AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Orxan Fikrətoğludan yeni hekayə Eksklüziv

Orxan Fikrətoğludan yeni hekayə Eksklüziv

Təfsilat
07 Yanvar 2013, 09:58 1245
Abbasuşağının yeddi görkü

…Baba dəymiş pomidora oxşayırdı – uralanmış bostanda, pamidor tağlarının arasında oturmuşdu. Qıp-qırmızı kişi idi. Yalın ayaqlarını su dolu ləkin içinə sallayıb ustufca papiros tüstülədirdi. Papirosun tüstüsü halqa-halqa burulub göyə qalxırdı. Göydəki buludları baba tüstüdən yaratmışdı. Yağış yağanda baba öskürürdü. Günəşlə möhkəm dost idi.
…Nənə üzdən qocalsa da, içdən cavan idi. Bir telini ağardıb, bir telini qara saxlamışdı. Uşaqlıqdan qocalığa yol gəlmişdi. Ürəyində qat kəsmiş arzular vardı. Solmuş, dəstə-dəstə beli bükülmüş arzular idi. Nənənin bircə arzusu belə başa varmamışdı. Dünyanın üzünü görüb alqışdan çox, qarğış öyrənmişdi. Qarğışlar ağzında zəncirsiz it kimiydi. Yanında keçəni tuturdu. Nənə əvvəllər səhərləri sevərdi, sonra gecələri sevdi. Əri az danışan idi. Evdə ancaq özü danışırdı. Xoruzlardan qabaq oyanardı, amma yerindən qalxmazdı. Çəpərin çiynindən günəş boylanana qədər arzularını sığallayardı. Cavan oğlan görəndə qızarardı. Toya yaşmaqlı, yasa başmaqlı gedərdi. Bir gecə yuxuda yol gördü. Səhər yerindən qalxıb evdən yola çıxdı. Getdi. Sonra getdiyi yoldan qayıtdı.
– Hara getmişdin? – soruşdular.
– Hardan gəlirsən? – soruşdular.
– Nəvəmi də götürüb, gedəcəm. – dedi nənə. – …Axırı ki, məni çağırdı.
Kəndin kişiləri nənəni uşaqlıqdan sevirdi. Nənənin bu yığışmasını ayrı yerə yozdular…
– Ərinin bədəni soyuyub, yəqin – dedilər. – Görünür arvad kişiyə gedir.
Uşaqlar nənəyə qışda qar atdı, yayda söz. Nənə güzgüyə baxdı…
…Qadın ərə gedəndə hərarəti qalxmışdı. Əri kök, sağlam kişiydi. Bir ilə hərarətini saldı. Doqquz aya qadın uşaq doğdu. Uşağın yeri qarnında boş qaldı. Sonra ora kədər doldu. Qadın kədərə hamilə oldu. Uşağı qadın doqquz aya doğdu. Kədəri doğa bilmədi. Ürəyi bulandı, beli sancdı, dişləri gizildədi, ağrısı tutdu, ayaqlarını aralayıb güc verdi ki, kədərini doğa, doğa bilmədi. Kədər qarnında qalıb-qalıb nifrətə çevrildi. Qadın ərini sevmirdi. Uşağını da. Alça ağacının altında öpüşdüyü oğlanı unuda bilmirdi. Oğlan onu aldatmışdı. Ərə gedəndə “qız deyildi”. Əri toyun səhəri ona qırmızı çiçəklər aldı. Qadın çiçəkləri yengəylə anasına göndərdi. Əri toydan sonra arıqlamağa başladı. Sonra hər şeyi unutdu. Aralarında hündür çəpər qocalana kimi yaşadılar. Əri uzun adam idi. Tez-tez çəpərdən boylanıb qadının kürəyinə baxırdı. Qadın kürəyini ərinin baxışlarına çevirmişdi. İllər beləcə keçdi…
…Qadın tut ağacının altında paltar yuyurdu. Əlləri sudan isti idi. Quyudan su çəkən motorun səsi günortanın cırıltısına qarışıb həyətə süstlük gətirmişdi. Havada ölgünlük, yuxu var idi. Qonşunun səsini eşidib əri evdən eşiyə çıxdı:
– Nədi? – soruşdu.
Qonşu külüng istəyirdi. Qadın dikəlib çit xalatını sahmanladı. Əri külüngü gətirənə qədər çəpərdən boylanan qonşunu gizlicə süzdü. Qonşu kişi də utana-utana onun ətli əndamına, iri döşlərinə baxırdı. Əri külüngü gətirib qonşuya uzatdı. Qonşu qadını baxışıyla son dəfə tumarlayıb çəpərin arxasında görünməz oldu.
Əri:
– Kişinin külüngü olar da. – dedi. – Bu yazıçı tayfasında mən bir əməlli kişi görmədim.
Qadın istehza ilə ərinə baxıb gülümsündü. Çit xalatının düymələrini açıb qonşunun çəpərinə sarı oturdu.
Çəpərin o tayından külüng səsi eşidilirdi…
Külüng hər dəfə nəm torpağa dəyəndə, qadın:
– Ağacım – pıçıldayırdı… – Sən mənim ağacımsan…
…Baba əvvəlcə sözlərini bazara çıxarıb satdı. Sonra dünyadan ayağını çəkdi. Danışmadı. Eləcə oturub göyə baxdı. Göyə quş uçdu, görmədi. İldırım çaxdı, eşitmədi. İllər yanından beş-beş keçdi. Bir gün ayağa qalxıb illərnən getdi.
Nənə babanın yasına yığışanlara:
– O elə əvvəldən qərib idi – dedi – İndi getdi yerinə-yurduna. Daha darıxmaz.
Baba göyə getdi. O gündən pomidorlar günəşi görəndə babanı xatırladılar. Günəş də babanı pomidorlar içində bildi. Hər səhər dənizin arxasından boylanıb babadan bir soraq verən gəzdi… Dənizin bir tərəfi günəşsiz qaldı.
Babanın xatirəsi də qırmızı rəngdə idi. Bir gün dünyaya qırmızı yağış yağdı. Dedilər:
– “Babadı, dili açılıb”…
Nənə ayağa qalxdı. Nəvəsinin əlindən tutdu:
– Gedək, – dedi, – Evdən arxayınam.
Yola çıxdılar. Sınıq körpünü adladılar, quru çaydan keçdilər, üç qar gördülər, üç istidən çıxdılar, şərə düşdülər, xeyir gördülər. İri-iri şəhərlərdən keçib, uca dağların arxasına çatdılar. Nənə iri, qara ağacın böyründə torpağı qazmağa başladı. Nəvəsi:
– Neynirsən? – soruşdu.
Nənə:
– Mən çatdım, – dedi. – Bu ağac baxtımdı, rəngindən bildim. Baban göyə qalxdı, mən bədbəxt yerə girirəm.
Nəvəsi:
– Bəs mənim baxtım nə rəngdədir? – soruşdu.
Nənə göyə baxdı. Göydə qara qarğalar uçuşurdu. İndicə yağış yağacaqdı…
…Qadın içəri girəndə o, yazı yazırdı. Qadının rəngi ağappaq ağarmışdı, tövşüyürdü. Qələmi miz üstə atıb, ayağa qalxdı:
– Nə olub? – soruşdu.
Qadının bədənindən istilik axırdı. Asta-asta ona yaxınlaşıb sinəsinə qısıldı, qadının nə istədiyini anlayıb:
– Ərin bilsə neyləyəcəksən? – soruşdu.
Qadın:
– Ərim bilir – dedi.
Qadını öpdü:
– Səni özüm yazmışam, – dedi. Sən həyatda yoxsan.
Səhərə yaxın qadın onun belini qucaqlayıb:
– Barmaqlarının ucu saralıb, – dedi.
Gülümsünüb gözlərini yumdu.
O gecə sevib yazdığı ağ kağızı səhər cırıb zibil qutusuna tulladı…

**
Uşaq yavaş-yavaş çəpərə tərəf gedirdi. Axşam yenicə düşmüşdü. Nənəsi çəpərin o tayında durmuş qonşuyla bərkdən danışırdı. Onu görən kimi söhbətini kəsdi. Uşaq başa düşdü ki, nənəsinin sözü ondan imiş və nə eləcəyini kəsdirməyib ağladı. Nənəsi hirsləndi:
– Nədi? Niyə ağlayırsan? – soruşdu. – Yenə yarpaq çıxıb yerdən.
Uşaq ağlaya-ağlaya başını tərpətdi. Nənəsi əlindən tutdu. Daxmaya girdilər. Çarpayıda qalaq-qalaq yığılmış əncir yarpaqlarına baxa-baxa nənəsi:
– Get, babanı çağır, – dedi. – Mən bunlardan iyrənirəm.
Uşaq bostana tərəf qaçdı. Babası pomidor tağlarının arasında oturub papiros çəkirdi. Uşağı görən kimi tutuldu:
– Nə olub? – soruşdu.
Uşaq ağlamsına-ağlamsına:
– Yenə yerimdən yarpaq çıxıb, – dedi. – Gəl yandır.
Babası uşağın əlindən tutub yanında oturtdu:
– Mən padşah doğulmuşdum, – dedi. Mən bütün dünyanı idarə eləyə bilərdim. Məni sənin bu nənən çərlətdi.
Uşaq babasının çiyninə qısıldı…
Tonqal yanırdı. Uşaq babası ilə oturub gözləri işara-işara tonqala baxırdı. Babası:
– Sən fikir eləmə, – dedi. Nə olsun ki? Mən də hər səhər saqqalım yaş olur.
Uşaq:
– Axı mən neyləyim ki, belə olmasın? – soruşdu.
Babası:
– Yarpaqdan heç nə olmaz, – dedi. Çalış əncir gətirməyəsən.
Uşağa babasının zarafatı toxundu. Ayağa qalxdı:
– Mən meşəyə qaçacağım, – dedi.
Babası uşağın sözlərinə gülüb:
– Arvadların hamısı meşədən çıxıb, – dedi – arvad al, bəsindi…

**
…Qadın güzgünün tozunu silirdi. Qadının güzgüdə görünən üzünə ləkə düşmüşdü, bütün güzgünü par-par parıldatmışdı. Nə illah eləyirdi üzündəki ləkəni təmizliyə bilmirdi. Qadın əlləri ilə üzünü tutdu. Barmaqları arasından güzgüyə baxdı. Ləkə üzündəydi. Qadın daha güzgüyə baxmadı. O gündən hər şey gözünə ləkəli göründü. Günlərin bir günü o qadın məni gördü. Və dəhşətlə üzümə baxıb…

– Sən yenə gəldin – soruşdu. Bəs deyirdilər ağaca çevrilmisən?

**
…Quşqovanın papağını götürüb başıma qoydum. Nimdaş kürkünü əyninə geyindim. Əllərimi yana açıb dayandım. Bir saat dayandım, iki saat dayandım. Quşlar uçub gəldi. Biri çiynimə qondu, biri başıma qondu, biri gözlərimi dimdiklədi, biri qulağımı. Bostanın qırmızı pomidorlarını deşik-deşik elədilər… Gedib arxdan su içdilər. Yenə qayıtdılar. Əllərimi yanıma saldım. Quşqovanın taxta əndamı soyuqdan göyərmişdi. Tərs-tərs üzümə baxırdı. Kürkünü əyninə əyninə geyindirdim. Papağını başına qoydum. Geriyə çəkildim.

Quşlar uçub getdilər… Quşqovan üzümə baxıb gülümsündü. Mən də güldüm….