• çərşənbə, 24 Aprel, 15:05
  • Baku Bakı 27°C

PA əməkdaşı: “Qürur hissi ilə deməliyik ki, süquta uğradılan dövlətimizi yenidən müstəqilliyinə qovuşdurduq”

25.05.17 14:42 1005
PA əməkdaşı: “Qürur hissi ilə deməliyik ki, süquta uğradılan dövlətimizi yenidən müstəqilliyinə qovuşdurduq”
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş "Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” adlı tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının qürurverici olduğunu deyib. O bildirib ki, hazırda Azərbaycan hökuməti cümhuriyyəti yaradanların xatirəsini hörmətlə anır və böyük dəyər verir: "Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan prezidenti cənabİlham Əliyevmay ayının 16-da sərəncam imzalayıb. Bu sərəncam ölkə rəhbərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənələrinə, xüsusilə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur”.
Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova cümhuriyyətin tarixi haqqında danışıb. O bildirib ki, dövrün ağır olmasına, 23 ay yaşamasına baxmayaraq, cümhuriyyət sosial, siyasi və iqtisadi sahədə böyük işlər görüb: "Cümhuriyyətin yaranma ərəfəsinə baxsaq, görərik ki, o dövrdə Azərbaycan ziyalıları artıq respublika quruluşlu cəmiyyət arzu edirdilər. Ümumrusiya müsəlmanlarının qurultayında Azərbaycanın məhəlli muxtariyyəti barədə qərar qəbul edildi. Bu, çox önəmli hadisə idi".
Prezident Administrasiyasıİctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev deyib ki, XX əsrin əvvəllərində nəinki Azərbaycan dövlətini qurmaq, hətta azərbaycançılıq ideyasını yaymaq belə çox ağır idi: "Çünki düşmənlərimiz çox idi. Ancaq buna baxmayaraq, bizim mərd, qəhrəman ziyalılarımız Azərbaycan dövlətini quraraq onun müstəqilliyinin dünya səviyyəsində tanınması üçün böyük işlər gördülər. Biz qürur hissi ilə deməliyik ki, süquta uğradılan dövlətimizi yenidən müstəqilliyinə qovuşdurduq. Bu gün dövlətimiz bütün sahələrdə inkişaf edir. Hazırda bizim əsas məqsədimiz düşmən tapdağı altında olan torpaqlarımızı azad etməkdir və inanıram ki, biz buna qadir olacağıq".
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov isə çıxışında qeyd edib ki, Azərbaycan 99 ildə iki dəfə dövlət qurub və bu, böyük uğurdur. O deyib ki, XX əsrin əvvəllərində nəşr olunan dövri mətbu orqanlar, maarifçilik ideyaları Azərbaycanın müstəqil dövlət olmasına təkan verib: "O zaman dərhal erməni təcavüzü başladı. Çünki Azərbaycan xalqı oyanış mərhələsində idi. Ancaq xalqımızın ziyalıları - Məhəmməd Əmin Rəsulzadə və digərlərinin səyi nəticəsində Azərbaycan öz cümhuriyyətini qazandı. Sovet işğalı nəticəsində dövlət süquta uğrasa da, 1991-ci ildə yenidən müstəqillik əldə etdik”.
Tədbir çıxışlarla davam etdirilib.




banner

Oxşar Xəbərlər