Oxuduğu ölkədə səfir olmaq təklifi alan tələbə - Xaricdə təhsil
08.11.19 14:00
2449
Deyir ki,
gənclər yüz faiz əmin olmadan, heç bir xaricdə təhsil şirkətinə və ya kiməsə
inanmasınlar. Təhsil almaq istədikləri ölkənin yaşayış şəraitini, həyat tərzini
araşdırsınlar. Hətta, mümkündürsə, bir neçə günlük ora səfər edib ölkə ilə
əyani şəkildə tanış olsunlar. "Xaricdə təhsil” rubrikasında bu dəfə Litvada Kaunas Texnologiya Universitetində təhsil alan Emin Vəlixanovdur.
Qeyd edək
ki, E.Vəlixanov 1995-ci il də doğulub. İlk təhsilini Azərbaycan Dövlət Neft və
Sənaye Universitetində elektrik mühəndisliyi üzrə alıb. Həmin dönəmdə könüllülük
fəaliyyəti ilə məşğul olub. Fərdi inkişaf və sosial aktivliklə bağlı bir sıra
layihələrdə iştirak edib.
- Necə oldu ki, xaricdə təhsil almaq qərarına
gəldiniz və nə üçün Litvanı seçdiniz?
- 2015-ci ildə Avropa
oyunlarında işlədiyim zaman ingilis dilim elə də güclü deyildi və xarici
qonaqlarla ünsiyyətdə problemlər olurdu. Həmin dövrə qədər xaricdə təhsil almaq
fikrim yox idi. Lakin işimlə bağlı olaraq xaricilərlə əlaqələrim genişləndi,
xarici dil öyrənməyə marağım artdı. Beləcə, ingilis dili biliyimi yüksəltmək
üçün kursa getdim və qərara gəldim ki, xaricdə təhsil alım. O vaxt xaricdə
təhsillə bağlı məlumat paylaşan səhifələr indiki kimi çox deyildi. Ona görə,
xaricdə təhsillə bağlı bir çox şeydən xəbərsiz idim. Həmin müddətdə Litvada
yaşayan azərbaycanlı dostlar mənə kömək edəcəklərini, təqaüd almağım üçün yol
göstərəcəklərini deyirdilər, ancaq nədənsə, sonra onları tapa bilmədim (gülür).
Amma mən yenə də hədəfimdən dönmədim, elə Litvadakı universitetlərdən birinə
sənəd verdim. İlk cəhdim uğursuz oldu, təqaüd ala bilmədim. İkinci dəfə
müraciət etdim və təqaüd proqramını qazandım. 2018-ci ilin oktyabrında Litvaya
yola düşdüm.
- Xaricdə təhsil şərtdirmi? - Əgər
ixtisasınız üzrə biliyiniz kifayət edirsə və həmin bilikdən istifadə edib sizi
qane edən əmək haqqı ilə iş tapa bilirsinizsə, ölkədə qalsanız belə, müxtəlif
mənbələrlə özünüzü inkişaf etdirə bilirsinizsə, xaricdə təhsil elə də şərt
deyil. Yaxşı olar ki, gənclər bakalavr təhsilini bitirdikdən sonra bir müddət
işləyib, növbəti mərhələdə xaricdə təhsil almağı düşünsünlər.
- İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı
fərqləri müşahidə etdiniz? - Təbii
ki, fərqlər böyükdür. Deyərdim ki, tamam fərqli iki təhsil sistemidir. Litvada
dərsləri müxtəlif resurslarla keçirlər. Azərbaycanda dərslərdə əsas mühazirə
yazmaq, seminar dərslərində bal toplamaq idi, burda isə bütün dərslər
slaydlarla olur. Bizə mövzular verilir və onun haqqında araşdırma edib,
slaydlar hazırlayırıq. Bəzən bir mövzu ilə bağlı 3-4 gün araşdırma etməli
oluruq. Düzdür, bildiyim qədərilə bizim universitetlərdə də bu üsula keçid
edilir, amma mən oxuyan dövrdə belə sistem yox idi.
- Maraqlıdır, orada tələbə-müəllim münasibəti
necədir? - Tələbə-müəllim
münasibətlərində də böyük fərqlər var. Burada dərsdən sonra müəllimlə haradasa
oturub müəyyən bir mövzunu müzakirə şansımız var. Müəllimlər bizimlə çox
yaxındırlar. İstənilən vaxt dekanla, kafedra müdiri ilə görüşüb istənilən qədər
söhbət etmək olur. Məncə, bu, Avropadakı təhsilin üstünlüklərindən biridir.
- Təqaüd proqramı ilə getdiyinizi deyirsiniz. Bu
təqaüd bütün universitetlərdə eynidir, ya fərqli? - Bəli,
bura təqaüd proqramı ilə gəlmişəm, bu, Litva dövlətinə məxsusdur. Seçim bütün
universitetlərdə eyni olduğu üçün təqaüdün həcmi də eynidir. Təqaüdümüz aylıq
380 avrodur. Əgər kəsriniz olmasa, müntəzəm olaraq təqaüdü alırsınız. Bundan
başqa, universitetdə əlavə təqaüd proqramları da olur. Həmin proqramlara
əvvəlcədən yox, universitetdə bir semestr oxuduqdan sonra müraciət edə
bilərsiniz. Universitetin nəzdində verilir, adı "Talant Scholarship”dir. Bunun
üçün də ortalama semestr balınız 8-dən yuxarı olmalıdır. Əlavə təqaüdün də
həcmi 250 avrodur. Hər semestr üçün ayrıca nəzərdə tutulub. Yəni hər semestr
sonunda təqaüd dayanır. Növbəti semestrdə 8-dən yuxarı bal toplasanız, yenidən
müraciət edirsiniz və təqaüdünüz bərpa olur. Bundan başqa, universitetə
müraciət edərkən akademik göstəriciləriniz və xarici dil sertifikatınızın balı
yüksəkdirsə, təhsil haqqından azad olma və ya müxtəlif güzəştlərdən istifadə
etmə şansınız yaranır.
- Aldığınız təqaüd orada xərcləri qarşılamağa bəs
edir, ya əlavə olaraq işləmək lazımdır?
- Əgər siqaret
çəkmirsinizsə, başqa yerlərə elə də ciddi pul xərcləmirsinizsə, alınan təqaüd
sizə tam bəs edir. Burada yataqxana xərcləri 75-145 avro arasındadır. Aylıq
xərclər isə maksimum 100-150 avro olur. Bu da sizin təqaüdünüzə tam uyğundur.
Hətta, hər hansı əlavə xərclər olarsa belə, onu qarşılaya bilir. Təqaüd bəs
edir, amma mən həm də kursda ingilis dili müəllimi kimi işləyirəm. Yaşadığım
Kaunas şəhəri çox ucuzdur. Restoranlarda və nəqliyyatda tələbə kartınızla
endirimlər əldə edə bilərsiniz. Ölkə daxilində harasa gedəndə 50%, ölkə
xaricində isə 20% endirimlər olur. Yəni sırf təqaüdlə yaşamaq mümkündür, hətta,
özünüz üçün pul da yığa bilərsiniz.
- Ümumiyyətlə, Litvada həyat şəraiti necədir? - İlk
olaraq onu qeyd edim ki, hava soyuq olur. Burada günəşli hava tapmaq çətin
məsələdir. Günəş çıxsa belə, daha sonra yağış yağır. Yay aylarında da isti hava
bizim ölkəmizdəki kimi olmur. Burada heç yerdə kondisioner görə bilməzsiniz,
evlərdə, sadəcə qızdırıcılar olur. Yaşayış xərcləri də ucuzdur. Baltikyanı
ölkədir, rahatlıqla qonşu ölkələrə səfər edə bilərsiniz. Kaunas çox rahat,
sakit şəhərdir. Paytaxt Vilnüsdən fərqli olaraq burada insan və nəqliyyat sıxlığı
müşahidə edilmir.
- Bəs litvalıların gəlmələrə münasibət necədir? - Burada
orta yaşlı nümayəndələr azdır. İnsanların əksəriyyəti ya yaşlıdır, ya da
tələbələrdir. Postsovet ölkəsi olduğu üçün əgər rus dilində bilirsinizsə,
insanlarla əlaqə qurmağınız çox asandır. Amma baxır hansı şərtlərdə kimlə rusca
danışırsınız. Yaşlı nəslin nümayəndələri ilə rus, gənclərlə isə ingilis dilində
danışa bilərsiniz. Çox səmimidirlər, saxta gülüşləri olmur, özləri də
saxtakarlığı sevmirlər. Digər ölkələrdən fərqli olaraq Litvada gəlmələrin çox
olması onları qorxudur. Bu isə əvvəlki dövrlərdə ölkəyə gələn insanlarla bəzi
problemlərin yaşanması ilə əlaqədardır. Xüsusilə, tələbələrə yanaşmaları
fərqlidir. Onların təhsil alması, rahat yaşamaları üçün hər cür şəraiti
yaradırlar. Əcnəbi tələbələr təhsil müddətlərini başa vurduqdan sonra qalıb
işləmələri üçün köməklik edirlər.
- Özlərinə xas adət-ənənələri varmı? - Litvalılar basketbolla yatıb, basketbolla
dururlar. Basketbol onların ən çox məşğul olduqları idman növüdür. Kifayət
qədər tanınmış basketbol klubları var. Burada hara gedirsiniz gedin, günün
istənilən vaxtı kimisə əynində forma qaçan yerdə görmək mümkündür.
Sağlamlıqlarına xüsusi önəm verirlər. Yaşlılar bütün işlərinin öhdəsindən
özləri gəlməyə çalışırlar, gənclərdən kömək gözləmirlər. Həmçinin litvalılarda
belə bir xüsusiyyət də var ki, qadınları kişilərdən daha əməksevərdir. Bundan
başqa, yaşıllıq onlar üçün çox önəmlidir. Hər yerdə yaşıl ağacları görmək
mümkündür.
- Bir az da mətbəxlərindən danışaq. Yerli mətbəxlə
aranız necədir, orada nə yeyirsiniz? - Açığı,
yerli mətbəxləri çox qəribədir. Yerli mətbəxdən bir-iki dəfə yedim, ağız dadıma
uyğun olmadığı üçün daha yemədim. Amma bu mətbəxi bəyənənlər də var. İçində
yumurta olan soyuq sup onların əsas yeməklərindən sayılır. İçində ət olan
kartof püresi yeməkləri var, çox tutumludur, amma mən bəyənmədim. Hər gün öz
yeməklərimizdən bişirib yeyirəm. Burada xarici tələbələr çoxdur, yığışıb hər
kəs öz milli yeməklərindən bişirir. Bir gün mən onları qonaq edirəm, növbəti gün
onlar məni.
- Azərbaycan haqqında məlumatları varmı?
- Bəli,
ölkəmiz haqqında məlumatları var. Litvalıların hamısı ölkəmizi tanıyır. Həm
keçmiş Sovet ölkəsi olmağımızdan, həm də burada oxuyan tələbələrin çoxluğundan
haqqımızda bir çox şeyi bilirlər. Azərbaycanda keçirilən təhsil sərgisində də
bizim universitetimiz hər il iştirak edir. Mən özüm də ölkəmiz haqqında bəzi
məlumatların verilməsində fəal iştirak edirəm. Sosial şəbəkədə, burada təhsil
almaq istəyən gənclər üçün faydalı olacaq bir səhifəm var. Həmçinin,
imtahanlarda əldə etdiyim uğurlara görə də, mənə öz fakültəm üzrə azərbaycanlı
səfir olmağımı təklif etdilər.
- Orada olduğunuz müddətdə başınıza gələn
yaddaqalan bir əhvalatı bizimlə bölüşə bilərsiniz? - Burada
olduğum müddətdə məni heyrətləndirən və qürurlandıran bir hadisə oldu. Litvaya
gəlməmişdən qabaq da pakistanlıların Azərbaycanı nə üçün çox istədikləri,
qardaş ölkə dedikləri ilə bağlı məlumatın var idi. Amma burada canlı şahidi
oldum. Bir pakistanlı tələbə ilə görüşümüz oldu. Azərbaycan haqqında məlumatlı
olması, hətta Hacı Zeynalabdin Tağıyevi tanıması, onun haqqında danışdıqları
məni heyrətləndirmişdi. Bu, xaricdə təhsil alan azərbaycanlı bir tələbə üçün
qürur duyulasıdır.
- Litvada ən çox nə üçün darıxırsınız? - Təbii ki, ilk olaraq ailəm,
sonra birlikdə vaxt keçirdiyim dostlarım üçün darıxıram. Burada da dostlar var,
amma nə qədər yaxın olsaq da, illərlə dost olduğun insanları əvəz edə bilmir.
- Təhsil müddəti bitdikdən sonra ölkəmizə qayıtmağı
düşünürsünüz? Ümumiyyətlə, gələcək planlarınız nədir? - Xaricdə
təhsil alıb öyrəndiklərimizi tətbiq etməliyik. Özümüz gəlib oxuyub, inkişaf
ediriksə, ölkəmizdə olan gənclər üçün də nələrsə etməliyik. Təbii ki, təhsilimi
bitirdikdən sonra Azərbaycana qayıdıb, öyrəndiklərimi gənc dostlarımızla
bölüşməyi düşünürəm.
- Xaricdə təhsil almaq istəyən gənclərə nələri
tövsiyə edirsiniz?
- Yüz faiz
əmin olmadan heç bir xaricdə təhsil şirkətinə və ya kiməsə inanmasınlar. Təhsil
almaq istədikləri ölkənin yaşayış şəraitini, həyat tərzini araşdırsınlar.
Hətta, mümkündürsə, bir neçə günlük ora səfər edib ölkə ilə əyani şəkildə tanış
olsunlar. Xaricdə olarkən ölkəmizi təmsil etdiklərini unutmasınlar. Çünki pis
və ya yaxşı nə isə olanda şəxsin adına yox, ölkənin adı çəkilir. Çalışsınlar
ki, ölkəmizi yaxşı mənada dünyaya tanıtsınlar.