• cümə, 26 Aprel, 03:04
  • Baku Bakı 16°C

OPEC-in son qərarı icra olunurmu?

10.01.17 10:30 1138
OPEC-in son qərarı icra olunurmu?
Dünya bazarında neftin qiymətləri yenə dəyişməkdədir. Yanvar ayının ilk günlərində qiymətlərdəki ucuzlaşmanın OPEC ölkələrinin hasilatın müəyyən olunmuş səviyyədə dondurulması ilə bağlı qərara əməl edəcəklərinə şübhələrin artması ilə bağlı olduğu bildirlirdi. Lakin ötən həftənin sonundan başlayaraq neftin yenidən bahalaşması davam edir.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,86% artaraq 54,22 dollar təşkil edib.ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,5 dollar və ya 0,88% artaraq 57,39 dollar olub. Həftə ərzində WTI markalı neft 0,9%, Brent markalı neft isə 1% bahalaşıb.Açıqlanan statistikaya əsasən, ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları 7,05 mln. barrel azalıb. Ekspertlər isə ehtiyatların 2 mln. barrel azalacağını proqnozlaşdırıb. Bununla yanaşı, Səudiyyə Ərəbistanı OPEC ölkələri arasında əldə olunan razılaşmaya uyğun olaraq sutkalıq hasilatı 486 min barrel azaldıb. Bununla da Səudiyyə Ərəbistanı sutkalıq hasilatını 10,058 mln. barrelə çatdırıb.

Bəs görəsən, OPEC ölkələri Vyana Konqresində əldə etdikləri razılığa nə dərəcədə əməl edirlər? Neftin qiymətlərində yenidən ucuzlaşma ola bilərmi? Tərəflər nə etməlidirlər ki, çətinliklə əldə olunan bu razılıq qüvvədə qalsın? Elə bu suallarla da iqtisadçı-ekspertlərə müraciət etdik. Onlar bu haqda maraqlı məqamları qeyd etdilər.
İq­ti­sa­diy­yat Na­zir­li­yi İq­ti­sa­di İs­la­hat­lar El­mi-Təd­qi­qat İnsti­tu­tu­nun apa­rı­cı el­mi iş­çi­si Pər­viz Hey­də­rovqəzetimizə açıqlamasında bildirdi ki, hasilatçı ölkələr qiymətlərin nizama düşməsində maraqlıdırlar: "Cari il yeni başlayıb. Yanvarın 1-dən qeyri-OPEC ölkələri də məlum qərarın icrasına qoşulublar. Neftin dünya bazar qiymətlərinin nizama düşməsində bütün hasilatçı ölkələr maraqlı görünürlər. Odur ki, OPEC-in hasilatın azaldılması barədə qərarının icrasında problemlər yaranacağını hələ ki gözləmirəm”.

P.Heydərov qiymətlərin tez-tez dəyişməsi məsələsinə də aydınlıq gətirdi: "O ki qaldı qiymətlərin arabir yenə düşməyə meyil etməsinə, bu haqda dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, bazarda təklif tələbdən genişdir. Amma bu tendensiyanın aradan qalxacağı hələ ki real deyil. Digər tərəfdən, ABŞ dolları dünya valyutalarına görə möhkəmdir və möhkəmlənməkdə də davam edir. Dollar indiki kimi möhkəm olmasa idi, OPEC-in sözügedən qərarına görə, neft indi əslində 60 dolları çoxdan keçmişdi. Yaxın müddətdə isə ABŞ bazara əlavə neft çıxara bilər. Bu da təklifi bir az da genişləndirmiş olacaq. Odur ki, qiymətlərin sürətlə yüksələcəyini gözləmək lazım deyil”.
Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəriİlham Şaban bildirdi ki, tərəflər hələ ki razılşmaya əməl edirlər: "Ötən həftənin cümə gününə qədər OPEC-in üç ölkəsi - Küveyt, Səudiyyə Ərəbistanı və İraq OPEC-in Vyana konqresində qəbul edilən qərarların icrasına başlanılması haqqında rəsmən elan verib. Bu barədə hətta The Wall Street Journal qəzeti də Səudiyyədəki mənbələrinə istinadən yazmışdı verib ki, Səudiyyə Ərəbistanı artıq dekabr ayından neft hasilatını azaltmağa başlayıb və yanvarın ayının 4-nə qədər neft hasilatını 450 min barrelə kimi endirəcək. Bu, faktiki olaraq Səudiyyənin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi deməkdir. Bundan əlavə, Küveyt birinci rüb ərzində neft hasilatının 131 min barel azaldıldılacağını bildirib. Həmçinin İraq hökuməti, rəsmi Bağdad 2017-ci il yanvarın 1-dən hasilatın azaldılmasını elan edib”.
Ekspert bildirdi ki, bu proses tədricən həyata keçiriləcək: "Digər tərəfdən, bu gün əldə etdiyim informasiyaya görə, Qazaxıstan da rəsmi olaraq hasilatın 20 min barelədək azaldılmasına dair qərarın hökumət səviyyəsində icrasına və mexanizmlərinin tətbiqinə artıq başladıqlarını elan edib. Rusiyanın dövlət neft şirkəti olan Rostneftin hasilatın cari ay ərzində azaldılması haqqında mexanizmin tətbiqinə dair məlumatlar qeyd olunsa da, amma real olaraq bunun tətbiq olunması haqqında hələ bir şey yoxdur. Əslində burada söhbət yanvar ayı ərzində hansı tərəfin hasilatı nə qədər azaltması mexanizminin icrasından getmir. Bu heç də önəmli bir məsələ olmayacaq. Əsas məsələ cari il fevralın 10-11-də OPEC-in özünün yanvar ayı ilə bağlı açıqlayacağı hesabatı ilə əlaqədar olacaq. Bu hesabatda göstəriləcək ki, məhz yanvar ayında vəziyyət necə olub. Yəni, burada OPEC ölkələri üzrə hasilatın vəziyyəti nəzərdə tutulur. Bazar iştirakçıları məhz bu hesabata uyğun olaraq ya pozitiv, ya da neqativ reaksiya verəcək”.

İ.Şaban bildirdi ki, Vyana sazişini poza da bilərlər: "Keçən həftə neftin qiyməti 58 dolları ötdü və sonradan korrektə edilərək yenidən aşağı endi. Qeyd edim ki, Küveytin də Dövlət Neft Şirkətinin rəhbəri açıqlama verərək bildirdi ki, onlar artıq hasilatın kvotalara uyğun olaraq azaldılmasına başlayıblar. Əslində belə xəbərlər bazara müsbət təsir bağışlayır və bu xəbərlərə uyğun olaraq reaksiya verir. Ancaq bazar belə bir şeyin fonunda uzun müddət dayana bilməz. Çünki neft hər an qiyməti dəyişə bilən bir xammaldır. Vyana konqresində qəbul edilən razılaşmasının pozulması məsələsinə gəldikdə isə, hesab edirəm ki, bu mümkündür. Lakin qeyd etdiyim kimi, fevral ayında OPEC-in ictimaiyyətə açıqlayacağı ilk hesabatın çox böyük önəmi olacaq. Bu hesabatdan bilinəcək ki, OPEC ölkələri özlərinin sonuncu konfransında qəbul etdikləri qərara nə dərəcədə sadiqdirlər”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər