AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Onlar mənə xalq mahnılarını ifa etməyə icazə vermirdilər”

“Onlar mənə xalq mahnılarını ifa etməyə icazə vermirdilər”

Gənclik qəzeti
08 Sentyabr 2014, 13:49 2718
Deyirlər səhnə hər zaman gözəlliyi və gəncliyi sevir. Bu gün də səhnədə daha çox gənc və gözəl ifaçılarımızın üstünlük təşkil etməzi danılmaz faktdır. “Gənclik qəzeti”nin yeni mövsümdəki ilk qonağı İlhamə Qasımova da onların sırasında yer almaqdadır. İlhamə Qasımova bir neçə ildir ki, xarici şirkətlə müqavilə bağlayaraq Avropada silsiləli şəkildə konsertlər verir. Bundan başqa gənc ifaçımızın dünyanın tanınmış musiqi proqramlarında klipləri təqdim olunmaqdadır. Gənc yaşda böyük nailiyyət əldə edən müsahibimiz bizimlə söhbətində Avropa şou biznesində gördüklərindən danışdı.

İşin əsas faizi şansdan keçir

- İlhamə xanım, gənc yaşda uğur qazanmağınızın səbəbini nədə görürsünüz?

- Mən yaradıcılığa çox gec başlasam da tez bir müddətə tanındım. Uğur qazanmaq üçün ilk növbədə insana şans lazımdır. Ancaq şans oyunlarında heç zaman bəxtim gətirməyib(gülür). Allah insana özünü təsdiq etməsi üçün bir dəfə şans verir. Mənim də bəxtim bu tərəfdən gətirdi. Bu şansdan yararlanmaq üçün bir az istedad, bir az da əmək lazımdır. Yenə də işin əsas faizi şansdan keçir. Müsabiqə də mənim tanınmağım üçün bir şans oldu. Həmin müsabiqə Azərbaycanın bütün bölgələrində yayımlandı. Beləcə bölgədə yaşayan tamaşaçılar da məni tanımış oldular.

- Repertuarınıza nəzər yetirdikdə daha çox xarici mahnılara rast gəlirik. Nə üçün repertuarınızda ara mahnılarına yer ayırmırsınız? Axı müğənnilərimizin bu gün əsas gəlir mənbəyi elə toy mahnılarıdır.

- Xarici şirkətlə 3 illik müqavilə bağlamışdım. Müqaviləyə əsasən ildə 2-3 mahnı yazırdıq. Onlar mənə xalq mahnılarını ifa etməyə icazə vermirdilər. Ona görə də mənə həvalə olunan mahnıları oxumağa məcbur idim. Mən müsabiqədə də daha çox xarici mahnılar ifa edirdim. Uşaqlıqdan əcnəbi mahnılara böyük həvəsim var. Şou proqramlarda, tədbirlərdə ifa etmək üçün yerli mahnılarım var. Hətta xalq mahnılarını da ifa etmişəm. Xalq mahnılarını ifa zamanı səsimi yazdırmışam, həmin mahnıları toylarda fonoqram şəklində oxuya bilərəm. Ona görə yox ki, mən canlı ifaya gücüm çatmaz. Xalq mahnılarına çox böyük məsuliyyətlə yanaşıram. Bu üslubda öz səsimi yoxlamamış necə gəldi oxuya bilmərəm. Bu mövsüm yerli mahnılarımız üzərində ciddi şəkildə işləyəcəm. Çünki xaricilərlə olan kontraktımız başa çatır. Orada olan qadağalar artıq üzərimdən götürüləcək. Kontrakta görə mən toylara, bəzi proqramlara gedib qazanc əldə edə bilməzdim. Müqaviləmizin bitməsinə baxmayaraq, mənim onlarla yaxın dostluq münasibətim davam edir. Yenə də azad bir müğənniyəm. İndi xarici mahnılarla bərabər xalq mahnıları da ifa edəcəm və istədiyim şəkildə pul qazanacam. Ötən mövsüm sözləri və musiqisi Murad Arifə məxsus olan “Seni seviyorum” mahnısını oxudum. Hazırda mahnı axtarışındayam. Ümumiyyətlə, mən mahnı xatirinə mahnı oxumaq niyyətində deyiləm. Ona görə də mahnı seçmək mənim üçün çətindir. İstəyirəm ki, ifa edəcəyim mahnı bir günlük olmasın. Yerli mahnılarımız pul qazanmaq və gündəmə gəlmək üçün çox yaxşıdır. Məni narahat edən əsas məsələ odur ki, getdikcə mahnımızın kökü dəyişilir. Bunun üçün çox təəssüf edirəm. Azərbaycan musiqisi çox gözəldir və əvəzolunmazdır. Amma bu gün gündəmdə olan mahnılarımızın 90 faizi estrada janrındadır. Müğənnilərimiz ifa etdikləri mahnıları daha çox türk pop, fantazi mahnılarına bənzətməyə çalışırlar. Bunu o zaman istifadə etmək olar ki, sənin öz musiqi mədəniyyətin çox kasıbdır. Sənin musiqin kasaddırsa o zaman sən kiməsə istinad edə bilərsən. Bizim o qədər zəngin musiqi çalarlarımız var ki, dünyada belə o musiqi çalarları yoxdur. Nə üçün biz öz mahnımızı kənara qoyub başqa ölkələrin musiqi çalarlarından istifadə etməliyik? Mən istəməzdim ki, bizim mili mahnılarımız itib-batsın.
Məni danışmaq deyil, nəticə maraqlandırır

- Müğənnilərimiz xarici şou aləminə qatılmamışdan öncə ağız dolusu danışırlar. Ancaq ortalıqda bir şey olmur. Sizin isə xaricdəki konsertlərinizi, kliplərinizi xarici kanallardan izləyirik. Uğurlarınız barədə nə üçün mətbuata danışmaqdan çəkinirsiniz? Qorxursunuz sizə göz dəyər, yoxsa reklama ehtiyacınız yoxdur?

- İnsan həyatda özü üçün yaşayır. Hər şeyin başında madiyyat dayanır. Hər kəsin istəyi uğur qazanmaq və ondan gəlir əldə etməkdir. Mənə isə reklam deyil, işlərimin nəticəsi maraqlı idi. Xarici şou-biznesə qatılmaq mənim üçün həm böyük təcrübə, həm də böyük uğur oldu. Öncədən desəm də bilirəm ki, mənim xarici şou-biznesə qatılmağım heç kimə maraqlı deyil. Xoşlamıram ki, öncədən efirə çıxım, deyim ki, gələcəkdə bu kimi işlər görəcəm. Məni danışmaq deyil, əsas nəticə maraqlandırır. Gedib-gələndən sonra öz təəssüratlarımı danışmağı daha çox sevirəm. Arzulayıram ki, bizim də müğənnilərimiz əldə etdiyi həmin o nailiyyətə sahib olsunlar. Məni narahat edən əsas məsələ o idi ki, vətənə döndükdən sonra mətbuatdan sual verirdilər ki, səni filan ölkədə tanıyırlarmı? Mən fəaliyyət göstərdiyim 8 ildə 9 milyonluq Azərbaycanda 100 faiz tanınmıram. Bəlkə də mənim janrım çox adama maraqlı deyil. Hər kəsin marağını cəlb edib, diqqətində qala bilmərəm. 150-200 milyonluq əhalisi olan Avropada min neçə müğənninin arasında mən də olmuşamsa, kimdi məni barmaqla göstərib, dünyanın məşhur müğənnisi kimi tanıyan. Bu suallar çox gülməlidir. Məni hansısa bir xarici müğənninin tanıması deyil, mənim üçün ən əsas nəticədir. Əgər biz bu şəkildə düşünməyə davam etsək Azərbaycandan kənara çıxa bilməyəcəyik.

- Avropa şou-biznesi ilə yaxından tanış oldunuz. Sizcə, bizim şou-bizneslə Avropa arasında nə kimi fərqlər var?

- Avropa şou-biznesində müğənni ancaq ifası ilə məşğul olur. İfaçı kənar işlərlə məşğul ola bilməz. Orada hər şey qanuni şəkildə həll olunur. Müğənni heç vaxt işlərini həll etmək üçün get-gələ düşmür. Baxmayaraq ki, onun bir neçə köməkçisi var. Yəni ifaçının gündəlik problemlərini o, özü həll etmir. Bizdə nə qədər tanınmış müğənni də olsan, öz problemlərini özün həll edirsən. Ancaq xaricdə müğənninin heç nədən xəbəri olmur. Avropada verilişə qatılanda mənim heç nədən xəbərim olmurdu. Gəlib məni qapının ağzından götürürdülər və ifa edəcəyim mahnıların siyahısını mənə verirdilər.
Xarici şou-biznesdə müğənni sözün əsl mənasında müğənnidir. Bundan əlavə, orada klub konsertləri çox maraqlı olur. Bizdə isə klub konsertlərini hər kəs lağa qoyur. Söyləyirlər ki, filankəs klubda konsert verirlər və ya klubda tamaşaçılar əlində pivə ilə gəzir mahnıya qulaq asırlar. Fikirləşirəm ki, bizim toylarda başqa cürdürmü? İnsanlar əllərində araq butulkası müğənniyə sifariş edirlər ki, saxla, başqa mahnı oxu. Tamaşaçı klublarda sənin əziyyətini görür və onu qiymətləndirir. Oradakı müğənnilər tamaşaçılarla səhnədə daha çox münasibətdə olmağa üstündük verirlər. Avropadan gəldikdən sonra mən də o ab-hava ilə davam etməyə başladım. Gördüm ki, insanlar mənə qəribə baxırlar, özüm də bundan xəcalət çəkdim. Sonra düşündüm ki, nə üçün Azərbaycana xarici müğənni gələndə onunla ünsiyyətə girirlər, sonra o konsertdən danışırlar. İlk öncə tamaşaçı müğənniyə qarşı öz münasibətini dəyişməlidir. Bundan başqa Avropa şou-biznesində də paxıllıq var. Ancaq onlar sözü kiminsə üzünə, dava şəklində demirlər. Hər şey gizli şəkildə olur. Onlar professional şəkildə paxıllıq edirlər. Misal üçün filankəs bir mahnını mükəmməl şəkildə ərsəyə gətirdisə, digər müğənni də çalışırdı ki, növbəti ay o da daha gözəl mahnı ərsəyə gətirsin. Heç vaxt görmədim ki, müğənnilər bir-biri haqqında xoşagəlməz sözlər söyləsin.

- İlhamə xanım, sizin daha çox şəxsi həyatınız tamaşaçıların və mətbuatın marağına səbəb olur, sizcə bu nədən qaynaqlanır?

- Gündəmdə olan müğənnilərin şəxsi həyatı insanlara maraqlıdır. Şou-biznesdə mənim heç zaman qalmaqalım olmayıb. Şəxsi həyatım yalnız mənim icazəm olduqdan sonra mətbuata yayımlanır. Bunun da səbəbi odur ki, haqqımda lazımsız söz-söhbətlər gəzir. Hər şeydən öncə öz valideynlərimə görə narahatam. Gəzən söz-söhbətlər mənə heç təsir də etmir. Kimin haqqında nə danışılması mənim üçün maraqlı deyil, belə sözlər məni heç vaxt incitmir. Mənim valideynlərim rayonda yaşayır, istəmərəm ki, onlar mənim haqqımda söz eşitsinlər. Ona görə də məcbur oluram ki, həmin informasiyaları özüm mətbuata çatdırdım. Ümumiyyətlə, insanlar arasında qalmaqal, şəxsi həyat daha çox diqqəti cəlb edir. Həyatımda şəxsi nə varsa, hamısını mətbuata çatdırmışam. Mən nəyi isə sirr saxlasaydım o çoxdan üzə çıxardı. Ona görə də ən gözəl şey insanlara açıq olmaqdır. Buna görə heç bir sirr saxlamıram. İnsanlar mənim haqqımda lazım olan informasiyaları artıq əldə ediblər. İnanmıram ki, bu gündən belə onları başqa suallar maraqlandırsın.

Xəyalə Rəis