• cümə, 26 Aprel, 13:36
  • Baku Bakı 23°C

Onlar əsilzadələr idi

02.03.17 14:00 2682
Onlar əsilzadələr idi
Zaman sübut etdi ki, kübarlıq, ziyalılıq var-dövlətlə, bahalı geyim-keçimlə deyil, əsil-nəcabətlə, genlə-qanla bağlıdır. Tarixən bizim belə kübar ailələrimiz olub, bu gün də onların nəvə-nəticələri əsilzadəliyin nümunəsidirlər. Tarixi araşdırmalar bir daha sübut edir ki, belələri yüksək insani, əxlaqi keyfiyyətləri, alicənablığı, xeyirxahlığı, humanistliyi ilə daima fərqləniblər. Sara xanım Talışinskaya da həm ata, həm ana tərəfdən belə bir nəslin nümayəndəsi olub.
Sara xanımın atası general Mirkazım bəy Talışxanov Mirəli xanın oğlu olub. Mirəli xanın babası Qara xan Lənkəran xanlığının əsasını qoyub. Mirkazımın atası Mirəli xan da uzun illər çar ordusunda qulluq edib. Ailədə ciddi nizam-intizam görən Mirkazım bəy atasının yolunu davam etdirmək arzusunda olsa da, öncə Bakı realnı məktəbində oxuyub. 21 yaşında burda təhsilini bitirən Mirkazım bəy hərbçi olmaq arzusu ilə ikinci dərəcəli Konstantin yunkerlər məktəbinə daxil olur və ona yunker-zabit rütbəsi verilir. İki il sonra Tiflisdəki yunkerlər məktəbinə müəllim təyin edilən Mirkazım bəy çox gənc yaşında podpolkovnik rütbəsi alır. Orduda uzun illər qüsursuz xidmətinə görə, III dərəcəli "Müqəddəs Anna”, II-III dərəcəli "Müqəddəs Stanislav” orden və medalları ilə təltif edilən Mirkazım bəy 1914-cü ildə general-mayor rütbəsinə layiq görülür. 45 illik xidmətdən sonra 1916-cı ildə istefaya çıxan Mirkazım bəy bundan sonrakı ömrünü xeyriyyəçilik işlərinə sərf etmək üçün Tiflisdəki Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində işə başlayır. Bu haqda illər sonra Mirkazım bəyin qızı Züleyxa xanım yazırdı: "General-mayor İbrahim ağa Vəkilovla yaxın dost olan atam Tiflisdəki Qafqaz Müsəlman xeyriyyə Cəmiyyətində onunla birgə fəaliyyət göstərirdi. Cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi isə atam Mirzə Kazım bəy Talışxanov idi. Az sonra bu səmimi dostluq qohumluğa çevrildi. İbrahim ağa Vəkilovun böyük oğlu Fərəc bacım Leylabəyimlə ailə həyatı qurdu”.
Onu da qeyd edim ki, Mirkazım bəyin ömür yoldaşı Məsumə xanım da Tiflisdə xeyriyyəçiliklə məşğul olurdu. O, Zaqafqaziya Qadın Xeyriyyə Cəmiyyətinin ən fəal üzvlərindən idi. Cəmiyyətin yığıncaqlarında və ianələrin toplanmasında yaxından köməklik edərdi. Tiflisin tanınmış Türk-müsəlman ziyalı-zadəgan qadınları bu cəmiyyətin ətrafında toplaşmışdılar. Bu Xeyriyyə Cəmiyyətlərinin fəaliyyəti haqqında Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də çox geniş məlumat verib.
Mirkazım bəyin işdə bəxti gətirdiyi kimi ailədə də bəxt ulduzu üzünə gülüb. O, 1888-ci ildə Ağabəy Yadigarovun qızı Məsumə xanımla evlənib. Bu izdivacdan bir oğlu, üç qızları olub. Mirəli, Sara, Leyla, Züleyxa. Daima hərbi səfərlərdə olmasına baxmayaraq, Mirkazım bəy övladlarının tərbiyə və təhsilinə çox ciddi yanaşıb. Təbii ki, bu işdə ona ömür-gün yoldaşı Məsumə xanımın da çox böyük kömək edib. Məsumə xanım özü də tanınmış Yadigarovlar nəslindən idi. Yadigarovlar Borçalının Təkəli kəndindən olublar. Bu əsilzadə nəslin oğulları igidliyi, səxavətliliyi ilə ad-san qazanıb, görkəmli sərkərdələri tariximizdə layiqli iz qoyublar. Yadigarovlar haqqında bircə faktı qeyd etmək yetər ki, Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm” əsərində onlar haqqında yazırdı: "Fətəli xan, Azərbaycan və bəlkə də bütün İran işlərini intizama qoymaq xəyalı ilə Gürcüstan valisi İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da Sadıq bəy Yadigar oğlunu səfir sifətilə Fətəli xanın yanına göndərdi. O, qədim valilər nəslindən yadigar qalıb. Onun oğlu və nəvələri indi Tiflisdə yaşamaqdadırlar. Səfir Sadıq bəy Yadigar oğlu Nuxada xanın hüzuruna gəlib, hədsiz lütf və mərhəmətə nail oldu”.
Ağabəy Yadigarov bu görkəmli nəslin layiqli oğullarından biri idi. O, 1823-cü ildə Gürcüstanda bəy ailəsində dünyaya gəlib. Ağabəy 1837-ci ildə dayısı, məşhur şərqşünas alim Mir Cəfər Topçubaşovun xeyir-duası ilə Peterburq gimnaziyasına daxil olub. Gimnaziyanı əla qiymətlərlə başa vurduğu üçün qəbul imtahanları vermədən Peterburq Universitetinin şərq şöbəsinə daxil olan Ağabəy, 1848-ci ildə alimlik dərəcəsini yerinə yetirdiyinə görə, Şərq dilçiliyi üzrə namizəd adı alır. Həmin ilin may ayında Qafqaz canişininin sərəncamı ilə A.Yadigarov canişinlikdə dəftərxana şöbəsinin müdir müavini təyin edilir.
Belə bir əsil-nəcabətli kökdən olan Sara xanım Talışınskaya 1890-cı ildə, fevralın 7-də Tiflisdə anadan olub. İlk təhsilini H.Z.Tağıyevin qız-məktəbində alan Sara bununla kifayətlənmir. Savadsız, aciz, öz hüquqlarını bilməyən qadınların hüquqlarını müdafiə etmək, onların əşya kimi alınıb-satılmasına qarşı çıxmaq üçün Sara hüquqşünas olmaq arzusunu atası Mirkazım bəyə dedikdə, o, çox şad olur. Qızının mükəmməl hüquq təhsili alması üçün onu Kiyevə gətirir. Sara imtahan verib Kiyev Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Təhsilini başa vuran Sara vətənə qayıdır. Bakıda baş verən bütün ictimai, mədəni tədbirlərdə yaxından iştirak edir.
1917-ci il aprelin 15-dən 20-dək Bakıda Cənubi Qafqaz Müsəlmanlarının I qurultayı keçirilir. Bu qurultayda Hənifə xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə, Sara xanım Vəzirova, Sara xanım Talışinskaya, Pəri xanım Topçubaşova, Nabat xanım Nərimanova iştirak edir. Əslində yuxarıda adlarını sadaladığım bu qadınların hər biri cəmiyyətdə çətinliklə də olsa öz yerlərini tutmuşdular. Xoşbəxt ailələri, xoş güzəranları var idi. Amma onlar təkcə özlərini, qohum-əqrəbalarını deyil, xalqını, onun kasıb-kimsəsiz olan qızlarını, qadınlarını düşünürdülər, onların xoşbəxtliyi, firavanlığı uğrunda mübarizə aparırdılar. Çünki onlar əsilzadələr idi.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər