• çərşənbə axşamı, 19 mart, 10:41
  • Baku Bakı 8°C

Oxucunu əsla unutmayacağı bir girişlə qarşılamaq vədi

04.07.17 11:20 5975
Oxucunu əsla unutmayacağı bir girişlə qarşılamaq vədi
Amerikalı araşdırmaçı yazar-jurnalist Robert Karo 1935-ci ildə Nyu Yorkda anadan olub. Horake Mann, daha sonra isə ailəsi ilə birgə köçdüyü Prinstonda təhsil alıb. Universiteti bitirdikdən sonra "New Jersey”, "Newsday” kimi dərgilər üçün işləyib. Karonun journalist kimi ilk uğurlu işi yeni yaşayış massivləri layihələşdirən və tikən Robert Mossun biznesinin qaranlıq tərəflərini araşdırmaq olur. Sonralar bu araşdırma "Dəllalığın gücü” ("The Power Broker”) romanının ana xəttini təşkil edir. Robert Mossun həyatını və biznesini araşdırmaq ənənəvi bioqrafiya yazmaq deyildi. Bu araşdırma Nyu-Yorkun müasir gündəmində həlledici rol oynayan bir çox siyasətçinin də adının hallandığı 1300 səhifəlik bir tədqiqat idi. Harvard Universitetinin sosiologiya şöbəsi bu kitaba üzvlük vədi verdiyi üçün Karo araşdırmanın dayandırılması üçün təklif edilən iri məbləğlərdən üz çevirib, "səfalət içində yaşamaq”-ı seçdi. Bu qərar təkcə onun həyatı ilə bağlı deyildi. Amma həyat yoldaşı İnna da Karonun bu qərarını dəstəkləyir. Hətta Karonun bütünlüklə bu əsərə baş qoyduğu yeddi ildə İnna ona bir kəlmə belə şikayət etmir, dolanışıq naminə yeganə sığınacaqları olan evi də satır. Ailəyə məxsus yeganə evin satıldığından isə müəllifin yalnız "Dəllallığın gücü” əsəri "Pulitzer” mükafatı qazananda xəbəri olur. Əsər elə həmin il ABŞ-ın məşhur "Freedom” mükafatına da layiq görülür. Cəmi iki il sonra isə araşdırmanın davamı olan "Senatın ustası” ("Master of the senate”) əsəri ilə müəllif ikinci dəfə "Pulitzer”in qalibi elan edilir.
İndi Karo zamanının çoxunu Kalumbus dairəsində yerləşən ofisində keçirir, yazmaqla məşğul olur. Yazı stolunda fasilə vermədən yazıb, oxuyaraq keçirdiyi saatları ömrünün ən əhəmiyyətli, dəyərli anları hesab edir. Görüş yerinə təyin etdiyimizdən on beş dəqiqə gec gəldik, bizi gözləyirdi. Onu yazmaqdan ayırmağımızın acığını çıxırmış kimi əsəbi davranırdı. Amma bu hal qısa zaman sonra dəyişdi və müsahibə tamamlanana kimi Karonu bir də elə görmədik. Onu elə əsəbi görəndə müsahibəni bir günlük təxirə salmağı təklif etdim, razı olmadı. Üzrlərimə fikir vermədi. Suallarımı gərgin bir səslə cavablandırmağa başladı. Müsahibənin irəliləyən dəqiqələrində əhvalı yüksəldi, mən də gərginlikdən arındım. Ədəbiyyatdan, yazıdan danışmaq onu asanlıqla həvəsləndirdi.
- Kitablarla dolu bir evdə böyümüsünüz, yoxsa tanıdığımız qaranlıq evlərdən biri idi?
- Xeyr. Beş yaşım vardı, anam çox ağır xəstəliyə tutuldu, çox əzab çəkdi və mənim on bir yaşım olanda öldü. Atam isə polşalı bir köçkün idi. O, kitabdan, yazıdan, sözdən milyardlarla kilometr uzaqda yaşayırdı. Bəli, bir hissəsi kitablarla bəzənmiş evdə böyüməmişdim, amma anam ölməmişdən əvvəl atama and içdirdi. O da anamın son istəyinə əməl edərək, məni Horake Manna göndərdi. Uşaqlığımı nə zaman xatırlasam, o məktəbdən başlayıram.
Məktəb qəzetinin təşəbbüskarı və redaktoru idim. Hər cümə digər redaktorların başını bişirərək, vaqoneti (yük daşıma maşını – red.) Yonkersə sürdürərdim. Getty Meydanında düşər, qəzetimizin nüsxələrini paylayardıq. Sonra yeni qəzetin yazılarını nəşr üçün verib, qayıdırdıq...
Odur ki, həyatımdakı ən böyük hədiyə Horake Mann liseyinin mənim adıma "Fəxri diplom” təyin etməsi olub. Fikirlərimin, yazdıqlarımın, üslubumun öyrədilməsinə ehtiyac olması fikri möhtəşəm qürur hissi aşılayır. Sonra isə dərs proqramı üçün məsləhətləşmək istədilər. Nələrin tədris proqramında yer almasının vacib olduğunu soruşdular, mən də təkliflərimi verdim – yaradıcı yazını, nəsr əsərinin keyfiyyət göstəricilərini, bədiilik və qeyri-bədiilik sərhədlərini və yazı tarixini öyrənməlidirlər. Bu mövzular üzrə tələblərə cavab verən ən yüksək göstəricili tələbə "Ədəbiyyatda Robert Karo üstünlüyü fəxri mükafatı”na layiq görülür.
- Horake Mannda olarkən, başladığınız ilk jurnalist fəaliyyətini davam etdirməyi düşünmüşdünüz?
- Jurnalistikanı yox, yazmağı davam etdirməyə qərar verdim. Ədəbi jurnallarda qısa hekayələr, sosial araşdırma tipli məqalələr, şərh yazıları, reportajlar... Sonra Prinstonda "The Princeton Tiger”, "Nassau Lit” kimi dərgilərdə çıxış etdim. Hətta "Nassau Lit”də çıxışlarım o qədər uğurlu alınmışdı ki, oxucu məktublarını nəzərə alaraq, dərginin bir nömrəsi sırf mənim yazılarıma ayrılmışdı.
Sonra məzun olduq. İnna ilə ailə qurduq, maddi sıxıntılar, xərclər getdikcə artdı və artan şkala üzrə də davam edəcəkdi. Məsuliyyətlərimin öhdəsindən gələ bilmək üçün daha yaxşı işə ehtiyacım vardı. Odur ki, sırf jurnalistikaya üz tutdum. Könlüm "New York Times” üçün işləməyi əmr etsə də, onlar peşəkar jurnalistika keçmişi olmayanlara yüksək qonorar vermirdi. Odur ki, ideallarıma uyğun olmasa da, daha yaxşı qonorar verən "New Brunswick Daily Home News” dərgisi ilə müqavilə imzaladım.
- Hədəfiniz bədii ədəbiyyat idi. Amma qeyri-bədii layihələrə cəlb olundunuz.
- Siyasətçilər haqqında silsilə araşdırma yazı hazırlamışdım. Jurnalistikada sayılıb, seçilən mükafatların sahibi idim. Araşdırmağı sevirdim. Nəyin əslində necə olduğunu, prosesin necə irəlilədiyini bilmək arzusu məni dəli edirdi. Xüsusilə də, bunları hekayə dili ilə danışmaq daha da xoş duyğular aşılayır. Düzdür, mən bədii ədəbiyyata meyilli idim. Amma aylarla bir otağa qapanıb, ədəbiyyatla məşğul olmaq üçün maddi imkanım yox idi. Hər gün ayın sonunda ailəmi dolandıra bilməkçün lazımı məbləği qazanmağa gedirdim. Yəni, jurnalistikanı buraxa bilmir, tamamilə ədəbiyyata ail ola bilmirdim. Sonra üçüncü bir qüvvə yazıçı olmağımı istəyirmiş kimi böyük məbləğdə pul ayırmış bir mükafatı qazanmağım üçün mənə yol açdı.
Hesabladıq ki, bu pul bizə bir il yetəcək. Odur ki, İnnaya kitabın doqquz aya hazır olacağını deyib, işə girişdim. Bir il sonra hələ ilk səhifələrdə idim... Vaxtın bitdiyini duyan İnna bir rəfiqəsindən borc aldığını dedi, halbuki evimizi satıbmış. Bu pulla bir il də dolandıq. Sonrakı illər isə bir-birindən bərbad, ağır, yoxsulluq, səfalət içində keçdi. Bircə şeyi bilirdim – bu əsər tamamlanmadan əsla jurnalistikaya qayıda bilməzdim. Çünki qayıtsam, hər şey olduğu yerdə qalacaqdı.
- Bütün ədəbi gücünüzü nəsrə sərf etmisiniz...
- Bir nəfər tanıyırdım, siyasətçi, sayılıb-seçilən, məşhur filan deyildi. Amma qubernatordan da böyük gücə sahib idi. Onu tanıdığım 44 ildə sözünün açmadığı qapı görmədim. Mən də özümə söz vermişdim – oxucunu əsla unutmayacağı bir girişlə qarşılamaq vədi. Ona görə bütün enerjimi sərf etdim.
- Mövzu araşdırması mərhələsi necə irəliləyir?
- Mövzu ilə bağlı mənbələrin – kitab, rəsmi və ya qeyri-rəsmi sənəd, məktub, qaimə və s. – oxunması ibtidai mərhələdir. Ordan mövzunun mətbuatda işıqlandırılmasına, ziddiyyətli mövqelərə keçirsiniz. Sonra araşdırmana yaxından-uzaqdan əlaqəsi olan insanlarla əlaqə qurursunuz. Çətin və qarışıq proses... Hər şeyi bilməyə, oxumağa ömür də çatmaz. Amma ipucu üçün mümkün qədər çox çabalayırsan. Çünki sənə lazım olanı harada, necə tapacağını əsla təyin etmək olmur.
- Bəs, yaradıcılıq prosesiniz necə gedir?
- Bu sualın iki cavabı var – qeyri-ixtiyari başlayanlar, planlı başlayanlar. Mən ikincilərdənəm – mövzunu, obrazları, hadisələri, məkanları, adları beynimdə əvvəlcədən tam dəqiqləşdirməsəm, əsla başlamıram. Bəzən isə bir hissəni yazır, sonra fikirlərimi dəmə qoyuram. Bu proses isə həftələrlə davam edə bilir. Sonra isə fəsil-fəsil dincələrək, irəliləyirəm. Fəsilləri işləməyə başlamazdan əvvəl həmin fəsildə yer alacaq araşdırma nəticələrini, lazımı faktları, materialları bir vərəqəqeyd edir və gözümün önündə saxlayıram.
- Haqqınızda səslənən maraqlı bir fikir var – iqtidardakı sistemlərdən yox, fərdlərdən yazır. Niyə?
- İndi səbəbini bilmirəm desəm, sizə də inandırıcı gəlməyəcək. Amma bir ölkənin vətəndaşlarına iqtidardakı sistemin açılışı, şərhi, təsviri birmənalı şəkildə maraqlı deyil. Məsələn, Mossun necə milyoner olduğu, bu qədər böyük biznesi necə idarə etdiyi hamıya maraqlıdır. Amma ABŞ-ın idarəçilik sisteminin şərhi, hekayələşdirilməsi yalnız politoloqlar üçün maraqlı olar.
- İnternetlə aranız necədir?
-Email adresim belə yoxdur. Hələ də poçt qutusunu yoxlayan adamam. "Johnson Library”-də mənə bir kompüter veriblər. İstifadə qaydasını bilirəm, amma sadəcə qeydlər üçün işimə yarayır.Haqqımdakı bütün məlumatları fiziki əlyazmalar şəklində əldə edə bilərsiniz.
- Məsələn, indi bu müsahibəni necə oxuyacaqsınız?
- Gedib dərginin bir nüsxəsini alacağam. Bu sadəcə internetə, ya da kiməsə, nəyəsə inamsızlıq nümayiş etdirmək deyil. Bu, ən xırda "orjinala, əməyə” hörmət göstəricisidir, mənim nəzərimdə. İnternetdə milyonlar məqalə oxumaq imkanı var. Amma hansısa xəbəri, yazını oxumaq üçün dərgiyə pul verib almaq, həmin qəzetin nəşrində əməyi olan hər bir kəsi digərlərindən fərqləndirməkdir, onu üstün tutmaqdır, seçməkdir.
Mənbə: The Paris Review
Ceyms Santelin söhbəti
İngilis dilindən tərcümə edən:Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər