• cümə, 26 Aprel, 10:04
  • Baku Bakı 12°C

Ordumuzun aprel zəfəri...

08.06.16 14:02 2977
Ordumuzun aprel zəfəri...
Cəbhə bölgəsində ezamiyyətdəyəm. Bu ezamiyyət əvvəlkilərdən fərqlidi. Ürəyim atlanır, üzüm gülür: Ordumuz neçə gündür zəfər yürüşünə başlayıb.
Səhərin ala-toranlığında cəbhə bölgəsində yerləşən dəmiryol stansiyasında qatardan düşəndə top səsləri eşitdim. Gurultudan yer-göy titrəyirdi. Vaxt ötüb keçdikcə qaranlıq göyün üzündə əriyib itirdi. Bir az əvvəl səmanın ənginliklərində sayrışan ulduzlar görünməz olurdu. Dan yeri söküldükcə quşların cəh-cəhi ətrafa yayılırdı. Onlar nəğmələrilə üfüqdən boylanan günəşi salamlayırdılar. Havadan yaz qoxusu, bahar ətri gəlirdi. Çiçək örpəyinə bürünmüş ağaclar təbiətə xüsusi yaraşıq verirdi. Quşların cəh-cəhi, topların gurultusuna qarışıb təbiətin harmoniyasını pozurdu.
Goranboy istiqamətinə gedirik. Hava dumanlıdır. İrəlilədikcə yollarımız qısalır. Topların gurultusu burada daha ucadan eşidilir. Qatı duman ağır-ağır üzü dağlara tərəf sürünərək özündən sonra gül-çiçəklərin üstündə göz yaşı kimi xırda şeh damlaları qoyurdu. Belə bir havada Talış kəndi istiqamətindəki yüksəklikləri azad edən şəxsi heyətin yanına çatırıq. Ürəyimiz uçunur, sevincdən gözlərimiz yaşarır. Qarşımızda illərdən sonra ordumuzun ilk zəfər yürüşüylə xalqımıza xoş anlar yaşadan Azərbaycan əsgəri dayanıb. Onların əllərini sıxıb qələbə münasibəti ilə təbrik edirik. Bu cəsur oğullar hünərləri ilə ordumuzun zəfər tarixinə həmişə fərəhlə xatırlanacaq yeni şanlı səhifələr yazıblar.
Yaralansa da döyüşdən çıxmadı
Çöhrəsindən cəsurluq yağan baş leytenant Nihad Bayramov döyüşlərdə hünər göstərib. Yaralansa da mövqeyində axıradək dayanıb. Söhbət zamanı o dedi ki, neçə müddət idi ermənilər həm yerləşdiyimiz bölgənin yaşayış məntəqələrini, həm də postlarımızı atəşə tuturdular. Aprelin ilk günlərində düşmən qəflətən hücuma başladı. İlk həmlədən qəsbkarların qarşısını aldıq. Yağıları geri qovub mövqelərini ələ keçirdik. Sonuncu postda möhkəmlənib gecəni burada qaldıq. Hava işıqlaşan kimi düşmən hücuma keçdi. Döyüş başlandı, silahlar od püskürdü, yer-göy lərzəyə gəldi. Bir addım da olsun geri çəkilmədən vuruşduq. İşğalçıların müqaviməti yavaş-yavaş qırılırdı. İrəliləmək istəyəndə böyrümdən güllə dəydi. Yaralansam da döyüşdən çıxmadım, azad etdiyimiz postları sonadək qorudum. Ara sakitləşəndə əsgərlər məni hospitala çatdırdılar. Güllə böyrümü dəlib keçmişdi. Yaram ağır olmadığından hospitalda ləngiməyib səngərə döndüm.
Düşməndən götürülmüş silahlar
Döyüşlər zamanı ermənilər qorxularından silah-sursatlarını da atıb qaçmışdılar. Əsgərlərimiz onları hərbi hissəyə gətirmişdilər. Əvvəlki günlər düşmənlərin əlində olan silahlar indi səliqə ilə torpağın üstünə düzülmüşdü. Qənimət kimi götürülmüş silahlar bir neçə qumbaraatan və avtomatlardan ibarətdir. Ermənilər kiçik ölçülü yeşiklərə xeyli sayda əl qumbaraları yerləşdirmişdilər. Silahların arasında açılmamış patron yeşikləri də var idi. Erməni dilində kitabça və dəftərlər də diqqətimizi cəlb etdi. Dəftərlərin birində nəsə uzun bir siyahı yazılmışdı. Bir vaxtlar düşmənlərin murdar əlləri toxunmuş silahları indi susmuşdu. Yəqin bir gün düşmənlərin özləri də silahları kimi susub qarşımızda məğlub görkəmdə dayanacaqlar...
Günortadır. Duman çəkilib, hava açılıb. Günəş seyrək yaz buludları arasından yer üzünə boylanıb qələbəmizə gülümsəyir. Bu qeydləri dəftərcəmdə atəş səsləri altında aparıram. Gurlayan toplar susmur. Həmsöhbətim mayor Pərviz Pirməmmədovun gözlərindən sevinc yağır.
- "Həyəcan” siqnalı verilən kimi yurdumuzun müdafiəsinə qalxdıq, - deyə zabit söhbətə başladı. – Əvvəlcə minaatanlarla vurub yağıların atəş nöqtələrini susdurduq. Zirehli texnikalar qəsbkarların mövqelərinə mərmiləri yağdıra-yağdıra irəlilədi. Tankçılarımız cəsarətlə vuruşurdular. Mərmilərin gurultusu dağlarda əks-səda verib ətrafı silkələyirdi. Tankların arxasınca gedən piyadalar da hücuma qoşuldu. Güclü əks-həmlə nəticəsində ermənilərin mövqelərini darmadağın etdik, yüksəklik azad olundu. Düşmən geriyə tələsik çəkildiyinə görə, həm meyitlərini, həm silah-sursatlarını, həm də şəxsi əmlaklarını, mobil telefonlarını, hətta bəzi vacib sənədlərini də atıb qorxaqcasına aradan çıxmışdılar. Qazandığımız uğurdan gözlərimiz gülürdü. Neçə vaxt idi qələbə sevincinin xiffətini çəkirdik. Taborun şəxsi heyəti döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərdi. Düşmən üzərinə hücum zamanı əsgərlərimin gözündə intiqam qığılcımı və qisas yanğısı gördüm.
Əsgər Şirin Məmmədov iştirakçısı olduğu savaşdan söz açdı:
- Döyüşə torpaqlarımızı işğalçılardan azad etmək amalı ilə atıldıq. Düşmənin üstünə qorxmadan gedirdik. Güllələri müqavimət göstərən yağıların üstünə dolu kimi yağdırırdıq. Bir neçə atəş nöqtəsi susdurulandan sonra işğalçılar zəiflədilər. Tankların irəli getməsinə əmr verilən kimi mühərriklər guruldadı. Biz də zirehli texnikaların arxasınca gedirdik. Erməni mövqelərinə yaxınlaşan kimi tanklar atəş açdı. Pulemyotla düşmənin başına od ələyirdim. İşğalçıların qarşımızda dayanmağa yalnız iki saat gücü çatdı. Sonra geriyə qaçdılar, yüksəkliyi azad etdik.
Məzuniyyətdən döyüşlərə
Ermənilərin hücumları başlananda leytenant Cahangir Eyvazov dünyaya göz açdığı Naxçıvanda məzuniyyətdə olub.
- Evdə olsam da hərbi hissə ilə tez-tez əlaqə saxlayırdım. Zabit yoldaşım Yaqubla danışanda bildirdi ki, erməni qəsbkarlarının hücumu başlayıb, - deyə leytenant söhbətə başladı. – Ləngimədən yola çıxdım. Hərbi hissəyə çatan kimi silahımı götürüb ön xəttə yollandım. Talış kəndi istiqamətində şiddətli döyüş gedirdi. Az vaxt ərzində işğalçıları postlarından qovduq. Növbəti həmlə zamanı düşmən qəflətən bizi minaatanlardan atəşə tutdu. Mərmilər yaxınlığımıza düşüb torpağı odlayır, daşı, qayanı parçalayırdı. Düşmən atəş açıb müqavimət göstərir, biz isə güllələrdən yayına-yayına irəli gedirdik. Güclü həmlədən sonra ermənilər silahlarını da atıb qaçdılar.
"Qürurla vuruşmuşam”
Səyyar hospitalda da oldum, yaralılarla görüşüb söhbət etdim, şəkillər çəkdim. Düşmən gülləsi adının çəkilməsini istəməyən əsgərin başından dəymişdi. Həkimlər onun yarasına tikiş qoyub sarımışdılar. Döyüşlərdən çox qısa danışan əsgər xahiş etdi ki, onun şəklini fotoaparatın yaddaşından silim. Səbəbini soruşanda "Vətəni qorumaq mənim borcumdur. Bir əsgər kimi üzərimə düşən vəzifəni yerinə yetirib torpağımı müdafiə etmişəm. Təəssüf ki, hücumun qarşısını alarkən yaralandım. Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm. Yaxın günlərdə mövqeyimə dönəcəm. Qoy xalqımız döyüşçüsünün - əsgərinin şəklini yaralı, başı sarıqlı vəziyyətdə görməsin. Mən qürurla vuruşmuşam, elə həmin qürurla da geriyə - ön xətdə dönəcəm,” - dedi. Onun xahişini yerinə yetirib şəklini aparatın yaddaş kartından sildim - dediyi sözləri isə öz yaddaşıma yazdım.
22 il əvvəl – 22 il sonra
1994-cü ilin apreli - 2016-cı ilin apreli. 22 illik zaman fərqi. Mənim üçün mühüm əhəmiyyət kəsb edən müxtəlif zamanları göstərən bu rəqəmlər bəlkə də çoxları üçün adi bir tarixdir. Hərdən hadisələrin illər sonra eyni ayda, eyni gündə baş verməsi - üst-üstə düşməsi adamın yaddaşını tərpədir. Bu sətirləri 2016-cı ilin aprel ayında yazıram. 1994-cü ilin aprelindən 22 il ötüb.
1994-cü ilin apreli – 2016-cı ilin apreli. 22 illik zaman fərqi. Bu rəqəmlər illərdən bəri səngimək bilməyən, sülh danışıqları hələ də baş tutmayan Qarabağ müharibəsinin tarixini özündə əks etdirir. İllərdir vaxtaşırı hərbi hissələrdə - səngərlərdə oluram. Həmin gün təsadüf elə gətirmişdi ki, 22 ildən sonra 1994-cü ilin aprelində ezamiyyətdə olduğum həmin bölgəyə, həmin döyüşən hərbi hissəyə ezamiyyətə getmişdim...
22 il əvvəlki kimi yenə də ön xətdə toplar gurlayır, avtomatlar, pulemyotlar şaqqıldayırdı. 1994-cü ilin aprelində də bu istiqamətdə qanlı döyüşlər gedirdi. Ermənilər Goranboy rayonunun böyük strateji əhəmiyyəti olan Tapqaraqoyunlu kəndinə üç tərəfdən hücum etmişdilər. Döyüşçülərimiz yaşayış məntəqəsinin müdafiəsində inamla dayanmışdılar. Düşmən kəndi güclü artilleriya atəşinə tutmuşdu. Odlu mərmilər evləri dağıdıb yandırırdı. Aramsız atəşdən vahimələnən sakinlər doğma ocaqlarını tərk edirdilər. Piyada gedən kim, motosikillə, traktorla kənddən çıxan kim...
Saat 11 radələrində topçular dəqiq atəş zərbələri ilə düşmənin Yaltaxıl yüksəkliyi istiqamətindən kəndə tərəf irəliləyən iki tankını vurdular. Zirehli texnikalardan göyə qara tüstü burumları qalxdı. Üç saatdan sonra düşmənin hücumları zəiflədi. Üstünlüyü ələ alan döyüşçülərimiz erməniləri geri sıxışdırmağı bacardılar. Əsgərlərimizin qarşısında aciz qalan qəsbkarlar qaçmağa məcbur oldular. Günortadan sonra Tapqaraqoyunlu kəndinin işğal təhlükəsi sovuşdu.
Düşmən məğlubiyyət acısını daddı
22 il sonra ermənilər yenə də bu istiqamətdə fəallaşaraq atəşkəs rejimini pozmuşdular. Zaman başqa zaman olsa da məkan həmin məkan idi. Yenə də avtomatlar şaqqıldayır, toplar gurlayırdı. Bu gün nə ordumuz 1994-cü ildəki ordu idi, nə də zabit və əsgərlərimiz. İndi Silahlı Qüvvələrimiz daha güclü, silah-sursatımız daha müasir, hərbçilərimiz daha peşəkardır. Döyüşlər də əvvəlki illərdən fərqli olaraq vahid mərkəzdən idarə olunur. Bunlar isə əməliyyatın uğurla başa çatmasını, qələbənin qazanılmasını təmin edən vacib amillərdəndir. Düşmən isə üstünü toz basmış düşüncəsində qalmışdı. Ordumuzu 1994-cü ildəki gücündə zənn edirdi. Hücumunu köhnə vaxta hesablamışdı. Kiçik bir həmlə və qısamüddətli atəşlə irəliləyib yeni ərazilər zəbt edəcəyini düşünürdü. Amma elə ilk anlardaca Azərbaycan əsgərindən ağır zərbə aldı. Murdar ayaqları öz qanlarına batdı. Gücümüz haqqında təsəvvürləri çilik-çilik oldu. Çaşıb qaldılar, qəfil və güclü zərbədən sarsılıb başlarını itirdilər. Nə yaxşı ki, belə düşünmüşdülər, belə hesablamışdılar. Bu çaşqınlıqdan istifadə edən döyüşçülərimiz əks-həmlə ilə irəli yeridilər. Ordumuzun uğurlu əməliyyatları başlandı.
Azərbaycan əsgərinin cavabı sarsıdıcı oldu
Aprel savaşında Azərbaycan əsgərinin azğınlaşmış qəsbkarlara cavabı sarsıdıcı oldu. Düşmən gözünü açmağa macal tapmamış döyüşçülərimizi başının üstündə gördü. Ən zəruri əşyalarını belə götürə bilmədən səngərlərini qoyub qorxu və vahimə içində gəldikləri yerə - Ermənistana qaçdılar. Strateji yüksəkliklər ermənilərdən azad edildi. İndi o zirvələrdə üçrəngli bayrağımız dalğalanır. Bu, Azərbaycan əsgərinin qələbəsi idi, bu Azərbaycan əsgərinin çoxdan bəri gözlənilən igidliyinin, cəsarətinin zəfər təntənəsi idi...
Mən qələbə sevinci yaşayan zabit və əsgərləri 22 il əvvəl - 1994-cü ilin aprelində də görmüşdüm. Döyüşçülərimiz Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə bir neçə istiqamətdən hücum etmiş ermənilərlə qorxmadan, cəsarətlə vuruşaraq onları geri qovmuşdular. Əsgərlərimizin qəhrəmanlığı sayəsində böyük strateji əhəmiyyətə malik olan yaşayış məntəqəsinin işğal olunmaq təhlükəsi sovuşmuşdu. Silahlar susandan sonra elə isti-isti səngərdəcə döyüşçülərlə görüşmüşdüm. Onda düşmənə qalib gəlmiş zabit və əsgərlərin gözlərində sevinc, üzlərində təbəssüm görmüşdüm. Neçə illər idi o cür sevincin, o cür təbəssümün həsrətini çəkirdim. Şükürlər ki, o təbəssümü, o sevinci bir də 22 il sonra elə aprel ayında, elə həmin hərbi hissədə, elə həmin bölgədə döyüşçülərin üzündə gördüm.
Ən yaxşı əsəri Silahlı Qüvvələrimiz yazacaq...
Bu gün ictimaiyyət arasında tez-tez belə bir sual səslənir: "Aprel döyüşləri bizə nə verdi?”. Bu sualı hərə öz düşüncəsi səviyyəsində cavablandırır. Hər şeydən əvvəl onu demək lazımdır ki, bu zəfər xalqımıza qələbə sevinci yaşatdı. Uğurları eşidənlərin gözlərində sevinc qığılcımları parladı. Həmişə lovğalanan erməni qəsbkarları həmin günlər döyüşçülərimizin gücü qarşısında dayana bilməyib geri çəkildilər, məğlub oldular. Aprel zəfəri "ermənilər güclüdür, onlara qalib gəlmək çətindir, istehkamları keçilməzdir, arxaları möhkəmdir” və s. kimi yanlış təsəvvür və mifləri alt-üst elədi. Azərbaycan əsgəri son döyüşlərdə göstərdi ki, ermənilərin istehkamını dağıtmaq, texnikasını vurmaq, özünü məhv etmək çətin deyil.
Yazıçı, dramaturq Seyran Səxavət bu günlərdə jurnalistin Qarabağ müharibəsindən bəhs edən romanlar barədə fikrini öyrənmək məqsədi ilə ünvanlandığı sualı özünəməxsus şəkildə cavablandıraraq bildirib ki, Qarabağ haqqında ən dəyərli əsəri Silahlı Qüvvələrimiz yazacaq. Ordumuzun döyüşçüləri aprel zəfəri ilə yazıçının qeyd etdiyi həmin əsərin ilk səhifələrini yazdılar.
...İnanırıq ki, ordumuzun aprel zəfəri davamlı olacaq. Yurdumuzu qoruyan oğullardan həmişə yeni qələbə xəbərləri eşidəcəyik. Üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərimizin zirvələrində əbədi dalğalanacaq. Azərbaycan əsgərinin aprel zəfəri, apreldə qalmayacaq.
Vahid MƏHƏRRƏMOV
Yazı "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq səlnaməsi” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur.
banner

Oxşar Xəbərlər