AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Orada 2 manatdan baha yemək yoxdur – Tələbə həyatı - Fotolar

Orada 2 manatdan baha yemək yoxdur – Tələbə həyatı - Fotolar

Gənclik qəzeti
12 Mart 2014, 08:15 3964
Tələbəlik insan ömrünün ən gözəl illərindən sayılır. Bu illərin ən yadda qalan anları isə universitet yeməkxanalarında keçir. Çünki, yeməkxanalar tələbələrin sirlərini bölüşdüyü, imtahan, fənlər, müəllimlər haqqında qızğın müzakirələrin getdiyi məkanlardandır. Tənəffüs zamanı və ya boş vaxtlarında tələbələr kimi tək, kimisi də öz dostları, qrup yoldaşları ilə birlikdə yolunu universitetin yeməkxanasından salırlar. Biz də tələbələrlə söhbətləşmək, onların məşğuliyyətləri ilə maraqlanmaq və tələbəlik illərinin yeməkxana sərgüzəştləri ilə tanış olmaq üçün Azərbaycan Müəllimlər İnstitutuna yollanırıq.

Adətən universitet bufeti, yeməkxanası deyəndə təsəvvürümüzdə peraşki, dönər, çay və müxtəlif şirniyyatlar satılan kiçik məkanlar canlanır. Müəllimlər İnstitutunun yeməkxanası isə görünüşünə və yeməklərinə görə, şəhərdə fəaliyyət göstərən kafelərdən fərqlənmir. Müşahidələrimiz zamanı məlum oldu ki, bufetdə əsasən ev yeməklərinə üstünlük verilir. Tələbələrin ürəyindən keçən hər təamı institutun bufetdə tapmaq mümkündür: müxtəlif növ balıq qızartması, mal ətindən qulyaş, buğlama, kotlet, bulqur kababı, borş, mərci, düyü və lobya şorbası, paytaxt, mimoza və s. salatlar, müxtəlif növ içkilər, dovğa, kampot və s.

Yeməkxananın ən sevilən yeməyi – borş

Yeməkxanada çalışan satıcı Cavanşir Kərimov deyir ki, yeməkxananın menyusu müəllim və tələbələrin daha çox üstünlük verdikləri yeməklərdən ibarətdir. Onun sözlərinə görə, menyu hər dəfə dəyişsə də, suplardan borş heç zaman əskik olmur: “Saat 9-dan 3-ə qədər gördüyünüz ləziz yeməklərin hamısı tələbə və müəllimlər tərəfindən alınır. Xüsusilə qış aylarında borşa tələbat çox olur. Tələbə və müəllim heyətimiz borşu çox sevdikləri üçün menyumuzda dəyişməyən tək yemək borşdur. Ümumilikdə günlük menyuya isə 2-3 cür birinci və 8-10 çeşiddən çox ikinci yeməklər əlavə olunur. Tələbələrimiz yeməklərimizi çox bəyənirlər. Bütün yeməklərimiz təmiz yağla bişirilir. Bir ildən çox fəaliyyət göstərməyimizə baxmayaraq, hələ heç bir tələbə və müəllim bizim yeməklərimizdən şikayət etməyib”. Yeməklərin qiymətinə gəldikdə isə, satıcı deyir ki, yeməklər münasib qiymətə verilir: “Burada 2 manatdan baha yemək yoxdur. Sulu yeməklər 1 manat 20 qəpik, quru yeməklər isə 2 manata verilir. Tələbə maksimum 3 manata salat və yanında istədiyi su ilə birlikdə yemək yeyə bilər. Yeməkxanada 1çaynik çayın qiyməti isə 40 qəpikdir”.

Yeməkxananın nisyə dəftəri

Söhbət əsnasında məlum oldu ki, sən demə, bu yeməkxanada nisyə dəftəri də var imiş. Belə ki, bəzi tələbələr pulu olmadığı halda, bu ləziz yeməklərdən dadıb, tələbə təqaüdünü aldıqdan sonra borclarını ödəyə bilərlər: “Bəzən olur ki, tələbələrin yemək almağa pulları çatmır və ya ümumiyyətlə, pulları olmur. Biz elə tələbələrə şərait yaradırıq ki, yeməklərini rahat alıb yesinlər. Bəziləri yeməyin pulunu səhəri gün, bəziləri isə təqaüdünü alanda ödəyirlər”.

Dadlı dovğanın məkanı

Satıcı ilə maraqlı söhbət edərkən zəngin sədaları eşidilməyə başlayır. Bir dəqiqə içərisində yeməkxana tələbə və müəllimlərlə dolur. Hər kəs sıra ilə yeməklərini alıb tənəffüs bitənədək yeməyə çalışırlar. Həmçinin yemək yeyə-yeyə kimi öz qrup yoldaşları ilə dərslərini müzakirə edir, kimi dostlarıyla deyib gülürlər. Tələbələrə nəzər salarkən diqqətimizi dovğa alıb yerinə əyləşən xanım çəkir. Fikirlərini öyrənmək üçün ona yaxınlaşırıq. 2-ci kurs tələbəsi olan Nərmin Allahverdiyeva deyir ki, 90 dəqiqəlik dərs stressindən sonra ən yaxşı istirahət edə biləcəyi yer yeməkxanadır: “Yeməkxanasız universiteti təsəvvür belə etmək istəmirəm. Çünki bura universitet daxilində bizim ən çox sevdiyimiz yerdir. Tələbə yoldaşlarımızla birlikdə ən yaxşı vaxtlarımızı burada keçiririk”. Yeməklərin necə olmasına gəldikdə isə Nərmin deyir, bəlkə də ən gözəl dovğa onların universitetinin yeməkxanasında bişirilir: “Ümumiyyətlə, buranın yeməklərini çox sevirik. Xüsusilə belə dovğanın dadını hələ heç yerdə dadmamışam. Mən bu yeməkxanaya əsasən dovğa içmək üçün gəlirəm”.

Universitetin ən şirin yeri

Tələbələrlə söhbətimiz zamanı məlum olur ki, universitet rəhbərliyi tərəfindən onlar üçün burada hər hansı bayram, ad günlərini keçirməyə imkan yaradılır.

Həmsöhbətimiz Dürdanə Heydərova da ad gününü burada qeyd edib: “İnstitutumuzun yeməkxanası mənim üçün doğma, şirindir. Buranı çox sevirəm. Dərsdə o qədər otururuq ki, bəzən başımız ağrıyır. Zəng vurulan kimi bütün tələbələr kimi biz də bura qaçırıq. Hətta mən öz doğum günümü də tələbə yoldaşlarımla burada qeyd etmişəm. Hələ ikinci kursda oxumağıma baxmayaraq çox maraqlı günlərimiz olub. Ona görə bura mənim üçün universitetin ən doğma, şirin yeridir”.

İstədiyimizi sifariş veririk

Yoldaşları ilə birlikdə zəng vurulana qədər yeməyini bitirməyə çalışan tələbələrə yaxınlaşırıq. Psixologiya fakültəsinin birinci kurs tələbəsi Anar Hacıyev həm qarşısındakı kitabı vərəqləyir, həm də tez-tez, iştahla yeməyini yeyirdi. Anar deyir ki, yeməkxananın yeməklərini çox sevir: “Buranın yeməkləri ev yeməklərindən fərqlənmir. Nə istəyirik, sifariş veririk, səhəri gün o yeməkləri bizə bişirirlər. Xidmət isə yüksək səviyyədədir. Bizim yoldaşlarımızla birlikdə burada ən çox yediyimiz yemək qovurmadır. Üstəlik, qiymətlər də cibimizə uyğundur. Burada özümüzü evimizdəki kimi hiss edirik”. Anarla birlikdə çay içən qrup yoldaşı isə yeməkxananı universitetin gözü adlandırır və deyir ki, dərsdə səbirsizliklə yeməkxanaya gəlmək üçün zəngin vurulmasını gözləyirlər: “Yeməkxanamıza universitet uşaqları ilə olduqca isti münasibətlər qururuq. 90 dəqiqə dərs insanı sıxır. 5 dəqiqə də olsa başımızın açılmağına ehtiyac olur. O ehtiyacımızı isə bu bufetdə ödəyirik”.

Tələbələrlə söhbətimizdən məlum oldu ki, universitetin rektoru, prorektorları, dekanları da tələbələrlə birlikdə bu yeməkxananın yeməklərini yeyirlər.

Aygün ƏzizTələbə həyatı - Fotolar"> Tələbə həyatı - Fotolar"> Tələbə həyatı - Fotolar"> Tələbə həyatı - Fotolar"> Tələbə həyatı - Fotolar"> Tələbə həyatı - Fotolar"> Tələbə həyatı - Fotolar">