• cümə, 29 Mart, 17:32
  • Baku Bakı 14°C

Çoxdan gözlənilən görüş

24.11.19 11:00 4677
Çoxdan gözlənilən görüş
Hənif QUREYŞİtanınmış ingilis yazıçısı, dramaturqu və ssenaristidir. Atası pakistanlı, anası ingilisdir. 1954-cü ildə İngiltərənin Bromli şəhərində doğulub. Ali Texniki Məktəbdə oxuduğu illərdə məşhur musiqiçi Devid Boui ilə tələbəlik dostu olub. "Sərhəd” (1981), "Köçəri quşlar” (1983) və "Məni çərlədən London” (1991) pyeslərinin, "Mənim gözəl camaşırxanam” (1984, motivləri əsasında 1985-ci ildə bədii film çəkilib) kinossenarisinin müəllifidir. "Şəhər kənarındakı Budda” (1990), "Ətraf ərazilər və digər oyunlar” (1990), "Qara albom” (1991), "Qabrielin hədiyyəsi” (2001) və digər romanların müəllifidir.
"Şəhər kənarındakı Budda” romanı debüt roman nominasiyasında nüfuzlu Uitbreyd ödülünə layiq görülüb və dünyanın 20-dən çox dilinə çevrilib. Romanla bağlı çəkilən televiziya filminə musiqini isə yazarın gənclik dostu Devid Boui bəstələyib.
Kral Ədəbiyyat Cəmiyyətinin üzvü olan H.Qureyşi 1986-cı ildə ən yaxşı ssenariyə görə ABŞ-ın Milli Kinotənqidçiləri Cəmiyyətinin ödülünə, 2010-cu ildə İngilis PEN-klubunun Harold Pinter adına mükafatına layiq görülüb.
"Məni çərlədən London” romanı əsasında 1991-ci ildə yazdığı ssenari üzrə rejissor kimi özü film çəkib. 2006-cı ildə isə Maykl Naymanla həmmüəllif olaraq bir opera tamaşası hazırlayıb.
Ssenari müəllifi olduğu "İntim əlaqə” filmi 2001-ci ildə Berlin Beynəlxalq Kino Festivalında və digər beynəlxalq tədbirlərdə mükafatlar alıb. 2013-cü ildə onun ssenarisi üzrə rejissor Rocer Mişellin çəkdiyi "Paris uikendi” tragikomediyasına 2014-cü ildə Avropa Kinoakademiyası tərəfindən "Ən yaxşı komediya” mükafatı verilib.



Məşuqəsinin əri Morqana əl uzadaraq dedi:
­—Axır ki, görüşdük. Salam. Küçənin o biri üzündə necə dayanmanız xoşuma gəldi. Yetkin bir insan kimi bu məsələ barədə söhbətləşmək istəyiniz də hədsiz dərəcədə qəlbimə yatdı. Bəlkə, əyləşəsiniz?
Morqan özünü təqdim elədi:
—Morqan.
—Erik.
Başını tərpədən Morqan maşınının açarlarını masanın üstünə atıb, stulun bir kənarında əyləşdi. Hər ikisi bir-birini süzməkdəydi. Erik soruşdu:
—İçmək istəyərdiniz?
—Bəlkə... daha sonra.
Erik daha bir şüşə içki sifariş elədi. Boşalan iki şüşə isə artıq masadaydı.
—Tək içməyimə bir etirazınız yoxdur ki?
—İçin, getsin.
—Onda elə də edim.
İçkisini bitirən Erik şüşəni masanın üzərinə qoysa da, barmaqlarını hələ də butulkanın boğazından çəkmirdi. Çeçələ barmağındakı zərif nişan üzüyü o ara Morqanın diqqətini çəkdi. Məşuqunun evinə gələndə Kerolayn da buna bənzəyən üzüyünü dəhliz masasının üstündəki nimçəyə qoyar, gedəndə isə elə oradan da götürərdi.
Bir neçə saat əvvəl ona zəng edən naməlum kişi soruşmuşdu:
—Danışan Morqandır?
O da:
—Hə, —demişdi. —Bəs siz...
Xətdəki kişi soruşmuşdu:
—Siz Kerolaynın məşuqusunuz?
Morqan dəqiqləşdirmək istəmişdi:
—Bəs siz kimsiniz? Kimsiniz axı?
—Mən isə onunla yaşayan kişiyəm. Onun əriyəm. Adım da Erikdir. Xatircəm oldunuz indi?
—Hə-ə, məsələni anladım.
Xəttin o biri ucundakı Erik təklifə keçdi:
—Sizdən bir xahişim olacaq. Gəlin, görüşək. Əgər zəhmət deyilsə.
—Axı niyə? Məndən nə istəyirsiniz ki?
—Sizə bəzi suallar verəcəkdim.
Erik kafenin adını və görüş vaxtını söylədi. Elə həmin gün, sadəcə bir neçə saat sonra. Özü orada olacaq və onu orada gözləyəcəkdi.
Morqan vaxt itirmədən Kerolayna zəng elədi. Qadın bu gün işgüzar bir görüşə qatılacaqdı və yəqin ki, Erik də hər halda bundan xəbərdar idi. Bütün işlərini ertələyən Morqan qonaq otağında var-gəl eləməyə başladı. Zaman isə durmadan axıb, gedirdi. Ən nəhayət, o, cürətini toplayıb, evdən çıxdı, maşına minib, yola düzəldi və cəmi bir neçə dəqiqədən sonra küçənin bu biri üzündə enib, nişan verilən kafeyə göz qoymağa başladı.
Kerolayn öz əri barədə ən incə - onun valideynlərinin kimliyinə, nələrin (hətta əri səmimi etiraf eləməsə də!) onu cırnatdığına, qanı qaralanda mısmırığını necə salladığına, hətta onun yanını necə qaşıdığına (bununla adətən Morqanı güldürürdü o) dair - təfərrüarları məşuquyla bölüşsə də, bu Erik ondan ötrü daim bir müəmma olaraq qalmaqdaydı: bu boz-bulanıq kölgə hələ Kerolaynla rastlaşdıqları ilk gündən bəri onun həyatını sanki alt-üst etmişdi və o vaxtdan bəri o, bu fiquru açıq-aydın görmək iqtidarında deyildi.

Və indi Erik barədə heç arzulamadığı təfərrüatları öyrənmək zorunda ikən, Erikin də onunla bağlı nələrisə öyrəndiyindən də bixəbər idi. Odur ki, Kerolaynın onunla əlaqədar ərinə nələri açıb-dediyini mütləq bəri başdan bilməliydi. İndiyədək həyatında bənzər bir hadisə olmamışdı, elə buna görə də o sarsıntı dolu günlər Morqanın yaddaşından heç vaxt silinməyəcəkdi.
Ofisiant qız Erikə pivə gətirdi. Morqan da əvvəlcə özü üçün pivə sifarişi vermək istədi, lakin sonra fikrini dəyişdi və adi su istədi.
Erik kinayə ilə gülümsədi:
—Hə-ə, günlərinizi şad-xürrəm keçirirsinizmi barı?
Erikin ofisdə çox çalışdığından Morqan xəbərdar idi. Gecələr evə gec gələn bu kişi övladları məktəbə gedəndən sonra yatağından qalxırdı. İndi də onu süzərkən, Morqan yaddaşında Kerolaynın bu adamla bağlı bütün o danışdığı məqamları çözələməyə cəhd göstərirdi.
Arvadı səhərlər işə getməyə hazırlaşanda bu kişi pijaması əynində və üzünü əlləriylə qapamaqla yataqda oturardı, sanardın ki, harasısa ağrıyır. Kənardan baxan elə bilərdi ki, bu adam nə barədəsə gərgin fikirlərə qərq olub.
Kerolayn isə işə həmişə bacardıqca erkən yollanardı ki, ofisdən Morqana zəng eləməyə bir fürsət tapsın.
Tanışlıqlarından iki ay sonra Morqan Erikdən ümumiyyətlə, əsasən də dönə-dönə sevişməyə cəhd göstərdikləri məqamlarda söz salmamağı sevgilisindən rica elədi. Lakin onların bu məhrəm görüşlərindən qadının əri bixəbər olduğundan istər-istəməz söhbətləri həmişə hərlənib-fırlanıb, Erikin üzərinə gəlirdi.
Morqan maraqlandı:
—Hə, sizin üçün neyləyə bilərəm mən?
—Elə şeylər var ki, onlardan agah olmaq istərdim və mənim buna haqqım çatır.
—Qoy görək, canım!
—Yoxsa, sizcə, mənim ümumiyyətlə heç bir haqqım-filan yoxdur?
Morqana elə gəlirdi ki, bu söhbət sən deyən də asan keçməyəcək. Hələ maşından düşməzdən əvvəl o, bütün fikrini bacardıqca bir yerə toplamağa çalışmışdı, ancaq bu cəhdlər ona adını özünün də dəqiq bilmədiyi bir fəndən imtahana girməyi xatırladırdı.
Morqan ona təsəlli verərmiş kimi dilləndi:
—Sizi başa düşürəm.
—Amma siz mənim həyatımı əlimdən almısınız.
—Anlamadım.
—Arvadımı nəzərdə tuturam. Siz mənim arvadıma sahib çıxmısınız.
Erik butulkanı ağzına dayadı. Sonra cibindən bir həb qutusu çıxardıb, onu havada silkələdi. Səsdən anlaşıldı ki, qutu boşdur.
—Sizdə ağrıkəsici həb-zad olmaz ki?
—Yox, elə şeylərə ehtiyac duymuram.
Erik cib dəsmalıyla üzünün tərini sildi.
Vəziyyəti gərgin idi və bunu anlamaq olardı. Həyat onu yaman yerdə yaxalamışdı. Eyni şəkildə Morqanı da. Elə Kerolaynı da.
Morqan fərqindəydi ki, onunla tapışandan bəri bu qadının həyat eşqi aşıb-daşmağa başlayıb. Onun iki övladı və qazanclı, amma yeknəsəq bir işi vardı. Bir müddət əvvəl qadının ən yaxın rəfiqəsi özünə bir məşuq tapmışdı. Kerolayn isə Morqanla işiylə əlaqədar bir tədbirdə tanış olmuşdu və tezliklə belə qərara gəlmişdi ki, onlarınkı tutar. Qadın özünü tam səmimiyyətlə inandırmışdı ki, onun bu "əyləncəsi” heç nəyə maneə olmaz və həyatındakı bütün qalan şeylər öz normal axarıyla gedər. Morqan isə vaxtaşırı ona: "Ancaq hər şeyin gec-tez bir çıxacağı var ha” deməyi sevirdi. Buna görə də yataqda olduqları zaman qadın adətən ona "Cənab Çıxacaq” deyə müraciət edirdi.
Erik dedi:
—Şəxsən mən ailəmi dağıtmaq fikrindən uzağam. Özümə görə evim-ailəm var. Yəqin ki, siz arvadımla bərabər mənim ailəmi də əlimdən almaq istəməzsiniz?
Onun insan hüquqlarına hörmətlə yanaşan Morqan dilləndi:
—Kerolayn —yenə də sizin xanımınız olaraq qalır. Mən onu əlinizdən alıb-eləməmişəm. O, öz xoşuyla mənə təslim olub.
—Öz xoşuyla sizə təslim olub? Özü sizi istəyib? Sizi, hə?!
—Hə də, necə bəyəm?
—Sizinlə olan bütün qadınlar belə davranırlar?
Morqan zorla gülümsəməyə çalışdı.
—Qadınlar həmişə sizlə belə davranırlar?
—Son dövrdə sadəcə xanımınız belə davranıb.
Erik bunların ardından daha nələr deyəcəyini gözlədiyi üçün gözlərini ondan çəkmirdi. Morqan isə susur və öz-özünə yalnız bir fikri aşılayırdı ki, bu adama izahat verməyə nəinki məcbur deyil, hətta istədiyi an buranı tərk edib, gedə də bilər.
Erik soruşdu:
—O, hələ də sizi özünə cəzb edir?
—Məncə, hə.
—Yoxsa bundan tam əmin deyilsiniz? Onunla çıxartdığınız min bir hoqqadan sonra hələ də bundan əmin deyilsiniz, hə?
—Mən elə bir şey demədim.
—Bəs onda nəyi qəsd edirdiniz?
—Heç nəyi.
Əslinə qalanda, heç özü də bundan tam əmin deyildi. Aralarında yaranan əlaqələrə isə artıq öyrəncəliydi. Adətən, telefon söhbətləri uzun sürməzdi, yanlış yerə yozduqları yazışmalarının, ertələnən görüşlərinin və iztirab dolu ayrılıqlarının isə sayı-hesabı yox idi. Amma bütün bunlar həm də onların birgə həyatı idi. Hətta ortaq vərdişləri də yaranmışdı.
Bu Erikin xanımıyla o, həftədə cəmi iki dəfə görüşsə də, indiyə qədər heç bir qadından almadığı zövqü məhz ondan alırdı. Baş-başa olmadıqları və çalışmadığı günlərdə Morqan doğma qızını da götürüb, rəsm qalereyalarını gəzib-dolaşırdı, ya da səfər çantasını yığıb, əlinə də bir xəritə alıb, yaşadığı şəhərin indiyədək heç baş çəkmədiyi guşələriylə tanışlığa çıxırdı. O, saatlarca çay sahilində oturub, öz qeyd dəftərçəsinə uzun-uzadı xatirələr yazmaqdan əsla bezməzdi. Bəs bu qadın ona nələr bəxş etmişdi axı? Dünyaya sayğı bəsləmək, yaşantıları, əşyaları və digər insanları sezmək-oxumaq bacarığını, onları da həyatının vacib, hətta misilsiz bir dəyəri kimi görmək qabiliyyətini bəxş eləmişdi ona. Bu qadın qayğısız yaşamağın əsl möcüzəsini açıb, göstərmişdi ona.
O ara Erik sözə başladı:
—Hələ iyirmi bir yaşı olanda mən Kerolaynla rastlaşdım. O vaxt çöhrəsinə bir dənə də qırış düşməmişdi. O vaxtkı al yanaqları hələ də gözümün önündədir. Universitet səhnəsində qoyulan bir tamaşada oynayırdı onda.
—Öz rolunu onda da, həmişəki kimi, yəni məharətlə oynayırdımı? Axı o, bütün rolların öhdəsindən bacarıqla gəlir. Hər işi yalnız layiqincə görəndə isə özündən razı qalır.
Erik dedi:
—Bu tanışlıq bizdə naxoş vərdişlər yaranana qədər baş vermişdi.
Morqan heç nə anlamadı:
—Nəyi nəzərdə tutursunuz?
Erik izah elədi:
—Bizim münasibətləri qəsd edirəm. Onlar hamısı, adətən, bu sözü işlədirlər çünki. Bizim onda nə bir istedadımız vardı, nə də bir bacarığımız. Odur ki, öz münasibətlərimizdən də baş çıxara bilmirdik. Siz onunla nə vaxtdan bəri tanışsınız?
—İki ildir.
—İki ildir?!
Morqan təlaşlandı:
—O, bizə dair nələrdən sizə bəhs edib ki? Siz heç bu barədə onunla danışmısınız?
Erik donquldandı:
—Sizcə, bu indi eşitdiyim faktlarla barışmamdan ötrü mənə nə qədər vaxt lazım gələcək?
Morqan soruşdu:
—Siz orda nə edirsiniz elə?
Bütün bu müddət ərzində o, gözlərini Erikin əllərindən çəkmirdi: gözləyirdi görsün, barmaqları arasında sıxdığı butulkanın boğazını bu hərif nə vaxt qoparacaq. İndi isə o, masanın altından çıxartdığı diplomat çantasında eşələnərək, nə isə axtarırdı.
—Ayın neçəsində olub bu? Yəqin bunu dəqiq xatırlayarsınız! Bəlkə, hələ tanışlığınızın ildönümlərini də qeyd edirsiniz siz?
Erik çantadan üzü albalı rəngə çalan iri bir dəftərçə çıxartdı:
—Mənim gündəliyimdir bu. Bəlkə də məhz həmin gün mən hansısa bir qeyd yazmışam burada. Son iki illik dövrə indi tez-tələsik göz atmalıyam. Axı, aldadılan insana ətrafında baş verən hər şey daha fərqli şəkildə görünür.
Morqan həndəvərdə oturanlara göz gəzdirərək sakit tərzdə dedi:
—Kiminsə üstümə çımxırması məni təbdən çıxarır ha. Əsəblərim onsuz da gərilib.
—İstəmədən oldu. Üzr istəyirəm.
Erik gündəliyini bir az vərəqlədi. Morqanın baxışlarını öz üzərində hiss etdiyindən dəftərçəni qapatdı və kallaşan bir səslə müsahibindən soruşdu:
—Sizi heç nə vaxtsa aldadıblar? Oxşar bir hal nə vaxtsa öz başınıza gəlib yəni?
Morqan dedi:
—Oxşar şey hamının başına gələ bilər.
—Əcəb dediniz, vallah! Sizcə, aldadılma adi bir şeydir də, elə?
—Məncə, müəyyən hallarda biz sadəcə seçim haqqından məhrum oluruq.
—Hər şey də məhz bunun ucbatından saxtalığa məhkum olur! – deyə Erik sözünə davam elədi. —İndi siz elə davranırsınız ki, guya bunun sizə bir aidiyyəti-filan yoxdur. Bu qədər maskalanmağı necə bacarırsınız? Axı bu, son dərəcə əhəmiyyətli məsələdir. Yaşadığımız bu əsrə bir baxın da!
—Başa düşmədim.
—Mən bir telekanalın xəbərlər proqramında çalışıram və hər gün ətrafımızda nələrin baş verdiyinin yetərincə fərqindəyəm. Sizin bu qəddarlığınız da o birilərindən geri qalan deyil.
—Hə, hə, ürəyinizi boşaldın görək...
—Sanki başqa insanların heç ləyaqət hissi yoxdur! Sanki onlar önəmsiz bir şeydirlər! Sanki onları bir heçmiş kimi tapdalayıb, üstlərindən keçmək də olar!
—Amma mən sizi öldürüb-eləməmişəm, Erik.
—Amma məhz bunlar mənim axırıma çıxacaq. Gec-tez ölüb-gedəcəm.
Morqan başını tərpətdi:
—Hə, indi sizi anladım.
Bir gecə gəldi Morqanın xatirinə. O gecə ondan ayrılıb, hiss olunmadan ərinin yatağına girmək məqsədiylə evə dönməyə hazırlaşanda Kerolayn məşuquna bir istəyini pıçıldamışdı: "Kaş Erik öləydi... sadəcə ölüb-gedəydi”.
—Həm də lal-dinməz anladınız, eləmi?
—Hər halda.
Dirsəklərini masanın üstünə qoyan Erik sınayıcı nəzərlərlə Morqanı süzməyə başladı.
—Əməlinizdən bir əzab duyursunuz heç?
—Hə, duyurdum.
—Mənim ölümümlə bağlı?
Morqan gülümsədi:
—Elə onunla da bağlı. Elə hər şeyə görə. Eyni vaxtda həm də —ona görə.
Erik dilləndi:
—Çox əla, çox pakizə. Kamilləşmə mərhələsi —tənhalıq dövrünə təsadüf edir axı.
Morqan razılaşdı:
—Heç şübhəsiz.
—Ancaq mənə bir məqam da maraqlıdır. Bu tənhalıq əsla əvvəlkilərə bənzəmir. Sizcə də, elədir?
Morqan təsdiqlədi:
—Elədir, çünki artıq dəqiq anlayırsan: itirdiyin heç nə geri dönən deyil.
Erik dedi:
—Haradasa on iki, on üç yaşı olanda böyük qardaşım canına qəsd eləmişdi. Atam bu dərd üzündən dünyadan köçdü, babam isə sadəcə bizlərə tapşırdı. Sizcə, mən hələ də onlardan ötrü qəribsəyirəm?
— Yoxsa onları qəribsəmirsiniz?
Pivəsindən bir qurtum alan Erik bu barədə fikrə daldı və ən nəhayət, dilləndi:
—Hə, haqlısınız, qəlbimdə bir dəlik açılıb o vaxtdan bəri. İstərdim ki, sizin də ürəyinizdə ona bənzər bir yara açılsın.
Morqan dəqiqləşdirdi:
—Amma məşuqəm məni anlayır, dinləyir. Mən də - onu.
Erik heyrətləndi:
—Siz həqiqətən bir-birinizə qarşı belə diqqətlisiniz?
—Belədə könlünün əslində nədən açıldığına diqqət yetirmən kifayətdir. Məsələn, məşuqəmin yanında mən heç vaxt özümü yalqız-filan hiss eləmirəm.
—Çox əla.
—Əgər o, məni atıb-getsəydi, yəqin başıma bir güllə sıxardım.
Erik xatırlatdı:
—Amma o dediyin qadın – mənim arvadımdır.
Araya sükut çökdü.
Sonra Erik yenə özündən çıxdı:
—İndiki insanlar necə deyirlər? "Bu, sizin daxili məsələnizdir!” Hə də, bu damənim daxili məsələmdir! Bu cür yanaşma nə dərəcədə doğrudur axı? Sizcə, necə,doğrudur bu?!
Uzun illərdən bəri ilk dəfəydi ki, Morqan həm xeyli viski içmiş, həm də nəşə çəkmişdi. Altmışıncı illərin sonlarında o, bir universitet tələbəsiydi, lakin özünü hippilərə yox, puritan sol cinaha aid edirdi. Məhz indi, yəni beynini sıfırlamağı arzulayanda o, fərqinə vardı ki, insanoğlu həyatda öz idrakından necə də dördəlli yapışıbmış. Kerolaynın fikrini-zikrini ən nəhayət başından atmaqdan ötrü onun şüurunun sıfırlanması vacib şərt idi. Onların hamısını – Kerolaynı da, Eriki də, onların övladlarını da unutmaq üçün lazım idi bu. Bəlkə də, əlaqələrinin indiyədək üstüörtülü və əlçatmaz olması bu insanlar arasındakı məsafəni ən uyğun həddə saxlamışdı.
Morqan fərqinə vardı ki, həmsöhbətiylə xeyli var kəlmə kəsmir. Erikə tərəf qanrılanda onun dırnaqlarıyla butulkanı taqqıldatdığını gördü. Erik dedi:
—Evinizi bəyəndim. Hərçənd yalqız yaşayan biri üçün xeyli böyükdür o.
—Mənim evim? Onu da görübsünüz?
—Hə.
Morqan onun düz gözlərinin içinə baxdı. Deyəsən, hərif əməlli-başlı dəmləşmişdi. Hətta Morqan ona həsəd də duydu. Axı, nifrət həmişə insana daxili güc verir.
—Səhər qaçışları zamanı geyindiyin o ağ şortun və qolfların sənə yamanca yaraşır. Baxanda həmişə məni gic gülmək tutur.
—Deyəsən, sənin mənim evimin həndəvərində veyillənməkdən başqa bir işin-gücün yox imiş ha?
Erik şəhadət barmağını onun sinəsinə söykəyib dedi:
—Sənin də başqalarının arvadını tovlamaqdan başqa işin-gücün yoxdur da. Morqan, günlərin bir günü sən oyanıb görəcəksən ki, ətrafındakı hər şey dünən axşam gördüyündən fərqlənir. Sahib olduğun hər şey ya qırılıb-tökülüb, ya da tamamən sıradan çıxarılıb. Heç bunu təsəvvürünə gətirə bilirsən barı?
Morqan dedi:
—Yaxşı, yaxşı, yetər bu barədə.
Erik öz butulkasını istəmədən aşırtdı. Dağılan pivənin üzərinə cib dəsmalını sərəndən sonra butulkanı dikəltdi və soruşdu:
—Mənim uşaqlarımı da yanına alacaqsan?
—Nə? Bunu niyə etməliyəm ki?
—Bilirsən, mən də həmişə öz evimi istədiyim kimi qurmaq arzusuyla yaşamışam. Mənim hətta sarmaşıqlarla örtülən köşküm də var. Mən o evdən əsla köçən deyiləm və onu heç kəsə də satmaram. Əgər səmimiyyətə qalsa, sənə deməliyəm ki, arvad-uşaqsız yaşamaq könlümə daha çox yatır.
Bu sözləri deyərkən onun ağzı qəribə şəkil aldı – bilmirdin, gülümsəyir, yoxsa dişlərini ağardır.
Morqan qulaqlarına inanmadı:
—Nə? Nə dedin sən?
Erik qaşlarını qaldırdı:
—Nə dediyimi sən lap yaxşı anladın.
Morqanın övladları öz analarıyla birgə yaşayırdılar: qızı universitetdə, oğlu isə özəl məktəbdə təhsil alırdı. Hər ikisinin işləri yolunda gedirdi. Erikin övladlarını isə Morqan ötəri görmüşdü. Əgər Kerolayn onunla yaşamağı uyğun bilsəydi, Morqan onları da öz yanlarına almaq fikrindəydi. Tam səmimiyyətlə özünü buna hazır sayırdı və bu cür taleyüklü məsələlərin həllində əsla tərəddüd eləməzdi. Həm də ən betərini düşünürdü: birdən oğlan narkotiklərə dadansa, qız isə gənc yaşında əxlaqsızlığa başlasa, onların aqibətləri necə olar? Buna görə də Morqan bu qadından əlavə, çiynini daha ağır bir yükün altına verəcəyinin də fərqində idi. Dostları arasında bu cür cəncələ düşənlər isə artıq var idi.
Erik dedi:
—Sənin başımıza hansı müsibəti açdığını öyrənəndə, övladlarım bunu sənə əsla bağışlamayacaqlar ha.
Morqan laqeydcəsinə dedi:
—Hə, nolsun? Buna görə kimdir ey onları qınayan?
—Onlar irisaqqalı və bozqarındırlar —lap at kimi yeyirlər. Məni də çox xərcə salıblar indiyəcən.
—İlahi pərvərdigara!
Erik soruşdu:
—Sən mənim işim barədə nələrsə bilirsən?
—Mənim işim barədə sən nə qədər bilirsənsə, mən də səninki qədər bir elə bilirəm.
Erik buna bir cavab vermədi və fikirli halda dedi:
—Yataqda yanaşı uzanarkən qeybətimi qırdığınızı düşünmək mənə məzəli gəlir. Mərc gələrəm ki, siz hər hansı avtoqəzada boynumun qırılmasını hədsiz istəyirmişsiniz.
Morqan gözlərini döydü.
Erik isə bayaqkı mövzuya qayıtdı yenə:
—Bilirsən, mənim xəbərlər agentliyindəki işim xeyli nüfuzlu işdir. Maaşım da yüksəkdir. Daim yeni nələrsə baş verdiyindən məşğul olacaq çox iş tapılır. Ancaq bu iş həm də vecsizdir, yeknəsəqdir. İndi mən bunu daha aşkar sezirəm. O işdə çalışanlar özlərini gözgörəsi fəda edirlər. Həm iş yükləri çoxdur, həm də beyinləri daim adrenalin ifraz edir. Məsələn, mən həmişə arzulamışam ki, bir yürüşə çıxım... dağların qoynunda dincəlməyə yollanım, yəni öz ağır çəkmələrimi geyinim, səfər çantamı götürüm və sair və ilaxır. Bir də roman yazmaq istəyirəm. Bundan ötrü səfərə çıxmalıyam ki, macəralar yaşayım. Bəlkə, gələcəkdə buna da imkan tapacağam.
Bax, bu yerdə Morqan heyrətləndi, çünki Kerolayn oturub-durub deyirdi ki, ətrafındakı dünya Eriki zərrəcə maraqlandırmır və əri hər şeyə xəbər sütununa yarayacaq material gözüylə baxır, yanaşır. Bunca səs, görüntü, qoxu və dad ona əsla cazibədar gəlmir, ondan ötrü bir önəm kəsb etmir. Həm də onun bu yanaşması başqalarının daxili həyatı üçün də eynən keçərli idi. Ondan fərqli olaraq, barlarda oturarkən Morqan ilə Kerolaynın əlləri masa altında yalnız onların ikisinə bəlli olan bir dildə ünsiyyət qururdu, bu zaman onlar ortaq tanışlarını quru yuyub, yaş sərməklə, sanki başqalarının yol verdiyi səhvlər hesabına öz sevgiləri üçün bir dayanıqlılıq peyvəndi, ya da bir məlhəm tapmağa, bənzər yanlışlardan uzaq durmağa çalışırdılar.
Morqan masanın üstündən maşının açarlarını götürüb, dedi:
—Qulağa xoş gəlir. Həyatınızdakı hər şey yolunda gedəcək, Erik. Sizə uğurlar diləyirəm.
—Sağ ol, vallah.
Bir ara yerindən qımıldanmayan Erik qəfildən xəbər aldı:
—Sən bu qadının nəyini sevirsən axı?
Bu dəm onun üstünə bağırmaq və düz burnunun önündəcə yumruğunu masaya çırpmaqla, bu etirafı eləmək keçdi Morqanın könlündən: "Onun əynini soyunaraq, böyrümdə uzanmasına, mən dəlilər kimi məftunam və belədə sanıram ki, dodaqlarım ağzına qədər dirilik suyu ilə dolu piyaləyə toxunur, həmin suda mən möcüzələrlə dolu eşq dünyamızın əksini görür və qət edirəm ki, bu qadın - əbədilik təkcə mənim qismətimdir!”
Erik soruşdu:
—Hə, niyə susursan?
—Nə barədə?
—Axı onun sən nəyini sevirsən də? Əgər indiyədək buna bir qərar verə bilməmisənsə, onda zəhmət olmasa, bizi rahat burax!
Morqan dişlərini qıcadı:
—Bura bax, Erik! Əgər sən dilini dinc tutub dözsən, mən bunu sənə deyərəm. Onun mənimlə yaşamaq istədiyini etiraf elədiyi vaxtdan artıq bir ildən çox vaxt ötüb. Və mən bütün ömrüm boyu belə bir qadının həsrətində olmuşam. – Bu yerdə o, barmağını Erikin sinəsinə dirədi. —Onunla yaşamaq üçün sənin bəlli bir möhlətin olub. Həm də yetərincə olub. O da bəsindir. İndi isə o növbə mənə çatıb.
Sonra ayağa qalxıb, qapıya tərəf yönəldi. Hər şey xeyli asan imiş. İndi o, açıq havaya çıxmağa ehtiyac duyurdu.
Sükan arxasına keçib, dərindən köks ötürdü. Motoru işə salıb, tindəki svetofora çatıb, maşını əylədi. Bir düşündü ki, supermarketdə bazarlıq eləməsi yerinə düşər, çünki Kerolayn birbaşa işdən evə gələ bilərdi və buna görə də onu gözləmədən, yəni özü yeməyə nələrsə hazırlayardı. Hələ məşuqəsinin sevdiyi viski mak-dan da qatardı yeməyə. Ona bu cür diqqət göstərilməsindən hədsiz dərəcədə məmnun olurdu qadın. Sonra isə yataqda birlikdə uzanar, şellənərdilər özləri üçün.
Bu dəm Erik ön qapını açıb, onun böyründəki oturacağa çökdü. Morqan gözlərini ona zillədi. Arxadakı maşının sahibi səbirsizlənib, siqnalladı. Morqan maşını yolun kənarına verməli oldu.
—Səni harayasa aparmamı istəyirsən?
Erik dedi:
—Sənə hələ deyəcək sözlərim var.
Morqan bir ona baxdı, bir yola. Onun maşınında, böyründəki oturacaqda əyləşən bu hərif indi də çəkmələriylə ayaqları altdakı rezin xalını durmadan tapdalamağında idi.
Morqan dişlərini qıcayaraq söyüş söydü. Erik soruşdu:
—Hə, indi neyləmək istəyirsən? Bir qərara gəldin barı?
Morqan küçə boyu maşını ağır-ağır sürməyə başladı. Gözünün ucuyla o, Erikin maşının sandıqçasında eşələnərək, bir parça kağız tapdığının fərqinə vardı. Bu, həmin səhər Kerolaynın öz xəttiylə yazdığı və evə alınması vacib olan ərzaqların siyahısı idi. Erik səssizcə kağızı əvvəlki yerinə qoydu.
Morqan maşını geri döndərməklə qaz pedalına basdı və dedi:
—Gəl, buradan gedək onun iş yerinə, hər şeyə birlikdə aydınlıq gətirək. Sən də bunu istəmirdin?! Öyrənmək istədiyin hər təfərrüatı məhz onun dilindən eşitmən daha məsləhətlidir. Yox, əgər bunu istəmirsənsə, maşından harada, nə vaxt düşəcəyini mənə de. Nə vaxt düşəcəyini de ha.
Erik susaraq, önünə baxırdı.
Morqan özünün xoşbəxtlikdən qorxduğunu və ondan uzaq durmağa çalışdığını düşünürdü. O, həqiqətən də başqa insanlardan ürkür və onlardan bacardıqca uzaq durmağa üstünlük verirdi. Hələ də bundan qorxurdu, hərçənd indi iş-işdən keçmişdi artıq.
Qəfildən o, sükanı sərt şəkildə döndərdi.
—Yaxşı, elə olsun.
—Nə necə olsun?
Morqan dilləndi:
—Qəti qərara gəldim. Cavabım da – "hə”dir. Həm də verdiyin bütün suallara cavabım "hə”dir! İndi isə düş aşağı, – deyib, maşını saxladı. – Rədd olub, get başımdan!
Maşınını sürüb oradan uzaqlaşdıqca, Erikin arxa görüntü güzgüsündəki qaraltısı getdikcə kiçildi, kiçildi.

Dilimizə çevirdi – Azad Yaşar

banner

Oxşar Xəbərlər