“Oskar” təqdimatında maraqlı anlar yaşandı - Fotolar
Bütün dünyanın və eləcə də
kinosevərlərin maraqla gözlədiyi gün gəlib çatdı. Belə ki, fevralın 26-sı
tarixində 89-cu "Oskar” Akademiya Mükafatları ABŞ-da, Hollivuddakı "Dolby
Theatre”-da öz sahiblərinə təqdim edildi. CimmiKimmelinaparıcılıq
etdiyi gecədə121 namizəd bütün zamanların ən nüfuzlu mükafatına sahib
olmaq üçün yarışdı. Bu il də təqdimat mərasimində maraqlı hadisələr baş verdi. Qırmızı
xalıdan keçən kino cameəsinin ulduzları gecədə maraqlı anlar yaşayıblar.
Səhv düşən zərflər
Gecədə ən qalmaqallı məqamı
"Ən yaxşı film” nominasiyasının açıqlanması zamanı baş verdi. Bütün dünyanın
kino həvəskarlarının hakim kəsildiyi həmin anda anlaşılmaz məqamlar yaşandı. Səhnədə
əvvəlcə "La La Land” filminin qalib olduğu bildirilsə də, ardınca yanlışlıq
olduğu elan edildi. Sonda "Moonlight” filminin qalib olduğu açıqlandı.
Sözügedən sensasiya xarici ölkələrin saytlarında əsas mədəniyyət xəbəri kimi
qeyd edilməyə başladı və bu günə qədər həmin hadisə danışılır.
Belə ki, gecə Hollivudun
əməkdar aktyorlarından Warren Beatty və Faye Dunawayın "İlin ən yaxşı film”i
mükafatını açıqlaması ilə başladı. Beatty və Dunaway müküfatı "La La Land”
filminin qazandığını anons etdilər. Sevinclərinin həddi-hüdudu olmayan yaradıcı
heyət səhnəyə çıxdı və öz hisslərini bildirməyə başladılar. Dostları zaldan
onları alqışlayırdılar. Filmin yaradıcı heyətində iştirak edənlərin hamısı tək-tək
təşəkkür çıxışı etdi və həmin gözlənilməz an çatdı. Son olaraq söz filmin ssenari
müəllifi olan Fred Bergerə gələndə, aparıcılar zərflərin qarışdığını və əslində
mükafatın "La La Land”ın digər ssenari müəllifi olan Jordan Horowitzə
çatacağını deyərək səhvlərini düzəltməyə çalışdılar. Horowitz isə səhnədə öz
çıxışında belə bir açıqlama verdi: "Xeyr, xeyr bir yanlışlıq var. "Moonlight” ən
yaxşı film nominasiyasında qalib oldu və bu mükafatı məhz bu filmin yaradıcı
heyəti qazanıb... İnanın ki, mən zarafat etmirəm”. Sonra o, "Moonlight” filminin
yaradıcı heyətini səhnəyə dəvət etdi.
Böyük xoşbəxtlik yaşayan və
uzun müddət idi ki, bu günü gözləyən "La La Land” filminin yaradıcı heyəti isə təbii ki, pərt
vəziyyətə düşdü. Amma sevincləri gözündə qalan kino aləminin ulduzları özlərini
sındırmamağa çalışdılar. "La La Land” filminin yaradıcı heyəti səhnədən düşürülmədi.
Elə oradaca "Moonlight” filminin yaradıcı heyəti səhnəyə çağırıldı və həqiqi
qaliblər təbrik edildi.
Mükafatı sahiblərinə təqdim
etmək üçün səhnəyə çıxan Warren Beatty və Faye Dunaway isə nə üçün belə bir
səhv etdiklərini belə açıqladılar: "Bizə verilən zərfin içərisindəki kartda "Emma
Stone – La La Land” yazılıb. Ona görə də biz səhv etdik”. Beatty əlavə edib ki, bu olay öncədən planlaşdırılmayıb:
"Məhz bu səbəbə görə biz səhv etdik. Əslində biz səhnəyə çıxıb burada gülməli
vəziyyətə düşmək istəməzdik. Sizdən artıq dərəcədə üzr istəyirik”. Onların bu
çıxışları zalda əyləşənləri də heyrətləndirib.
Nikol Kidmanın qəribə
alqışları
Dünya şöhrətli avstraliyalı
aktrisa Nikol Kidman hər zamankı kimi, bu il də Oskar gecəsində hər kəsi
ovsunlayıb. "Armani” markalı paltarı ilə hər kəsi özünə heyran edən Kidman diqqət
mərkəzində olub. Ancaq bu dəfə gözəlliyi ilə deyil. 49 yaşlı Kidman
alqışlayarkən kameralara yaxalanıb. Ancaq aktrisanın əllərinin
"qəribə" görüntüsü sosial şəbəkəni biri-birinə qatıb. Sosial şəbəkə
istifadəçiləri "Nikol Kidman niyə normal insan kimi alqışlamır" - deyə
fotoya şərh veriblər.
Oskarda müsəlman davası
İlin "ən”lərinə gəlincə isə,
proqnozların əksəriyyəti özünü doğrultmayıb. Bu ilin ən çox Oskar qazanan filmi
isə Alfonso Kuaronun "Qravitasiya” filmi oldu. Həmin film ümumilikdə 7 Oskar
aldı.
Ən yaxşı köməkçi kişi
aktyoru mükafatını "Ay İşığı" ("Moonlight")
filmiyləMaherşala Əliqazanıb. Beləcə, o,Oskar qazanan ilk
müsəlman aktyor olub. Əlinin Oskar alması isə xristian ölkələrin aktyorlarını
qəzəbləndirib. Dünya mediasında "müsəlman aktyor Oskar aldı” kimi başlıqlı
yazılar yayılıb. Söz-söhbət hələ də səngimir.
Dünya mediasında bu il
müsəlmanlara üstünlük verilməsi ilə bağlı da yazılar dərc olunmaqdadır. Belə
ki, müsabiqədə "İlin ən yaxşı xarici filmi” nominasiyasında müsəlman Əskər
Fərhadinin "Satıcı” filmi seçilib. Rejissorun hərəkəti isə amerikalıları
qəzəbləndirib. O, ABŞ prezidenti Donald Tramp 7 ölkənin vətəndaşlarının ABŞ-a
girişinə qadağa qoyduğu üçün mərasimə qatılmayaraq, bu qərarı boykot edib.Onun
göndərdiyi çıxış mətni kürsüdə səsləndirilib. Fərhadi məktubunda "Bu gün orada
olmamağımın səbəbi öz ölkəmin insanlarına olan hörmətimdən qaynaqlanır. Trampın
viza qadağası insanlığa sığmayan bir addımdır”, - deyib. Bu fikirlər isə
birmənalı qarşılanmayıb.
İlin "ən”ləri kimlərə
verildi?
13 nominasiyada namizəd
olan "La La Land” filmi 6 mükafat qazanıb. Oskar mükafatlandırma gecəsində "Ən
yaxşı qadın aktrisa” – Emma Stona ("La La Land”) seçilib. "Ən yaxşı kişi aktyor”
nominasiyasında isə Casey Affleck ("Yaşamın sahilində”) mükafatlandırılıb. "Ən
yaxşı rejissor” Damien Chazelle ("La La Land”) seçilib. "Ən yaxşı kino musiqisi”
də "La La Land”dan seçilib. "Ən yaxşı sənədli filmi” "Ağ dəbilqələr" olub.
"Ən orijinal ssenari” nominasiyasında "Dənizkənarında Mançester" seçilib. "Ən
yaxşı animasiya filmi” - "Zveropolis”ə verilib. Ən yaxşı vizual effekt isə "Cuqli
kitabı” olub.
Kinoprodüser və rejissor Fehruz Şamıyev
bizimlə söhbətində Oskar mükafatlandırma gecəsini belə şərh etdi: "Builki Oskar
mərasimi demək olar ki, Amerikada son vaxtlar baş verən siyasi yeniliklərin bir
parçası oldu. Məsələn, "La La Land” filmi 13 nominasiyada mükafata namizəd idi.
Bir çox mütəxəssislər bu filmin ən yaxşı film nominasiyasında qalib olacağını
gözləyirdilər. Amma Akademiya üzvlərinin qərarı bu proqnozun doğru olmadığını
göstərdi. Amerikadakı siyasi yeniliklərə, sürprizlərə Oskar mükafatını da əlavə
etmək olar. Belə bir möhtəşəm mükafatın təqdimetmə mərasimində səhv etmək
gözlənilməz idi. "Ən yaxşı film” mükafatı elan olunur və zərfi açılır. "La La
Land” filminin heyəti səhnəyə çıxır. Hamı sevinc içində olarkən, məlum olur ki,
ən yaxşı film o yox, "Moonligth” seçilib. Düşünürəm ki, "Moonlight” filminə
mükafatın verilməsində məqsəd Amerikada qaradərili probleminin qabarmasıdır. O
ki qaldı dünya kino bazarına təsir edən nominasiyalardan biri - "Xarici dildə
ən yaxşı film”ə, düşünürəm ki bu nominasiya uğrunda yetərincə ciddi mübarizə
gedirdi. Beşlikdə Əskər Fərhadinin filməndən başqa 5 filmin hamısı Avropa
istehsalı idi. Mükafatı qazanan "Salesman” filminin rejissoru və aktyor heyəti
ABŞ-ın yeni prezidentinin viza qərarına etiraz olaraq Oskar mərasiminə
qatılmaqdan imtina etmişdilər. Üstəlik, yaddan çıxarmayaq ki, rejissor Əskər
Fərhadi bir neçə il öncə "Nadir və Siminin boşanması” filmi ilə Oskar almışdı.
Uzun müddət keçmədən ikinci dəfə Fərhadinin Oskar qazanması mənim üçün
gözlənilməz idi. Amma "Salesman” filmi bu mükafata layiq idi. Mən Əskər Fərhadinin
filmləri ilə tanışam. Düşünürəm ki, son illərdə kinoya gətirdiyi yeni estetika,
üslub və həm də mövzuya yanaşma tərzi onu başqalarından yetərincə fərqləndirir”.
Hər il Oskar
mükafatlandırılma gecəsi ilə bağlı yenilikləri izləyir və orada adı keçən filmləri
seyr edirik. Həm də hər dəfə "kaş, bir dəfə də bizim filmimiz bu mükafata layiq
görüləydi” - deyə düşünürük. Hər il Oskar mükafatlandırma gecəsi ilə bağlı
yazanda, növbəti ildə filmimizi həmin müsabiqədə görmək arzusu ilə yazıma son
verirdim. Amma illər ötdükcə, bu tip müsabiqələrdə siyasi maraqların daha çox
üstünlük təşkil etdiyinin şahidi olduğum üçün yerli filmlərimizə sadəcə uğurlar,
dünya miqyasında böyük tamaşaçı kütləsi arzu etməklə kifayətlənirəm.
Xəyalə Rəis