• çərşənbə axşamı, 19 mart, 06:18
  • Baku Bakı 8°C

Çovğun

28.06.20 14:00 8273
Çovğun
Fin müharibəsinə məni toyumdan düz iki gün sonra apardılar. Valşanka stansiyasına qədər on kilometr yol getdik. Ümumilikdə, getdiyimiz iyirmi kilometri həyat yoldaşım yanımda sanki bir daş parçası kimi oturmuşdu. Mən sadə insanam və sənin romanlarına bir o qədər də inanmıram. Sevgidən yazmağa nə var?! Arvadımı qoyub getməyə ürəyim gəlmirdi. Çox pis olmuşdum. Arvadım bizim kənddən – Andereyevçinadan deyildi. Bizim stansiyadan on beş mil o yana, Petrovski qəsəbələrindən birindən idi. Velosipeddə, piyada, maşında, istidə, payız yağışlarında, şaxtada onunla birlikdə olmuşuq. Axı düz il yarım arxasınca sürünmüşəm, sevgimi göstərmişəm. O da mənə qarşı çox mehriban idi. Amma mənə ərə getmək istəmirdi. İşim yaxşı olsa da – sürücü işləyirəm – avantajlı biri deyiləm, gördüyünüz kimi heç üzdən də yaraşıqlı deyil. Mən onunla başqalarıyla danışdığım kimi danışa bilmirdim. Qarmonçalan çiyninə pencək atıb oxuyurdu: "Sən mənim şirinimsən, sən mənim şəkərimsən, qızılgülümsən". Susuram, lap siçan kimi dayanıram, sonra da çovdardan danışmağa başladım. Bəzi qızlar hətta inciyirdilər, bəziləri elə bilirdilər ki, mən dözümsüzəm, geri çəkilərəm. Amma mən çox inadkaram. O mənə ərə getdi. Leninqrada qədər bütün yolu axmaq adamlar kimi sürdüm. Platformada gözlərimin önündə dayanmışdı: dodaqlar qırmızı, sakit, gözlərində yaş olmasa da ağlayırdı. Heç vaxt olmadığı kimi sakit və təmkinli görünürdü. Əslidə isə, çox şən, qəsəbədə ən yaxşı rəqs edən bir qız idi o. Çox sakit, güclə eşidilən səslə dedi: Vasili, özünü qoru, özünü güllə qabağına vermə. İstədim ona məni necə oduna bənzətdiyini, ağzımı quyuya, özümü quyunun su qaldıran qoluna oxşatdığını, rəfiqələrinin yanında yaylığını başıma bağladığını xatırlatmaq istədim, yazığım gəldi, etmədim.
Toyundan iki sonra bir adamı güllə qabağına niyə göndərdiklərini indiyə qədər anlaya bilmirəm. Döyüşürdük. Qarın üstündən sürünə-sürünə gedirsən, o əclafsa oturub ağacın budağında, "part-purt", vəssalam. Düşdü başı üstə qarın içinə. Qəbirə getməyə hazırdır. Mənsə fasilələrdə onu düşünürəm – mənə atəş açanda da onu düşünürəm, şam ağacının altında, qarın üstündə yatanda da onu yuxuda görürəm. Hey xəyalıma gəlir ki, əlində səbət kənddə gedir, hamıya kökə verib toyumuza çağırır. Ya da görürəm ki, toyda dəli kimi əllərimiz bir-birinə bağlı oturmuşuq. Ya da ki o biri otaqda oturub siqaret çəkirəm, ayaqqabıları qapını üstündən döşəməyə düşür. Ürəyim mühərrik kimi döyünürdü. Onu heç kim tanımırdı, ilk dəfə toyda görürdülər. Sonra yenə də onu qarların üstündə gəzən görürdüm. Mənim sevgim romanlardakı kimi deyildi. Yox, deyildi. Axı toyumdan iki gün sonra məni apardılar. Mən deyəsən, dəli olmuşam. Amma hər şeyin bir sonu var, elə müharibənin də.
Hər şey bitdi. Lakin bizi buraxmadılar. Bizi Estoniya sərhədinə tərəf, hardasa Çud gölünə tərəf apardılar. Məzuniyyət də vermirdilər. Səbəbi də məlum deyildi. Əlim dinc durmadı, elə bil şeytan yoldan çıxartdı, ona məktub yazdım ki, kaş mənə heç olmasa üç günlük məzuniyyət verəydilər. Axı biz bunu hələ Leninqradda olanda arzulamışdıq. Bunu saatbasaat gözləyirdik. Eşelondan da, demək olar ki, heç kimi buraxmırdılar. Və mənə cavab gəldi: "Əzizim Vasya. Lap sənə üç günlük məzuniyyət versələr belə, gəlmə. Bilirsən də buraların qışını. Burda hər gün çovğun olur. Heç stansiyaya ayaq basan yoxdur. Hər yeri don vurub elə bil. Mən də çox vaxt fermada qalıram, getmək olmur evə. Sən heç cür üç günə gəlib çıxa bilməzsən! Sən əzab çəkmə, fikir eləmə bircə. Mən çox şeyi dərk etmişəm, başa düşmüşəm. Çox pis qız olmuşam, səni incitmişəm, nahaq yerə sənə ərə getmək istəməmişəm. Bizi heç nə ayıra bilməz. Gecələr çox vaxt yatmıram, bizi düşünürəm. Həmişə sənə sadiqəm. Başqa heç nə ağlına belə gətirmə. Amma gəlmə. Dodaqlarından min dəfə öpürəm...”
Mənə üç səhifəlik məktub yazıb. Axmaq, düşünürəm, mənim dodağımdan öpməyib kimin dodağından öpəcəksən ki?! Hələ bir başqasını öpmək ağlından keçsin, gör mən neynirəm, bütün kəndin altını üstünə çevirərəm. Birdən-birə məni qəzəb boğdu. Necə yəni "gəlmə”, necə yəni "gəlib çıxa bilməzsən?!” Bircə buraxsaydılar! Alay komandirinin yanına getdim. Ona hər şeyi danışdım. O əvvəlcə tərəddüd etdi. Sonra isə xidməti "cinayət” törətdi. Deyir: – Üç günə çatarsan? – Məncə, hə, – dedim. Dedi: – Ünvanını ver görüm, özün də görürsən də, bizi hələ ki, göndərmirlər. Amma istənilən vaxt göndərə bilərlər. Yaxşı. Get sən. Amma tez get. Mən sənə teleqram göndərəcəm, amma sən də söz ver ki, ilk teleqramı alan kimi yola çıxacaq, gəlib bizə çatacaqsan. Biz gərək deyilən yerə birgə – eyni vaxtda çataq. Razısan? – Əlbəttə! Çox sağ olun! Mən sizi incitmərəm. Yola çıxdım. Amma qış, doğrudan da, çox sərt idi. Elə sərt idi ki, insanlar evlərindən bayıra çıxa bilmirdilər, qatarlar çovğun ucbatından günlərlə yolda qalır, gecikirdilər. Və mən bütün bunlara baxmayaraq, yola çıxdım. Hədiyyə dolu çamadanımı götürüb getdim. Qatar səkkiz saatdan sonra Valşanka stansiyasında dayandı. Axşam saat 6 idi. Hər yer süd kimi ağappaq olduğundan bir addım o yananı görmək olmurdu. Vağzala gəldim, hamı mənə dəli kim baxırdı. Kirvəm Stepan məni görən kimi dedi: "Başın xarab olub, ay qardaş? Üç gündür ki heç kim Andereyevşinaya getmir. Həmin günü poçt da gəlmişdi. Geri yol olmadığına görə poçtalyon da burda qalıb. Ondan əvvəl də dörd gün yol olmayıb. Şinelini aç, rahatlan, uzan yat. Bəlkə sabah hava bir az düzələr. Belə qar-boran əlli illik ömrümdə görməmişəm. – Hə, deyirəm, o boyda yolu bura, sizinlə vağzalda gecələməkdən ötrü gəlmişəm. Sevincə bir bax! Axmağam mən bəyəm? – Görünür ki, axmaqsan!
Çamadanımdan kompasımı (yaxşı kompasdır, Fin istehsalıdır. Ovçuyam deyə mənə lazım olur) çıxartdım. Mənə indi lazım olmayan əşyalarımı Stepanın yanında qoyub yola çıxdım. O məni dayandırmağa çalışdı, amma mən əlindən çıxa bildim. O, məndən zəifdir. Stansiya boyu hər şey normal idi. Evlər bitəndən sonra yol bir az kələ-kötür olsa da, yaxşı idi. Lakin körpünü keçən kimi məni az qaldı ki külək aparsın. Göydə arılar uçuşur, fırlanır və yerə düşürdülər. Yaxşı ki, çovğun bir az sakitləşdi. İndi möhkəm qar yağır və külək əsirdi. Heç olmasa qarşıda yolu görmək olurdu. Teleqraf dirəklərinin yanıyla gedirəm. Qarşıda sərhəddə ütülmüş yoncalıq və ara-sıra söyüd çubuqları görünürdü. İsti oldu mənə. Qar dizdən yuxarı idi. Hava qaralmağa başlayanda beş verst də getdim. Əvvəlcə qar bənövşəyi rəng aldı. Sonra göy, sonra bəyaz oldu. Birazdansa elə bir rəng aldı ki, qar topasının harda, çala-çuxurun harda olduğunu ayırd etmək olmurdu. Addımlamaq çətinləşdi. Oturdum. Bilirəm ki, olmaz, amma bir az qar yedim. Yenə də qalxdım, addımlamağa başladım. Yarı yolu qət etdim, Şkarovşina kəndinə çatdım. Zülmət qaranlıq içində tanışımın kabus kimi ağappaq evinin qarşısına çökdüm. Orda evdə olanlar, hətta qorxdular da. Evin sahibi bizim kənddə yaşayan qardaşıgilə gedib, indiyə kimi qayıda bilməyib. Bir-iki qurtum su içdim, bir az oturdum. Sonra məni saxlamaq istəsələr də, yolumu davam etdim. Amma nahaq etdim.
İsti yerdə donum açıldı, canıma yorğunluq gəldi. Qoca söyüdləri keçəndən sonra elə bil ki, tüklücə ipdən qopdu. Və indi artıq göydən yerə arılar yox, qar qarışqaları tökülməyə başladı. Əsir, coşur, dağıdır. Məncə, bir azca küləkdən qoruna bilirəm. Bir azdan qar da qurşağıma kimi çatdı. Elə çox soyuq idi ki, dizlərimi heç qatlaya da bilmirdim. Əllərimi yanaqlarıma, burnuma sürtürəm, demək olar ki, kömək etmir. Elə beşcə dəqiqəlik bir az düzəlirəm. Küləkdi, dəhşətli küləkdi! Sürünməyə başladım. Çamadanımı da atmırdım. Küləksə sanki qəsdən üstümə qucaq-qucaq qarı atır. Əclaf elə bil lağa qoyur, ələ salır məni. Ulayan zaman da gülür. Bir azdan ayaqlarım uçunmağa başladı və başa düşdüm ki, qarın altında yol yoxdur. Kompasla gedirəm, amma bilmirəm düz gedirəm, yoxsa səhv. Çox qorxuludur. Axı biz tərəflərdə ərazi düz, şumal deyil. Yolun sol tərəfində bir-birin ardınca yarğanlar var. Mənsə heç bilmirəm ki, yolun hansı tərəfindəyəm – sağındayam, ya solunda. Dişlərimi bir-birinə qıcayıb gedirəm. Hərdən qar lap çiyinlərimə qədər çatır. Arada fasilə edirəm. Lənətə gələsən! Yəqin etdim ki, külək düz üzümə və bir az da sağ yanağıma vurur. Kolluğa dırmaşdım. Kolun üstündə qırmızı itburnu meyvələri göründü. Qan damcısına bənzəyirdilər. Elə bil, küləkdən qan ağlayırdılar. Mən insanam axı, mənə daha çətindir. İtburnuları qırdım, barmaqlarımın arasında yayıldı. Nədənsə amma qurumadı. Yolu isə itirdim. Kompasımı tutub gedirəm. Ürəyimdən keçdi ki, kaş isti evdə olaydım, bir stəkan araq içəydim. Bu cür fikirlər adamı yaxşı yerə aparmır. Xəyalımda ikinci stəkanı dodaqlarıma yaxınlaşdırırdım ki, yer ayağımın altından qaçdı elə bil. Harasa uçdum. Qar topasının içinə necə yıxıldımsa, haranın yuxarı, haranın aşağı olduğunu anlaya bilmirdim. Harasa dırmaşmağa çalışıram, amma daha da dərinə gedirəm. Yarğan. Üstümə düşən qarı az-az qaldırmağa başladım. Xeyli qar atandan sonra axır ki, üstə çıxa bildim. Daha gözümə heç nə girmir. Əlimdə çamadan üzü yuxarı qalxmalıyam. Gildən qara divar. Neyləyim? Əl-qolumu tərpədirəm, yarğana düşürəm. Görəsən, bunun başlanğıcı hardadır? Səhv tərəfə getsəm, qarşıda da elə yarğan olacaq. Fikirləşməyə başladım. Gözümə yazda su axan balaca arxlar göründü. Və bu arxın yolu sağ yuxarı tərəfdən sol aşağı tərəfə gedirdi. Düşündüm, düşündüm və yadıma düşdü ki su arxla yarğan istiqamətində axırdı. Məncə, beləydi. Və mən əks istiqamətdə sürünməyə başladım. Bir saat gah yıxıldım, gah vəhşi heyvan kimi düşdüyüm yarğandan çıxmağa çalışdım, süründüm. Yəqin ki, görünüşümdə insandan əsər-əlamət qalmamışdı. Bu düşdüyüm yerdən çıxış tapa bilmirdim. Mən sinəmi çamadanımın üstünə qoyub sürünürdüm.
O elə bil ki məni nəsə saxlayırdı. Amma daha gücüm qalmamışdı. Bir az dincəlmək qərarına gəldim. Oturdum. Qəflətən ağlıma xəyallar, arzular gəlməyə başladı. Atam qoşqunu açmaqdan ötrü həyətə çıxdı, mənsə tələsik evə qaçdım. Çatan kimi əynimdəkiləri çıxartdılar. Bir stəkan "akvavit” də içdim. Ordan da sobanın üstünə tullandım. Kolbasa da tavada "cız-cız” edə-edə qızarırdı. Arvadım da yanıma – sobanın üstünə tullandı. İşıqlı, mehriban baxışlarıyla mənə baxıb dedi: – Vasya, öp məni. Və elə bu vaxt ayıldım ki, mən donuram. Burda – arvadımdan altı vers aralıda necə donub qalmaq olar axı?! Adama nə deyərlər?! Dişlərimi bir-birinə sıxıb ordan çıxmağa çalışdım. Nə qədər qalxdığım, süründüyüm yadımda deyil. Bircə bunu xatırlayıram ki, birdən gil divarın yuxarısını gördüm. Əlim qoca qovağın qırışlı kökünə dəydi. Sağ tərəflə getdiyimi anladım. Çünki orada cəmi bircə yarğan var. Elə onun başlanğıcında qoca qovaq var. Eh qoca qovaq! Arvadımı birinci dəfə burda öpmüşəm. Burdan kəndimizə təxminən bir kilometrə kimi yol qalıb. Çovğunsa coşur, dağıdır, ulayır. Demək olar ki, heç nə görünmür. Heç ayaqlarımı görə bilmirəm. Cibimdə eşələndim, kompası tapa bilmədim. Yəqin onu yarğanda itirmişəm. Axmağın biriyəm mən. Az qala ağlayacaqdım. Amma toxtadım bir az. Küləyin istiqamətini xatırladım. Artıq qatlanmayan ayaqlarımla kəndimiz olan istiqamətdə addımlamağa başladım. Son yarım kilometr yolu evimizə qədər süründüm. Ata evimin qarşısında yıxılıb qaldım. Yaxşı ki, oranı qardan təmizləmişdilər. Elə halsız və gücsüz idim ki, qapını döyməyə heyim yox idi, əllərim də donmuşdu. Kiməsə gülməli gələ bilər, amma mən qapını başımla döydüm. – Kimdir gələn? – anamın səsini eşitdim. – Mənəm, – deyirəm. Səsimi tanımır, qapını açmaq istəmir. – Ana! Mənəm, oğlun! – dedim və ağladım. İncidim bir az, doğma anam məni tanımadı. – Gözlə, gözlə, oğlum, gəldim... Anam qapını açdı. Mən ağappaq qarın içində, əlimdə də çamadan yerə aşdım. Anam ağlayıb qurtarandan sonra dedi ki, kəndsovetindən evə nəsə teleqram gəlib. Kəndsoveti bizdən doqquz yüz metr aralıda idi. – Teleqramda nə yazılıb? – Bilmirəm. Lenoçkan da yatıb. Mənsə... oxuya bilmirəm.
Teleqramda nə yazıldığını artıq bilirdim. Heç oxumadım da. Hirsləndim əlindən. O naqillərlə qaçıb, mənsə yerlə sürünüb gəlmişəm. Neyləmək olar? Yan otağa keçdim. Soyuq əllərimlə saçından tutub oyatdım. – Hə, nə oldu? İnanmırdın gələ biləcəyimə? Gördün ki! Bax gəldim!
O gözlərini açıb mənə elə baxdı ki, içimdəki qəzəb yoxa çıxdı.
– Vasya, sevgilim...
Vladimir Korotkeviç
Belarus dilindən tərcümə edən: Xanım Aydın

banner

Oxşar Xəbərlər