• cümə axşamı, 25 aprel, 08:58
  • Baku Bakı 14°C

Onların arasında “Çin səddi” yox idi

28.03.17 13:00 2105
Onların arasında “Çin səddi” yox idi
Bütün arxiv sənədləri və yaşanan hadisələr sübut edir ki, sovet cəmiyyəti yarandığı gündən antimilli xarakter daşıyıb və bütün siyasətini xalqın millət kimi formalaşmasının əleyhinə yönəldib. Çox təəssüflər ki, bu siyasətin təbliğində öz milli kadrlarımızın da böyük rolu olub. Məsələn, sovet dövründə romantiklərə və realistlərə olan münasibət bir daha buna sübutdur.
Məgər Qarabağ müsəlmanlarını tanımırsan?
Uzun illərdən sonra zaman bir daha sübut etdi ki, "Füyuzat”çılarla "Molla Nəsrəddin”çilər arasında heç bir "Çin səddi” yox idi. Lakin siyasi rejimə görə bu "Çin səddi”nin olmas vacib idi və bunu sovet tədqiqatçılarından Məmməd Cəfərdən tutmuş Cəfər Xəndana kimi hamısı hakim partiyaya xoş gəlmək üçün əsaslandırmağa çalışıblar.
"Molla Nəsrədin” və "Füyuzat” ədəbi məktəbinin yaranması Azərbaycanda romantizm və realizm ədəbi məktəbinə mənsub jurnalist, publisist, bir sözlə, istedadlı qələm sahibləri yetişməsinə səbəb oldu. Onların sayəsində mətbuatda maarifçilikdən inqilabçılığa, istiqlalçılığa keçid aydın hiss olundu. "Ümmətçilikdən millətçiliyə” keçidin sürətlə davam etdiyi bir zamanda millətin formalaşmasında mühüm rol oynayan mətbuat əsasən bu iki məktəbin nümayəndələrinin sayəsində inkişaf etdi. Siyasi rejimin tələblərinə uyğun olaraq əksər tədqiqatçılarımızın fikrincə hər iki ədəbi məktəbin yaradıcıları olan Mirzə Cəlil və Əli bəy Hüseynzadənin həyata baxışlarında, düşüncələrində çox böyük fərqlər olmuşdur. Əslində onların ümumi baxışlarında nəinki oxşarlıq üstünlük təşkil edirdi, hətta eynilik də var idi. Məsələn, hər ikisi çar üsul idarəsinin əleyhinə idilər. Ə.Hüseynzadənin mənsub olduğu "İttihad və tərəqqi” partiyası "xabiqəflət” dövrünün hökmdarı saydığı Sultan Əbdürrəhim hakimiyyətini kəskin tənqid edərək yazırdı: "Özünü bütün müsəlmanların xəlifəsi” adlandıran Sultan Əbdürrəhim şahın zamanında Türkiyənin çox yaxşı oğulları Sultan zülmünün qurbanı olmuşlar. Günahları yalnız xalqın azadlığı uğrunda mübarizə aparmaları idi”.
Müstəmləkəçiliyə qarşı onlarla, yüzlərlə məqalə və felyeton həsr etmiş Mirzə Cəlil də rus hökumətinin müsəlmanlara qarşı qərəzli mövqeyini açıq-aydın tənqid edirdi: "Ey qazi, bivəfa Qaloşanov! Heç bilirsənmi ki, kimi qırırsan, kimin evini topa tutursan? Kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər bu, onun əvəzidir ki, Rusiya dövləti ta bina tutandan indiyə kimi hər bir müsəlman küçədə getdiyi yerdə bir rus görəndə tez qaçıb, düşüb onun ayaqlarına deyib: "Fəda olum sənə, ey rus!”
Məqsədləri eyni, yazı tərzi, dil-üslub vasitələri isə müxtəlif idi
Ə.Hüseynzadə də "Füyuzat”da belə deyirdi: "Böyük məvaciblərə alışmış bürokratlar, vase-vase ərazinin mədaxili ilə keçinməyə öyrəşmiş mülkədarlar, fəhlənin, kəndlinin üsarəsini istədikləri qədər əmib sormuş sərmayədarlar, lisan və məsəblərindən bir boyunduruq qayırıb hər kəsin boynuna taxıb o yan bu yana çəkməkdən zövq almış rus Ortodoks missionerləri əsrlərdən bəri nail olmuş maddi və nəfsani nemətlərdən əl çəkmək istəmirlər”.
Siyasi baxışlarında eynilik kəsb edən bu ədiblər bütün yaradıcılıqları boyu demokratiyanı, insan azadlığını təbliğ etmişdilər. Demokratiya ideyalarını xalqına izah edən Mirzə Cəlil yazırdı: "Cümhuriyyət idarəsinin bir zinəti var ki, o da tam azadlıqdır. Əvvəlcə etiqad azadlığı, ikinci yaradıcılıq azadlığı, üçüncü birləşmək azadlığı, dördüncü çap etmək, beşinci danışmaq, altıncı siyasi partiyalar düzəltmək, yeddinci dilbir olub həmtədbir olmaq azadlığı”. Ə.Hüseynzadə isə demokratik fikirlərini hələ "Füyuzat”dan əvvəl "Həyat”da bəyan edibdir.
Əli bəyin də, Mirzə Cəlilin də mədəniyyətə, ədəbiyyata, yeniliyə münasibətində bir oxşarlıq hiss edilirdi. Məsələn, Azərbaycan ədəbiyyatına, klassiklərinə münasibətdə məqsəd, məram bir-birini tamamlayırdı. "Söz mülkünün sultanı” olan Məhəmməd Füzuli yaradıcılığına münasibət eyni mövqedən idi. Deməli, milli, realist, çağdaş romantik ədəbiyyatı təbliğ edən hər iki jurnalın məqsədi eyni, yazı tərzi, dil-üslub vasitələri isə müxtəlif olmuşdur.
Yuxarıda qeyd etdiyim kimi, çox təəssüflər ki, sovet dövrü yazılan tədqiqat əsərlərində, xatirələrdə Ə.Hüseynzadə ilə M.Cəlili düşmən münasibətində qələmə vermişlər. Əslində, hər iki ədib bir-birinə hörmətlə yanaşmış və yaradıcılıqlarına yüksək qiymət vermişlər. Əli bəy Mirzə Cəlilin realizmini dünya realizmilə yanaşı qoyurdu. M.Cəlil də Ə.Ağaoğlu ilə birlikdə Ə.Hüseynzadənin də publisistik məharətinə yüksək qiymət verərək, onu "yazıçılıqda çox məharətli bir şəxs və möhtərəm yazıçı” adlandırmışdı.
Yeri gəlmişkən, bir faktı da qeyd edim ki, M.Cəlil heç də sovet tədqiqatçılarının şişirtdiyi şəkildə "islamın düşməni”, ateist olmamışdır. Ədib islam pərdəsi altında xalqı soyan, çapıb-talayan, heysiyyətinə toxunan yalançı "din xadimlərinin, Şeyx Nəsrullahların” əməllərini pisləyirdi. Ədib felyetonlarından birində yazırdı: "Molla Nəsrəddin”in məqsədi nə dinə sataşmaqdır, nə də təzə bir məzhəb icad etməkdir. "Molla Nəsrəddin”in məqsədi vəhşi adətləri ortadan götürməyin yolunda çalışmaqdır”.
Deməli, Ə.Hüseynzadənin türk xalqlarını birləşdirəcək əsas faktlardan biri kimi islam ideologiyasını təbliğ etməsi ilə M.Cəlilin islam millətinin tərəqqisinə mane olanlardan qoruması arasında təzad yox, yaxınlıq, doğmalıq müşahidə olunur.
Ümumiyyətlə, milli şüur, milli özünüdərk amilinin təbliğində və demokratik dövlət, cəmiyyət quruculuğunda istər romantik "Füyuzat”çıların, istərsə də satirik "Molla Nəsrəddin”çilərin əməyi ölçüyəgəlməz dərəcədə çoxdur. Çünki hər iki jurnalın sahibi milli məhdudiyyətlərə qarşı çıxaraq, ümumbəşəri ideyaları təbliğ edərək, xalqı zülmətdə, cəhalətdə, köləlikdə saxlayanlara etirazlarını bildirmişlər.
Ədəbi irs ümumxalq sərvətidir
Bildiyimiz kimi, milli tariximizin böyük mənəvi hadisəsi olan türkçülüyün, turançılığın bir ideologiya kimi təbliği məhz ilk dəfə 20-ci yüzilliyin əvvəllərində Azərbaycanın görkəmli mütəfəkkir şəxsiyyəti Ə.Hüseynzadə tərəfindən ictimai, siyasi, ədəbi fikir tariximizə gətirilmiş və onun məslək yoldaşları olan romantiklər tərəfindən davam etdirilmişdir. Ona görə də milli mənəvi bütövlüyə nail olmaq və daha yeni mütərəqqi mədəni səviyyəyə yüksəlmək tələbi mətbuatımızda, ədəbiyyatımızda 1910-cu ildən sonra romantiklərin yaradıcılığında qətiyyətlə müdafiə olunurdu. Ə.Hüseynzadə də Azərbaycan ədəbi-elmi fikir tarixində ilk dəfə olaraq konseptual şəkildə türklük prinsiplərini müdafiə edir və türk xalqlarının dil ortaqlığına əsaslanaraq bu ideologiyanın Azərbaycan mətbuatı tarixində ilk olaraq "Həyat” qəzetində təbliğinə başlamış olsa da, daha geniş olaraq "Füyuzat” jurnalında yüksək səviyyəyə qaldırmışdı. Sonra isə "Füyuzat” ədəbi məktəbinin yetirmələri olan romantiklər milli duyğularımızı tərbiyə etmək, türklük əxlaqı və düşüncə tərzini qorumaq, yaşatmaq üçün mətbuatda mübarizəyə qalxdılar. Bu mübarizədə Ə.Hüseynzadənin "Sənət sənət üçündür” prinsipinə sona kimi sadiq qalan, siyasi hadisələrə öz uzaqgörənliyi, dərin dünyagörüşü və fəlsəfi biliyi ilə qiymət verməyi bacaran romantiklərdən biri də məhz H.Cavid olmuşdur. Amma tədqiqatlardan belə məlum olur ki, H.Cavid bu prinsipi ilk dəfə Türkiyədə Əbdülhəq Hamiddən öyrənmişdir.
Ədəbi irsi ümumxalq sərvəti sayan "Füyuzat”çılar bu mənəviyyat daşıyıcısının qorunmasına və nəsildən-nəslə ötürülməsinə çalışırdılar. Bu haqda romantik şair M.Hadi 1914-cü ildə "İqbal” qəzetinin 714-cü sayında yazırdı: "Şairlərin, ədiblərin mətrukat və müvərrisatı-qələmiyyəsi el malıdır. Nasıl ki, şeri-üdəbanın özləri də insaniyyət malıdır. Bu gün hər şeydən ziyadəədəbi, ictimai fikir sərvətlərinə, dimağ məhsullarına möhtac olan millətimiz günah deyilmidir ki, böylə əsərlərdən nəsibədar olmasın!”
Beləliklə, milli ictimai fikir tariximizdə təkanverici xidmətləri ilə seçilən və "Füyuzat” ədəbi məktəbini yüksək qiymətləndirən professor Ş.Vəliyev yazır: "Kitabi-Dədə Qorqud” qədim dövrdə, Füzuli irsi XVI əsrdə ümumtürk dəyərlərini mühafizəsi baxımından nə dərəcədə əhəmiyyətlidirsə, XX əsrin əvvəllərində həmin qiyməti yaşadan abidə "Füyuzat”dır”.
Odur ki, "Füyuzat” nəinki özündən sonrakı ictimai-siyasi düşüncəni məşğul etmiş, hətta Sovetlər dönəmində belə, qadağan olunmasına baxmayaraq, yeni nəslin formalaşmasında nəzəri baza rolunu oynamışdır. Bu cəhətdən jurnalı milli-mənəvi varlığımızın əvəzsiz sərvətlərindən biri hesab etmək olar” deyən prof. Bədirxan Əhmədov haqlıdır.
Böyük turançılıq ideyasını təbliğ edən füyuzatçılar öncə qədim türklük tarixinin, onun əxlaqi-mədəni dəyərlərinin öyrənilməsinə can atırdılar və illər sonra tarix də sübut etdi ki, buna nail də oldular. Bu heç də qəribə deyildi. Çünki "Füyuzat”çıların əksəriyyəti Türkiyədə təhsil alan, gənc türklərin ictimai-siyasi fəaliyyətini yaxından izləyən, böyük Türk dünyasının yaranması arzusunda olan gənclər idi. Ə.Hüseynzadə, A.Sur, M.Hadi, H.Cavid, Ə.Cavad, Ə.Abid və başqaları.
Ona görə də "Füyuzat”ın - bu möhtəşəm abidənin əhəmiyyəti yalnız onun ideyasına xidmət edən publisist məqalələrində, ədəbi-bədii əsərlərində yox, eyni zamanda türk xalqlarını bir-birinə yaxınlaşdıran, aralarında ünsiyyətin güclənməsinə, milli mədəniyyətin qarşılıqlı təsirinə imkan yaradan, onlara dillərinin, dinlərinin, hətta həyat tərzinin ümumiliyini təsdiq edən şəkillərə də əyani vasitə kimi jurnalda geniş yer verilməsindədir.
Uzun illər vulqar-sosioloji yanaşma tendensiyasına məruz qalan, bir-birinə qarşı qoyulan hər iki məktəbin yaradıcıları milli müstəqilliyimiz, bütövlüyümüz, azadlığımız uğrunda yorulmadan mübarizə aparmışlar.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər