• cümə axşamı, 28 mart, 20:25
  • Baku Bakı 13°C

Paşinyan hakimiyyətinin ən ciddi problemi pis idarəçilikdir

11.07.19 16:15 9493
Paşinyan hakimiyyətinin ən ciddi problemi pis idarəçilikdir
Nikol Paşinyanın xanımı ilə çıxdığı Asiya turnesi erməni mediasında əsas müzakirə mövzusuna çevrilib. Ermənistan üçün heç nə vəd etməyən Vyetnam və Sinqapur səfəri sosial şəbəkələrində ciddi müzakirə edilməkdədir. Aktivlər xüsusi olaraq Paşinyanın Vyetnam səfərini lağa qoyurlar. Bildirilir ki, Vyetnam öz inkişaf səviyyəsinə görə Ermənistandan belə geridə qaldığı halda, Paşinyanın ora səfər etməsi başadüşülən deyil. "1in.am” yazır ki, Paşinyan Vyetnamda rusca danışdığına görə, tənqidlərə tuş gəlib. Səfərin Konstitusiya günü reallaşdığı da xüsusi vurğulanır. Yəni demək istənilir ki, bir qədər gözləmək də olardı, bu tezliklə səfəri reallaşdırmağa heç bir əsas yox idi. Daha sonra Ermənistanın Vyetnamda səfirinin olmadığı, köhnənin geri çağırıldığı, yenisinin isə hələ də təyin olunmadığı qabardılır. Heç olmasa, yeni səfir təyin olunana qədər bu səfəri təxirə salmaq mümkün idi.
Tənqidlərə münasibət bildirən fövqəladə və səlahiyyətli səfir Arman Navasardyan sayta açıqlamasında bildirib ki, "yaxşı olardı ki, səfər yüksək səviyyədə təşkil edilərdi və heç olmasa səfir təyinatından sonra gerçəkləşdirilərdi. İlk baxışda belə təsəvvür yarana bilər ki, bu, ciddi bir problem deyil, lakin protokol naminə vacib idi. Diplomatik nöqteyi-nəzərindən bu, qəbuledilən forma deyil. Düzdür, faciə baş vermədi. Bir də ki, bizim üçün əsas olan orada hansı sənədlərin imzalanması zəruridir- bizi konkret nəticələr maraqlandırır. Məsələn, götürək Çin səfərini. Məsələn, o səfər zamanı Böyük İpək yolu ilə bağlı heç bir xəbərə rast gəlmədim”.
Politoloq Levon Şirinyan Paşinyanın Sinqapur səfərini şərh edərkən bildirib ki, bu ölkəyə səfər heç bir əhəmiyyət kəsb etmir. Baş nazir orada Ermənistanı Sinqapurla eyniləşdirməyə də çalışıb.
Yeri gəlmişkən, Paşinyana qarşı sərt yazılarla çıxış edən "1in.am” saytı onun hakimiyyətinin ən ciddi problemlərini sadalayıb. Bildirilib ki, ən ciddi problem pis idarəçilikdir. "Klassik mənada Paşinyanın komandası yoxdur, hökumət və parlament isə onun hakimiyyətini gözdən pərdə asmaq, super baş nazirlik sistemi üçündür. Mövcud hakimiyyət nümayəndələrini gələcəyə baxış yox, inqilab haqqında xatirələr birləşdirir”, - deyə müəllif yazır.
Bundan əlavə, Qərb mediası da N.Paşinyan hakimiyyətini hədəfə alan yazıların dərcini artırıb. "Qərbə doğru fırlanmaq Ermənistanın maraqlarına tam uyğun deyil”. "New Eastern Europe” portalında Benyamin Poqosyan Ermənistandakı "məxməri inqilab”dan sonra bu ölkənin Rusiyayla münasibətlərindənsöz açıb. Müəllif 2018-ci ilin aprel-mayında küçə etirazları nəticəsində hakimiyyət dəyişikliyindən sonra ikitərəfli münasibətlərlə bağlı daha çox mənfi gözləntilərin olduğunu yazır. Ancaq Rusiyanın qonşu ölkədəki prosesləri münasibəti gözlənilməz dərəcədə sakit oldu. "Ola bilsin, Rusiya o qədər təəccüblənmişdi ki, güclü addım ata bilmədi, ya da Azərbaycanla Qarabağ münaqişəsi və Türkiyəylə münasibətlərin yoxluğundan dolayı Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq Moskvayla əlaqəni kəsməyəcəyindən əmin idi”, – məqalədə deyilir. O vaxtdan tərəflər arasında müxtəlif səviyyələrdə görüşlər keçirilib. Digər tərəfdən, Birləşmiş Ştatlar Ermənistandan İranla münasibətlərinin miqyasını kiçiltməyi, Rusiyadan uzaqlaşmağı, Çinlə əlavə kontakt yaratmamağı, Azərbaycan və Türkiyəylə münasibətləri normalaşdırmağı tələb edir. Müəllif bütün bu tələblərin Ermənistan-ABŞ münasibətləri üçün yaxşı bir şey vəd etmədiyini vurğulayır. "Rusiyayla strateji alyansı gücləndirmək və Çinlə əməkdaşlığı dərinləşdirmək Ermənistanın milli marağındadır. Bu, hər hansı ərazi itkisini önləməyin yeganə yoludur. Bu səbəbdən Ermənistanın yeni rəhbərliyi Rusiyayla gələcək strateji alyansın vacibliyindən danışır, Kremli xarici siyasət oriyentasiyası sarıdan əmin edir. Yaxın 5-10 il ərzində Ermənistana minimum təhlükəsizlik təminatı verəcək başqa bir ölkə yoxdur”,– müəllif yazır.
Onu da qeyd edək ki, Ermənistanda Gürcüstanda baş verən hadisələrlə bağlı ciddi narahatlıq səngimir. Bir çox erməni ekspert hesab edir ki, Gürcüstandakı qeyri-sabitlik iqtisadi baxımdan zəif ölkələr üçün olduqca təhlükəlidir. Demək olar ki, bütün qonşularına qarşı ərazi iddiaları olan Ermənistan Gürcüstandakı xaosdan daha çox əziyyət çəkə bilər. Məsələyə münasibət bildirən Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan Gürcüstandakı proseslərin bütün regiona, o cümlədən Ermənistana da təsiri olacağını qeyd edib. Onun sözlərinə görə, regionda sabitliyi poza biləcək istənilən addım işğal altında olan Qarabağda ciddi nəticələrə səbəb ola bilər. Partiya sədri bununla bağlı Ermənistan hökumətini Qarabağda sabitliyin pozulmasına imkan verməməyə çağırıb. "Hazırkı şərtlərdə hökumət Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin edəcək addımlar atmalıdır”, - Sarkisyan bildirib. Yerevanla Moskva arasında münasibətlərə toxunan Sarkisyan qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq hakimiyyətin sükanı arxasında kimin oturmasından asılı deyil. Onun sözlərinə görə, bütün bunlar Ermənistan üçün dərs olmalıdır və Yerevan qonşu ölkənin təcrübəsinə əsaslanaraq cəmiyyətin parçalanmasına səbəb olmayacaq xarici siyasət aparmalıdır. "O cümlədən siyasi spekulyasiyalarla da məşğul olan bir sıra vətəndaşlarımızın fəaliyyətlərinin necə təhlükəli olduğunu anlamalarını istərdim. Cəmiyyət Qərb və Rusiya tərəfdarlarına parçalana bilər. Gürcüstandakı hadisələr hər birimiz üçün dərs olmalıdır”, - deyə Sarksiyan bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər