Oturaq, yoxsa hərəkətli işlər uğur gətirir? - Diskussiya
Peşə,
ixtisas - həyat üçün ən zəruri seçimlərdən biridir. Kiminin arzusu gərgin iş
rejimində bir yerdə oturmayaraq işləməkdirsə, kimisi də ofis daxilində oturaq
işlərə üstünlük verir. Bəs hansı iş xüsusiyyəti gəncləri daha çox inkişaf
etdirir? Oturaq, yoxsa hərəkətli işlər?Mövzunu
Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin
tələbələri ilə müzakirə etdik.
Aysel Ağayeva:
- Mənim fikrimcə, gənclər üçün ayaqüstü iş daha yaxşı
və asandır. Bəzən bizə elə gəlir ki, ofis daxili iş yorucu olmur. Amma bu,
əksinədir. Ofis daxili işdə bütün günü ofisdə oluruq. İstər-istəməz, bu zaman
yorğunluq hissi yaranır. Lakin ayaqüstü işdə vaxt tez keçir və insana daha çox
zövq verir. Müəyyən yaş dövründən sonra isə, ofis daxili iş daha münasibdir.
Yəni həmin insanlar müəyyən karyera səviyyəsinə çatmış olurlar və onlar üçün
ofisdə işləmək daha rahat olur.
Nuridə
Yəhyazadə:
-
Ayaqüstü işdə əsas fiziki güc lazımdır. Amma bəziləri düşünür ki, ofis daxili
işlər yorucu olmur. Lakin bu belə deyil. Ofisdəki işlər də kifayət qədər yorucu
olur. Hətta bəziləri üçün ofis işi daha ağır gəlir. Götürək bir kuryeri,
ofisdən kənar işləyir. Gün ərzində daim fiziki hərəkətdədir. Bir də
mühasibatlıqla məşğul olan birini götürək. O isə bütün günü kompyuter
qarşısında hesablarla, yəni zehni əməklə məşğul olur. O da ən az kuryer qədər
yorulur. Digər bir tərəfdən isə, bu, insanın öz peşəsini sevməyindən asılıdır.
Yəni istənilən işdə peşəkarlıq və yaradıcılıq mütləqdir. Yaradıcı insan məncə,
bir yerdə oturub çalışa bilməz. O daim hərəkətdə olmalıdır.
Zəhra Məmmədzadə:
-
Mənim fikrimcə, ofis işi ilə müqayisədə hərəkətli işlər daha maraqlı olur. Hansı
iş seçimində uğurlu olmaq isə, insanın özündən asılıdır. Elə insan var ki,
hərəkətli işləyə bilmir, oturmağa üstünlük verir. Bu hər hansı bir xəstəliklə
əlaqədar ola bilər. Və ya sadəcə sakit həyat tərzi keçirmək istəyir. Bir də var
bizim kimi insanlar, yəni jurnalistlər hərəkət etməyi xoşlayırlar. Hərəkət
etmək lazımdır ki, inkişafda olasan. Düşünürəm ki, hərəkətli işləmək ofisdə
işləməkdən üstündür. Bu zaman insan təkcə fiziki cəhətdən deyil, həm də mənəvi
cəhətdən inkişaf edir. Beləliklə daha çox müvəffəqiyyət qazanmaq olar.
Düşünürəm ki, mən 60 yaşımda da hərəkətli olacam. Oturaq və ya hərəkətli
işlərin yaşla da əlaqəsi yoxdur. Məsələn, mənim anam oturaq işə daha çox
üstünlük verir. Çox hərəkət etməyi xoşlamır. Nənəm isə 70 yaşı olsa da,
hərəkətdə olmağı xoşlayır.
Adelya Muradova:
-
Mən də Zəhra kimi düşünürəm. Hansısa işdə uğur qazanmaq insanın özündən
asılıdır. Oturaq işdə işləyən insan daha çox düşünə bilir, nəinki hərəkətli
işdə işləyən. Jurnalistikanı ona görə seçmişəm ki, oturaq və ya hərəkətli iş
olacağından asılı olmayaraq insanlara xeyir gətirim.
Nuridə Yəhyazadə:
-
Jurnalistikanın elə sahələri var ki, həmin sahələrdə oturaraq iş görə bilərsən.
Elə sahələr də var ki, mütləq hərəkətdə olmalısan. Məsələn, redaktor. O,
hərəkətdə olmasa da olar. O sadəcə məlumatları redaktə edir. Amma müxbir
fərqlidir. O oturduğu yerdən yaradıcılığını ortaya qoya bilməz. Əgər müxbir
olacaqsansa, mütləq hərəkətdə olmalı və müşahidə aparmalısan. Bunu ofis
daxilində edə bilməzsən. Yeni hadisələr görmək, kəşf etmək üçün hərəkətdə olmaq
lazımdır. Bu səbəbdən sənət seçərkən bu məqamlara diqqət etmək lazımdır.
Tənbəlsənsə, oturaq işi seç.
Aidə Əliyeva:
-
Bu, insanın təbiətindən irəli gəlir. Əgər insan yaradıcıdırsa, oturaq işi
xoşlayır. Belələri əksər hallarda oturaq işlə məşğul olurlar. Tutaq ki, mən
rəssamam və bir otaqda oturub şəkil çəkəcəm. Belə halda mütləq deyil ki,
hərəkətdə olasan. Təcrübəmdən irəli gələrək deyə bilərəm ki, ofisdə işlədiyim
az müddət olmayıb. 6 saat kompyuter arxasında oturub nələrisə redaktə etmək
mənim üçün darıxdırıcı olurdu. Əgər insan öz işini sevirsə, zaman onun üçün tez
keçir. Buna görə də hansı həyat tərzini seçməsindən asılı olmayaraq, insan öz
işini sevməlidir. Bu zaman vaxtın necə keçdiyini hiss etməyəcək.
Yusif Abbaszadə:
-
Məsələn biz jurnalistikanı seçmişik. Bizim hərəkətli olmağımızdan başqa
şansımız yoxdur. Ola bilər ki, hansısa hadisə baş verər və müxbir mütləq hadisə
yerinə getməlidir. İspaniyada bu günlərdə olan hadisələri yada salaq. Tutaq ki,
mənə deyiblər ki, İspaniya getməli, hadisə yerində olmalısan. Deyək ki, 3 saat
ərzində mən aeroporta getməliyəm. Bunu tez həll etmək lazımdır. Ofislə
jurnalistika arasında jurnalistlik mənə daha yaxındır. Bəzi hallarda əlbəttə
ki, jurnalist də oturub nə isə yazmalıdır.
Gənclər
düşünür ki, oturaq işdə işləyən insanlar mütləq fasilədə zehinlərini istirahət
etdirmək üçün açıq havada gəzməlidirlər.
Aysel Ağayeva:
- İş prosesində nahar
fasiləsi olmalıdır. Fikrimcə, 10-15 dəqiqəlik bir fasilə ona zehni istirahət
etdirmək üçün kifayət edər. Hətta işdən sonra ailəsi ilə birlikdə gəzintiyə
çıxa bilər. Və ya istirahət günlərində daha çox fiziki işlərlə məşğul ola
bilər.
Zəhra Məmmədzadə:
-
Vaxtın çoxunu ofisdə oturmaq mümkün deyil. 10-15 dəqiqəliyə də olsa havaya
çıxmaq lazımdır. Əvvəla, yemək lazımdır ki, insanın beyni işləsin. İkincisi isə,
hərəkət etmək lazımdır. Belə insanlara idmanla məşğul olmağı məsləhət görərdim.
Bu zaman onların beyni dincələr, həm də fiziki cəhətdən güc ala bilərlər.
Nuridə Yəhyazadə:
-
Bir insan əgər sevdiyi işlə məşğul olursa, onun üçün yorucu olmaz. Tutaq ki,
bir insan bank işini sevirsə və o bunu qəbul edirsə, ofisdə olmaqdan həzz alacaq.
İşə yanaşmamızdan çox şey asılıdır. Psixologiyamızın illərlə o işi görməyə
dözməsi üçün biz bu işə ruhən bağlı olmalıyıq. Və insan səhər 9-dan axçam 6-ya
qədər işləməyə bağlıdırsa, bu onun üçün yorucu olmaz. Amma hər kəs sağlamlığının
da qeydinə də qalmalıdır. Bunun üçün nələrsə etməlidir. İnsanlarla ünsiyyətə girməli,
hadisələrə reaksiya verməlidirlər.
Aysel Ağayeva:
-
Gənclərin aktiv olmaları daha məqsədəuyğundur. Gənc sevdiyi işi seçirsə,
yorulmayacaq. Amma əgər gənc oturaq işdə işləyirsə və özünü inkişaf etdirmək
üçün seminarlara gedirsə, təlimlərdə iştirak edirsə, bu onu həm zehni, həm də fiziki
baxımdan yora bilər.
Aidə Əliyeva:
-
Elə insanlar tanıyıram ki, 6 saatını ofisdə keçirir, eyni zamanda karyerada da
yüksəlirlər. Oturaq və ya hərəkətli iş karyerada uğura mane ola bilməz.
Zəhra Məmmədzadə:
-
Uğur insanın özündən və peşəkarlığından asılıdır. Məsələn, xakerlər. Onlar
kompyuter qarşısında oturub böyük pullar qazana bilirlər. Müvəffəqiyyət oturmaq
və ya hərəkətdə olmaqdan asılı olmayaraq gələ bilir. Əgər işini sevirsənsə, bu
sənin müvəffəqiyyətindir. Əlbəttə ki, cavanlar hərəkətdə olsalar yaxşıdır. Nə
qədər ki cavansan, hər şeyi sınamaq lazımdır. Münasibətlər qurmaq, hərəkətdə
olmaq lazımdır.
Nuridə Yəhyazadə:
- Hər bir gənc özünü dərk
etməyə başladığı gündən özünü inkişaf etdirməyə çalışmalıdır. Ən çox da gənclər
öz ixtisasları sahəsində özlərini inkişaf etdirməlidirlər. Seçim edərkən
əvvəlcədən düşünməli, düzgün addım atmalıdırlar.
Aygün
ƏZİZ
Günel
AZADƏ