• cümə, 29 Mart, 02:51
  • Baku Bakı 7°C

OPEC ölkələri bazara daimi nəzarət etməlidir

03.07.19 10:00 2549
OPEC ölkələri bazara daimi nəzarət etməlidir
OPEC-in Vyanadakı görüşü ərəfəsində 6-9 ay ərzində neft hasilatının ixtisarını davam etdirmək barədə Səudiyyə Ərəbistanı, Rusiya və İraq razılığa gəldikdən sonra neftin qiyməti dünya bazarında 3-4 faiz yüksəlib. "Brent” markalı neftin fyuçersləri 2,93 faiz yüksələrək, bir barelə görə 66,64 dollara qalxıb. WTI markalı Amerika neftinin fyuçersləri isə 2,96 faiz qalxıb və qiymət bir barelə görə 60,20 dollara çatıb. Bunlar son beş həftə ərzində ən yüksək göstəricilərdir.

Neft ixrac edən ölkələr təşkilatı (OPEC) və onun müttəfiqləri, belə görünür ki, 2019-cu ilin sonuna kimi neft istehsalının ixtisarını davam etdirmək niyyətindədirlər. Dünən aparıcı neft istehsalçıları qiymətin qalxmasına yönəlmiş siyasəti bəyəndiklərini bildiriblər. OPEC, Rusiya və digər istehsalçılar bu günlərdə görüşlər keçirərək, istehsalın azalmasını müzakirə edəcəklər. Sözügedən qrup 2017-ci ildən başlayaraq, dünya iqtisadiyyatının zəifləməsi və ABŞ-da istehsal həcmlərinin artması fonunda qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün neft hasilatını azaldır. Rusiya prezidenti Vladimir Putin dünən bəyan edib ki, o, Səudiyyə Ərəbistanı ilə 6-9 aylıq mövcud hasilat səviyyəsini sutkada 1,2 milyon barel ixtisar etmək barədə razılığa gəlib. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, sövdələşmə, çox güman ki, 9 ay müddətinə uzadılacaq və daha iri həcmdə ixtisara ehtiyac yoxdur. Qeyd edək ki, ABŞ-da neft hasilatı aprel ayında sutkalıq rekord həcmə - 12,16 milyon barelə çatıb.

Bəs görəsən bu qərar neft bazarına necə təsir edəcək?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev söylədi ki, qarşıdakı aylar ərzində bazarlar ciddi analiz edilməlidir: "OPEC-in Vyana toplantısı zamanı bir neçə məsələ müzakirə olundu və bəzi qərarlar qəbul edildi. Qlobal neft bazarında OPEC və Vyana sazişinin iştirakçısı olan dövlətlərin intervensiyasına böyük ehtiyac var. Çünki hal-hazırda bazarda ağırlıq mərkəzi itib. 2016-cı ildən bu günə kimi balansı bərpa etmək mümkün olmayıb. Digər bir məsələ isə neftin qiymətini son dövrlərdə təhdid altına alan amillərin olmasıdır. Dünyanın iki iqtisadi gücü – ABŞ və Çin arasındakı ticarət və tarif qarşıdurması və bunun fonunda ÜDM-in artım tempinin yavaşlaması neftə olan tələbatı aşağı salır. Beləliklə, rezervə alınan neft ehtiyatlarının həcmi durmadan artır. Buna görə də OPEC+ ölkələrinin Vyana sazişinin müddətini 9 ay müddətinə uzatması başadüşüləndir. Ümumiyyətlə, məncə, bu qərar mütləq şəkildə qəbul edilməli idi. Əgər tərəflər neft bazarında tarazlığın bərpa olunmasını istəyirlərsə, mütləq ağır və yüngül neft balansı qorunmalıdır. Eyni zamanda, rezervə alınan kommersiya təyinatlı neft ehtiyatları minimuma endirilməli, dünyanın bütün enerji bazarlarında neft məhsullarının həcmləri normaya uyğunlaşdırılmalıdır. Hələlik OPEC və OPEC+ ölkələri 2016-cı ildə qarşıya qoyulan bütün öhdəliklərə tam nail ola bilməyiblər. ABŞ-da şist neft hasilatı durmadan artır. Təkcə Avropa Birliyinə daxil olan ölkələrdə rezervə alınan kommersiya təyinatlı neft ehtiyatları 1 milyard bareldən çoxdur. Ona görə də belə bir qərarın qəbul edilməsi vacib idi. ABŞ şist neft hasilatını hələ 2030-cu ilə qədər artım tempi ilə davam etdirəcək. Bu isə o deməkdir ki, OPEC ölkələri 10 il bazara daimi nəzarət etməlidir. Hal-hazırda qlobal neft bazarlarının tənzimlənməsi baxımından iki yanaşma irəli sürülür. İlk növbədə Vyana sazişinin iştirakçıları bazarın tənzimlənməsində tələb və təklif prinsipini əsas götürürlər. İkinci növbədə isə ABŞ əsas faktor kimi rol oynayır. Bunun fonunda isə iki fərqli ağırlıq mərkəzi yaranır. Ona görə də qarşıdakı aylarda bazarlar ciddi analiz edilməlidir. Hazırda bazarlarda ixrac həcmləri ilə hasilat həcmlərinin dəqiq statistikasını aparmaq mümkün deyil. Yəni, OPEC üzvləri və OPEC-dən kənar ölkələrin əksəriyyəti bəzən sazişin şərtlərinə əməl etmirlər. Hasilat və ixrac həcmləri düzgün şəkildə nizamlanarsa, neftin qiyməti sabitləşər. Burada söhbət neftin qiymətinin artmasından getmir. Qiymətlərdəki artımlar süni artımlardır. Bu, birbaşa olaraq qəbul edilən bir qərarla bağlı olan artımdır. Burada fundamental səbəb axtarmaq düzgün deyil. Qiymət dalğalanmaları istehsalçı və istehlakçı dövlətlərin maraqlarına uyğun deyil”.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabanqeyd etdi ki, toplantıya qədər İran faktorundan qaynaqlanan bir narahatlıq var idi: "Həmçinin dünyada gedən iqtisadi proseslər də müəyyən şübhələr yaradırdı. Dünya iqtisadiyyatının inkişaf tempində düşmə meylləri müşahidə olunur. Enerjiyə tələbatın azalmasından sonra ilin ikinci yarısından etibarən qiymətlərin aşağı düşməsinə dair proqnozlar səsləndi. Belə bir şəraitdə bazar iştirakçıları müəyyən narahatlıq keçirir. İyun ayı ərzində neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması haqqında yekdil fikir yox idi. Amma elə oldu ki, məsələlərin çözümü bir-birinin ardınca gəldi. Əvvəlcə böyük 20-liyin zirvə toplantısında ABŞ-la Çin liderlərinin görüşündən sonra müsbət təzahürlər ortaya çıxdı. Donald Tramp müsbət siqnallar verdi və növbəti görüş üçün zəmin yarandığını bildirdi. Uzun müddətidir ki, davam edən ticarət müharibəsindəki gərginlik müəyyən yumşalmalara və ölkələr arasındakı əlaqələrin əvvəlki kimi artımına doğru meyl göstərir. Bu da iqtisadiyyatın inkişafına əlavə stimuldur ki, bu stimul enerjiyə olan tələbatı artırır. Bundan sonra Rusiya və Səudiyyə Ərəbistanı liderləri ilin sonuna qədər hasilatın azaldılması ilə bağlı müsbət qərarı açıqladılar. Müəyyən faktorlarla əlaqədar olaraq Rusiya prezidenti Vladimir Putin bu qərarı 9 ay müddətinə uzatmağın mümkün olduğunu söylədi. Vyanada keçirilən görüş bütövlükdə müsbət nəticələrlə yadda qaldı. Düşünürəm ki, ilin ikinci yarısında proqnozların əksinə olaraq, neftin qiyməti 60-65 dollar dəhlizində qərarlaşacaq. Bu rəqəm alıcıların və istehsalçıların maraqlarına uyğun gələn bir dəhlizdir”.


İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, bazarda təklif tələbi üstələyir: "Bu da o deməkdir ki, neftin qiyməti təkcə iqtisadi səbəblərdən yüksəlmir. Neftin bazar qiymətinə müxtəlif siyasi amillər də öz təsirini göstərir. Hətta siyasi amillər iqtisadi səbəbləri üstələyir. Bir müddət qiymətlər 60, hətta 70 dolları keçdi. Yaxın müddət üçün proqnozlar göstərir ki, mövcud vəziyyət qalmaqda davam edəcək. Hətta qaynar siyasi proseslər qiymətləri uzun müddət öz təsiri altında saxlayacaq. Belə olan təqdirdə isə qiymətlər 60 dollardan baha olacaq. Gələn il üçün indidən proqnoz vermək bir qədər çətindir. Real mənzərə onu deməyə əsas verir ki, hələ xeyli müddət siyasi səbəblər iqtisadi amilləri üstələyəcək. Ona görə də qiymətlər bir müddət 60 dollardan yuxarı olacaq”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər