Orqan ver, həyat bəxş et
Orqanların transplantasiyası əməliyyatları hələ
eramızdan əvvəl qədim Misirdə sınaqdan keçirilmişdir. Xəstənin həyatını başqa
cür xilas etmək mümkün olmadıqda, ona digər bir insandan orqanın köçürülməsi
təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşmişdir. İlk köçürülən orqan
böyrək olmuşdur. Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə
köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun
rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və
Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülmüşdür. Orqan transplantasiyası ilə
bağlı hüquqi bazanın formalaşdırılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə "İnsan orqan və ya toxumalarının
transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş,
2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına
icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur.
Birinin
həyatını xilas etmək, onu yenidən yaşama qaytarmaq, heç bir qarşılıq gözləmədən
onunla orqanını bölüşmək insanlığın çata biləcəyi ən yüksək zirvədir.
Bacardığımız qədər daha çox şəxsi bu işə cəlb edib, onların verəcəkləri orqana
xəstə insanların nə qədər ehtiyacı olduğunu izah etmək lazımdır. Dünyanın bir
sıra ölkələrində artıq bu praktika geniş şəkildə tətbiq olunmağa başlayıb. Belə
ki, insanlar hələ yaşayarkən, öldükdən sonra sağlam orqanlarını ehtiyacı olan
insanlara vəsiyyət edirlər. Yəni insan düşünür ki, onsuz da öldükdən sonra
orqanları ona lazım olmayacaq, heç olmasa kiminsə həyatını xilas etsin. Beyin
ölümü keçirən, amma digər orqanları sağlam qalan insanlar çox olur. Onların
orqanları donorluq üçün çox lazımlıdır. Təbii ki, vəfat etmiş bir insanın
yaxınlarının razılığı olmadan bu işi etmək
olmaz. Ona görə də əksəriyyət hələ sağ olan zaman orqanlarının
götürülməsini vəsiyyət edir. Və beləcə, neçə nəfərin həyatı xilas edilir, neçə
ailəyə xoşbəxtlik bəxş olunur. Məncə, bu barədə bizim də düşünməyə və bu
istiqamətdə bəzi işlər görməyə ehtiyacımız var.
Orqan köçürülməsi daim aktual olan məsələlər sırasındadır. Belə ki,
son dövrlər məsələ ilə bağlı bir sıra müzakirələr aparılır. Milli Məclisin
sentyabr ayının 14-də keçirilən iclasında çıxış edən Səhiyyə Komitəsinin üzvü
Rəşad Mahmudov "Azərbaycanda insan sağlamlığı üçün lazım olan toxumaların hər
birinin transplantasiyasına icazə verilməlidir” deyib.
Onun sözlərinə
görə, bu gün Azərbaycanda beyin ölümü keçirmiş insanların orqanlarının
transplantasiyası aparılmır: "Bu gün Səhiyyə Komitəsi olaraq beyin ölümü ilə
bağlı məsələnin cavabını tapmalıyıq. Bununla bağlı qanunlarımız var,
xəstəxanalar, bazalar qurulub, real şəkildə bəzi orqanların transplantasiya
əməliyyatları aparılır. Ancaq beyin ölümü keçirmiş insanların orqanlarının
transplantasiyası aparılmır. Beyin ölümü məsələsi ilə əlaqədar Səhiyyə
Komitəsində Səhiyyə Nazirliyinin, ən əsası ölkənin baş nevropatoloqunun, baş
beyin cərrahının və baş reanimotoloqunun iştirakı ilə dinləmələr
keçirilməlidir. Burada beyin ölümü diaqnozunun qoyulub-qoyulmamağının səbəbi
ilə bağlı məsələyə cavab tapmasaq, insanlara "gedin orqanlarınızı verin” deyə
bilmərik. Dinləmələr nəticəsində suallara cavab tapmaqla, bu məsələləri həll
edə bilərik”.
Bu məsələni
insanların necə qarşılayacağını, hansı nəticələr doğura biləcəyini öyrənməyə
çalışdıq.
