• şənbə, 20 Aprel, 06:10
  • Baku Bakı 14°C

Paşinyan güzəştə getmək istəyir, amma qorxur

13.01.20 18:41 892
Paşinyan güzəştə getmək istəyir, amma qorxur
Rusiyalı ekspertlər hesab edir ki, separatçı qurumda keçiriləcək seçkilərdə qələbə baş nazirin kompromisə getməsini sürətləndirə bilər

Ermənistan daha bir gurultulu məhkəmə prosesinə hazırlaşır. Bu dəfə üçüncü prezident Serj Sarkisyan həbsxana divarları arxasında salına bilər. Yeni il bayramlarından dərhal sonra Ermənistanın Xüsusi İstintaq Xidməti eks-prezident Serj Sarkisyanın bir milyon dollarlıq yeyintiyə yol verməsi işi üzrə istintaq materiallarını məhkəməyə göndərib. İdarədən bildiriblər ki, əldə olunan sübutlar ittiham aktının hazırlanması üçün kifayət edir. Belə bir qərar bir çox müşahidəçilərin təəccübünə səbəb olub, axı cinayət işi cəmi bir ay idi ki, başlamışdı. Dekabrın əvvəlində başlanan cinayət işi ildırım sürəti ilə başa çatdırılıb. Adətən bu səviyyədə cinayət işləri uzun müddətli, ən azı bir il sürür. Şübhəli bilinən şəxs cinayətlərini etiraf etmirsə, yaxud yazılı sübutlar yoxdursa, tanınmış top-siyasətçinin cinayətdə iştirakını sübut etmək çox mürəkkəbdir. Sarkisyan da günahını boynuna almaq fikrində deyil. Əksinə, öz işini sırf siyasi sifariş hesab edir. İstintaqın ortaya qoyduğu materiallardan da aydın olur ki, müstəntiqlər Sarkisyana qarşı hər hansı bir yazılı sübut ortaya qoya bilməyiblər. Bütün ittihamlar yalnız onun tabeliyində olmuş şəxslərin ifadələri üzərində qurulub. Sarkisyanın bir neçə yaxın tərəfdarı, o cümlədən qohumu Narek həbsdədir. Sonuncunu qanunsuz silah gəzdirməkdə ittiham edirlər. Üçüncü prezident kimi tarixə düşən Sarkisyan hələ ki, həbsxanada deyil, ev dustağıdır. Lakin onun "Qarabağ klanı” üzrə həmkarı, ikinci prezident Robert Koçaryan artıq ilyarımdır ki, həbsxanada cəza çəkir. Koçaryana qarşı ittihamlar bir qədər ciddidir - onu konstitusiya quruluşunu devirməkdə ittiham edirlər. Onun barəsində aparılan məhkəmə prosesi hələ də davam edir. Bəllidir ki, Koçaryan və Sarkisyan "Qarabağ klanı”nın liderləridir. Hər iki şəxs Paşinyan hakimiyyətə gələnə qədər 20 il Ermənistanı idarə ediblər. Onların sonuncu platsdarmı işğal altında olan Qarabağ torpaqlarıdır. Mart ayında Azərbaycanın işğal altında olan ərazilərində yaradılan bu qondarma qurumda "prezident” və "parlament” seçkiləri keçiriləcək. Heç kimə sirr deyil ki, Paşinyan bu qondarma seçkilərin vasitəsilə "DQR”də öz tərəfdarının qələbə qazanmasına, tərəfdarlarının rəhbər strukturlara gətirilməsinə çalışır.
Sarkisyanın işi ilə bağlı istintaq materiallarının tələm-tələsik məhkəməyə göndərilməsini qondarma qurum ərazisində keçiriləcək "seçkilərlə” bağlı olub-olmadığını "Moskva-Bakı” portalına müsahibəsində rusiyalı ekspertlər də şərh ediblər. Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Aleksey Fenenko hesab edir ki, Paşinyan sözsüz ki, hücuma keçib. Və nəyin bahasına olursa-olsun Qarabağ klanını bir sıra qruplaşmalara parçalamağa çalışır. Məqsədi də klanı məhv etmək deyil, sadəcə, onu əzmək, daxildə etimadsızlıq və ziddiyyətlər yaratmaqdır. Hesab edir ki, klan daxilində qarşıdurma və ziddiyyətlərin güclənməsi ona hədəfə çatmağa kömək edəcək: "Paşinyanın strategiyası çox sadədir – imkanlar pəncərəsinin genişləndirilməsi. Erməni lider başa düşür ki, Qarabağ klanını tamamilə silmək olmaz, bu səbəbdən də Stepanakert (Xankəndində) hakimiyyət strukturlarına daha çox öz tərəfdarlarını yerləşdirməyə çalışır”. Onun qənaətincə, separatçı qurumda "Qarabağ prezidenti” kreslosunu indiki rəhbər, Sarkisyan və Koçaryanın yaxın tərəfdarı Bako Saakyan qoruyub saxlayacaq. "Onun şansı daha çoxdur, lakin qələbə əldə edəcəyini söyləmək çətindir. Belə şəraitdə Paşinyanın başlıca vəzifəsi Saakyana daha loyal parlament yaratmaq, müxalifət formalaşdırmaqdır. Beləliklə, əgər Saakyan hakimiyyətə qalsa belə, Paşinyanın adamlarından ibarət güclü idarəçilər əldə edəcək. Onlar da hər vəchlə Qarabağ klanının gələcək fəaliyyətini bloklamağa çalışacaqlar”, - deyə Fenenko vurğulayıb. "Yalnız belə bir mərhələdə erməni baş nazir Xankəndində Qarabağ klanına alternativ yarada biləcək. Yəni, tələsmədən hərəkətə keçə, ard-arda imkanlar pəncərəsini açmağa müvəffəq olacaq”, - deyə ehtimallarını irəli sürüb. Fenenko hesab edir ki, separatçı qurumda keçiriləcək "seçkilərdə” Paşinyanın daha çox tərəfdarının qələbəsi Dağlıq Qarabağla aparılan danışıqlar prosesinə, bütövlükdə regionun həyatına müsbət təsir edəcək. "Əgər Paşinyan öz qüvvəsini hiss edəcəksə, onda gələcəkdə də, danışıqlar prosesində müəyyən maneələr yaradacaq. Paşinyan nə qədər güclüdürsə, danışıqlar prosesi də bir qədər zərər çəkəcək”, - deyən ekspert əlavə edir ki, ikinci prezidenr R.Koçaryan üzərində məhkəmə prosesi ilə bağlı Yerevan Qərbdən də razılıq reaksiyaları alıb. "Bütün bunlar Sarkisyanın özünün uzaqgörən olmadığından xəbər verir. O, MDB-nin ona qədər devrilən liderlərinin buraxdıqları səhvləri təkrarlayıb. Sarkisyan həmişə Qərblə Kreml arasında balanslaşdırılmış siyasət yürüdüb. Birmənalı şəkildə rusiyapərəst siyasət yürütməkdən imtina edib. O, ümid edirdi ki, Qərb buna görə onun barəsində müsbət fikirdədir. Görürük ki, belə deyil”, - deyə ekspert vurğulayıb. Rusiyalı politoloqun qənaətincə, S.Sarkisyandan qərbyönümlü müxalifətin leqallaşdırılması üçün istifadə edirdilər, devriləndə isə bəlli oldu ki, üçüncü prezident hər hansı bir immunitetə malik deyil.
Başqa bir rusiyalı ekspert, Siyasi tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Qarabağda keçiriləcək "seçkilər” məsələsində bir qədər optimist əhval-ruhiyyədədir. Onun qənaətincə, qondarma qurumda keçiriləcək "seçkilərin”in Dağlıq Qarabağla bağlı aparılan danışıqlar prosesinə təsiri miqyaslı şəkildə çox ola bilər. "Əgər seçkilərin nəticələri Paşinyanın adamlarının xeyrinə həll olarsa, bu, onun Azərbaycanla Kazan formulu əsasında kompromisə getmə imkanlarını genişləndirə bilər. Paşinyan bunu istəyir, lakin reallaşdırmaqdan hələ ki, qorxur. Erməni radikallarının ona qarşı çıxacaqlarından ehtiyat edir. Bu səbəbdən də məsuliyyəti bölüşmək istəyir. Qarabağla bağlı kompromisə "qarabağlıların özlərinin” gəlməsinə çalışır”, - deyə ekspert portala müsahibəsində bildirib. Markov hələ ki, martda qondarma qurumda keçiriləcək seçkilərin gedişinin necə olacağını söyləmək istəmir. "Sadəcə, aydın olan odur ki, çox ciddi mübarizə yaşanacaq. Klan çox ciddi rəqabətə malik qruplaşma kimi qalır. Klanın liderləri onu gözləyir ki, Paşinyan nə vaxt büdrəyəcək, ayaqları getməyəcək. Dərhal da revanş götürməyə çalışacaqlar. Bu səbəbdən də Paşinyana onları darmadağın etmək gərəkdir”, - deyə bəyan edib. O ki qaldı Sarkisyana qarşı müstəntiqlərin apardıqları cinayət işinə, Markov bunu rəqiblərinə qarşı mübariz aparmağın ənənəvi Asiya üsulu adlandırıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər