• çərşənbə axşamı, 19 mart, 14:41
  • Baku Bakı 8°C

Paşinyan hakimiyyətdə nə vaxta qədər qalacaq?

27.11.20 15:15 483
Paşinyan hakimiyyətdə nə vaxta qədər qalacaq?
Ermənistanda baş nazirin yerini tutmağa namizədlər hazırlanır

Ermənistanın kapitulyasiyasından sonra əksəriyyət hesab edirdi ki, ölkədə yaşanan xaotik vəziyyət hakimiyyətin devrilməsi ilə nəticələnəcək. Və Paşinyanın sayılı günləri qalıb. Lakin artıq iki həftədən çox vaxt keçib və baş nazir nəinki kürsüsündə qalıb, hətta aktiv şəkildə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Nəyin hesabına - həbslər, etirazların susdurulması ilə. Bunun müqabilində ona "dur” deyən də yoxdur. Hələ ki, baş nazir sosial əhəmiyyətli 15 bənddən ibarət proqram irəli sürməklə vəziyyətdən çıxmağa çalışır. Bununla da vətəndaşları "satın almağa” çalışmaqla, nəticədə vəziyyəti tam şəkildə öz xeyrinə dəyişmək istəyir. İlk növbədə vəziyyətin nizamlanması üçün altı ay vaxt istəyir və bu müddət ərzində koronavirusla mübarizəni önə çəkəcək. Görünür, əvvəlki mübarizəsini uğurlu sayır. İnfrastrukturu bərpa etməyə, Qarabağdan Ermənistana qaçanları geri qaytarmağa, bərbad vəziyyətdə olan ordunu yenidən qurmağa, iqtisadiyyatı bərpa etməyə çalışacaq.
Rusiyanın "Kafkazki uzel” nəşri yazır ki, hətta bura demoqrafik problemi həll etmək də daxildir. Sonda isə deyib ki, ən əsas istəyi Ermənistanda demokratik sabitliyi qoruyub saxlamaq, hakimiyyətə təhlükə olan mənbələri zərərsizləşdirməkdir. Beləliklə, bəlli olur ki, Paşinyan üçün əsas hədəf hakimiyyətin qorunub saxlanılması olacaq. Bu hədəf kimisə təəccübləndirəcəkmi? Çətin ki. Bu şəxs dəfələrlə sübut edib ki, məhz hakimiyyət onun üçün bir nömrəli məsələdir, hətta yeganə hədəfdir. Onun lap əvvəldən hakimiyyətdə nəyin bahasına olursa-olsun qalmaq istəyi, hətta bunun üçün zorakılığa gedəcəyi də çoxdan bəlli idi. Bu səbəbdəndir ki, cəbhədəki əsgərlərə çağırış edərək, geri dönüb opponentlərini yerində oturtmağa səsləməkdən belə çəkinmədi. Bu, çoxlarını qəzəbləndirsə də, heç kimi təəccübləndirmədi. Hazırda onun aktiv tərəfdarlarının olmadığı ilə də heç kimi təəccübləndirmək olmaz. 2019-cu ildən bu yana Paşinyan 2000 nəfərlik bir aksiya belə keçirməyə müvəffəq olmayıb. Noyabrın 18-də Paşinyanın aksiyasına cəmi 500 adam gəldi ki, onların da çoxu hərbçi idi. Baş nazir səsləndirdiyi bəyanatlarda baş verənlərdə əvvəlki hakimiyyətin günahkar olduğunu bildirir. Bəlli olur ki, Qarabağda fərarilik pik həddə olub, satqınlar baş alıb gedib. Paşinyan o dərəcədə qorxub ki, aksiyaya çoxsaylı mühafizəçiləri ilə gəlib.
Bəs real vəziyyət necədir? "Baqramyan 26” teleqram kanalının keçirdiyi sorğunun nəticələrinə görə, 36 faiz respondent Paşinyanın qalmasını, 64 faiz isə onun getməsinin tərəfdarıdır. Maraqlıdır ki, bu teleqram kanal Paşinyanı dəstəkləyir. Məsələ ondadır ki, müxalifət də hələ liderini müəyyənləşdirə bilməyib. Nikol Paşinyanın istefasını tələb edən 17 partiyanın nümayəndələri aktiv şəkildə rus elitasının nümayəndələri ilə işləyirlər ki, onlarla asan iş münasibətlərinə malik olan yeni namizədi təklif etsinlər. "Joğovurd” nəşrinin məlumatlarına görə, 17 partiya üç namizədi - Vazgen Manukyan, Artur Vanetsyan və Hrant Baqratyanı müzakirə edib. Qeyd olunan namizədlərdən, Rusiya Vazgen Manukyana üstünlük verib. "Üstəlik, məlumatlarımıza görə, Vazgen Manukyan bu yaxınlarda öz namizədliyini müzakirə etmək üçün Moskvaya gedib. Lakin bu, yaxın gələcəkdə onun Ermənistanın baş naziri olacağı demək deyil, sadəcə o, qarşıdakı aylarda idarəetməyə keçidə və həm də azad, ədalətli seçkilərin keçirilməsinə zəmanət verəcək müvəqqəti hökumətin rəhbəri olacaq. Yəni Manukyan qısamüddətli hökumətin rəhbəri olacaq. Nə qədər təəccüblü görünsə də, bütün bunlara paralel olaraq Paşinyanın Ermənistan vətəndaşları arasında xeyli sayda tərəfdarının olduğu məlum olur. Nəşr bu mövzu ətrafında Vazgen Manukyanla danışmağa çalışıb, lakin sonuncu qəti şəkildə suallara cavab verməkdən imtina edərək bildirib ki, müsahibələr vermir”, - deyə nəşr yazır.
"Hayastan” ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan isə hesab edir ki, Nikolun vəzifəsini üzərinə götürə bilən insan var. Vardanyan bildirib ki, Ermənistanın növbəti rəhbərinin indiki, gələcək və ya keçmiş şəxs olacağının fərqi yoxdur, vacib olan bu adamın ölkəni bu vəziyyətdən çıxara bilməsidir. "Bu gün Ermənistan həm iqtisadi, həm də investorlarla yaranmış vəziyyətlə ən iyrənc vəziyyətdədir, iqtisadiyyatımız məhv olub. Bəli, düşünürəm ki, həm Ermənistanda, həm də xaricdə bütün bunları dəyişə biləcək adam var. Lakin demək istəyirəm ki, əziz gənclər, siz Baş nazir ola bilməzsiniz, Nikol Paşinyan olubsa, bu o demək deyil ki, eyni səhvi ikinci dəfə təkrarlamalıyıq”, - deyə Vardanyan qeyd edib. Əlavə edib ki, xalq deyimi deyir ki, asılanın evində ipdən danışmırlar. Buna görə də Ermənistan dövləti və erməni xalqı məğlub olmuş baş nazirlə yola davam edə bilməz. Paşinyan baş nazir stulundan yapışdığı üçün qələbədən danışmaq mümkünsüzdür, hətta qələbə haqqında düşünmək belə qeyri-mümkündür. "Paşinyan bir an öncə uzaqlaşmalıdır ki, Ermənistan və erməni xalqı yaşamaq, gələcək, gələcək qələbələr haqqında düşünməyə başlasın”, - deyə bəyan edib.
Parlamentinin keçmiş vitse-spikeri Arpine Hovhannisyan "bugünkü həqiqət odur ki, xain Paşinyan İlham Əliyevin tərtib etdiyi kağızı o qədər cəld imzalayıb ki, baxmaqdan və kəndin rəqibə keçib-keçmədiyini görməkdən narahat olmayıb” - deyə bəyan edib. "Bunun üçün insanlar birdən öyrənirlər ki, onlar mühacirət yolunu tutmalıdırlar. Bugünkü həqiqət odur ki, xain bütün 44 gün ərzində insan haqqında düşünməyib, istər bu insan əsir olsun, istər yaralı olsun, istər qurban olsun, yaxud köçürülən dinc sakin olsun. Gözlənilən gerçəklik odur ki, nikol və nikolizm gedəcək. Geri sayım başlayıb. Tezliklə”, - deyə o qeyd edib. Bildirib ki, artıq ifşa edilmiş xain rəhbərini vəzifəsindən azad etmək iqtidarında olmayan bir xalq Qarabağı necə saxlaya bilərdi, bu barədə düşünübsünüz? Axı 30 il ərzində faktiki olaraq dövlət yaratmağı elə də bacarmayan həmin bu xalq idi: "Kobud səslənir, amma buna baxmayaraq, həmişə demişəm ki, erməni xalqının böyük əksəriyyəti sadəcə dəlilərin (giclər və axmaqlar) toplusudur və bu zavallılar öz vətənini qoruya və saxlaya bilməyəcəklər. Nikol öz bandası ilə təkcə cahil diletantların qrupu yox, həm də yadlara satılmış agentlər idi”. Populist dedikdə, əsasən Ermənistanın fəaliyyətdə olan hakimiyyətindən istefa tələb edən daxili siyasi müxalifətçilər nəzərdə tutulur. Onlar, adətən erməni xalqına istinad edərək deyirlər ki, hakimiyyətdən istefa tələb edən təkcə onlar yox, həm də bütün xalqdır. Və onlar yanılmırlar, çünki erməni xalqı həmişə hakimiyyətin istefasının tərəfdarıdır. Ekspert vurğulayır ki, erməni müxalifətinin populizmi Şuşanın süqutundan və bədnam sənədin imzalanmasından dərhal sonra başladı. "Ağrılısı odur ki, təkcə hakimiyyət və müxalifət yox, həmçinin onlara bitişik olan KİV-lər və jurnalistlər də populistdir.
Belliklə, görünən odur ki, Ermənistandakı mövcud hakimiyyət müəyyən dairələri, əsas etibarilə də, Rusiyanı qane edir. Hazırkı baş nazir də onların bütün istəklərini canla-başla yerinə yetirir. "Soros komandası” kimi erməni tarixinə düşən nazirləri, məmurları dəyişir, rus kanallarını efirə qaytarır və sürətlə qərbdən uzaqlaşmağa çalışır.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər