• cümə axşamı, 28 mart, 17:58
  • Baku Bakı 16°C

Pambıqçılıq 200 min insanı işlə təmin edib - Fotolar

20.12.19 19:18 4400
Pambıqçılıq 200 min insanı işlə təmin edib - Fotolar
Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu sahədə gəlirlər zənciri yaradılıb
Azərbaycanda kənd təsərrüfatıiqtisadiyyatın aparıcı sahələrindən biridir. Bu sahənin gəlir gətirən əkin növləri sırasında pambıqçılıq xüsusilə fərqlənir. Məlumat üçün qeyd edək ki, Qafqazda, xüsusilə Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılıb. Mingəçevirdə, Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi faktdır. XVII əsrdən Azərbaycandan Rusiyaya pambıq ixracı daha da genişlənib. XVIII Mil-Muğan və Şirvan düzlərində geniş pambıq sahələri olub. XIX əsrin əvvəllərindən etibarən Quba və Bakı əyalətlərində də pambıqçılıq inkişaf etdirilib. 1830-cu illərdən Azərbaycanda Misir və Amerika, həmçinin yerli Mazandaran və İrəvan pambıq sortları becərilib. Şimali Azərbaycanın Çar Rusiyasına birləşdirilməsindən sonra, xüsusən XIX əsrin sonlarından ölkəmizdə pambıqçılıqinkişaf edib və əmtəə xarakteri daşıyıb. Ötən əsrin əvvəllərində Rusiyanın toxuculuq sənayesinin mahlıca ehtiyacının artması isə Azərbaycanda pambıq əkini sahəsini bir qədər də genişləndirib. 1913-cü ildə pambıq əkini sahəsi 100 min hektardan çox, pambıq istehsalı 65 min ton olub.

1981-ci ildə pambıq tədarükü 1 milyon tona çatdırılıb

Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması və ondan sonrakı ildə digər sahələrlə bərabər, pambıqçılığın inkişaf etdirilməsi hökumətin iqtisadi siyasətində prioritet vəzifə olsa da milli hökumətin süqutu, ölkənin işğala məruz qalması bu istiqamətdə görüləcək işləri yarımçıq saxlayıb. Sovet hakimiyyəti illərində isə Azərbaycanda pambıqçılığı inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirilib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan müttəfiq respublikalar arasında geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucalıb, ölkə əhalisinin rifah halı böyük dərəcədə yaxşılaşdırılıb. Misal üçün, ümummilli lider Heydər Əliyev 1969-cu ildə birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilib və 300 min tona yaxın məhsul götürülüb. O dövrdə məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində olub. Ancaq 1980-ci illərin əvvəllərində məhsuldarlıq artıb, pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olub. Pambıq əkinində hektardan məhsuldarlıq 1979-cu ildə 30,8, 1980-ci ildə 35,4, 1981-ci ildə 35,9 sentner təşkil edib. 1981-ci ildə ölkədə pambıq tədarükü 1 milyon tona çatdırılıb.

1993-cü ildə bu göstərici 280 min tona düşüb

XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi, beynəlxalq bazarlara çıxış üçün yeni imkanların yaranması kənd təsərrüfatının digər sahələri kimi, pambıqçılığın daha da inkişaf etdirilməsinə səbəb ola bilərdi. Lakin siyasi hakimiyyətdə təcrübəsiz şəxslərin yer alması, AXC-Müsavat cütlüyünün düzgün kadr seçimi edə bilməməsi, rüşvət-korrupsiya hallarının, vəzifə kürsüsü uğrunda mübarizənin geniş vüsət alması Azərbaycanda siyasi, iqtisadi, hərbi böhran yaradıb. İqtisadiyyatın gəlirli sahələrindən biri olan pambıqçılıq effektivliyini itirib, illərlə formalaşan ənənə tədricən unudulmağa doğru istiqamət alıb. Əgər 1991-ci ildə Azərbaycanda pambıq istehsalı 500 min ton olmuşdusa, 1993-cü ildə bu göstərici 280 min tona düşmüşdü.

İldən-ilə pambıq istehsalının artırılmasına başlanılıb

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gətirilməsindən sonra Azərbaycanda aqrar islahatlar həyata keçirilib ki, bu da kənd təsərrüfatının bütün sahələrinin inkişafına şərait yaradıb. Düzdür, aqrar islahatlardan sonra pambıqçılıq müvəqqəti olaraq tənəzzülə uğrayıb. Amma zamanla fermer təsərrüfatlarında ildən-ilə pambıq istehsalının artırılmasına başlanılıb. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsindən sonra ölkəmizdə pambıqçılıq daha sürətlə inkişaf etməyə başlayıb. Dövlət başçısı İlham Əliyev ölkədə pambıq istehsalının yenidən sovet dövründəki səviyyəyə qaldırılacağını bəyan edib. Həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi uğurlara imza atılıb. Əgər 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilib, 35 min ton məhsul tədarük edilmişdisə, 2016-cı ildə 51 min hektarda pambıq əkilib, 89 min ton pambıq tədarük olunub. 2017-ci ildə 136 min hektarda pambıq əkilib, 207 min ton məhsul götürülüb.

Hektardan məhsuldarlıq artaraq 29,4 sentner olub

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi ölkəmizdə pambıq istehsalını artırıb. Bu proqramın qəbul edilməsində əsas məqsəd pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahədəki problemlərin aradan qaldırılması idi. 2018-ci ildə 132 min hektarda pambıq əkilib, 233 min ton pambıq istehsal olunub. Hektardan məhsuldarlıq artıb və 17,6 sentnerə qalxıb. 2019-cu ildə isə ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkilib və 294 min ton məhsul götürülüb. Hektardan məhsuldarlıq artaraq 29,4 sentner olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. Bir məqamı da vurğulamaq yerinə düşər ki, əvvəllər pambığın becərilməsi, toplanması və satışı ilə müxtəlif təşkilatlar məşğul olub. Bu da pərakəndəliyə gətirib çıxarıb. Ancaq Prezident İlham Əliyevin irəli sürdüyü tələbləri rəhbər tutularaq "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təsisçiliyi ilə 2018-ci il mayın 25-də "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC fəaliyyətə başlayıb. Beləliklə də bu sahədəki pərakəndəlik aradan qaldırılıb. Onu da əlavə edək ki, pambıq texniki bitki olsa da, onun toxumundan - çiyiddən emal olunmaqla, ərzaq üçün yağ və heyvandarlıq üçün qüvvəli yem də istehsal olunur. "Azərpambıq Aqrar Sənaye Kompleksi” pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların, yəni pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsinin satışı ilə məşğul olur. Yüksək səviyyədə rafinə olunmuş pambıq yağı və digər məhsullar daxili və xarici bazarlarda satılır ki, bütün bunlar da pambıqçılığın daha da inkişafına səbəb olur.

Fermerlərə güzəştli kreditlərin verilməsi

Ümumiyyətlə, pambıqla məşğul olan fermerlərə güzəştli kreditlərin verilməsi, pambıqtəmizləmə zavodlarında təmir-bərpa, sazlama işlərinin aparılması, müasir texnologiya əsasında yeni pambıqtəmizləmə zavodunun inşa edilməsi, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnikanın, o cümlədən 400-dən çox pambıqyığan kombaynın alınması pambıqçılığın inkişaf etdirilməsində mühüm rol oynayıb. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanıb. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırılıb. Bu kimi həvəsləndirici tədbirlərlə yanaşı, pestisidlər güzəştlə verilməyə başlanıb. Hər hektara güzəştlər 10 manatdan 50 manata qaldırılıb. Gübrələr üçün güzəştlər 100 manatdan 150 manata qaldırılıb. Bütün bu tədbirlər Azərbaycanda ənənəsi olan pambıqçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına səbəb olub.

Əsas vəzifə sadəcə pambıq ipliyi deyil, son məhsul ixrac etməkdir

Dekabrın 19-da Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə çıxış edən dövlət başçısıpambıqçılığın inkişafı istiqamətində indiyə qədər görülən işlərdən geniş söhbət açıb. O, pambıqçılığın çox gəlirli kənd təsərrüfatı sahəsi olduğunu xüsusilə qabardaraq, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində pambıqçılığın sadəcə gəlirli sahəyə çevrilmədiyini, eyni zamanda gəlirlər zəncirinin yaradıldığını vurğulayıb: "Pambıq ixracyönümlü məhsuldur. Mahlıcı satmaq üçün bazar axtarmaq lazım deyil, dünya birjalarında satılır. İndi hər bir ölkənin istehsalçıları qarşısında duran əsas məsələlərdən biri də bazara çıxışlardır. Çünki bazarlar da məhdudlaşır. Bir çox ölkələr öz tələbatını daxili imkanlar hesabına ödəməyə başlayıblar. İdxaldan asılılığı azaltmaq təkcə bizim siyasətimiz deyil, bir çox ölkələr bu yolla gedirlər. Bizim ənənəvi bazarlarımızın yerləşdiyi ölkələr əgər gələcəkdə öz tələbatını daxili resurslar hesabına təmin edəcəklərsə, biz haraya mal satacağıq və nəyi satacağıq. Pambıq o məhsullardandır ki, bunun üçün bazar axtarmaq lazım deyil. Birja var və birjada satılır. Əgər yığımdan son məhsula qədər bu zənciri yaratsaq, onda hər bir zəncirin sonunda əlavə dəyər formalaşacaq. Beləliklə, bu işlərə cəlb edilən əmək qüvvəsi daha da böyüyəcək və gəlir daha da artacaq. Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərəm ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir. Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda mahlıc ixrac edirik. Ancaq əsas vəzifə sadəcə pambıq ipliyi deyil, son məhsul ixrac etməkdir”.

İqtisadi dividentlərlə bərabər, böyük sosial əhəmiyyət

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovpambıqçılığın inkişaf etdirilməsinin iqtisadi dividentləri ilə bərabər, böyük sosial əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, pambıqçılığın əməktutumlu kənd təsərrüfatı sahəsi olmasını xatırladaraq, bu sahədə yüz minlərlə vətəndaşımızın çalışdığını söyləyib. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev də pambıqçılığın inkişaf etdirilməsi istiqamətində hər hansı qərar qəbul edərkən məhz sosial amili diqqət mərkəzində saxlayır: "Cənab Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə Azərbaycanın pambıqçılıq sahəsində ilbəil atdığı addımlar, əldə etdiyi nailiyyətlər sadalandı, ölkə başçısı real mənzərəni konkret faktlarla ortaya qoydu, müvafiq icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verdi. Çünki, bu sahənin inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edilir. Bu, elə o sayda iş yeri, o sayda əhalinin məşğulluğunun təmin olunması deməkdir. Əgər nəzərə alsaq ki, indi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir, o zaman 20 rayonda 200 minə yaxın iş yerinin yaradılmasının hansı əhəmiyyətə malik olduğunu aydın təsəvvür etmək olar. Cənab Prezidentin də söylədiyi kimi, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Bu isə rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunmasına mühüm töhfə verir”.

Kənd təsərrüfatı sahələrinin inkişafı daha da genişləndirməlidir

Milli Məclisin deputatı Elman Məmmədov da hesab edir ki, ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində sovet Azərbaycanında pambıqçılıq böyük inkişaf yolu keçib. E.Məmmədov deyib ki, həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının bütün sahələri, xüsusilə də pambıqçılıq sahəsində böyük nəticələr əldə olunub: "Əldə olunan uğurlar nəticəsində həmin dövrdə bu sahədə məşğul olan çox sayda şəxs orden və medallarla təltif olunub. Son 16 ildə isə ölkəmizdə Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi qayğı və diqqət, qarşıya qoyulan tələblər nəticəsində böyük nailiyyətlər əldə olunub. Qazanılan nailiyyətlər həm kənd təsərrüfatı ilə məşğul olan şəxslərin maddi durumunun yaxşılaşmasına, həm də məşğulluğun artırılmasına müsbət təsir göstərir. Bir neçə il bundan öncə dövlət başçısının qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin şaxələndirilmiş iqtisadiyyatla inkişaf etdirilməsi idi. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan təkcə neft-qaz sahəsi ilə kifayətlənməməli, ölkədə kənd təsərrüfatı sahəsi inkişaf etdirilməlidir. Bu məqsədlərə çatmaq üçün dövlət tərəfindən verilən subsidiyaların, yaradılan şəraitin bəhrəsi artıq pambıqçılıq sahəsində də özünü büruzə verir. Lakin bu uğurlarla kifayətlənməməli, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, kənd təsərrüfatı sahələrinin inkişafını daha da genişləndirməliyik”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər