• şənbə, 20 Aprel, 08:37
  • Baku Bakı 14°C

Pandemiya şərtləri Qurban bayramının fəzilətinə xələl gətirmir

30.07.20 18:57 840
Pandemiya şərtləri Qurban bayramının fəzilətinə xələl gətirmir
Bayram günlərində qurban kəsib, paylamaqla yanaşı, başqa əməllərlə də savab qazanmaq mümkündür

Qarşıdakı dörd gün xalqımız Qurban bayramını qeyd edəcək. Milli-mənəvi dəyərlər əsasında keçirilən, İslam dininin ən müqəddəs bayramlarından biri də Qurban bayramıdır. Bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Bu bayramın əsasında xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur. Təəssüf ki, bu il pandemiyadan dolayı, bayram fərqli keçirilir. Qurban bayramının keçirilməsi, qurbanlıq heyvanların alınması və kəsilməsi ilə bağlı qaydalar müəyyənləşdirilib.
Pandemiya səbəbindən insanlar bayramı bir qədər fərqli qeyd etməli olacaqlar. Belə ki, koronavirusa yoluxmamaq üçün qurbanlıqların alışı, kəsimi zamanı kütləvilik olmayacaq, kütləvi bayram namazı qılınmayacaq. İnsanlara bayramlaşmanın da kütləvi edilməməsi tövsiyə edilib.
Bəli, təəssüf ki, bu bayramda sevdiklərimizlə bir süfrə ətrafında əyləşib, bayramlaşa bilmirik. Bu isə, öz növbəsində bəzi vətəndaşlarımızı bayramın keçirilməsi ilə bağlı narahat edir.

İlahiyyatçı Elvüsal Məmmədovun sözlərinə görə, pandemiya dövründə bayramın əvvəlki illərdə olduğu kimi keçirilməməsi bayramın fəzilətinə xələl gətirmir: "Pandemiya elə bir məsələdir ki, gərək məsuliyyətli yanaşaq və kollektiv olaraq qoyulan qaydalara əməl edək. Yəni hər kəs bu dönəmlərdə daha çox məsuliyyətli olmalıdır ki, virusun yayılma arealı genişlənməsin. Bu, əsas şərtlərdən biridir. Şəriətin də beş prinsipindən biri cismin qorunmasıdır. Əgər hər hansı bir ibadət forması və ya ayin insanın canına zərər vura, şikəst edə və fiziki olaraq dünyadan köçüb getməsinə səbəb olarsa, həmin dini ayinləri etməyə ehtiyac qalmır. Bəli, Qurban bayramında qurbanın kəsilməsi, paylanılması, insanların bir-birini ziyarət edib bayramlaşması çox gözəldir. Bunlar öz yerində, amma indi elə bir mərhələdən keçirik ki, bütün bu sadalananları icra edə bilmirik. Amma buna görə insanlarımız narahat olmasınlar, düşünməsinlər ki, bayramları naqisdir. Belə bir düşüncə olması düzgün deyil. Çünki dediyim kimi, əsas məsələ insanın sağlamlığının qorunmasıdır. Xəstəlik yayılmasın deyə, təmasdan qaçmalı, məsafəni gözləməliyik. Odur ki, istər qurbanlıq qoyun seçərkən, istərsə də kəsilən əti paylayarkən mütləq maskamızı taxmalı, sosial məsafəni saxlamalıyıq. Lazım gələrsə, əlcəkdən və gigiyenik məhsullardan istifadə etməliyik. Yəni elə davranmalıyıq ki, karantinlə bağlı qoyulan qaydaları pozmayaq. Bu indiki dövr üçün zəruri haldır. Ona görə də bayramımızı müəyyən şərtlər daxilində keçirməyimiz daha məqsədəuyğun sayılır. Vətəndaşlarımız narahat olmasın, bu şərtlər bayramın fəzilətinə xələl gətirmir”.
Sosioloq Əhməd Qəşəmoğlu qeyd edir ki, bu il qurban kəsib, paylamaq yerinə, başqa əməllərlə savab qazanmaq olar: "Qurban bayramı qədim bayramlarımızdandır. Bütün müsəlman aləmi bu bayramı qeyd edir. Hər kəs evində bayram əhval-ruhiyyəsi yaradaraq bu il də bayramı xoş keçirə bilər. Lakin pandemiya dönəmində heyvanın kəsilməsi və paylanılmasında virusa yoluxmaq riski var. Bir məsəl var, "qaş düzəldən yerdə göz çıxarmaq”. Bu da onun kimidir. Misal üçün, mənə kimsə qurban əti payı gətirsə, bir az şübhəli yanaşaram. Çünki indiki dönəmdə kimdənsə nəsə almaq, xüsusilə də ət məsələsində, daha çox təhlükəlidir. Ona görə qurban kəsilib paylanılması məsləhət olunmur. Düzdür, insanlar əhd etdikləri qurbanı kəsib paylamaq, savab iş görmək istəyirlər. Amma virus təhlükəsini nəzərə alaraq bunu edə bilmirlər. Şəxsən mən özüm də əvvəlki qaydalara uyğun olaraq qurbanın kəsilib paylanmağının tərəfdarı deyiləm. Düşündük, bəlkə insanlara məsləhət görək ki, kasıblara ət yardımı ilə deyil, başqa yolla köməklik edib, savab qazansınlar. Misal üçün, kimin ətrafında kasıb bir ailənin mağazaya borcu varsa, həmin borcu sildirə bilər. Mən özüm kəsəcəyim qurbanın dəyərində mağazaya borclu insanın yerinə həmin borcu ödəməyi düşünürəm. İnsanlarımız bu qaydadan da istifadə edə bilər, həmçinin ehtiyacı olan bir ailəyə həmin ətin dəyərində ərzaq yardımı göstərə bilər”.
Ekspert, əslində fikirlərində haqlıdır. Savab qazanmaq üçün başqa əməlləri də yerinə yetirmək olar. Amma bəzi vətəndaşlarımız qurban kəsməkdə israrlıdırlarsa, onları pandemiya qaydalarına əməl etməyə, karantin şərtlərini pozmamağa səsləyirik.
Qurban kəsmək istəyən vətəndaşlarımızın diqqətinə bir məsələni çatdıraq ki, qurbanlıq heyvan ətini satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əldə edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, bu il Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün bayramın keçirilməsi, həmçinin qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər real şərait nəzərə alınmaqla xüsusi yanaşma tələb edir. Ona görə də vətəndaşların qurbanlıq heyvan ətini satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əvvəlcədən sifariş etməklə əldə etmələri nəzərdə tutulub. Buna görə də vətəndaşlar həmin satış məntəqələrindən baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvan ətlərini, cəmdəklərini əldə edə bilərlər.
Pandemiya şəraitində insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələri, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etmək məqsədilə küçə və yol kənarlarında, parklarda və digər ictimai yerlərdə, xüsusi risk yaradan, sanitariya və gigiyena tələblərinə uyğun olmayan ərazilərdə heyvan kəsiminin həyata keçirilməsi məqsədəuyğun deyil.

Günel Azadə
banner

Oxşar Xəbərlər