar arasında təşviş yaradıb. Bundan sonra "Çiçəklənən Ermənistan” fraksiyasının deputatları tələm-tələsik klinikalarda koronavirus testindən keçiblər.
Öz növbəsində "İşıqlı Ermənistan” Partiyasının və qurumun parlament fraksiyasının rəhbəri Edmon Marukyan hakimiyyəti vaxtında profilaktik tədbirlər görməməkdə ittiham edir. Sosial şəbəkədə yadığı statusda bildirir ki, ölkədə ilk infeksiyaya yoluxma faktı martın 1-də qeydə alınıb: "Bundan bir neçə gün isə Dünya Səhiyyə Təşkilatı pandemiya elan etdi. Həmin günlərdə isə Ermənistan hakimiyyət orqanları təbliğat kampaniyası aparırdılar. Ay insan həyatlarının xilasediciləri, necə oldu ki, siz insan həyatının qeydinə qalmağa başladınız? İndi manipulyasiya edirsiniz və bildirirsiniz ki, insanların həyatı hər şeydən vacibdir”. Keçmiş erməni döyüşçü, ictimai-siyasi xadim Gevorq Gevorqyan isə Ermənistan hakimiyyətini öz diletantlığını və bənzər vəziyyətlərə hazırlıqsız olduğunu nümayiş etdirməkdə ittiham edib. O qeyd edib ki, əslində hökumətdə çaxnaşma var, lakin onlar üz sakitliyi ilə bunu gizlətməyə çalışırlar. "Bugünkü mənzərə onların hərəkətsizliyini sübut edir. Koronavirusla bağlı idarələrarası komissiyanın yanvarın 31-də yaradıldığını bəyan edirlərsə, virus hər gün ölkəni ağuşuna alanda bu komissya nə edirdi? Ermənistan kiçik ölkədir və böyük ehtimalla, düzgün addımlar atılsaydı, nəinki kiçik hallar olardı, eyni zamanda virus, ümumiyyətlə, ölkəmizə daxil olmazdı. Ağıllı olmaq və sistemli şəkildə işləmək lazım idi. İndi hakimiyyət ağlını başına toplamalı, ciddi olmalıdır” - deyə Gevorqyan qeyd edib. O bildirib ki, vəziyyət sabitləşəndə və sağlamlıq problemləri artıq olmayanda Paşinyan öz komandası ilə birlikdə uzaqlaşmaq barədə düşünməlidir. Öz "Facebook” səhifəsində "Vahid Ermənistan” partiyasının həmtəsisçisi Artur Qazinyan isə əmindir ki, onun kimi düşünən yüz minlərlə şəxs Ermənistan parlamentində növbədənkənar qaydada müzakirə olunan qanun layihəsinin koronavirus epidemiyası ilə hər hansı əlaqəyə malik olduğuna inanmır. Onun sözlərinə görə, özünü "demokratiya bastionu” elan etmiş hökumət Avropa Şurasına üzv dövlətlər arasında yeganə hökumətdir ki, müxalif mətbuatın işini məhdudlaşdırmaq, insanların şəxsi həyat və məlumatlarının gizliliyi hüququnun ləğvi üçün koronavirus epidemiyasından istifadə edir. Erməni siyasi ekspert Armen Badalyan bu qənaətdədir ki, hakimiyyət böhran əleyhinə idarəetmənin çox aşağı keyfiyyətinə sahibdir. Onun sözlərinə görə, koronavirus ilkin dövrlərdə Ermənistanda ciddiyə alnmırdı. "Biz gördük ki, ilkin dövrdə bu infeksiya, sadəcə, nəzərə alınmırdı. Koronavirusunun kiminsə iti olduğu bildirilirdi, sonra bu virusu pinsetlərlə qoparmaq, onu ev arağı ilə təmizləmək haqqında danışılırdı. Lakin məlum oldu ki, bu metodlarla ona qarşı mübarizə aparmaq mümkün deyil. Üstəlik, 5 aprel referendumu ilə bağlı görüşlər dayandırılmaq əvəzinə, davam etdirilirdi”, - deyə Badalyan bildirib. Ermənistanın Elmi Travmatologiya və Ortopediya Mərkəzinin direktoru Vaçaqan Petros Ayvazyan isə hesab edir ki, əhalinin əsas hissəsi virusun yüngül formasına yoluxacaq və immunitet qazanacaq. "Əziz həmvətənlər, koronavirus bütün dünyada sürətlə yayılır. Pandemiya elan edilib. Pandemiya virusun çox dəhşətli olduğu demək deyil. Bu o deməkdir ki, virusun yayılması ölkələrin əksəriyyətini əhatə edir. Onun təhlükəsi çox sürətlə yayılmasındadır”, - deyə erməni professor qeyd edib.
Onu da qeyd edək ki, Ermənistan parlamenti karantin və özünütəcrid tələblərinə əməl etməyənlər üçün həbs cəzasının tətbiqilə bağlı hökumətin təklifini dəstəkləyib. Hökumət cərimələrin tətbiqinə ötən həftədən, bir aylıq fövqəladə vəziyyət elan olunandan sonra başlayıb. Yeni qanunvericilikdə təcrid qaydalarını pozanlar üçün 1 ildən 5 ilədək həbs, 1 milyon dramadək (2026 dollar) cərimə nəzərdə tutulub. Ölümcül virus haqda qeyri-rəsmi informasiya yayan TV, radio, çap və onlayn media orqanları üçün maliyyə cərimələri tətbiq olunacaq.
Azər Nuriyev
banner

Oxşar Xəbərlər