Bütün bu işlərin hamısı vəsaitə
bağlıdır
Millət
vəkili Musa Quliyev deyir ki, bu, cəmiyyət tərəfindən
tam normal qarşılanacaq: "Meyitdən orqan köçürülməsi bütün dünya təcrübəsində
var. Bunun da nəticəsində bir çox insan həyatda qalmaq şansı əldə edir.
Həmçinin İslam dini də bunu normal qəbul edir. İstər müsəlman ölkələrində,
istərsə də digər ölkələrdə orqan köçürülməsi işi çox yaxşı təşkil olunub.
Ölkəmizdə də bu işlə bağlı maarifləndirmə və təbliğat işi aparılarsa, heç bir psixoloji problem yaranmaz. Amma əsas
məsələ bu işin təşkilatı, texniki, maliyyə tərəfindədir. Meyitdən orqan
köçürülməsi üçün xüsusi klinikaların, həmin klinikada mütəxəssislərdən ibarət
komissiyanın yaradılması, ondan sonra
götürülən orqanın köçürülmə xərcləri də olduqca böyük vəsait tələb edir.
Orqan köçürüldükdən sonra isə həmin insan ömür boyu hər gün dərman qəbul
etməlidir. Bu da olduqca bahalı dərmanlarla həyata keçirilir. Demək olar ki,
bütün bu işlərin hamısı vəsaitə bağlıdır. Hesab edirəm ki, yalnız tibbi sığorta
məsələsi möhkəmlənəndən sonra orqan köçürülməsi işini də geniş şəkildə həyata
keçirmək olar. Bu haqda komitədə söhbət getdi. Qərara gəldik ki, bu sahədə
dinləmələr həyata keçirdək və ehtiyac olarsa, orqan transplantasiyası haqqında
qanuna yenidən baxış keçirib, hüquqi bazanın genişlənməsi zərurəti yaranarsa, onu
da edək”.
Müsahibimizdən
orqan bankının yaradılması zərurətini də soruşduq: "Əlbəttə, mümkündür. Amma
əvvəlcə meyitdən orqan götürülməsi təmin olunmalıdır ki, sonra orqan bankı
yaradılsın. Amma onu da deyim ki, orqan bankı qan bankından fərqlidir. Çünki
orqanı qan kimi aylarla, illərlə bir yerdə saxlamaq mümkün deyil. Orqan
götürüləndən sonra xəstə insana dərhal köçürülməlidir. Bu, artıq sonranın işidir. Hazırda əsas olan odur
ki, tibbi sığorta məsələsi işə düşsün və sonra meyitdən orqan köçürülməsi işinə
başlanılsın”.
İnsanların bu işə hazır olub-olmamağı da vacib
məsələdir
Həkim, hüquq
müdafiəçisi Nabil Seyidov bildirir ki, bu məsələyə birmənalı
münasibət bildirmək çətindir: "Hər bir məsələ araşdırılmalıdır. Xüsusilə də, insanlar arasında sorğu
keçirilməli və onların bu mövzu ilə bağlı fikirləri öyrənilməlidir. Lakin ötən illərdə
bu orqan transplantasiyası ilə bağlı çox saylı məlumatlar əhalinin
müəyyən bir qisminə çatdırılıb və onlar da bunu normal qarşılayırlar. Amma
əlbəttə ki, beyin ölümü olan insanların xarici ölkələrdə olduğu kimi əvvəlcədən
donor olmasının müəyyənləşdirilməsi və ya yaxınlarının buna icazə verməsi ciddi
maarifləndirmə işi tələb edir. Çünki insanların böyük bir qismi bu sahədə çox
məlumatsızdırlar. Ümumiyyətlə, mexanizm olaraq məsələni anlamırlar. Bundan
başqa, dini inancların insanlar arasında geniş yayıldığını nəzərə alaraq deyə
bilərəm ki, bu məsələnin dini baxımdan da öyrənilməsi lazımdır ki, heç bir
insanda mənəvi cəhətdən hansısa bir problem, narahatlıq olmasın. İnsanların bu işə hazır olub-olmamağı da vacib
məsələdir. Bunun üçün də təbii ki, müvafiq dövlət qurumları tərəfindən iş
aparılmalıdır. Bu, beynəlxalq təcrübədə də var. Düşünürəm ki, sosial
əhəmiyyətli bir məsələ kimi bunun tətbiq müsbət nəticələr verəcək, bir çox
insanın həyatını xilas etmiş olacağıq.
Bunun üçün orqan bankı yaradılmalıdır, orqanın öncə hansı xəstəyə
köçürülməsi müəyyən edilməlidir. Bu iş üçün xüsusi komissiya fəaliyyət
göstərməlidir. O komissiyada mütləq şəkildə tibbi mütəxəssislərlə yanaşı, ictimai
qurumların nümayəndələri olmalıdır ki, insanlar buna inansınlar”.
Bizim insanlar kiməsə kömək etmək məsələsində
daha əliaçıqdırlar, humanistdirlər
Psixoloq Elnur Rüstəmovqeyd edir ki, burada ilk olaraq hüquqi baza yaradılmalıdır: "Orqan köçürülməsi
ilə bağlı qanuna müəyyən dəyişikliklər olsa, bu prosesdə bir irəliləyiş əldə
etmək olar. Hazırda orqan köçürənlərin
çoxu xaricə üz tutur. Digər bir məsələ isə təbliğat işinin aparılmasıdır. Ola bilər ölən insan bu qərarı vermək
iqtidarında olmasın, amma yaxınları onun orqanının köçürülməsi ilə kiminsə
həyatını xilas etməyə razı ola bilərlər.
İnsan özü də bunu qabaqcadan müqavilə bağlayaraq edə bilər. Yəni sağ
ikən gedib müqavilə imzalayar ki, mən öldükdən sonra sağlam olan orqanlarımdan
ehtiyacı olan şəxslər üçün istifadə edilməsinə icazə verirəm. Yəni orqanların
torpaqda çürüməyindənsə, bir insanı həyata qaytarmaq daha məqsədəuyğundur. Bizim insanlar kiməsə kömək etmək məsələsində
daha əliaçıqdırlar, humanistdirlər.
Sadəcə, bu işin ciddi təbliğata və maarifləndirməyə ehtiyac var”.
Qərbdən gələn düşüncə ilə mental düşüncələrimiz
toqquşur
Sosioloq
Asif Bayramov qərbdən gələn düşüncə ilə bizim milli mental düşüncələrimizin
toqquşduğunu deyir: "Bizim milli düşüncəmiz bu günə qədər təbii ki, ölmüş yaxınlarımızın cisminin toxunulmazlığını tələb edir. Bu,
bizim o biri dünya haqqında olan təməl prinsiplərimizdən biridir. Ancaq təbii
ki, hazırda qərbdən gələn yeni dünyagörüş formalaşır. Bu da bizim
düşüncələrimizlə eyni yerə sıxışmır və toqquşur. Ona görə də, bu mövzunu
ictimaiyyətə qəbul elətdirmək uzun zaman və prosedur tələb olunur. Bunun üçün də dövlətin özünün maarifləndirmə
mexanizmi olmalıdır. Təəssüflər olsun ki, bu sahədə maarifləndirmə işi zəif
gedir. Yəni kütləvi informasiya
vasitələri hələlik bu barədə ciddi bir
təbliğat işi aparmır. Mən düşünürəm ki, belə bir mexanizm normativlik
səviyyəsində həll olunmalıdır. Məsələyə humanizm aspektindən yanaşanda isə bu
addıma haqq qazandırmaq olur. Amma məsələ Azərbaycan reallığı üçün olduqca
ziddiyyətlidir. Bunun qanun səviyyəsində həlli üçün isə parlamentdə kompleks
şəklində normativ hüquqi sənədlər hazırlanmalıdır. Qanunverici baza əsas məsələdir. Bu baza
hazır olduqdan sonra sosial maarifləndirmə işi aparmaq olar”.
Günel Azadə