AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pandemiya müğənnilərin yaradıcılıq eşqini öldürüb

Pandemiya müğənnilərin yaradıcılıq eşqini öldürüb

Mədəniyyət
05 Avqust 2020, 10:45 680
Səsyazma studiyaları da boş qalıb, yeni mahnılar yazılmır
 
Pandemiya bir çox sahələrdə olduğu kimi, mədəniyyətdə, incəsənətdə də müəyyən durğunluğa səbəbə oldu. Toyların təxirə salınması həmişə göz önündə olan müğənniləri, onların gündəlik qayğılarını və maddi çətinliklərini gündəmə gətirdi. Təkcə müğənnilər deyil, həm də mahnıların ərsəyə gəlməsində böyük əməyi olan yazarlar, bəstəkarlar, aranjemançılar da çətin durumdadırlar. Müğənnilərin yeni mahnılar hazırladığı və yaradıcılıq işləri ilə məşğul odluqları səsyazma studiyaları da boş qalıb. Yeni mahnılar gözə dəymir. 

Aranjemançı, ifaçı Rübail Əzimov pandemiya ilə əlaqədar musiqi sahəsində də durğunluq yaşandığını və bunun təkcə müğənnilərə deyil, mahnının ərsəyə gəlməsində vasitəçi olan söz yazarlarına, bəstəkarlara, aranjemançılara da təsir etdiyini bildirdi: "Pandemiya musiqi sahəsində də durğunluq yaradıb. Yaradıcı insanlar bir qədər həssas olduqları üçün yaranan vəziyyət onların yaradıcılıq potensialına da təsirsiz ötüşmür. Koronovirusdan dünyasını dəyişən insanlar, gündəlik yoluxanlar, ölkədəki sərt karantin rejimi, eyni zamanda Tovuzda baş verən hadisələr, generalımızın ölümü təbii ki, insanlara təsir edir. Belə durumda əlbəttə ki, yaradıcılıq dayanır. Sənətçilərin də durum elədir ki, əgər bir mahnıya maliyyə xərcləyirlərsə, gərək xərclədikləri pulu çıxara bilsinlər. Belə vəziyyətdə onlar həmin xərci çıxara bilmirlər. İndi toylar olmadığı üçün yaradıcılıqlarını dayandırıblar. Təbii ki, bütün müğənnilər ancaq toylar üçün mahnı yazdırmır, yaradıcılıqlarını pandemiya dönəmində də davam etdirənlər var. Studiya mənim öz əlimdədir deyə, müəyyən qədər yaradıcılıqla məşğul ola bilirəm. Məndən başqa bəzi sənətçi dostlarım da var ki, onlar da həvəsdən düşməyib, işlərinə davam edirlər".

R.Əzimov pandemiya dönəmindəki 5 ay ərzində 3 mahnı hazırladığını bildirdi. 

Prodüser Ərtoğrul Kamalov da pandemiya başlayandan ciddi çətinliklərlə üz-üzə qaldıqlarını deyir: "Bəzi sahələrdə müəyyən yumşalmalar olsa da, incəsənət aləmi hələ də gözləyir. Pandemiyanın qısa müddətdə məhv olacağını gözləsək də, bu, olmadı. Gözləyirdik ki, pandemiya bitəcək, sənət adamları əvvəlki rejimə geri dönəcəklər. Martın son həftəsində belə, sənətçilər klip çəkilişi edir, mahnı sifarişləri verirdilər. Elə ki, gördülər ki, pandemiya uzanır, istirahət mərkəzləri, restoranlar fəaliyyətə başlamır, onlar da işlərini dayandırdılar. Hazırda isə müğənnilərin 80 faizi oturub gözləyir. Burada söhbət tək müğənnidən də getmir. Toy yoxdursa, müğənnilərin əvvəldən formalaşdırdıqları ehtiyat büdcələri var. Amma toy sənayesinə bağlı digər işçilər üçün çətindir. Əgər karantini birdəfəlik ləğv etmək olmursa, koronavirus davam edəcəksə, onda insanlara dövlət dəstəyini göstərilməlidir”.

Müğənnilərin karantin günlərində gündəlik dolanışığına gədikdə isə müsahibim deyir ki, onların da maddi vəziyyəti hazırda ürəkaçan deyil: "Müğənni də milyardlar qazanmır. Müğənninin də müəyyən bir məbləğ ehtiyatı var idi, o məbləği də xərclədi, getdi. Tutaq ki, bu gün sürdüyüm maşının yağını dəyişəndə 50 manat xərcləyirsə müğənninin bahalı maşınının 300 manat xərci çıxır”. 

Ekspertlər bu dönəmlərdə müğənnilərin də yaradıcılıqla məşğul olmadığını və yaşanan hadisələrin onlara həm maddi, həm də mənəvi cəhətdən təsirsiz ötüşmədiyini deyirlər. Bəs görəsən bu gün "Youtube” da vəziyyət necədir? Trenddə olan yeni mahnılara pul xərclənirmi?  Vəziyyət o qədər də ürəkaçan olmasa da, ortabab müğənnilər bu gün öz fəaliyyətlərini dayandırmayıblar və biz sosial şəbəkələrdən onların yeni mahnılarının hazırlandığının şahidinə çevrilirik. 

Aranjemançı Şahin Tayfun bildirir ki, hazırda trenddə olan mahnıların əksər hissəsi bir neçə ay bundan öncə hazırlananlardır: "Bu gün sosial şəbəkələrdə tamaşaçılara təqdim edilən yeni mahnılar dekabrda, yanvarda hazırlanıb. Bir müddət karantin qaydalarında yumşaldılmalar olduqda müğənnilər elə hesab etdilər ki, bir neçə həftəyə artıq toylar da başlayacaq və yeni mahnılar yazdırmaq üçün studiyalara üz tutdular. Qaydalar sərtləşdirildikdən sonra işlər yarımçıq qaldı. İndi kiminsə evində 5 manatı varsa, sabahına ehtiyat saxlayır”.

Ş.Tayfun aranjemançı olaraq 5 ay ərzində cəmi 1 mahnı işlədiyini bildirir. Deyir ki, musiqiçilərin vəziyyətinə laqeyd yanaşılır: "Bu gün musiqiçilərin çoxu şoferliklə məşğuldurlar. Bu gün studiyaya gedirəm və orada iş yoxdur. İş də yoxdursa, studiyada nə edim? Yaradıcılıq hissi yoxdursa, necə işləyək? Məhz iş olmadığı üçün bir aydır ki evdəyəm”.

Bu vəziyyətin nə zamana qədər davam edəcəyi isə hələ bəlli deyil. Bu mənada deyiləcək bir söz qalır - Allah səbir versin!
 
Xəyalə Rəis