• cümə, 29 Mart, 13:38
  • Baku Bakı 14°C

Orta məktəblərdə imtahanların mayda başa çatması təklif olunur

23.05.13 15:21 1598
Orta məktəblərdə imtahanların mayda başa çatması təklif olunur
Azərbaycanda bütün orta məktəblərdə imtahanların may ayında başa çatması təklif olunur. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Onun fikrincə, iyun ayında orta məktəblərdə buraxılış imtahanlarının olması uşaqların yay istirahətinin səmərəli təşkilinə mane olur: “May ayında təhsil müəssisələri ilə bütün əlaqələr üzülməlidir ki, uşaqlar iyun, iyul və avqust aylarını tam istirahət edə bilsinlər. Belə olarsa, uşaqların istirahətinə daha çox vaxt ayrılmış olar”.
H. Rəcəblinin sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin direktiv sənədi və ya təhsil nazirinin əmri ilə tənzimlənə bilər: “Valideynlər də istirahətə gedə bilmirlər, uşaqlarının imtahanlarının bitməsini gözləyirlər. Buna görə də iyul və avqust aylarında bütün istirahət mərkəzlərində böyük sıxlıq yaranır. Bu məsələ qanunvericilikdə də tənzimlənəcək”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə APA-ya açıqlamasında deyib ki, orta ümumtəhsil müəssisələrində yekun attestasiya imtahanlarının iyun ayında olması bir ənənədir və son illər mərkəzləşmiş qaydada həyata keçirilir. Artıq ikinci ildir ki, bu proses TQDK tərəfindən aparılır: “Orta ümumtəhsil məktəblərində tədris başa çatmalıdır ki, imtahanlar keçirilsin. Tədris isə mayın sonunda bitir. İştirakçı sayının bir neçə yüz min nəfər olduğu bu imtahanları bir-iki günə keçirmək mümkün deyil. Ona görə də imtahanlar iyun ayı boyu keçirilir. Bu il mərkəzləşmiş buraxılış imtahanlarının keçirilmə müddəti ötən ilə nisbətən bir qədər qısaldılıb. Bu onunla əlaqədardır ki, biz buraxılış imtahanları keçirilən zonaların sayını azaltmışıq. Amma hələlik buraxılış imtahanlarının iyun ayından tez keçirilməsi mümkün deyil”.
banner

Oxşar Xəbərlər