• çərşənbə axşamı, 19 mart, 07:15
  • Baku Bakı 8°C

Ortopedik stomatologiya kafedrasının müdiri Nazim Pənahov: “Diş implantı xərçəng yaratmır”

23.05.17 11:40 3564
Ortopedik stomatologiya kafedrasının müdiri Nazim Pənahov: “Diş implantı xərçəng yaratmır”
Hər kəs sağlam dişlər və gözəl təbəssümə malik olmaq istəyir. Hər gün inkişaf edən stomatologiyada hazırda ən çox tələbat olan sahə implantasiya ilə bağlıdır. Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru Nazim Pənahovla məhz implantlar haqqında danışmışıq.
Nazim Pənahovun sözlərinə görə, istənilən implantasiyada əsas məqsəd bunun üzərində düzəldiləcək ortopedik konstruksiyaya xidmətin təşkilindən ibarətdir: "Yəni, implantasiya edildi – bu, öz yerində. Cərrahi iş bitdi. Amma əsas məsələ bu dişi bərpa etməkdir. Ortoped-stomatoloqun nəzarəti olmadan edilən implantasiya yaxşı sayıla bilməz. Müxtəlif kabinetlərdə aparılan implantasiyalardan fərqli olaraq, bizdə cərrahla ortoped-stomatoloq birgə planlı şəkildə işləyir. Bizim klinikada istənilən yeni növ avadanlıqlar, yetərincə mütəxəssislər var. Bu sahə üzrə bizdə dissertasiyalar müdafiə edilir, işlər aparılır”.
-Nazim müəllim, ümumiyyətlə diş implantı nədir?
-İtirilmiş dişlərin bərpasının tarixi çox uzaq tarixə gedir. Arxeoloji qazıntılar zamanı Misirdə ehramlarda aşkarlanmış çənə modellərində insanın itirilmiş dişlərinin yerinə qızıl məftillərlə bərkidilmiş dişlərin olduğu görünürdü. Yəni, itirilən dişin əvəzedilməsi problemi qədimdən mövcud olub. Demək olar ki, implant məsələsi qədim dövrlərdən bu günədək aktuallığını itirməyib. XX əsrdən etibarən artıq texnikanın və elmin inkişafı ilə əlaqədar olaraq, bu dişlərin birbaşa çənələrə əkilməsi, salınması – implantasiya üsulları yaranıb. İmplantasiyanın əsasını 1965-ci ildə isveçli alim İnqvar Branemark qoyub. Həmin vaxtdan bu sahə dayanmadan təkmilləşir. Bu gün stomatologiyanı implantsız təsvir etmək çox çətindir. Bir itirilmiş dişin yerinə 2 saf dişi yonduğumuz dövr artıq arxada qalıb. Bir diş itirilir və əgər insanın sağlamlığı imkan verirsə, implantasiya üsulu ilə xəstəyə yeni diş qoyulur.
-Nə vaxt implantat diş qoyulmasına qərar verilir?
-Əgər xəstədə dişi hansısa müalicə ilə bərpa etmək, konservativ üsullarla saxlamaq mümkün olmursa, onda biz o dişi çəkib yerinə implantasiya edə bilərik. Və yaxud, hər hansı bir səbəbdən diş artıq çəkilibsə, yaxud travma nəticəsində itirilibsə, o zaman da biz yenə implantasiyaya əl atırıq.
-İmplantasiya üçün tibbi göstəriş olmadıqda, sadəcə xəstənin istəyi ilə etmək olmur? Yoxsa, müəyyən şərtlərin ödənməsi mütləqdir?
-Hazırda bu sahədə çox irəliləyiş olduğundan, əvvəlcədən planlama üsullarını tətbiq etməklə, xəstədə əks göstərişləri istisna etdikdən sonra şüa diaqnostikası aparılır. Bu diaqnostikanı tətbiq etməklə, insanda implantasiyanın mümkünlüyünü dəqiqləşdirmək olar.
-Belə fikirlər də səslənir ki, guya diş implantatı sonradan insanda xərçəng yarada bilir. Bu haqda nə deyə bilərsiniz?
-Əhali arasında belə bir qorxu yaranıb ki, implantasiyanın sonradan xərçəngə çevrilmə ehtimalı var. Hər bir qorxunun elmi əsası olmalıdır. Aparılmış tədqiqatlar göstərir ki, hələ indiyə qədər implantasiya olunmuş insanlarda, implant olunmuş nahiyədə şiş əmələ gəlməsi kimi bir hal qeydə alınmayıb. 100 adamdan bir neçəsində (1-2 faizində) bu implantatın iltihablaşması və yerindən düşməsi halına rast gəlinə bilər. Yəni, implantat ora uyğunlaşmaya bilər. Lakin indiyədək implantın xərçəng əmələ gətirməsi kimi bir hal qeydə alınmayıb. Bu, əsassız bir qorxudur.Ümumiyyətlə, insanlar çox vaxt əsassız olaraq nələrdənsə qorxurlar. Məsələn, ildə bir dəfə təyyarə qəzası olur. Və insanlar mexaniki olaraq təyyarəni təhlükəli bir nəqliyyat kimi qələmə verirlər. Halbuki, hər gün avtomobil qəzaları baş verir və insanlar həlak olur. Buna baxmayaraq, heç kim avtomobildən vaz keçmir. Bizdəsə elmi cəhətdən yoxlanılmış implantasiya aparılır. Yəni, xəstə hərtərəfli yoxlanılır sonra bu addım atılır.
-Praktikanızda ən maraqlı implantasiya hadisəsi hansı olub?
-İmplantat etdiyim çox xəstələrdən təşəkkür və minnətdarlıq eşitməyə alışmışam. Amma bir xəstəmi heç unutmuram. 65 yaşlı bir kişi illərlə yuxarı və aşağı damağında protezlə yaşayıb. Lakin artıq çənəsində atrofiya yarandığından, orada protez düzgün oturmurdu, xəstə yemək zamanı çox çətinlik çəkirdi. Biz onu ətraflı müayinə etdikdən sonra aşağı çənəsinə implant üstü fiksəedilən implant konstruksiyası hazırladıq. Mənim üçün ən uğurlu saydığım implantasiyalarımdandır. O, 1 ay sonra mənə zəng edib təşəkkürünü bildirdi və dedi ki, son 15 il ərzində ilk dəfədir ki, normal yemək yeyə bilir. Bu cür təşəkkürlər işimin ən xoş tərəfləridir.
banner

Oxşar Xəbərlər