• cümə, 29 Mart, 16:18
  • Baku Bakı 14°C

Ortaq Türk Dünyası Universiteti yaradılsın?

13.09.17 11:00 1268
Ortaq Türk Dünyası Universiteti yaradılsın?
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qazaxıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında ortaq Türk Dünyası Universiteti qurmaq təklifini səsləndirib. "Buna Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Tacikistan birlikdə daxil ola bilərik”. R.T.Ərdoğan bu mövzuda lazımı işləri əlaqəli insanların həyata keçirəcəklərini bildirib. Belə ki, universitetin harada yerləşəcəyi də müəyyənləşəcək.
Qeyd edək ki, bundan əvvəl ortaq türk tarixi və əlifbasının yaradılması, televiziyanın qurulması ilə bağlı müəyyən addımlar atılsa da, hələ bu istiqamətdə işlər tam həyata keçirilməyib. Türkiyə prezidentinin səsləndirdiyi fikirlər isə reallaşacağı təqdirdə, türk dünyasının daha da sıxlaşması və bilgi əldə etməsi istiqamətində atılacaq mühüm addım kimi dəyərləndirilir.
Zamanın irəli sürdüyü sifariş
Ortaq Türk Dünyası Universitetinin yaradılmasını əhəmiyyətli hesab edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli bu təklifi ümumilikdə türk dünyasına faydalı hesab edir: "Türk dünyasının ortaq problemlərini öyrənən, türk dünyası üçün mütəxəssislər hazırlayan bir universitetin olması zamanın irəli sürdüyü sifarişdir. Türk dünyasının bütün maraqlarını ifadə edən və onların gələcəyinə xidmət edən mütəxəssisləri hazırlamaq və türk dünyasının ortaq problemlərinə yönəlmiş tədqiqatlar aparmaq bu universitetin vəzifəsi olmalıdır. Belə bir quruma ehtiyac var”.
Diqqəti cəlb edən və aktual ideya
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Elman Nəsirovortaq Türk Dünyası Universitetinin yaradılması ideyasını dəstəkləyir: "Bu, kifayət qədər cəlbedici ideyadır. Prezident İlham Əliyevin "İslam Həmrəyliyi İli” ilə bağlı təşəbbüsü, İslam Həmrəyli Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi, eyni zamanda, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Elm və Texnologiya üzrə birinci Sammiti təşkil etməsi və müsəlman dünyasının elm və texnologiya üzrə inkişafı ilə bağlı məsələlərin ciddi müzakirəsi də bu istiqamətdə atılan addımlardır. Eyni zamanda, Nazarbayev böyük 20-lik timsalında müsəlman ölkələrinin 20-liyinin yaradılması təklifini irəli sürdü ki, elm və texnologiyada daha çox irəli getmiş müsəlman ölkələri birləşsin”. E.Nəsirovun fikrincə, səslənən təşəbbüslərin reallaşması əhəmiyyətli olar. Belə ki, Türkiyə prezidentinin səsləndirdiyi təklif də həmin təşəbbüslərlə həmahəng səslənir: "Bu da türk dövlətlərinin ortaq universitetinin yaradılması ideyasıdır. Astanada Türk Akademiyası fəaliyyət göstərir. Bu mənada, daha ciddi hədəfləri olan, türk dünyasının elm və təhsildə bir-biri ilə inteqrasiyasını özündə ehtiva edən belə bir universitetin yaradılması kifayət qədər unikal bir hadisə ola bilər. Xüsusilə də çox mühüm elmi və texnoloji sahədə ortaq tədqiqatların aparılması, ortaq laboratoriyaların təşkili kifayət qədər əhəmiyyətli ola bilər”. Bu yaxınlarda Səudiyyə Ərəbistanında Kral Abdulla adına böyük bir universitet yaradıldığını və bu qurum üçün 10 milyard dollar vəsait ayrıldığını deyən millət vəkilinin fikrincə, normal maliyyə imkanları olan universitetlər çox ciddi nəticələr əldə edə bilərlər: "Hesab edirəm ki, türk dünyasının birgə universiteti türkdilli respublikaların elm adamlarının bir məxrəcə gəlməsi və təkcə regional deyil, qlobal elmi məsələlərlə bağlı tədqiqatlar aparmasına və nəticələr əldə etməsinə böyük təkan verə bilər. Nəzərə alsaq ki, bu gün müsəlman dünyasında texniki elmlər üzrə Nobel mükafatları alan cəmi iki alim var. Hər ikisi Qərb universitetlərində nəticələr əldə ediblər. Müsəlman və türk dünyasında dünyanın diqqətini cəlb edə biləcək tədqiqatlarla bağlı boşluqlar mövcuddur. Fizika, kimya, texniki elmlər üzrə bu gün yəhudilərin 79 Nobel mükafatçısı var. Bu baxımdan, elmi tədqiqatların genişləndirilməsinə, türk dünyasında ortaq elmi tədqiqat müəssisələrinin yaradılmasına böyük ehtiyac var”. 8-ci əsrin ortalarından 13-cü əsrin ortalarınadək müsəlman alimlərinin dünya elmini idarə etdiklərini deyən E.Nəsirov bildirdi ki, böyük ensiklopediyaçı alim Əl-Biruni 9-cu əsrdə yerin öz oxu və günəş ətrafında fırlanmasını bəyan edəndən 500 il sonra polyak astronomu Nikolay Kopernik Günəş sisteminin heliosentrik modelini irəli sürdü: "O cümlədən xarəzmli alim Əl-Xarəzmi "Əl-Cəbr” əsərini yazıb və Cəbr elminin əsasını qoyub. Bu gün deyilən "Al-Gebra” həmin əsərdən götürülüb. Həmçinin Nəsrəddin Tusi rəsədxanası dünyada məşhur idi. Bu alimlər dünya elminə böyük töhfələr veriblər. Məsələyə bu kontekstdən yanaşdıqda, ortaq Türk Dünyası Universitetinin yaradılması təklifi kifayət qədər diqqəti cəlb edən və aktualdır”.
Türk xalqlarının birlikdə qloballaşması
Ortaq Türk Dünyası Universitetinin yaradılması ideyasını məntiqli hesab edən Təhsil Şurasının sədri, professor Əjdər Ağayev belə bir qurumun faydalı nəticələr verə biləcəyinə inanır: «Müxtəlif tədbirlər və layihələrlə istər Azərbaycan, istər Türkiyə, istərsə də digər türkdilli dövlətlərdə türk xalqlarının birliyinin formalaşmasını müşahidə edirik. Onlar həmçinin bir-birinin tarixini öyrənərək müasir, ortaq mədəniyyətin yaradılmasına çalışırlar. Belə bir məqsəd varsa, müəyyən vasitələrdən istifadə edilməlidir”. Ə.Ağayev türk dövlətlərinin birgə televiziyası, radiosu, mətbuatı, o cümlədən təhsil mərkəzinin olmasını məqsədəuyğun hesab edir: "Hesab edirəm ki, təhsil mərkəzi daha çox vacibdir. Çünki təhsil vasitəsilə hər bir təhsil müəssisənin təmsilçisi olan türk dövlətinin tarixi, mədəniyyəti mükəmməl öyrəniləcək, tarixi köklərinə görə bir-birinə yaxın olması araşdırılacaq, coğrafi sərhədlərlə bir-birindən uzaqlaşdırılan dəyərləri bərpa olunacaq. Bu baxımdan, belə bir universitetin yaradılması hətta türk xalqlarının birlikdə qloballaşmasına gətirib çıxara bilər”. Onun fikrincə, qloballaşan dünyaya hər bir türk dövlətinin ayrıca daxil olmasındansa, onların özlərinin türk birliyi olaraq qloballaşması daha faydalı nəticə verə bilər. Belə ki, təhsil öncə kadr hazırlayır: "Hazırlanmış kadrlar istədiyi türk dövlətində işləyə biləcək və hər bir türk dövləti o kadrın vətəninə çevriləcək. Həmin kadr çalışdığı ölkənin iqtisadiyyatı, mədəniyyəti, təsərrüfatında və s. sahələrdə vətəndaşlıq borcu hiss edəcək. Çox istərdim ki, bu təklif tez bir zamanda reallaşsın və nəticəsini görək».
Ortaq bilgi mənbəyi
Hacettepe Universitetinin professoru Tufan Gündüz də ortaq Türk Dünyası Universitetinin yaradılması ideyasının vacib olduğunu deyir: "200 milyonluq türk dünyası, bu qədər çox elm adamı və universitet var. Bizə ortaq bilgi mənbəyi lazımdır. Belə bir universitetin yerini Bakı, Astana, Ankara və ya Aşqabad olmasının heç bir önəmi yoxdur. Sadəcə, onların bir yerdə olması lazımdır”. İlk böyük Türk Akademiyasının Qazaxıstanda qurulduğunu deyən professor belə bir qurumun yaradılmasına da çoxdan ehtiyac olduğunu deyir: "Bu, çox önəmli bir addım olar. Biz illərdən bəri özümüzə türk deyirik. Bu sözü bizdən sonra ən çox səsləndirən Azərbaycandır. Digər tərəfdən, Qırğızıstan, Qazaxıstanda yaşayanlar da özlərinə türk deyirlər. Onlar buna görə böyük bir türk akademiyası qurdular. İndi isə belə bir birgə universitetə ehtiyacımız var. Bu universitet öncə türk adını yüksəldəcək”. Türk milləti olaraq eyni bilikləri əldə etməyimizi vacib hesab edən professor ortaq universitetin yaradılmasını əhəmiyyətli və düşünülmüş təklif kimi dəyərləndirir: "Bakıda öyrədilən bir bilginin Astanadan və ya Balkandan duyulması lazımdır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər