• cümə, 26 Aprel, 02:32
  • Baku Bakı 16°C

“Onların maaşı qazandıqları bacarıqlardır” – Müsahibə

29.12.14 10:05 18773
“Onların maaşı qazandıqları bacarıqlardır” – Müsahibə
ASAN xidmət mərkəzlərinin insanların işlərini asanlaşdıraraq qısa müddət ərzində xalqın rəğbətini qazanması sirr deyil. Burada hər kəs gülər üzlə qarşılanır, problemləri minimum zaman ərzində həll olunur və elə gülərüzlə də yola salınır. Bütün bunlarla yanaşı, bu mərkəzlər gənclərə göstərdiyi xüsusi qayğı ilə də daim diqqət mərkəzindədir. Sözügedən qurum gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, sosiallaşması, təcrübə toplaması üçün könüllülərlə sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, “ASAN xidmət” mərkəzi “Könüllü fəaliyyət haqqında” qanunu ilk tətbiq edən dövlət orqanıdır. Hətta burada könüllü gənclər təşkilatlanaraq ASAN Könüllüləri Gənclər Təşkilatını yaradıblar. Biz də qurumun fəaliyyəti, gənc könüllülərin iş prinsipləri ilə tanış olmaq üçün təşkilatın 19 yaşlı sədri Fərid Sadıxlı ilə söhbətləşdik.
“Maaş almadan canla-başla işləyirik”
Fərid deyir ki, bu təşkilat gənc olmasına baxmayaraq, mühüm layihələrə imza atıb. Onun sözlərinə görə, burada gənclər heç bir maddiyat güdmədən çalışır, Azərbaycan cəmiyyətinə az da olsa, töhfə vermək üçün əllərindən gələni edirlər: “İlk layihəmiz keçən il noyabrın 9-da Bayraq Günü ilə bağlı idi. Həmin gün 100-ə yaxın könüllü küçəyə çıxıb bayrağın tarixi ilə bağlı məlumatlandırıcı bukletlər payladı və bayraqlarla bayraq yürüşünü təşkil etdilər. Bu aksiyanı biz hər il edirik. Bu il isə sayımız artaraq 500 nəfərə çatdı. Aksiyaya yalnız Bakıdakı gənclər deyil, Sumqayıt, Gəncə və Sabirabad gəncləri də qoşuldular. Fəaliyyət nə qədər geniş olsa, bir o qədər yaxşı nəticə verir. Bir il ərzində 1730 gənc bizim layihələrimizdə iştirak edib. Üstəlik, mən də daxil olmaqla, hamımız tələbəyik və könüllük prinsipləri ilə işləyirik. Burada heç bir könüllü bir qəpik belə maaş almır, amma canla-başla çalışır. Hamımız dərsdən gəlib üzərimizə düşən vəzifəni yerinə yetiririk”.
Gənclər strategiyanı dəyişdi
ASAN Gənclər Təşkilatının birinci forumu Sabiradda keçirildi. Üstəlik, forumu Prezident İlham Əliyev öz nitqi ilə açıb. Prezidentin könüllülərə dəstəyi onların məsuliyyətini daha da artırıb: “Forumun məqsədi ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətində dövlət qayğısının nümayiş etdirilməsi, “ASAN xidmət” mərkəzlərində çalışan könüllülər üçün tətbiq olunan yeniliklərin müzakirəsi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin gələcək fəaliyyəti üçün rəy və təkliflərin formalaşdırılması idi. Forum bütün ASAN könüllülərini bir araya yığdı və təşkilatın mövcud fəaliyyət strategiyasına hər könüllünün öz əlavəetmə şansı yaradıldı. Burada hər mərkəzin könüllüləri öz qətnamələrini irəli sürmüşdülər. Prezidentin foruma gəlməyi isə bizim məsuliyyətimizi yüksəltdi. Onun forumda iştirak etməsi bizə ayırdığı diqqətin göstəricisi idi. Forumda ümumilikdə 310 gənc iştirak etdi və finalda qətnamələrin bəziləri qəbul olundu. Bizim üçün sevindirici idi ki, sonda vahid bir qətnamə verildi ki, könüllülərin fikri ilə mövcud olan strategiyaya gələn il əlavələr edilsin”.
“Könüllülər qurumu tərk etmək istəmir”
Könüllük prinsipi haqqında məlumat verən həmsöhbətimiz deyir ki, könüllü heç bir maraq güdmədən və qarşılıq gözləmədən hər hansı fəaliyyəti sevə-sevə həyata keçirməlidir: “Son illərdə könüllülük ölkəmizdə instituta çevrilib. Artıq bizdə də könüllü mədəniyyəti yaranıb. Eurovision müsabiqəsindən öncə ölkəmizdə könüllülük anlayışı çox da geniş yayılmamışdı və pulsuz çalışmaq hamıya gülünc gəlirdi. Amma bu gün kiməsə desəniz ki, mənim dostum könüllüdür, heç kim təəccüblənməyəcək. Könüllülük, fikrimcə, cəmiyyətə qayğı deməkdir. İnsan başa düşür ki, o da bu cəmiyyətə mənsubdur. İkinci növbədə, ASAN xidmətdə könüllüsənsə, burada əsas dəyər dövlətçilikdir. Burada gənclər dəstəklərini dövlətdən əsirgəmirlər. Bu mərkəzlərdə 2500 gənc bir milyondan çox vətəndaşa xidmət edir”.
Hər bir gəncin könüllü kimi çalışmasının tərəfdarı olan Fərid deyir ki, könüllü işləyən gənc maddi baxımdan təmin edilməsə də, xeyli bacarıqlar qazanır və cəmiyyətdə özünü təsdiq edir: “Hazırda mərkəzlərimizdə 500-ə yaxın könüllü var. Cari könüllülər isə 2500-dür. Hər bir könüllüyə 2 ay vaxt ayrılır. Bundan öncə limit yox idi, kim nə qədər istəyirdisə, könüllü kimi fəaliyyət göstərə bilərdi. Bizim problemimiz onda idi ki, burada yaradılan gözəl mühitə görə, heç kim ASAN xidməti tərk etmək itəmirdi. 11 minə yaxın müraciət olduğu üçün məcbur olub limit qoyurduq. Burada gənclər maddi baxımdan gəlir əldə etməsələr də, ona real həyatda lazım olan xeyri bacarıqlarla çıxırlar. Təsəvvür edin, gənc məktəbdən çıxır, sonra universitetə daxil olur. O, hələ də nəzəri biliklərin əhatəsindədir. Könüllülük bir növ onun bacarıqlarının əldə edilməsinə kömək edir və o, artıq gənc yaşlarında özünü cəmiyyətin bir hissəsi kimi hiss edir. İnsan yaşadığı ölkəyə, cəmiyyətə biganə olmamalıdır. Hər kəs bu cəmiyyət üçün öz daşını qoymalıdır. Bu da könüllükdən başlayır”.
“Könüllünün düşüncəsi sağlam olmalıdır”
Regionlara gəldikdə, müsahibimiz vurğuladı ki, region gəncləri könüllük məsələlərində heç də paytaxt gənclərindən geri qalmır: “Regionlarda könüllüyə çox böyük maraq var. Hətta deyərdim ki, Gəncənin könüllüləri heç də Bakının könüllülərindən fərqli deyil, hətta onlardan daha fəaldırlar”.
Könüllü seçilərkən diqqət edilən kriteriyalara gəldikdə isə, təşkilat sədrinin sözlərinə görə, burada əsas kriteriya sağlam düşüncəli insanın olmasıdır: “Düzdür, onun təhsil səviyyəsi, intellektual bacarıqları önəmlidir. Amma könüllünün şəxsi keyfiyyətləri, ünsiyyət bacarıqlarının olması daha vacibdir. Çünki könüllü hər gün 500-ə yaxın vətəndaşla qarşılaşır, hər vətəndaş da ayrı xarakterdə olur. O, psixoloq olmalıdır ki, insanlarla düzgün ünsiyyət qura bilsin. Könüllünün şəxsi keyfiyyəti, düşüncəsi sağlam olmalıdır”.
Fərid deyir ki, Azərbaycan gəncliyinin əsas problemi öz bacarıqlarına bələd olmamalarıdır: “Gənclərə demək istərdim ki, əgər nəyi isə tutmusunuzsa, heç vaxt buraxmayın. Alınmasa da, axıra qədər getmək lazımdır. Ən pis halda biləcəksiniz ki, bu iş sizlik deyildi, əlinizdən gələni etdiniz, qalan artıq fələyin işidir. Düşünürəm ki, həyatda uğur formulası deyilən bir şey yoxdur. Uğurun ən əsas komponenti insanın özünü tanımasıdır. O, daima özünü təhlil etməlidir. Məsələn, biz müsahibələr edəndə onun şahidi oluruq ki, gənclər bəzən özlərini tanımırlar. Buna görə onlar daima öz üzərində eksperiment etməlidirlər. Gənc olanda nə qədər istəsən, səhv etmək imkanı var. Gənckən etdiyin səhv qəbahət deyil. Buna görə maksimum özünüzü tanımağa çalışın”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər