• cümə, 29 Mart, 02:23
  • Baku Bakı 7°C

Orada təcrübə keçən tələbələrə maaş da verilir - Fotolar

04.08.14 10:16 6084
Orada təcrübə keçən tələbələrə maaş da verilir - Fotolar
Artıq 5-ci ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və kommunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı”nı həyata keçirir. İyul ayından etibarən start götürən təcrübə proqramı avqust da daxil olmaqla iki ay davam edəcək. Təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq, onlarla söhbətləşmək məqsədilə ARDNŞ “Azərneftyağ” Neft Emalı Zavoduna yollandıq.
Məlumat üçün bildirək ki, burada tələbələr üçün xüsusi proqram hazırlanıb və hazırda onlar işgüzar qrafikdədirlər. Layihə müddətində tələbələr şirkətin müəssisələrində olmaqla ödənişli iş - təcrübə həyata keçirəcəklər. Üstəlik, hər bir tələbəyə təcrübə rəhbəri də ayrılıb.
“Tələbələrlə əmək müqaviləsi bağlanır”
Zavoda daxil olduqda bizi zavodun kadrlar şöbəsinin rəis müavini Xavər Süleymanova qarşıladı. Təcrübə haqqında məlumat verən müavin bildirdi ki, təcrübəçilərin səmərəli işləmələri üçün zavodda hər şərait yaradılıb: “Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir. Bu proqramda bəzi tələbələr 1 ay, bəziləri isə 2 ay işləmək imkanı əldə edirlər. Bu təcrübənin digərlərindən fərqi odur ki, burada tələbələr üçün əmək kitabçası açılır və əmək müqaviləsi bağlanır”.
Rəis müavini vurğuladı ki, son iki ildir tələbələr ixtisaslarına uyğun adi işçi kimi yox, sırf mütəxəssis kimi işə götürülürlər.
“Təcrübə CV-mi gücləndirəcək”
Vüsal Əsgərov da ARDNŞ-də təcrübə keçən tələbələrdəndir. Vüsal digər təcrübəçilərdən fərqli olaraq nə qurğuda, nə də laboratoriyada çalışır. O, idarənin özündə iqtisadçı kimi təcrübə keçir. Mançestr Universitetinin ikinci kursunda təhsil alan müsahibimiz deyir ki, zavodda nəzəri bilikləri praktikada tətbiq etmək üçün çox gözəl imkan yaradılıb: “Azərbaycanda ən inkişaf etmiş sektorlardan biri də neft sektorudur. Tələbələr üçün belə bir imkanın yaradılması haqqında məlumat alan kimi təcrübə keçmək üçün müraciət etdim. Bəzi bacarıqlar var ki, onlar ancaq iş prosesində öyrədilir. Belə bacarıqların nə universiteti, nə də məktəbi olur. Mən də bu imkandan yararlanmaq istədim”.
Təcrübə müddətində ilk günlər çətinlik çəkdiyini söyləyən təcrübəçi 2 həftədən sonra bu işin öhdəsindən məharətlə gəlib: “Rəqəmlərlə işləmək çox məsuliyyətlidir. İnanıram ki, bu təcrübə analitik qabiliyyətimi inkişaf etdirəcək və CV-mi gücləndirəcək”.
Təcrübəçi, yoxsa əsl işçi

İdarəni gəzdikdən sonra zavodun 7 saylı sahəsinə yollandıq. Tələbələr də işçilərlə birlikdə çiyin-çiyinə çalışdıqları üçün onları işçilərdən fərqləndirməkdə çətinlik çəkdik. Zavodu gəzərkən məlum oldu ki, burada oğlanlar qurğuda, qızlar isə laboratoriyada işləyirlər.
İsti bilmədən qurğuda həvəslə çalışan tələbələrdən Surət Əsgərov Qafqaz Universitetində Kimya mühəndisliyi ixtisası üzrə təhsil aldığını bildirdi. O, 3 saylı sahədə mühəndis kimi təcrübə keçir. Həmsöhbətimizin sözlərinə görə, zavodda onlarla təcrübəçi kimi yox, əsl işçi kimi rəftar edirlər: “İyulun əvvəlindən burada təcrübə keçməyə başlamışam. Bu müddət ərzində ixtisasımla bağlı çox dəyərli məlumatlar öyrənmişəm. Neft emalı prosesinin necə getdiyini, prosesin hansı enerjiylə həyata keçirildiyini və sair biliklərə yiyələnmişəm. Üstəlik, zavodda bizə təcrübəçi kimi yox, əsl işçi kimi yanaşırlar. Hər gün 8-də gəlib 5-də çıxırıq”.
Laborotoriyada təcrübə keçən qızlar da bu cür təcrübənin tez-tez keçirilməsinin tərəfdarıdırlar. Azərbaycan Dövlət Neft Akademiyasının ikinci kurs tələbəsi Çinarə Qəmbərova deyir ki, artıq ikinci ildir ki, burada təcrübə keçir: “Təcrübə haqqında məlumatı ARDNŞ-nin internet saytından aldım. Şərtlərini oxudum və mənə uyğun gəldiyi üçün müraciət etdim. Bu təcrübə bizim peşəkar olmağımızda, karyera pillələrində irəliləməyimizə çox kömək edir. Neftlə bağlı proseslər, qurğular haqqında ətraflı məlumatı buradan əldə edirəm. Belə layihələrin davamlı olmasını arzulayıram”.
Çinarə gələcəkdə Dövlət Neft Şirkətində çalışmağı qarşısına məqsəd qoyub.
Proqramın ən yaxşı tərəfi nədir?
Bakı Dövlət Universitetinin tələbəsi Lalə Həbibova deyir ki, proqramın həvəsləndirici tərəfi tələbələrə də işmi kimi əmək haqqının verilməsidir: “Kimyaçı mühəndis olduğum üçün burada əsasən analizlərə baxıram. Biz heç yerdə çalışmadığımız üçün bu təcrübə bizə həm də işə düzəlmək imkanı yaradır. Proqramın tələbə üçün daha bir sevindirici tərəfi odur ki, çalışdığımız müddətdə əmək haqqı alırıq. Onu da deyim ki, məvacibimiz kifayət qədər yaxşıdır. Belə təcrübələr daha maraqlı olur. Burada bizə ixtisasımızı daha dərindən öyrənmək üçün şərait yaradanlara təşəkkür edirəm”.
Təcrübə rəhbəri Rəqsanə İsmayılova Lalədən və digər tələbələrdən razı olduğunu söylədi. Onun sözlərinə görə, buraya gələn tələbələr savadlı, həm də işə həvəslidirlər.
Təcrübə rəhbəri ilə birlikdə laboratoriyada analizləri müzakirə edən Mətanət İbadova zavodun 13 saylı sahəsində kimyaçı kimi təcrübə keçir. Mətanət deyir ki, buranın iş prinsipi və metodu onun ürəyincədir və biliyinin üzərinə yenilərini də əlavə etmək imkanı əldə edir.
Tələbələrlə söhbətləşdikdən sonra nahar fasiləsi olduğu üçün onlarıa sağollaşıb zavodu tərk edirik.
Qeyd edək ki, elan olunmuş müsabiqəyə ölkə daxilində və xaricdə 58 ali məktəbdə təhsil alan 1097 tələbə müraciət etsə də, 32 ali məktəb üzrə 209 tələbə yay təcrübəsinə qəbul edilib.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər