• çərşənbə, 24 Aprel, 02:06
  • Baku Bakı 14°C

“Pasientlərin hüquqlarının qorunması haqqında” qanuna ehtiyac varmı?

13.01.17 10:00 1519
“Pasientlərin hüquqlarının qorunması haqqında” qanuna ehtiyac varmı?
"Azərbaycanda "Pasientlərin hüquqlarının qorunması haqqında” yeni qanun layihəsi hazırlana bilər". Bu haqda Trend-ə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev məlumat verib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqinə artıq start verilib: "Pasientlərin hüquqlarının qorunması haqqında” qanun da icbari tibbi sığorta ilə sıx bağlı olacaq bir qanundur. Hesab edirəm ki, biz komitə olaraq yaz sessiyasında bunun da üzərində işlərə başlaya bilərik”.
Bəs burada söhbət nədən gedir? Qanun layihəsinin mahiyyəti nədən ibarət olacaq? "Pasientlərin hüquqlarının qorunması haqqında” qanuna ehtiyac varmı? Ekspert İlqar Hüseynli "Kaspi”yə açıqlamasında bildirdi ki, yeni qanunvericilik təşəbbüslərilə çıxış edərkən beynəlxalq hüquq normalarına istinad olunur. Pasientlərin hüquqlarının müdafiəsini tətbiq edən və protokol qaydası deyilən bir qayda təcrübədə tətbiq olunur: "Protokol qaydası nədir? Yəni ki, xəstəliklərin diaqnozlar üzrə konkret protokol qaydası olur. Xəstə klinikaya, həkimə müraciət edərkən o protokol qaydasına uyğun olaraq ona tibbi yardım göstərilir. Əgər cərrahi müdaxiləyə ehtiyac varsa, əməliyyatı şərtləndirən amillər, müddəalar da protokol qaydasında olur. Bir sözlə, hər bir həkim xəstəyə beynəlxalq təcrübədə tətbiq olunan protokol qaydası ilə yanaşır. Orada həm xəstənin hüquq və vəzifələri, həm də həkimlərin bu sahədə üzərinə götürdüyü öhdəliklər öncədən bəyan edilir. O protokol xəstə, həkim və ya cavabdeh şəxslər tərəfindən imzalandıqdan sonra həkim xəstə üzərinə icra edəcəyi işləri görməyə başlayır. Diaqnostikadan tutmuş mövcud xəstəliyin müalicəsinə qədər”.
Proses protokol qaydası altında həyata keçirilsə...
İ.Hüseynli bildirdi ki, müayinə və müalicə prosesi protokol qaydası altında həyata keçirilsə, orada tərəflərin hansısa hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlərə ehtiyac yaranacağını düşünmür: "Bizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot olaraq iki rayonda layihənin icrasına başlanılıb. Yaxın vaxtlarda bu Azərbaycanın bütün bölgələrini əhatə edəcək. Burada pasientlərin hüquqlarının müdafiəsi dedikdə ikitərəfli yanaşma ola bilər. Əgər biz pasientlərin hüquqlarını sığorta məsələləri ilə bağlı müdafiə edəcəyiksə, burada "Xəstə tibbi sığortadan hansı formada yararlana bildi?”, "Tibbi sığortanın şərtləri pozuldumu?”, "Sırf tibbi sığortadan irəli gələn müvafiq tədbirlər pasient üzərində həyata keçirildimi?” kimi suallar olacaq. Eyni zamanda, burada əksinə olaraq müvafiq klinikaların, həkimlərin də mənafeyi müdafiə olunmalıdır ki, tibbi sığorta tətbiq olunmuş xəstələrin ödəniş mexanizmləri doğru-düzgün yerinə yetirildimi? Bu mərhələlər üzrə həyata keçirilən hər bir addıma həm klinika, həm pasient, həm də sığorta ödəyicisi tərəfindən riayət olundumu? Bu mənada pasientlərin hüquqlarının qorunmasına zəruri ehtiyac var.
Əgər qanun layihəsi sığorta ilə bağlı olacaqsa, tibbi sığortanın tətbiqində baş verən problemlərin aradan qaldırılmasından irəli gələcək müdafıə olacaqsa bunu alqışlamaq olar. Bu zəruri və başadüşüləndir. Amma tutaq ki, cərrahi müdaxilə zamanı öd kisəsinin götürülməsi əməliyyatı həyata keçirilir. Əgər bu zaman bütün kliniki diaqnostik tədbirlər həyata keçirilibsə, laborator analizlər düzgün aparılıbsa, sırf tibbi cərrahi prosesin özü protokol qaydasına riayət olunaraq həyata keçrilibsə, bundan bir neçə gün sonra xəstənin ümumi vəziyyətində ağırlaşmalar baş veribsə, artıq biz hüquqların müdafiəsində həmin protokol mexanizminə istinad etməliyik. Burada yanaşma doğru olmalıdır. Ani baş verən hər hansı xətalara görə bütövlükdə Azərbaycanın səhiyyə korpusunu, tibb heyətini tamamilə günahlandırıb orada müdafiəçi qismində çıxış etməyimiz həkimlərin özlərinin də risklərini artırır”.
"Həkimlərlə xəstələr arasında etimadsızlıq mühiti yarana bilər”
Tibbi ekspert Adil Qeybulla "Həkim etikası kodeksi”nin tətbiqini daha məqsədəuyğun gördüyünü bildirdi: "Biz hərdən müəyyən təşəbbüslərlə çıxış edirik. Amma bu təşəbbüslərin dünya təcrübəsində necə tətbiq olunduğundan həmişə yan keçirik. Ümumiyyətlə, pasinetlərin hüquqlarını kimdən qoruyuruq? Dünyanın hər yerində "Həkim etikası kodeksi” var. Bu həkimlə xəstə, tibb kollektivi arasında bütün münasibətləri tənzimləyir. Belə bir qanun hazırlanmalıdır. Yoxsa, bizdə "Hippokrat andı” var. Bu, dünyanın heç yerində yoxdur və mənəvi xarakter daşıyır. Bu, insanları nəyəsə məcbur edə bilməz. Onun hüquqi qüvvəsi yoxdur. Amma həkim etikası kodeksi bir qanunverici aktdır və hüquqi gücü var. Onun müddəaları pozulduqda hüquqi məsuliyyət yaranmış olur. O məsuliyyətə görə də məsələ dəyərləndirilir.
Söhbət bundan gedir ki, əgər həkim peşə borcunu yerinə yetirərkən özündən asılı olan və yaxud olmayan səhvə yol veribsə, bununla bağlı, xəstənin sağlamlığına hər hansı zərər dəyibsə, bu məsələlər peşəkar şəkildə araşdırılır və qərar qəbul edilir. Bizdə isə nə baş verir? Pasientin hər hansı narazılığı varsa, polisə və yaxud hər hansı hüquq-mühafizə orqanlarına müraciət edir. Həmin orqanlara da həkimi çağırırlar və məsələ bu yola həll olunur. Amma məsələ bu cür həll oluna bilməz. Həkim müalicə prosesində hansısa səhvə yol veribsə, bilərəkdən və yaxud bilməyərəkdən səhv edibsə, yaxud xəstəlik ağırlaşdığından hansısa problem yaranıbsa, bütün bunları xüsusi tibbi komissiyalarda araşdıra bilər. Bu, dünya təcrübəsində belədir”.
A.Qeybulla deyir ki, pasientlərin hüquqlarının müdafiəsi məsələsinin gündəmə gəlməsi əslində həkimlərlə xəstələr arasında bir etimadsızlıq mühiti yarada bilər: "Heç kim düşünmür ki, həkimlərin də sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır. Burada məsələyə kompleks yanaşmaq lazımdır. Elə bir qanun layihəsi hazırlanmalıdır ki, burada nəinki pasiyentlər, hətta həkimin də hüququ qorunsun, onların arasındakı münasibətlər hüquqi baxımdan tənzimlənsin. Dünya hansı yolla gedirsə, biz də o yolla getməliyik”.
"Bu iş icbari tibbi sığortanın tətbiqi ilə paralel getməlidir”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Qənirə Paşayevaisə bildirdi ki, "Pasientlərin hüquqlarının qorunması” ilə bağlı qanun layihəsi qəbulu icbari tibbi sığortanın tətbiqi ilə paralel getməlidir. Əgər belə olmasa, qanun layihəsi yetəri qədər effektiv olmayacaq: "Pasientin hüquqlarını müdafiə edən qanun mütləq lazımdır. Amma icbari tibbi sığortanın tətbiqi gərək bununla paralel getsin. Əgər bunlar ikisi bərabər şəkildə gedərsə, o zaman effektiv işləyən bir qanuna çevrilə bilər. Pasientlər də bunun xeyrini görər”.
Q.Paşayeva deyir ki, burada yeni nə isə kəşf etmək lazım deyil, Avropa ölkələri, qardaş Türkiyədə bunun mexanizmi var: "Tibbi sığorta işləyən cəmiyyətlərdə bu məsələlərdə sıxıntı olmur. Problem tibbi sığorta olmadığı hallarda olur. Səhiyyə bir orqanizmdirsə, tibbi sığorta onun onurğa sütunudur. Onurğa sütunu olmayan, yaxud çalışmayan sistemi ayaqda dik saxlaya bilmərik. Səhiyyə, sağlıqla bağlı olan bir çox problemlərin kökü sığorta ilə bağlıdır. Sığorta normal şəkildə çalışarsa, probleminin müəyyən qismi aradan qaldırılmış olacaq. Tibbi sığortanın dairəsi genişlənməyəcəksə, nə qədər qanun qəbul edilsə də, yetərli qədər effekt almaq çətin olacaq. İki rayonda tibbi sığortaya pilot olaraq başlanılıb. Ümid edirik ki müsbət nəticələr əldə olunacaq və qısa zamanda bu layihə ölkəmizin hər tərəfinə geniş şəkildə yayımlanmış olacaq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər