• cümə, 29 Mart, 06:15
  • Baku Bakı 5°C

Orxan İsayev: “Xərçəng kök hüceyrələri xərçəng xəstəliyinin müalicəsində ilk hədəf olmalıdir”

04.04.17 17:25 5397
Orxan İsayev: “Xərçəng kök hüceyrələri xərçəng xəstəliyinin müalicəsində ilk hədəf olmalıdir”
Əziz oxucularımız!
Bu gündən Azərbaycan Tibb Universitetində işləyən peşəkar həkimlər və gənc alimlərimizi, elmi tədqiqatları ilə həm ölkəmizdə , həm də xarici ölkələrdə ciddi uğur qazanmış mütəxəssisləri sizə tanıtmaq məqsədilə silsilə müsahibələrə start veririk.

Bu rubrika çərçivəsində ilk müsahibimiz - ATU-nun histologiya, embriologiya və sitologiya kafedrasının assistenti, ATU-nun Xarici tələbələrlə iş üzrə dekan müavini, t.ü.f.d. Orxan İsayevdir.
Dosye: Orxan İsayev 2011-ci ildə ATU-nun I müalicə-profilaktika (MPF) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Almaniya Federativ Respublikasının Heidelberg Universitetinin doktoranturasına daxil olmuş, Molekulyar Onkocərrahiyə elmi-tədqiqat qrupunda kök hüceyrələr sahəsi üzrə araşdırmalar aparmış və 2014-cü ildə dissertasiya işini müdafiə edərək, "Doctor of Medicine” diplomunu almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 yanvar 2016-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru diplomuna layiq görülmüşdür. 2015-2016-cı illərdə ATU-nun Elmi Tətqiqat Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir. 24 noyabr 2016-ci ildə müsabiqə yolu ilə ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasına assistent vəzifəsinə seçilmişdir və indiyədək həmin vəzifədə çalışır. 2017-ci il 08 fevral tarixindən etibarən ATU-nun Xarici Tələbələrlə iş üzrə dekan müavinidir.
-İstərdik, əvvəlcə elə elmi fəaliyyətiniz barədə məlumat verəsiz.
- İlk öncə istərdim ki, sizə Almaniyada apardığım elmi-tədqiqatlar haqqında məlumat verim. Dissertasiya işim pre-kliniki mərhələdə olan dərman maddəsinin mədəaltı vəzi xərçəngi zamanı xərçəng kök heceyrələrinə təsirinin öyrənilməsinə həsr olunmuşdur. Orada biz ən müasir avandanlıqlar vasitəsilə bu dərman preparatının şiş hüceyrələrinə olan təsirini mövcud standart terapaiyada tətbiq olunan dərman vasitələri ilə müqayisəli şəkildə öyrənmişik. Qarşımıza qoyduğumuz məqsədlərdən biri də xərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunu araşdırmaq, bu hüceyrələrin xarakterik xüsusiyyətlərini identifikasiyası və mədəaltı vəzi xərçəngində kimyəvi terapiyaya qarşı rezistentlik problemini həll etmək olmuşdur. Müəyyən olunmuşdur ki, təklif etdiyimiz preparat bir çox hallarda standart terpaiyada tətbiq olunan gemsitabin preparatından daha effektiv olmuşdur. Ən əsası müəyyən edilmişdir ki, bu preparat vasitəsilə şiş hüceyrələrini gemsitabinlə müalicəyə sensitiv vəziyyətə gətirərək onların tam məhvinə nail olmaq olar. Oxuduğum ədəbiyyat məlumatlarına əsasən bu preparat artıq bəzi ölkələrdə klinik mərhələdə uğurla tətbiq olunur. Bu dərman preparatının iş prinsipi şiş hüceyrələrində qlikoliz prosesinin inhibə olunmasına əsaslanmışdır. Müəyyən olunmuşdur ki, şiş hüceyrələri normal hüceyrələrə nəzərən 200 dəfə artıq enerji sərf edirlər. Dünyada bu "Varburq effekti” kimi adlandırılır. Apardığımız müalicənin məqsədi şiş hüceyrələrində, xüsusilə xərçəng kök hüceyrələrində qlikoliz prosesinin dayandırmaq və bununla da şiş hüceyrələrinin məhvinə səbəb olmaqdır. Qeyd etdiyim nəticələri mən həm in vitro, həm də in vivo şəraitdə apardığım tədqiqatlar nəticəsində əldə etmişəm. İlk dəfə olaraq xərçəng kök hüceyrələrinin öyrənilməsi üçün in ovo modeli tətbiq etmişik. Aldığımız nəticələr ABŞ-ın nüfüzlu Oncotarget jurnalında çap olunmuşdur. Hal-hazırda da fəaliyyətimi bu istiqamətdə aparıram. Belə ki, hazırda üzərində işlədiyim doktorluq dissertasiyası mövzum qaraciyər və mədəaltı vəzi xərçəngində kimyəvi terapiyaya qarşı rezistentlik problemi və bu məsələdə çıxış yollarının tapılmasıdır. Bu tədqiqatlar Azərbaycan Tibb Universiteti və Almaniyanın Münxen Universitet Klinikasında həyata keçirilir.
-Məşğul olduğunuz, araşdırdığınız sahə kök hüceyrələri ilə bağlıdır. Kök hüceyrələrini oxuculara necə anlada bilərik?
- Kök hüceyrələr - normalda differensasiya olmamış vəziyyətdə olan, özünü davamlı yeniləmə qabiliyyətinə malik olan və orqanizmdə hər bir hüceyrə tipinə başlanğıc vermək potensialı olan hüceyrələrdir. Kök hüceyrələrə bəzən kötük hüceyrələr də deyilir. Kök hüceyrələrin tarixi 20-ci əsrin əvvəllərinə gedib çıxır və termin olaraq ilk dəfə 1908-ci ildə rus histoloqu Maksimov tərəfindən təklif edilmişdir. Onların alınma mənbələri fərqlidir. Belə ki, orqanizmdə əsas 3 mənbədən alına bilir. Birinci embriondan alınmış embrional kök hüceyrələrdir. Mayalanmadan sonra artıq 4-5-ci günlərində embrional kök hüceyrələri əmələ gəlir. Bu hüceyrələr ən geniş imkanlara malikdir. Embrional kök hüceyrələr vahid bir orqanizmə başlanğıc vermək qabiliyyətinə malikdirlər. İkinci fetal kök hüceyrələr – abort zamanı artıq ölmüş döldən alınan kök hüceyrələrdir. Onlar öz imkanlarına görə embrional kök hüceyrələrdən geri qalırlar. Emrional və fetal kök hüceyrələrin alınmasında ən böyük problemlərdən biri də etik prinsiplərdir. Üçüncü – postnatal kök hüceyrələr, öz imkanlarına görə digər kök hüceyrə tiplərindən geri qalır, orqanizmdə müəyyən bir hüceyrə tipinə başlanğıc verə bilirlər. Mən burada xüsusilə göbək ciyəsi qanından alınan kök hüceyrələri qeyd etmək istərdim. Bu hüceyrələr bəzən ayrıca, bəzən də postnatal kök hüceyrələrin tərkib hissəsi kimi hesab olunur. Hazırda dünyada bir çox ölkələrdə göbək ciyəsi qanının saxlanması məqsədilə kriobanklar yaradılmışdır. Alınma yoluna görə 2 tip hüceyrələr ayırd edilir. İnsanın özündən alınırsa bu autoloq, donordan alınırsa allogen kök hüceyrələr adlanır. Differensasiya qabiliyyətinə görə totipotent, plüripotent, multipotent, oliqopotent və unipotent kök hüceyrələr ayırd edilir. Totipotent hüceyrələr tam bir orqanizmə başlanğıc vermək qabiliyyətinə malikdirlər.
- Kök hüceyrələrinin tətbiq sahələri hansılardır?
- Kök hüceyrələrinin tətbiq sahələri çox genişdir. Hazırda kök hüceyrələrin tətbiqi bəzi xəstəliklərdə sınaq mərhələsində olsa da, bəzi xəstəliklər üçün artıq standart terapiya kimi qəbul olunur. Kök hüceyrələrin effektiv tətbiq edildiyi sahələrə əsasən qan xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, dayaq-hərəkət aparatı xəstəlikləri, genetik xəstəlikləri, kosmetologiya sahəsini və ən əsası onkologiyanı göstərmək olar. Bu xəstəliklərdən bəzilərini qeyd etmək isterdim. Belə ki, kök hüceyrələr müxtəlif anemiyaların, autizmin, talessemiyanın, uşaqlarda serebral ifliclərdə, Hockin və qeyri-Hockin limfoması, mieolmalarda, əzələ distrofiyalarında, neyroblastomalarda, leykozlarda, onurğa beyni zədələnmələrində, Parkinson xəstəliyində, Alzheymer xəstəliyində, Kron xəstəliyində, hemofaqositoz, hipoksik-işemik ensefalopatiyalarda, neyroblastomalarda, irsi xəstəliklərdən Kostman xəstəliyində, Dicorc xəstəliyi, Günter xəstəliyində, Qarler xəstəliyində, kosmetologiya sahəsində və bir sıra xəstəliklərdə uğurla tətbiq olunur. Kök hüceyrələrin tətbiqinin sınaq mərhələsində olduğu xəstəliklərə insultu, qaraciyər sirrozunu, hepatitləri, böyrək çatışmamazlığını, autoimmun xəstəlikləri, diabetlərdə, miokard infarktını, sümük defisitlərini, ürək çatışmamazlığını və başqa xəstəlikləri göstərmək olar.
- Yuxarıda qeyd etdiyiniz kimi kök hüceyrələrin ən mühüm tətbiq sahələrindən biri də onkologiyadır. Kök hüceyrələrin onkologiyada hansı formada tətbiq olunur?
Xərçəng xəstəliyinin həm müalicəsi, həm də müayinəsində kök hüceyrələrinin xüsusi rolu vardır. Bu xəstəliklərin müalicəsində hələ də öz həllini tapmayan problemlərdən biri də kimyəvi terapiyaya olan rezistentlik problemidir. Son illər aparılan araşdırmalara əsasən kimyəvi terapiyaya olan rezistentliyin əsasında duran faktorlardan biri də xərçəng kök hücüyrələrinin (XKH) mövcüdluğudur. Xərçəng kök hüceyrələri nəzəriyyəsinə əsasən şiş hüceyrələrinin bir qismi normal kök hüceyrələrinin xüsusiyyətlərini göstərir. Bu xüsusiyyətlərə kimyəvi terapiyaya rezistentlik, yüksək DNT bərpaetmə qabiliyyəti, apoptoza rezistentlik, regenerasiya, klonogenlik və nisbi sakitlik vəziyyəti aiddir. Yuxarıda qeyd etdiyim kimi normal kök hüceyrələr orqanizmdə bütün hüceyrə tiplərinə differensasiya etmək və özünü sonsuz sayda törətmə qabiliyyətinə malikdirlər. Xərçəng kök hücüyrələri nəzəriyyəsinə əsasən bu hüceyrələr yeni bədxassəli hüceyrələrə başlanğıc verə bilər, hansılarki yeni şiş hüceyrə kütlələrinə differensasiya edə bilərlər. Son illər aparılan araşdırmalara əsasən xərçəng xəstəliyi zamanı xərçəng kök hüceyrələri dərman müalicəsinə olan rezistentliyə cavabdeh hüceyrələrdir və müalicə zamanı bu hüceyrələrlə mübarizə terapiyanın effektivliyini dəfələrlə artıra bilər. Varburgun təklif etdiyi nəzəriyyədə bildirilir ki, şiş hüceyrələrində normal hüceyrələrə nəzərən təqribən 200 dəfə artıq qlükoza istifadə edilir. Son illər aparılan tətqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, yüksək qlikoliz sürətinə malik olan şiş hüceyrələri həmdə yüksək aqressivlik və kimyəvi terapiyaya yüksək rezistentlik ilə xarakterizə olunur. Normal və şiş hüceyrələri arasındakı fərqlilik klinikada 1980-ci illərdən diaqnostikada istifadə olunur. Belə ki, positron-emission tomoqrafiyanin (PET) iş prinsipi bu fərqliliyə əsaslanib və hal-hazırda da xərçəng xəstəliyinin diaqnostikasında uğurla istifadə olunur. Nüvə Təbabəti Mərkəzində qeyd etdiyim praktika geniş tətbiq olunur. Xərçəng kök hüceyrələrinin identifikasiyasında markerlərdən istifadə olunur. Bu metodun üstünlüyü sadə və etibarlı olmasıdır. Belə ki, bu metod vasitəsilə asanlıqla hüceyrə səthində yerləşən markerlər müəyyən olunur və xəstəliyə dəqiq diaqnoz qoyula bilir. Bildiyimiz kimi xəstəliyin vaxtında və dəqiq diaoqnoz olunması daha effektiv müalicənin seçilməsinə və nəticədə xəstənin sağalma imkanlarını artmasına gətirib çıxarır.
- Özünüz də yuxarıda qeyd etdiyiniz kimi, kök hüceyrələri vasitəsilə müalicə aparılır. Məsələn, bu yaxınlarda bir qrup yapon alimi dünyada ilk dəfə kötük hüceyrələri transplantasiya ediblər. Digər ölkədə isə süni ürək hüceyrələri yaradılıb. Azərbaycanda vəziyyət necədir?
- Kök hüceyrələr sahəsində ölkəmizdə də mühüm işlər aparılır. Bu sahəyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, bilavasitə Azərbaycan Tibb Universitetinin rəhbərliyinin xüsusi diqqəti və qayğısı hiss olunur. İlk öncə onu qeyd etmək istərdim ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə qaraciyər xəstəsinə kök hüceyrələr transplantasiya olunmuşdur. Məndə olan məlumatlara əsasən transplantasiya uğurlu alınmış və xəstəlikdə müsbət irəliləmə əldə olunmuşdur. Bundan başqa, ATU-nun Tədris Terapevtik Klinikasında kök hüceyrələrinin izolyasiyası, kultivasiyası və transplantasiyası üzrə ixtisaslaşmış labaratoriyanın yaradılması sahəsində aparılan işləri xüsusi qeyd etmək istərdim. Bu məsələ Azərbaycan Milli Elmlər Akademiyasının da diqqətindədir. Belə ki, 2015-ci ildə mənimdə iştirakçı olduğum "Müasir biotibb elmində kök hüceyrə texnologiyalarının aktual elmi-nəzəri problemlərinin araşdırılması, analizi və prioritetlərinin identifikasiyası” layihəsi təsdiq olunmuş və ölkənin bu sahədə öndə olan mütəxəssisləri həmin layihəyə cəlb olunmuşlar. Bundan başqa, bildiyim qədərilə Mərkəzi Klinikada kardioloji xəstələrə müalicə məqsədilə kök hüceyrələrin transplantasiya olunması istiqamətində işlər aparılır.
- ATU-nun histologiya, embriologiya və sitologiya kafedrasında tədris prosesi müasir standartlara uyğun aparılırmı?
- Kafedramızda tədris 3 dildə (azərbaycan, rus və ingilis) dillərində aparılır. Dərsliklər, mühazirə və praktik məşğələlərin proqramı hazırlanarkən dünyanın aparıcı universitetlərinin praktikası nəzərə alınmışdır. Kafedrada bütün otaqlar müasir mikroskoplarla təhciz olunmuşdur. Hər bir tələbəyə sərbəst olaraq bu mikroskoplarda işləmə imkanı yaradılmışdır. Tələbələrə hətta elektron mikroskopda işləmək imkanı yaradılmışdır ki, bu imkanlar ancaq dünyanın yüksək inkişaf etmiş ölkələrində mövcüddur. Dərs prosesi zamanı elektron resurslardan və mühazirələrdə isə slaydların nümayişi üçün multimedia sistemindən istifadə olunur. Tələbələrə bu elektron resusrlar vasitəsilə müxtəlif şəkillərə, sxemlərə, preparatlara və elektonoqramlara baxmaq imkanı yaradılır. Kafedrada elmi araşdırmalara da xüsusi diqqət ayrılır. Hər il mütəxxəsislərə müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak etməklə yanaşı, həmçinin dünyanın mühüm mərkəzlərində praktika keçmək imkanı yaradılır. Bu tendensiyanı dərc olunan məqalələrdə də görmək mümkündür. Hesab edirəm ki, kafedrada yaradılan şərait müasir standartlara tam cavab verir.
banner

Oxşar Xəbərlər