AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Orada tərbiyəsiz bir şey etmirik - müsahibə

Orada tərbiyəsiz bir şey etmirik - müsahibə

Müsahibə
30 Mart 2013, 11:06 4527
Müsahibim son zamanlar mahnıları ilə gündəmi zəbt edən, qısa müddət ərzində məşhurluq qazanan Günay İbrahimlidir. Redaksiyamızın qonağı olan müğənni “Kaspi”yə yaradıcılığında baş verən ən son yeniliklərdən və gələcək planlarından danışdı.

Böyük itki

- “Yadıma sal” mahnısı ilə gündəmə gəldiniz. Bundan sonra ifa etdiyiniz mahnılar sizə uğur gətirdi. Mahnılarınızın sizə bu qədər reytinq qazandıracağını əvvəlcədən təsəvvür edə bilirdinizmi?

- Həyatda heç bir şey planlaşdırdığım kimi gerçəkləşmir. Çünki heç bir müğənni hansısa mahnısının tutarlı olub-olmayacağını qabaqcadan deyə bilməz. Hər bir insanın həyatda məqsədi olmalıdır. Karyeraya 2007-ci ildən başlamışam. Professional səhnədə ilk mahnım isə 2009-cu ildə Elşad Xose ilə “Yadıma sal” dueti olub. O mahnı elə də hitə çevrilmədi. Sadəcə olaraq mahnını Elşad Xoseni sevənlər dinlədi və mahnı çox xoşagəlimli olduğundan insanların sevgisini qazandı. Mahnının təqdim olunmasından sonra illər keçməsinə baxmayaraq, bu gün də radiolarda, televiziyalarda, saytlarda dinlənməkdədir. Samir Fərzəlibəyov həmin mahnıya klip çəkdi. Jurnalistlərə bu mahnını “NUR Prodakşn”-la proyekt olaraq birgə təqdim etdik. Ondan sonra bəzi səbəblərə görə yaradıcılığımda bir il fasilə etdim. Bu bir il mənim üçün çox böyük itki oldu. Çünki ifaçılığa yeni başlayan gənc müğənni üçün yaradıcılığın ilk vaxtlarında fasilə vermək böyük bir zərbədir.

Bu fasilədən sonra Portuqaliya mahnısı olan “Yada salma” mahnısını ifa etdim. Mahnının sözlərini Elşad Xose yazmışdı. O mahnıya da Ülviyə Könüllə klip çəkdirdik. Bir il fasilədən sonra 2011-ci ildə Azərbaycanda keçirilən “Eurovision” milli seçim turlarına qatıldım. Əslində seçim turları məni heç vaxt cəlb etməyib. Düzdür, Azərbaycanı təmsil etmək, bayrağını zirvələrə qaldırmaq hər bir Azərbaycan müğənnisinin borcudur. Orada hər həftə müxtəlif mahnılar ifa edirdim. Yarışmada özümü tam başqa səmtdə göstərdim. Yəni xarici və səs diapazonunu göstərən mahnılara müraciət etdim. Hətta finala qədər də gəlib çıxdım. Finalda isə Eldar Qasımovla Nigar Camal seçildi. Ondan sonra yaradıcılığımda heç fasilə etmədim. “Səndən öncə, səndən sonra” mahnısına Samir Fərzəlibəyova klip də çəkdirdim. Bu mahnıdan sonra Təranə Səmədova ilə işbirliyimiz başladı. Daha sonra “Mən sənə inanırdım” mahnısı mənə böyük uğur gətirdi. Gözləmirdim ki, mahnılarım tamaşaçılar tərəfindən bu dərəcədə sevilər. Tamaşaçılar tərəfindən rəğbət qazanacağını bilirdim, ancaq hitə çevriləcəyini güman belə etməzdim. Bu mahnı mənim karyeramda imza qoydu. Bundan sonra Ceyhun Əliyevlə “Əmanət” adlı duet ifa etdik. Bu mahnının bizdən öncə türk ifaçıları tərəfindən ifa olunmasına baxmayaraq, mən Ceyhuna “hə” dedim. Mahnı hər ikimizin səsinə uyğun gəlirdi. Elvin Əhmədlə Rüfət Mehman bu mahnıya təmənnasız olaraq klip çəkdilər. Bundan sonra “De, onun adı nədir?” mahnısını ifa etdim. Mənim ən böyük peşmançılığım o oldu ki, bu mahnıya klip çəkdirmədim. Əslində bu mahnının klipə ehtiyacı var idi. Ola bilsin ki, gələcəkdə nə vaxtsa mahnıya klip çəkdirim. Azərbaycanda bir mahnı üç ay yayımlandıqdan sonra dinlənmir. 3 aydan sonra müğənninin yeni bir mahnını ifa etməsinə ehtiyac duyulur. Bu mahnını uzun müddət ifa etdim. Onun üçün yeni bir mahnıya ehtiyac olduğunu düşündüm. Yeni bir mahnı yazdırdım...

- Bildiyimiz qədər, yeni klip çəkdirmisiniz...

- Bəli. “Özüm də sənsən” adlı mahnıma klip çəkdirmişəm. Bu mahnının musiqisi Ceyhun Əliyevin, sözləri Nuriyyə Əhmədovanındır. Həmin klipin rejissoru Nail Naiboğludur. Hər klipimin öz dəsti-xətti var. Ancaq bu klip digərlərindən fərqli olaraq süjet xətti əsasında hazırlanacaq. Hətta klipdə mənim tərəfmüqabilim də var. Klipdə obraza girməyim lazım idi, düşünürəm ki, öhdəsindən gələ bildim. İki gündən sonra klip hazır olacaq. Təqdimatı isə efir vasitəsi ilə edəcəm. Klip montajda olmasına baxmayaraq, ssenarisi hər kəsin marağına səbəb olub.

Səhifəm oğurlanıb

- Qeyd etdiniz ki, bu klipdə aktrisalıq qabiliyyətinizdən istifadə etmisiniz. Müğənnilərin filmlərdə çəkilməsinə necə baxırsınız və sizə belə bir təklif gəlsə, qəbul edərsinizmi?

- Burda pis heç nə yoxdur. Ötən il mən üç sənətlə məşğul idim. Həm müğənnilik edirdim, həm aktrisa kimi fəaliyyət göstərirdim, həm də aparıcılıq edirdim. Kanallarımızın birində maqazin verilişi aparırdım. Daha sonra iki seriala dəvət aldım. “Aramızda qalsın” serialında kiçik bir obraz canlandırdım. “Sirr” serialında isə dramatik obrazda oynadım. Əslində o seriala məni baş rola dəvət etmişdilər. Mənə həvalə olunan həmin o rolda bütün bölümlərdə ən çox görünən obraz idi. Bu təklifi qəbul etsəydim, yaradıcılığımda büdrəmə baş verə bilərdi. Bu təklifin mənim işimi zəiflədəcəyini düşünüb qəbul etmədim. Daha sonra aparıcılığı da dayandırdım. İndi də bir sıra filmlərdən təkliflər gəlir. Ancaq kiçik obrazları oynamağa razılıq verirəm, çünki zamanım yoxdur. Mənim fikrimcə, müğənnilik sənəti tək oxumaqdan ibarət deyil. Müğənninin həm yaxşı aktrisalıq qabiliyyəti, həm düzgün nitqi, həm də səhnə davranışı olmalıdır. Bu da bir neçə sənətin birləşməsi deməkdir.

- Konsert verməyi düşünürsünüzmü?

- Bu gün artıq mən konsert verə bilərəm. Böyük olmayan kiçik konsert salonlarımız var. Ancaq istərdim ki, mahnılarım çox olsun və azuladığım konserti həyata keçirə bilim. Müğənninin ən böyük uğuru odur ki, tamaşaçı sevgisi qazana bilsin. Mən istəmirəm ki, insanlar konsertimə dəvətnamə ilə gəlsin. Konsertlə bağlı böyük ideyalarım var. Qoy bu da bütün tamaşaçılar üçün sürpriz qalsın. Arzumdur ki, ilk konsertim böyük bir zalda həyata keçsin. Bunun üçün də mənə maddi kömək lazımdır. Böyük bir zalda konsert vermək üçün iri şirkətlərin sponsorluğuna ehtiyac var. Bir il ərzində özümü buna tam hazır etdikdən sonra konsert verməyi düşünürəm.

- Sosial şəbəkələrdə aktivsinizmi?

- Əvvəllər Facebook-da daha çox vaxt keçirirdim. Səhifəm xakerlər tərəfindən 4 dəfə oğurlanıb. Adımdan yalançı profillər açıb danışanlar da var. Belə hallar qulağıma tez-tez çatır. İndi özümün bir profilim var, ancaq tanıdığım insanları dostluğa qəbul edirəm. Sosial şəbəkələrə ayıra biləcək elə də çox vaxtım olmur. Bu yaxınlarda öz saytım olacaq, albomumla bərabər onu da tamaşaçılara təqdim edəcəm.

Gözlərim doldu

- Yerli ifaçılarımızdan kimləri dinləyirsiniz?

- Yerli ifaçılarımızın demək olar ki, əksəriyyətinin mahnılarını dinləyirəm. Elə müğənnilər var ki, özlərini insan kimi bəyənmirəm, ancaq elə gözəl mahnı ifa edirlər ki, onu dinləyirəm. Zövqlər müxtəlifdir. Yaxşı ifaların hər birini dinləyirəm.

- Ötən ilin ən yaxşı mahnıları sırasında sizin mahnınız yer almışdı. Eyni zamanda, sizin prodüseriniz də ən yaxşı prodüser adını qazandı. Bundan sonra özünüzdə əminlik yaranmadı ki?

- Ötən il mənə “İlin kəşfi” adlı qrand mükafatı verildi. O zaman mən çox həyəcanlandım. Bu mükafat “Mən sənə inanırdım” mahnısına görə verildi. Bu xəbər mənə çatdırılanda gözlərim doldu. Bu mahnı düşərli oldu, diplom dalınca diplom gəldi. Mükafat müğənnini ruhlandırır. Amma bir var diplomu pulla alırsan, bir də var ki, diplomu əziyyətin bahasına əldə edirsən. O qədər pulla diplom alan müğənnilərimiz var ki…

- Adətən müğənnilər gəlir mənbəyi haqqında danışanda toylara getməyə məcbur olduqlarını bildirirlər. Sizin necə, gəlir mənbəyiniz yalnız toylardır?

- Azərbaycan şou-biznesi elə toy biznesidir desəm, düşünürəm ki, yanılmaram. Mənim qazanc yerim ancaq proqramlar və toylardır. Çünki hazırkı şəraitdə müğənnilərimiz nə albomdan, nə də konsertdən gəlir əldə etmirlər. Əgər albom çıxarsam, onu hər kəs internetdən yükləyib dinləyəcək. Heç kim gedib pul verib sevdiyi ifaçının diskini almır. Albom çıxdıqdan sonra 15-20 nəfərdən artıq heç kim o diski almayacaq. Bunu təkcə mənim deməyimlə heç bir iş düzəlməyəcək. Ona görə də biz toylara getməyə məcbur oluruq. Toylara gözucu baxmaq, toya gedən müğənniləri əskiltmək, ağız əymək lazım deyil. Toyda oxumaq elə də asan deyil. Biz orada tərbiyəsiz bir şey etmirik. Toyda iştirak edənlər ora öz ailəsini gətirir. Toy aparan müğənnilər üçün toy özü bir mini-konsert hesab olunur. Söhbət həqiqi toy aparanlardan gedir. Mən toydan qazandıqlarımı ancaq işimə yatırıram. Klipə, geyimə, mahnılarıma xərcləyirəm.

İşimi ləngitdilər

- Adətən yaşlı nəsil nümayəndələri bu haqda danışarkən söyləyirlər ki, gənc nəsil müğənnilər toylarda özlərinə əziyyət verməyib, fonoqramla oxuyurlar...

- Belə hallarla çox rastlaşmışıq. Məsələn, “Onun adı nədir?” mahnısına kifayət qədər pul xərcləyib aranjeman etmişik. Getdiyim toylarda heç bir musiqiçini tanımıram. Toya gələn hər hansı bir qonaq o mahnını məndən istəsə, mən onu orada necə ifa edə bilərəm? Çünki bilirəm ki, toy çalğıçıları o mahnını həmin səviyyədə ifa edə bilməyəcək. Ona görə də tamaşaçıların zövqünü nəzərə alaraq fonoqramdan istifadə edirik. Olub ki, o mahnını həmin səviyyədə minusla oxumuşam. Yəni aranjeman, fonoqrama gedib canlı ifa ilə oxumuşam. Dinləyicilərə belə daha xoş gəlir. Ancaq xalq mahnılarına müraciət etdikdə, onları canlı ifa edirəm. Bəzi yerlər var ki, biz gənclər fonoqram oxumağa məcburuq ki, mahnılarımız keyfiyyətli səslənsin. Azərbaycanda keyfiyyətli səslənmə demək olar ki, yox vəziyyətindədir.

- Saytların birində keçmiş prodüseriniz haqqında bəzi fikirlər səsləndirmisiniz...

- Adlarını qeyd etmək istəmədiyim insanlar, mən deyərdim ki, “bədxahlar” mən yaradıcılığa yeni başlayarkən, 2010-cu ildə işimi ləngitdilər. Onlar olmasaydı, indi bir sıra nailiyyətlər əldə etmişdim. Hər şey qismətdən asılıdır. Əgər müğənninin ilk mahnısı hit olursa, o müğənninin sonrakı işləri elə də uğurlu alınmır. Müğənnilərin əksəriyyətinə fikir versək, görərik ki, yaradıcılıqlarında yalnız bir mahnı hitə çevrilib. Hansısa bir mahnı ilə yadda qalırlar.

- Özünüzü kaprizli müğənni hesab edirsiniz?

- Çox istəyərdim ki, kaprizli insan olum. Hərdən hansısa bir işimdə kapriz etmək istəyirəm, çünki mən müğənniyəm. Amma həyatda kaprizli insan deyiləm.

- Deyirlər müğənni sevmədən oxuya bilməz. Sizin necə, özəl həyatınızda kimsə varmı?

- Özəl həyatımda heç kim yoxdur. Çox zaman söyləyirlər ki, mahnılarınız sanki kiməsə ithaf olunub. Musiqiçi ailəsində doğulmuşam. Səsimin olması nəsildən və gendən gəlir. Uşaqlıqdan tar, fortepiano səsi eşitmişəm. Çox zaman deyirlər ki, sən bu mahnıları ürəklə oxuyursan, ola bilməz həyatında kimsə olmasın. Həqiqətən həyatımda kimsə yoxdur. Əgər həyatımda kimsə olsa, özüm bunu bəyan edərəm.

Xəyalə Rəismüsahibə"> müsahibə"> müsahibə">