• cümə, 19 Aprel, 02:39
  • Baku Bakı 18°C

Pandemiya dövrünün çimərlikləri... - Reportaj-Fotolar

10.08.20 18:55 2553
Pandemiya dövrünün çimərlikləri... - Reportaj-Fotolar
İnsanların sıxlıq az olan yerlərə gəlmələri, sahildə sosial məsafəyə riayət etmələri onların sağlamlığı üçün önəmlidir

"Hörmətli vətəndaşlar, çimərlik ərazisində ailə üzvləri istisna olmaqla, ən azı 2 metr sosial məsafənin saxlanılması tələb olunur. Bununla siz özünüzün və yaxınlarınızın sağlamlığını COVİD-19 infeksiyasından qorumuş olursunuz. Çimərlik ərazisində futbol, voleybol və digər idman oyunları qadağandır. Sizə sağlam və xoş istirahət arzu edirik”.
Bu sözləri çimərlik ərazisində olan insanlar hər 15 dəqiqədən bir eşidirlər. Çünki yumşalma və çimərliklərin açılması hələ pandemiyanın bitməsi demək deyil. İnsanlar çimərliklərdə infeksiyanın yayılmasının qarşısını almaq üçün karantin dövrünün qaydalarına və tibbi-profilaktik tədbirlərə əməl etmək məcburiyyətindədirlər.
Portaldan istifadə etməyib gəldikdə...
Məlumdur ki, avqustun 5-dən etibarən Nazirlər Kabinetinin qərarı ilə çimərliklərin fəaliyyətinə icazə verilib. Məhz bu tarixdən vətəndaşlar sosial məsafəni gözləmək, karantin qaydalarına riayət etməklə dəniz kənarında istirahət etmək imkanı əldə ediblər. Çimərliklərdə sıxlığın qarşısını almaq, eləcə də sosial məsafə qaydalarını qorumaq məqsədilə "cimerlik.az” portalı istifadəyə verilib. Vətəndaşlar həmin portala daxil olmaqla hansı çimərlikdə sıxlıq olduğunu öyrənə bilərlər. Ən əsası, portal vasitəsilə limiti dolmayan çimərliklər axtarıb, oraya üz tuta bilərlər. Portaldan istifadə etməyib gəldikdə, məlumatsızlıqdan sıxlıqla üzləşir, çimərlik ərazisindən geri qaytarılırlar. Eynilə Səkinə xala kimi...
Səkinə xala nəvələri ilə birlikdə çimərliyə gəlib. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, portala daxil olmayıb. Elə evlərin ən yaxın çimərliyə üz tutub: "Qızımı, nəvələrimi dənizə gətirmişdim. Amma ağlıma gəlmədi ki, bura tam dolu olar. Mənə nəzakətlə bildirdilər ki, burda yer yoxdur. İndi başqa çimərliyə üz tuturam. İnfeksiyanın tüğyan etdiyi bir vaxtda mən də istəmərəm nəvələrimi sıxlıq ərazidə dənizə gətirim. Ona görə də, bilirəm ki, bu, mənim səhvimdir. Bütün vətəndaşlara "cimerlik.az” portalından məlumat aldıqdan sonra gəlmələrini məsləhət görürəm. Çünki bu sıxlıq təhlükə yaradır”.
"İnsanlar operativ məlumat ala bilirlər”
Çimərliyə insanların giriş və çıxışları ASAN könüllüləri tərəfindən sistemə vurulur. Könüllü Səkinə Həsənova deyir ki, bu saytda bütün təlimatlar qeyd olunub: "Artıq Bakı və Sumqayıt ərazilərində vətəndaşların istifadəsi üçün bir sıra çimərliklər istifadəyə verilib. Dövlət agentliyi bu məsələ ilə əlaqədar olaraq, "cimerlik.az” saytını yaradıb ki, vətəndaşlar bu sayta daxil olaraq bir sıra təlimatları öyrənə bilsinlər. Könüllülər mobil tətbiq vasitəsilə çimərliyə neçə vətəndaşın daxil olduğunu, neçəsinin çıxdığını qeyd edirlər. Daha sonra bu məlumatlar "cimerlik.az” portalına daxil edilir. Bununla da, insanlar çimərliklərdəki sıxlıqla bağlı operativ məlumat ala bilirlər”.
Bakıda kifayət qədər çimərlik var. Daha az adam olan çimərliklərə getmək sağlamlığımız baxımından təhlükəsizdir. Buna görə də sakinlər bir günlük istirahətin ağır nəticələri ilə üzləşməmək üçün qaydalara riayət etməlidir. Çünki bu günün sabahı da var və biz sabahımızı düşünməliyik. Həftə sonları çimərliklərə üz tutan insanların sayı adi günlərlə müqayisədə daha çox olur. Say artıq olsa da, çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul edirlər. Bununla yanaşı, gigiyena qaydalarına riayət olunur, təmizlik təmin olunur və təhlükəsizlik tədbirləri həyata keçirilir.
"Çimərlik ərazisində dezinfeksiya işləri aparılır”
BŞİH-in şöbə müdiri Coşqun Cəbrayılov deyir ki, çimərlik ərazisində vaxtaşırı dezinfeksiya işləri aparılır: "Bütün çimərliklərdə təmizlik təmin olunur. Məişət tullantılarının yığılması, daşınması nəzarətdədir. Qrafikə uyğun olaraq, vaxtaşırı çimərlik ərazisində dezinfeksiya işləri aparılır. Çimərliklərdə sıxlığa və ara məsafəsinə nəzarət etmək üçün nəzarətçilər müəyyən etmişik. Vətəndaşların sayı nəzarətdə saxlanılır, səsli anonslar verilir, vətəndaşları qaydalara riayət etməyə çağırırlar”.
Elə çimərlikdə istirahət edən Elnarə Eyvazova da bunu təsdiqləyir: "Təmizlik tam nəzarət altındadır. Hər tərəfdə zibil atmaq üçün qablar var. Əvvəl çimərliklərdə antisanitariya hökm sürürdü, zibil atmaq üçün qab tapılmırdı. Pandemiya olmasına baxmayaraq, normal istirahət etmək üçün şərait yaradılıb. Sosial məsafəyə də tam nəzarət edilir”.
"Sıxlıq az olan yerlərə gəlmələri, onların sağlamlıqları üçün önəmlidir”
BŞİH-in nümayəndəsi Elmin İmanov da insanları çimərliyə gəlməzdən öncə portala müraciət etməyə çağırıb: "Müşahidələrimiz, az da olsa narahatlığa əsas verir. Bəzən insanlarımızın portala müraciət etmədən, əvvəlcədən müəyyənləşdirdikləri çimərliyə üz tutmasının şahidi oluruq. Bu da arzulamadığımız sıxlığın, narahatlıq yaradacaq bəzi məqamların ortaya çıxmasına səbəb ola bilər. Dəyərli sakinlərimizdən çox xahiş edir və onlara tövsiyə edirik ki, gedəcəkləri çimərliklərə üz tutmadan öncə məlumat əldə etsinlər. Bu, icazə anlamına gəlməməlidir. İnsanlar həmin portala müraciət edəndən sonra bilsinlər ki, onun istirahəti üçün zərrə qədər də təhlükə var, yoxsa yoxdur? Sıxlıq az olan yerlərə gəlmələri, onların sağlamlıqları üçün də önəmlidir”.
Rövşən Quliyev də çimərlikdəki nəzarətdən razıdır: "Hər şey yaxşıdır, istirahət edib evə qayıda bilirik. Təmizlik, şərait rahatdır. Həm də özəlliklə vurğulayım ki, nəzarət çox yaxşıdır. İnsan özünü güvəndə hiss edir. Vaxtaşırı səsli anonslar verilir. Sıxlığı tənzimləmək üçün ASAN könüllülər çox yaxşı işləyir. Yoluxmanın olmaması üçün maksimum şərait yaradılır”.
Ümumilikdə, "cimerlik.az” saytına daxil olmaqla hansı çimərlikdə kvotaların olması barədə məlumat əldə edən paytaxt sakinləri təmizliyin gözlənildiyini, təhlükəsizliyin təmin edildiyini, sıxlığın müşahidə olunmadığını qeyd edirlər.
"İnsanlar özlərini sahildəki sıxlıqdan qorumalıdırlar”
Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyir ki, koronavirusun suda keçmək ehtimalı yoxdur. Amma insanlar sahildə mütləq gigiyena qaydalarına və sosila məsafəyə diqqət etməlidirlər: "İnsanlar çimərliyə gedərkən özlərini sahildəki sıxlıqdan qorumalıdırlar. Dənizin içində virusun yayılma ehtimalı yoxdur. Dəniz suyuna düşən virus tələf olur. Buna görə də, insanlar daha çox suda olmağa çalışsınlar, nəinki dənizin kənarında".
Baş infeksionist vətəndaşları sıxlıq olmayan çimərliklərə getməyə və qaydalara əməl etməyə çağırıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur:
1. Çimərliklərə getməmişdən əvvəl "cimerlik.az” saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq;
2. Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;
3. İstifadəsi zəruri sayılan əşyaları özünüzlə çimərliyə gətirmək;
4. Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;
5. Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;
6. Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;
7. Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;
8. Qadağan olunmuş ərazilərdən istifadə etməmək;
9. Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;
10. Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək.
Bundan əlavə, "cimerlik.az” saytında adı qeyd olunmayan çimərliklərə üz tutduqda, pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir.
Qeyd edək ki, çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sorğu vərəqələri əsasında Bakı və Sumqayıt ərazisində yerləşən 229 çimərliyə baxış keçirilib. Aparılmış təhlil nəticəsində sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində istifadə üçün yararlı çimərliklər müəyyənləşdirilib. Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək vacibdir. Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə mütəmadi xəbərdarlıq edilir. Yay mövsümü başa çatana kimi çimərliklərin fəaliyyəti Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanacaq.

Aygün ƏZİZ








banner

Oxşar Xəbərlər