• cümə, 19 Aprel, 03:44
  • Baku Bakı 18°C

Orta Şərqin bitib-tükənməyən mübarizəsi

01.12.19 10:00 802
Orta Şərqin bitib-tükənməyən mübarizəsi
("At sancısı” romanı haqqında qeydlər)

Orta Şərqin doya-doya ifadə itmək istədiyi, yazıb bitirə bilmədiyi bir problem var – atalar və oğullar məsələsi. Müəyyən mənada Qərb romanları bu dualizmi həll edə bildilər, Balzak ənənələrini bir kənara itələyib yeni suallar axtarmağa başladılar. Dünya ədəbiyyatının bu gün hegemon mövzularından biri sayılsa da, son dəfə Orhan Pamukun "Qırmızı saçlı qadın” romanında bu mövzuyla rastlaşmışam. Gender bərabərliyi, sosial şəbəkələr erası, qısa absurd əhvalatlar bu gün daha populyardı. Hətta son zamanlar feminizm də məşhur mövzular sırasına girib. Ədəbiyyat mütləq kütlənin aktual elan etdiyi problemlərin çözüm yolunumu axtarmalıdır, yoxsa mövzu seçiminin də müəyyən standartları var? Nədən yazmaq lazımdı? Keçən əsrin Türkiyəsində aparılan bir islahat bu gün nə qədər önəmli problem sayıla bilər? Axı bu haqda kifayət qədər romanlar və hekayələr yazılıb. Avropanın Türkiyəyə ayaq açdığı ilk dövrlərdən gedir söhbət. İstər-istəməz gəldik yazımızın əsas mahiyyətinə. Bu il Türkiyədə "Everest” yayım evinin təşkil etdiyi "İlin romanı” mükafatını qazanan Elvan Kaya Aksarının "At sancısı” romanından danışırıq.
Romanın süjeti
Türkiyədə Demokrat Partiyası iqtidardadır. Qərb mədəniyyətini hakim mövqeyə gətirmək istəyən dövlət şəhərlərdə islahatlara başlayır. Roman bu islahatlardan birindən – böyük şəhərlərdə at arabalarının və dayanacaqlarının yığışdırılmasından danışır. Dövləti təmsil edən Barış bəy, bu islahatlara müxalif olan atçıları təmsil edən isə Süleyman obrazıdır. Barış bəy Ankaradan göndərilən təlimat üzrə at arabası dayanacaqlarına möhür vurdurur. Növbə Süleyman və dostlarının dayanacağına çatanda məmurlarla atçılar arasında münaqişə yaşanır. Bu mübahisəyə jurnalist Əli Kərəm şahidlik edir və qəzetdə yazır. Məsələ bir az da böyüyür. Hirsinə yenilən Barış bəy Süleymanın atlarını öldürmək qərarına gəlir. Atlar bunu hiss edir, sancı çəkirlər. Romanın ilk səhifəsindən son səhifəsinə qədər müşahidə etdiyimiz quraqlıq, nəhayət, sonlanır. Həmin gecə İstanbula yağış yağmağa başlayır.
Bir də Vəsilə və Fəyyaz obrazları var. Bir-birini sevən iki gənc evlənmək qərarına gəlsə də, məhz bu islahat məsələsi üzündən ayrılırlar. Sən demə, Vəsilə də atlara demodern əşyalar kimi yanaşır, onların köhnəlik əlaməti olduğunu düşünür. Fəyyazın bütün nəsli isə atlarla birgə yaşayıb, at arabaları sürüb. Beləcə məsələ haçalanır və hər kəs öz yoluyla gedir.
Atların taleyi necə oldu? Sancıları kəsdimi? Onu da artıq romandan oxuyun.
Problem
Elvan Kaya Aksarıdan oxuduğum ilk roman olmasına baxmayaraq, müəllifin təhkiyə gücünə və təxəyyül sərhədlərinə az da olsa bələd ola bildim. Mövzu seçimi uğurludur. Tarixin bir dövründə kifayət qədər aktual olan bir problemdən yola çıxan yazıçının mesajı oxucunun romanı oxuduğu zamanla səsləşir. Mədəniyyətlər arasında gedən mübarizə hələ də davam edir. Dəyərlərə sahib çıxmağın, ancaq bunu yeniliyə qarşı gəlmədən etməyin ağırlığını yaşayır bu coğrafiya. İnsanlar iki yol tapıb: ya ənənəvi dəyərlərin üstündən xətt çəkib tamamilə Qərb standartlarına dayanan bir gənclik, ya da qapıları yeni dəyərlərə bağlayan orta yaşlı nəsil və davamçıları. Halbuki bu məsələni Uzaq Şərq mədəniyyəti çözə bildi, Avropanın özü həll edə bildi. Nə idi düzgün yol?! Əlbəttə, ənənələrə toxunmadan yeni dəyərlər yaratmaq. Öncə buna cəhd etmək, daha sonra çağdaş nəsilləri bu dəyərlərə öyrətmək. Yapon ədəbiyyatında, Çin ədəbiyyatında, Latın Amerikası ədəbiyyatının zəncirində olan bədii mətnlərdə Elvan Kaya Aksarının ortaya atdığı problemin həlli var. Təəssüf ki, bəli, bizim coğrafiyada bir sıra hallarda bu mövzu problem olaraq qalır.
Niyə?!
Çünki bu torpaqlarda (Orta Şərqdə) oğullar atalarına əksərən uduzub. Yenilik ənənəyə qarşı müvazinət göstərə bilmir. "At sancısı” bu yazdıqlarımın əksini göstərir. Avtomobillər at arabalarına qalib gəlir. Başa düşüləndir. Bəs nəticə dəyişirmi? Yox. Bu dəfə də ənənələr, milli dəyərlər gözü yaşlı qalır. Sıxışdırılır. İstanbulun taleyində isə həm Şərqli, həm də Qərbli olmaq var. Pamukun romanlarından müşahidə etdiyimiz bu taleyi Elvan Kaya Aksarı oxucunun ümidinə buraxır. Biz sadəcə ənənəvi məfhumların məğlubiyyətini, Qərbin Türkiyəyə necə mədəni hücum etməsini görürük. Əlbəttə, burada romanın bəhs etdiyi zamanın da xüsusi təsiri var. Gerçəklikdən tamamilə qopmayıb yazıçı. Tarixdə baş tutan bu islahatların həqiqi nəticəsini qələmə alıb.
Bəs niyə atlar?
Raskolnikovun yuxuda gördüyü, Nitsşenin qucaqlayıb ağladığı atlar Süleymanın və İstanbulun taleyində də bir iz buraxır. At nə qədər ümid və yolun təmsilçisi olsa da, həm də mübarizənin simvoludur. Bütün xüsusiyyətləri ilə romana çökən atların finalda çəkdiyi sancı son illərin münaqişələrinə işarədir. Türkiyə, eləcə də Orta Şərqdə baş verən qaynar proseslər yağışdan məhrum olan İstanbulun timsalında əks olunur. Bu şəhərin bütün ümidi atlardı. İstanbul Süleymanın atlarını qurban verməlidir. Tarixin və ənənələrin yaşaması üçün at simvolik olaraq romanı bu mövzunun mərkəzinə maqnit kimi çəkir. Onların sancısı yalnız finalda duyulsa da, Fəyyazla Vəsilə ayrılanda da, Barış bəylə Süleymanın söz davasında da, Ankaradan gələn təlimatda da hiss olunurdu.
Dövrün məişəti, mətbuatı, şəhər əhvalı romanda bəzən obrazların, bəzən də təhkiyəçinin dilindən təsvir olunur. İstanbulu canlı-qanlı görə bilməsək də, gözümüzün önündə bir tablo var.
Dil
"At sancısı” Osmanlı türkcəsindən tez-tez istifadə olunan, poetik, arxaik bir dilə məxsusdur. Hadisələrin cərəyan etdiyi dövrün türkcəsi ilə səsləşən roman bizi baş verənlərə daha çox yaxınlaşdırır. Obrazları duya, onları hiss edə bilirik. Amma... Çağdaş roman standartlarına nə qədər uyğundur? 2019-cu ildə bir oxucu üçün bu dil maraqlı ola bilərmi? Və ya onu romandan soyutmaz ki? Əslində, bir mənada bu bir az da riskdir. Və yeni bir sualla bizi qarşı-qarşıya qoyur: roman obrazların dilində olmalıdır, yoxsa oxucuların dilində obrazların həyatını əks etdirməlidir? Bir qədər mübahisəli və bir o qədər də asan cavabı var. Müəllif hansı dildə özünü rahat hiss edirsə, o dildə də yazmalıdır.
Dilin psixoloji hadisə olduğunu da nəzərə almaq mütləqdir. Toplumun tələbləri və qəbul etdiyi yenilik üzərindən dəyişən, forma və məzmun keyfiyyətlərini bəlli edən dil, bəlkə də, obrazların xarakterini anlamaq üçün ən yaxşı vasitədir. Menderes dövrü Türkiyəsinin insanını məhz osmanlıca anlatmaq yazıçının xüsusi manevri də ola bilər. Digər əsərlərinə hökmən nəzər yetirmək lazım gəlir, deyəcəyəm.
Dilin poetikası önəmli detaldır. Bəzi hissələrdə yazıçı bu poetikliyi saxlaya bilmir, sanki nəfəsi çatmır və mətni yola verir. Romanın ən sevmədiyim yönü də o hissələrdə buraxılan boşluqlar idi. Xüsusən, final səhnəsində müəllifin yorulduğunu hiss edirik. Fəyyaz və Vəsilənin dialoqunda isə süni romantika və gərəksiz sentimentallıq var idi. O bölümü romanla əlaqələndirən yeganə detal Vəsilənin atlara qarşı olan münasibəti idi. Yazıçı onu da sanki romana qaynaq edib. Bütün bu tənqidlərimin əsasında isə məhz romanın əvvəlindən o hissələrə qədər su kimi axan rəvan təhkiyənin birdən-birə bu günün tələsik türkcəsinə çevrilməyi oldu. Bəzən roman haqında yanıldığımı belə düşünsəm də, yazıçı özünü tez ələ ala bilirdi.
Romanın mövzusu qədər dili də onu birinci edən əsas nəsnə idi.
Dəyişməyən nəticə
Əhməd Hamdi Tanpınardan Murat Menteşə qədər İstanbul və onun taleyini qələmə alan kifayət qədər maraqlı, dünya ədəbiyyatına tanınan, fərqli yozumlar verən yazıçılar gəldi-keçdi türk ədəbiyyatından. Elvan Kaya Aksarının romanında final bizə yad deyildi. Ümumiyyətlə, müəllif finala tələsib sanki. Bütün hallarda bununla barışıb əsərin nəyi ifadə etmək istədiyini bu final üzərindən dəyərləndirməliyik.
Atlar maşınlara, orta əsrlər kapitalizmə, şərq qərbə, təbiət texnologiyaya, aşağı təbəqə məmurlara, xalq dövlətə, ənənələr yeniliklərə uduzur. Bu məğlubiyyətdən İstanbulu mətbuat belə qurtara bilmir.
Ancaq sonda romana, eləcə də İstanbula yağış yağır. Rəmzi olaraq bu, bərəkətli bir gələcəyin işarəsidir. Quraqlıq bitir.
Romanda baş tutmayan sevda hekayəsi – Fəyyaz və Vəsilənin toy planlarının məhz bu üzdən alınmaması isə yeni dövrün bir o qədər sevgi, barışıq, səmimiyyət dövrü olmayacağına işarə edir. texnologiya insanları təbiətdən, kainatdan, duyğularından uzaq salır. Beləcə fərdi cəmiyyətin təməlləri daha möhkəm basdırılır. Sosial fərdin assosial həyatı başlayır.
Romanın ilk cümləsində deyildiyi kimi:
"İnsanlar da dəyişdi, iqlimlər də... İqlimlərmi insanları pozdu, insanlarmı iqlimləri, bilmirəm. Ancaq çürüyən süd kimi murdarlaşdı cümlə bəşəriyyət...”
Belə... Yazının əvvəlində oxuduğumuz atalar və oğullar problemi, ənənə və çağdaşlıq mübahisəsi necə var idisə, eləcə də qaldı. Və görünən odur ki, Şərq bu mübahisənin sonuna gəlib çıxa bilməyəcək. Bu mövzu bizi ilk yazıların yanına çəkib aparır, bu isə başqa bir mətnin mövzusudur.

banner

Oxşar Xəbərlər