• cümə axşamı, 18 aprel, 17:51
  • Baku Bakı 22°C

“Ortaq türk tarixi”ni necə yazmalı?

02.12.14 12:49 2193
“Ortaq türk tarixi”ni necə yazmalı?
“Ortaq türk tarixi” dərsliyinin yazılması ilə bağlı çoxdan səslənən fikirlər deyəsən reallaşmaq üzrədir. Keçən həftə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin Bakıda keçirilən üçüncü görüşündə “Ortaq türk tarixi” kitabının proqramı qəbul olunub. Bu məqsədlə hazırlanacaq ortaq tarix, türk dilində dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlamalarına, sağlam əlaqələr qurmasına yardım edəcək. Bundan əlavə, ortaq terminlər və ortaq əlifbanın yaradılması istiqamətində müzakirələrin aparılması bu yolda önəmli işlərin həyata keçiriləcəyindən xəbər verir.
Ortaq tarix, ədəbiyyat və coğrafiya dərsliklərinin yaranmasını təqdir edən ekspertlərlə yanaşı, bu işin kifayət qədər çətin olacağını və müəyyən problemlərlə üzləşəcəyini söyləyənlər də var.
“Kaspi” məsələyə münasibət öyrənərkən ziddiyyətli fikirlər ortaya çıxdı.
Buraxılan səhvləri təkrar etməsinlər
Millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı “Kaspi”yə açıqlamasında Türk dövlətləri təhsil nazirlərinin Bakı görüşünü dünyada gedən inteqrasiya və qloballaşma proseslərinin tərkib hissəsi adlandırdı: “Qətiyyən digər dövlətlərə və ya dövlətlər qrupuna yönəlməmişdir. “Ortaq türk tarixi” dərsliyinin yazılmasının bir sıra problemləri vardır. Hər şeydən əvvəl türk xalqlarının tarixi və qarşılıqlı münasibətləri heç də həmişə hamar, ütülü olmayıb, enişli-yoxuşlu proseslər baş verib. Məncə, dərslik elə yazılmalıdır ki, onu oxuyanlar tarixdən ibrət alsınlar, buraxılan səhvləri təkrar etməsinlər. Belə bir dərslik türk xalqlarının bir-birinə nə qədər yaxın olduqlarını, ortaq dəyərlərinin olmasını anladacaqdır. Yalnız fayda verəcəkdir”. Azərbaycanla bağlı hansı proseslərin həmin dərsliklərdə yer alacağına gəlincə, tarixçi alim bildirdi ki, bunun üçün ilk növbədə müəlliflər kollektivi formalaşdırılmalıdır. “Onlar ümumi fəaliyyət prinsiplərini, qaydalarını və yazılacaq mövzuları müəyyənləşdirməlidirlər. Biz bir zaman Avropa Şurasının himayəsi altında gürcü və erməni tarixçiləri ilə birlikdə avropalı şagirdlər üçün “Qafqaz tarixi” dərs vəsaitini yazmışdıq. Detallara getmədən söyləyim ki, “Ortaq türk tarixi” kitabında ilk növbədə zəngin Azərbaycan dövlətçilik tarixi, mədəniyyəti, elmi, ədəbiyyatı, görkəmli xadimləri, çarizm, sovet və müstəqillik dövrlərində keçdiyimiz yol və s. əksini tapmalıdır”.
AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bizimlə söhbətində ortaq türk xalqları dərsliyinin yazılması və türk dövlətlərində bu dərsliyin tədrisi ideyasının ilk dəfə Tarix İnstitutu tərəfindən irəli sürüldüyünü bildirdi. Belə ki, müstəqillik bərpa edildikdən sonra türk dünyası tarixi istər orta, istərsə də ali məktəblərdə keçirilir. Ali məktəblərdə bu istiqamətdə kafedralar da yaradılıb. Məsələn, Bakı Dövlət Universiteti, Pedaqoji Universitetdə və s. ali təhsil ocaqlarında Türk xalqları tarixi kafedrası fəaliyyət göstərir. O cümlədən, orta məktəblərdə Türk dövlətləri tarixi tədris olunur: “Azərbaycan bu işin pioneridir. Amma digər türkdilli dövlətlərdə, elə Türkiyə Cümhuriyyətinin özündə və digər dövlətlərdə bu məsələ hələ yox dərəcəsindədir. Bununla bağlı Ankarada, Bakıda dəfələrlə Türkiyənin nümayəndələri ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Qərara alınıb ki, türk dövlətlərinin birgə tarixi yazılsın və komissiya tərəfindən baxılsın. Həmçinin digər türkdilli dövlətlərə göndərilsin. O cümlədən, türk dünyasının məşhur şəxsiyyətləri ilə bağlı bir məsələ də öz həllini tapıb. Onların haqqında yazılır”. C.Bəhramovun sözlərinə görə, xalqların tarixi ilə bağlı yazılanlar sonda müzakirə olunacaq və ortaq bir nöqtəyə gəlinəcək. Tarixçi alim ortaq dərsliyin əhəmiyyətindən danışaraq qeyd etdi ki, bir kökdən, bir dilə mənsub olan xalqların etnik, mədəniyyət, tarix birliyindən eyni dərəcədə xəbərdar olmasına, digər tərəfdən keçmiş tarixin elə bir şəkildə təqdimatına ehtiyac var ki, bu xalqlar bir-birinə daha yaxın olsun, eyni ortaq mədəniyyətin sahibləri olduqlarını bilsinlər: “Təbii ki, türk xalqlarının hər birinin tarixində özünəməxsus xüsusiyyətlər var və bunu inkar etmək olmaz. Amma ümumi bir mirasın sahibi, mədəniyyətin yaradıcıları olduğumuz məsələnin ön plana çəkilməsi və bu xalqların daha da yaxın olmasına müasir dövrdə böyük ehtiyac var. Min ilə yaxındır ki, türk millətinə qarşı edilən hücumlar, təcavüzlər, onların tarixinin saxtalaşdırılması, ayrı-ayrı şəxsiyyətlərinin bir-birinə qarşı qoyulması məsələləri ortaya çıxır. Mənə elə gəlir ki, bu işin böyük əhəmiyyəti var və bunu mütləq həyata keçirmək lazımdır. Üstəlik, bu, elə bir şəkildə həyata keçirilməlidir ki, kimsə bundan incik qalmasın». Dərsliklərin nə zaman tədris olunacağına gəlincə, tarixçi alim artıq Azərbaycan tərəfinin bu məsələ üzərində işlədiyini bildirdi: «Bizim tarixçilər tərəfindən heç bir problem yoxdur. Hər şey işin gedişatından asılıdır”. Dərsliklərin hansı siniflərdə tədris olunacağına münasibət bildirən C.Bəhramov qeyd etdi ki, bu, əslində Təhsil Nazirliyinin səlahiyyətinə aiddir: “Ümumi şəkildə tarixi prosesin necə baş verməsi, türk xalqlarının və dövlətlərinin yaranma tarixləri hər sinfin yaş həddi nəzərə alınmaqla tədris olunacaq. Əsas odur ki, yaddaqalan, diqqəti cəlb edən və sadələşdirilmiş dildə olsun. Tarixi proseslər akademik dildə tədris olunsa, istər dərs keçən müəllim, istərsə də şagird onu çətin anlaya bilər. Türk xalqları içərisində ən qədim tarix Azərbaycana məxsusdur. Bizim bütün dövlətçilik tariximiz o dərslikdə öz əksini tapacaq. Ali məktəblər üçün isə artıq bizdə bu təcrübə var”. Tarixçi alimin dediyinə görə, dərsliklərdə ilk orta əsrlərdən başlayaraq ərazimizdə mövcud olan dövlətlər, Səfəvilər, Qaraqoyunlular, Ağqoyunlular, Atabəylər, Şirvanşahlar dövlətlərinin yaranması xronoloji ardıcıllıqla veriləcək. Eləcə də e.ə. üçüncü minilliyin ikinci yarısından başlayaraq bu günə qədər Azərbaycan ərazisində mövcud olan, sonradan süquta uğrayan dövlətlər də öz əksini tapacaq. “Bunlar Azərbaycan tarixinin tərkib hissəsidir. Həmçinin müasir Azərbaycan Respublikasının ümumi türk tarixinin tərkibində böyük yer tutur. Bu proseslərin hamısı dərsliklərdə öz əksini tapacaq”.
Ortaq dərslik necə yarana bilər?
Bakı Dövlət Universitetinin (BDU) Türk xalqları ədəbiyyatı kafedrasının dosenti Firuzə Ağayeva “Kaspi”yə açıqlamasında “Ortaq dərsliyin” tərəfdarı olsa da, bunun çox çətin baş tutacağını istisna etmədi: «Bu yaxınlarda Qazaxıstan, Qırğızıstan və Türkmənistanda olanda “Ortaq türkdilli dərslik” məsələsi müzakirə olundu. Hər kəs bir təklif verdi. Ancaq bu, çox çətin bir işdir. Mən qazaxlara və qırğızlara sual verdim: «Biz sizin ədəbiyyatınızı tədris edirik. Ümumiyyətlə, hara getsək məlumatınız var. Bəs siz necə, bizim ədəbiyyatımızı tədris edirsinizmi?» Onlar «yox» deyə cavab verdilər və «Bundan sonra tədris edəcəyik»- deyə bildirdilər. Hətta, “Telemost”da da bununla bağlı onlara sual verəndə susublar. Bəs belə bir şəraitdə ortaq dərslik necə yarana bilər? Əgər o xalqlar – altaylar, qaqauzlar və b. bizim ədəbiyyatı tədris etmirlərsə, bu dərslik necə yaranacaq? Axı onların rəngarəng çalarları var. Türk dünyası irili-xırdalı 120-yə yaxın dövləti əhatə edir. Bunların ortaq dərsliyi necə, hansı həcmdə ola bilər? Ona görə də burada ortaq məxrəcə gəlmək çətin olacaq”. BDU-nun professoru hesab edir ki, “Ortaq dərslik” problemli kitab olacaq. “Burada hər bir xalq öz səsini ucaldacaq. Onların Azərbaycan ədəbiyyatı haqqında heç bir məlumatları yoxdur. Niyə belə olmalıdır? Mən təklif etdim ki, hər bir xalqın ədəbiyyatı, yazıçı və şairləri və onların əsərləri haqqında ekstern məlumatlar verilsin. Məsələn, klassik ədəbiyyatımızdan, orta dövrdən və müasir dövrdən bir şəxsiyyəti versinlər. Çünki həcm etibarilə o qədər materialları yerləşdirmək mümkün olmayacaq. Ona görə də mənə elə gəlir ki, yalnız biblioqrafik xarakterli dərslik yazmaq olar”. Filoloq hesab edir ki, ortaq dərsliyin meydana gəlməsi nazirliklər səviyyəsində həyata keçirilsə, bəlkə nəyəsə ümid etmək olar: “Bunları proqramlaşdırmaq da çox çətindir. Ancaq əminəm ki, bu, fundamental bir dərslik olmayacaq. Böyük türk dövlətləri var. Onların ədəbiyyatını hansı həcmdə təqdim etmək olar? Ona görə də bu, əsaslı yox, sadəcə bir dərslik ola bilər». F.Ağayeva “Ortaq türk dili”nin olacağına isə ümumiyyətlə, inanmır: «Mən tədqiqatlar aparan bir alim kimi bilirəm ki, “Ortaq dil” qəbul olunmayacaq. Bəlkə də ortaq dərslik alınar, ancaq ortaq dil məsələsi alınmayacaq”.
Təbii ki, təşəbbüs və bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir. Ancaq ekspertlərin sadaladıqları problemləri nəzərə alsaq, “Ortaq dərslik” kitabının elə türk tarixinin özü qədər keşməkeşli ola biləcəyinin işartıları görünür. Amma yenə də dərsliyin çapını gözləyək. Min eşitməkdənsə, bir görmək yaxşıdır...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər