Ordu quruculuğu Azərbaycan üçün prioritet məsələdir
Ali Baş Komandan: "Bizim
ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə
olmasın”
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham
Əliyev bu günlərdə Mingəçevirə səfəri çərçivəsində Müdafiə Nazirliyinin
"N" saylı hərbi hissəsinin açılışında iştirak edib, nazirliyin rəhbər
işçiləri ilə operativ müşavirə keçirib. Son illər ölkəmizdə ordu quruculuğunda,
xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartlarının tətbiq edildiyini
diqqətə çatdıran ölkə başçısı bu standartların ən yüksək qiymətə layiq olduğunu
vurğulayıb. Bildirib ki, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar
yaradılıb.O, Ordu quruculuğunun Azərbaycan üçün prioritet
məsələ olduğunu söyləyib. Deyib ki, biz müharibə şəraitində yaşayırıq və belə
olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Azərbaycan
Ordusunun dünyada 50 ən güclü ordu sırasında olduğunu xatırladan Ali Baş Komandan
bunun yorulmaz fəaliyyət nəticəsində əldə edildiyini deyib. Qeyd edib ki, Prezident
kimi fəaliyyətində ordu quruculuğu birinci yerdədir.
"Geosiyasi vəziyyətə
daim nəzarət etməliyik”
Prezident İlham Əliyev bu gün Azərbaycanın dünya
miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkə olduğunu
bildirib: "Biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu
gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq
normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün
beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük
təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı
atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn
normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə
vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. ...Bizim ərazi
bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın.
Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik.
Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq
aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə
Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır”.
"Güclü diplomatiyaya
və orduya ehtiyacımız var”
Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət
BabaoğluPrezidentin
fikirlərini şərh edərək söyləyib ki, Azərbaycan mürəkkəb geostrateji regionda
yerləşir və bu bölgə öz coğrafi mövqeyinə görə ayrı-ayrı güc mərkəzlərinin
maraq dairələrinə daxildir. Deputatın fikrincə, bu, vəziyyəti bir qədər də
gərginləşdirir. O bildirib ki, bu vəziyyət tarixən belə olub, bu gün də belədir
vəgələcəkdə də belə olacaq: "Milli maraqlarımızı qorumaq üçün daima güclü
siyasi hakimiyyətə və iqtisadiyyata, güclü diplomatiyaya və güclü orduya
ehtiyacımız var. Bunlar milli gücün əsas komponentləridir və müstəqilliyimizi
təmin edən vasitələrdir. Ona görə də Azərbaycan Prezidenti bu mühüm
istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirib və həmişə
diqqət mərkəzində saxlayır. Azərbaycanordusu dünyanın ən güclü 50 ordususırasındadır
və bu, qürurvericidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı
hərbi hissəsinin açılışında çıxış edərkən bir daha bu məsələlərə kompleks
yanaşaraq ölkəmizdə həyata keçirilən ordu quruculuğu, ordumuzun real vəziyyəti,
işğalçı Ermənistanda baş verən proseslər və torpaqlarımızın erməni işğalından
azad edilməsilə bağlı mühüm və aktual məsələlərə toxundu. Əslində Prezidentin
nitqi görülən və görüləcək işlər və eyni zamanda işğal faktına son qoyulması
üçün hansı zəruri şərtlərin olmasının qısa məcmusu idi”.
"Azərbaycan strateji
üstünlüyə malikdir”
Millət vəkili deyib ki, Prezidentin səsləndirdiyi fikirlərşəxsi
heyətin xidmət aparması üçün bütün zəruri şərtlərin yüksək səviyyədətəmin
edildiyini bir daha göstərib: "Atılan bu addım həm də Ali Baş Komandanın Milli
Ordumuzun şəxsi heyətinə olan diqqət və qayğısının ifadəsidir. Şübhəsiz ki, ordunun
texniki təchizatı və döyüş hazırlığı da ən ümdə vəzifələrdən biridir. Bu faktor
həm müharibə şəraitində canlı qüvvənin itkilərini azaldır, həm də düşmən
üzərində üstünlük əldə etməyə imkan verir. Ona görə də Prezident İlham Əliyev
bu məsələlərə toxunaraq bildirdi ki, son illərdə ordumuzun silah-sursat,
texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar
vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü
ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab
verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib, müasir
qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər
qorunsun. Cəbhə bölgəsində yaranmış vəziyyət də bir daha onu göstərir ki, Azərbaycan
strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika
ilə təchizatı bundan sonra da davam etdiriləcək”.
Növbəti "Aprel
döyüşləri” həmləsi...
H.Babaoğlu qeyd edib ki, bütün bunlarla yanaşı,
Prezident İlham Əliyev işğalçı ölkədəki vəziyyətə diqqəti çəkərək, bu
ölkədədemokratiya adı altında diktatura rejiminin qurulmasını bildirdi:
"Əslində doğrudan da işğalçı Ermənistan bu gün terroru və faşizmi dövlət
siyasəti səviyyəsinə qaldırıb və işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək
istəmir. Bu isə regionda gərginliyi artırmaqla yeni müharibə təhlükəsi yaradır.
Milli Ordumuzun gücünə diqqət çəkən Prezident qeyd etdi ki, həm 2016-cı ilin,
həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, biz böyük
ərazilərimiziişğaldan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə
rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda
Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda
qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik.
Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini
işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan
Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Döyüş
qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər
an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz
bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Doğrudan da bu
gün Azərbaycan Ordusu keçirdiyi hərbi əməliyyatlarla öz gücünü işğalçı
Ermənistana göstərib və hər kəsə aydındır ki, növbəti ”Aprel döyüşləri” həmləsi
Azərbaycan torpaqlarının tam azad edilməsinə gətirib çıxara bilər. Ona görə də
hər bir Azərbaycan vətəndaşı bu gün öz Milli Ordusu, onun şəxsi heyəti və döyüş
qabiliyyəti ilə fəxr edir”.
"Gənclərimiz
müstəqilliyin qədrini bilməlidirlər”
Milli Məclisin
Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva Azərbaycan Ordusunun gündən-günə qüdrətini
artırdığını dilə gətirib. Bildirib ki, son illər ölkədə ordu quruculuğunda,
hərbi hissələrin tikintisində tətbiq olunan standartlar ən yüksək qiymətə
layiqdir: "Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.
Bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar demək olar ki, yenidən
qurulur. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə
bağlı bütün məsələlər çox əhəmiyyətlidir. Artıq Müdafiə Sənayesi Nazirliyinin
xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Azərbaycan
onlarla ölkəyə hərbi məhsul ixrac edir. Prezidentimiz hərbi hissələrdə ideoloji
tərbiyə işi və gənclərin vətənpərvərlik ruhunda böyümələri ilə bağlı da
qiymətli fikirlər səsləndirdi. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu
bir vaxtda hərbi hissədə ideoloji tərbiyə işinin lazımi səviyyədə qurulması,
döyüş ruhunun yüksək olması çox önəmlidir. Gənclər arasında vətənpərvərlik
tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Gənclərimiz milli ruhda,
vətənpərvərlik ruhunda böyüməli, müstəqilliyin qədrini bilməlidirlər. Onlar
ölkəmizin tarixi ilə bağlı dolğun məlumata malik olmalıdırlar”.
"Bizim işimiz haqq
işidir”
Deputat qeyd edib ki, Azərbaycan Ordusu öz
torpaqlarını işğalçılardan azad etməyə qadirdir: "Biz bunu həm 2016-cı ilin,
həm də 2018-ci illərin hərbi əməliyyatları nəticəsində düşmənə və dünyaya sübut
etdik. Əgər oğru, quldur dəstəsinin, terrorizmin vətəni olan Ermənistan sülh
yolu ilə torpaqlarımızı qaytarmaq istəmirsə, özündən küssün. Ali Baş Komandanın
bir əmri kifayətdir ki, şanlı ordumuz hərb meydanında öz sözünü desin və düşməni
yerində oturtsun. Bilsinlər ki, hazırda böhran vəziyyətində yaşayan,
diktaturanın hökm sürdüyü işğalçı Ermənistanın qarşısında güclü iqtisadiyyatı,
ordusu, vətənpərvər gəncliyi, dövlətlə həmrəylik nümayiş etdirən xalqı olan
Azərbaycan var. Bizim işimiz haqq işidir. Biz, mütləq qalib gələcəyik”.
"Azərbaycan
standartları ən yüksək qiymətə layiqdir”
Milli Məclisin
deputatı Vüqar İskəndərovhesab edir ki, Azərbaycan Ordusu ölkəmizin müstəqillik illərində, daha dəqiq
desək, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət nəticəsində
uğurla inkişaf edib. Onun sözlərinə görə, xalqımızın ümummilli lideri Heydər
Əliyevin əsasını qoyduğu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident
İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində
Azərbaycan Ordusu bu gün dünyada 50 ən güclü ordu sırasındadır: "Prezident İlham
Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin
açılışındakı nitqində bəyan etdiyi kimi, bizim ordumuzun son illər ərzində
uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı yaxşı bilir və
dəyərləndirir. Eyni zamanda, dünyada orduların reytinqlərini tərtib edən
sanballı qurumlar da bunu xüsusi olaraq qeyd edirlər. Məhz Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən yorulmaz fəaliyyət nəticəsində ölkəmiz
bu uğuru əldə edib.Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətində ordu
quruculuğu birinci yerdədir. Son illər ordu quruculuğunda, hərbi hissələrin
tikintisində tətbiq olunan Azərbaycan standartları ən yüksək qiymətə layiqdir”.
Vətənə sədaqətlə və
qüsursuz xidmət etmək
Millət vəkili deyib ki, dövlət başçısının göstərişi
ilə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq
yenidən qurulur: "Son məlumata görə, hərbi hissələrimizin 90 faizində
tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanıb. Eyni zamanda,
yaxın iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcək. Bütün
bunlar da Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür.
Bir sözlə, müharibə şəraitində yaşayan Azərbaycanda ordu quruculuğu prioritet
məsələdir. Azərbaycan Ordusunda şəxsi heyətin xidmət şəraitinin
yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur, Vətənə
sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla
əhatə olunurlar. Prezident İlham Əliyevin göstərişi ilə orduda 20 il qüsursuz
xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra
edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycan dövləti bu
vəsaiti ayırır. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara
yaxşı mənzillər verilib. Eyni zamanda dövlət başçısının bu yaxınlarda verdiyi
göstərişə əsasən, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən
mənzillər veriləcək. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla
əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Son məlumata görə, təqribən
200-dən bir qədər çox zabit isə hələ növbədədir və dövlət başçısının bəyan
etdiyi kimi, onların da mənzil problemləri həllini tapacaq. Bir sözlə, Vətənə
sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla
əhatə olunurlar. Bundan başqa, hərbçilərin əməkhaqları müntəzəm olaraq
qaldırılır. Fərqlənmiş hərbçilər mükafatlandırılır”.
Ermənistan üçün əsl
fəlakət
Deputat V.İskəndərov bildirib ki, ordumuzun gücünün
artması işğalçı Ermənistan tərəfindən də etiraf edilir və onları ciddi şəkildə
narahat edir. Millət vəkilinin sözlərinə görə, ermənilər Aprel döyüşlərində
Azərbaycan ordusunun gücünü görüblər və yaxşı bilirlər ki, əgər bu döyüşlər
təkrarlansa, Ermənistan üçün əsl fəlakət olacaq.
Rufik İSMAYILOV