• cümə axşamı, 25 aprel, 04:03
  • Baku Bakı 19°C

Onlar da şahiddirlər…

26.04.20 13:15 1184
Onlar da şahiddirlər…
Şairlər turizmi

Sakit bir sentyabr günü idi, kafedə əyləşmişdim, qarşımda 40-cı illərin nəşri olan "Şeir dəstəsi” kitabı vardı, pəncərədən göy üzünə baxırdım. Axşamın bu çağında Rasihin məşhur qəzəli beynimə düşmüşdü, ilk misrasını əzbər bilsəm də, ikincisini yada sala bilmirdim, bu da məni əsəbiləşdirirdi, necə olur olsun onu yadıma salmalıydım, fəqət, o buludlar...
Buludların sürətlə dəyişən forması və axını, inanılmaz bir mənzərə yaratmışdı. Bir üfüqdən o birinə axan bulud karvanı məni necə ovsunladısa, Rasihin qəzəlini düşünərkən, Əhməd Muhibin o məşhur şeirini öz-özümə pıçıldadım:

Baxıram, necə də xoş gəlir axını
Şəhərin üstündən keçən buludların
Bəlkə də, axır yan-yörəsinə
Arzularımızı çevrələyən hüdudların...

Şeir həyatımıza məna verir, şairinin tutduğu məqam, yaşayıb keçdiyimiz, əhəmiyyət vermədiyimiz gizli duyğuları özündə əks etdirir. Ona görə də şairi avaragor, şeiri mənasız hesab edən adam, bizim bu dünyaya gəlməyimizi də boş və mənasız sayacaq. Ona görə də "Divar” kitabımın (1959) ön sözünü yazarkən bu məsələni belə izah etmişdim: "Yaranışda daimi şairlər vardı, Yenə də yeni yaranışda daimi şairlər olacaq” ("Divar”, s. 12, 6-cı nəşr, 1991).
Əslində, düşüncəm dəyişmədi, amma...
...Şeir bir bəhanədir, məqsədləri gəzmək, mümkün olduğu qədər özlərini tanıtmaqdır!
Dünyada "konqres turizmi” mövcud olduğu kimi, "şairlər turizmi” də var: Hər ölkədə elə şairlər var ki, şairlikdən çıxıb, "səyahət agenti”nə dönüblər. Oturub düz-əməlli şeirini yazmaq əvəzinə gəzmədikləri kol dibi qoymayıblar. Hansı ölkə olursa olsun getmək, özləri kimi "istedadlı” şairləri tapmaq, öz ölkəsinə dəvət etmək, özünü də onun ölkəsinə dəvət etdirmək əsas məqsədləridir. Sayları artıqda isə, xərcləri hansısa rəsmi qurumun belinə yükləyib, filan ölkənin filan şəhərində bir şeir festivalında iştirak etmək adı altında kimlərdənsə pul qoparırlar.
Əslində isə, bu cür kütləvi tədbirlərin xərcini çəkənlər, kef əhli olan bu şairlərin dilindən öz təbliğatlarını ustalıqla və hiss olunmadan edirlər. Necə də gözəl səslənir: "Dünya şairləri”, ya "sülh” üçün bir araya gəlib, ya "insan haqları”, ya da "təbiəti qorumaq” bəhanəsiylə bir yerə yığışıblar. Nəticədə müftə yeyib içirlər, boş-boş və mənasız söhbət edib, sonra başqa bir ölkənin hansısa şəhərində yeni bir festivalda görüşmək ümidi ilə geri qayıdıb bəhərsiz yaradıcılıqları ilə məşğul olurlar.
"Şairlər turizmi” hansısa bir işə yarayırmı? Şeirə uzaq olan "biganə” şəxslər onun ucundan-qulağından bəhrələnirlər. Festival adı altında qəzet və televiziyalarda az da olsa şeirdən danışıb gözə kül üfürürlər. Beləcə müasir insanın həyatından uzaqlaşmış görünən şeir, az da olsa yenidən "gündəmə” gəlmiş olur. Vallah, məncə, bu məsələyə necə yanaşmaqdan çox şey asılıdır. Türkiyə mətbuatında son iki şeir "festivalı”nda kim daha çox iştirak edir, kim iştirak etmir, kim dəvət olundu, kim nə üçün dəvət olunmadı mübahisəsi varmı? Olsa da belə, bunun da şeirə bir xeyri olduğunu başa düşmək müşkül məsələdir. Qəzətlər buna yer ayırdı-ayırmadı, festival məkanları doldu dolmadı, nə fərqi var? Şeirlə xalq arasında əlaqə qopub, hürufiliyə meyillənən şairlər özlərindən razıdırlar, şeirin səviyyəsi ürək ağrıdan bir haldadırlar, nə olsun?
Mən sizə bir şeyi deyim: Şair yazıb-yaradır, xalq isə onu dilində və yaddaşında əsrlərini yaşadır yaşadır, "şairlər turizmi” ilə məşğul olanlar isə bu şeylərdən kənar adamlardı.
....buludların rəngi açıldı, bir az əvvəl qaralmışdı, indi gizli qalan qırmızı çiyələklər görünür, utancaq bənövşəyi zanbaq da ordadı, Mərmərə üzərində maviyə çalan yağış dənəcikləri rəqs edir.
Rasihin məşhur qəzəli ənənəvi türk şeirinin ahəngini dərinliyi ilə hiss etdirən qəzəllərdəndir. İlk dəfə yadımda deyil, 1943-cü də, ya da 44-cü ildə oxumuşdum, o vaxtan heyran olmuşam, İlahi, o beytlər necə gözəl idi:

Süzmə çeşmin gələməsini müjgan müjgan üstünə
Vurma yaranı sinəmə peykan peykan üstünə...
...Almaz tozu əkər hər açdığı yaraya o gözəl
Lütfü var olsun edər ehsan ehsan üstünə...

Yatdığın yer nurla dolsun, Rasih əfəndi!


****


Onlar da şahiddirlər…

O vaxtı bu məsələnin üstündə inadla dayanmışdım. Həm televiziya çıxışımda demişdim, həm də yazmışdım, həm də qəzetlərə, jurnallara müsahibəmdə vurğulamışdım, bu məsələ ürəyimin sarı siminə toxunmuşdu. Naşirlərimiz dayanmadan kitab çap edirdilər, möhtəşəm kitab sərgiləri təşkil olunurdu. Lakin "Cümhuriyyət dönəmi”nin yazarlarını üstələyən bir imza meydana çıxmamışdı. Hansısa xüsusi bir zümrə bu "çap olunanların” içinə "düşə” bilərdi. Amma Mədəniyyət Nazirliyi dost-tanışa təşəkürnamə paylayıb, görüntü yaradıb vaxt keçirmək əvəzinə bu cür ciddi problemə əl bulaya bilərdi.
Qəfildən telefon zəng çaldı, böyük nəşriyyatlardan birinin ("İleteşim Yayınları”) məsul şəxsi, həyəcan içində mənimlə görüşmək istədiyini bildirdi. Görüşəndə mənə ilk sualı nə oldu, sizcə? Sən demə, həmin vaxt onlar da, əhəmiyyətli bir kitab seriyasını həyata keçirmək haqqında düşünürmüş. Əlində bir qovluq, içində uzun bir siyahı, siyahıda o dövrün tanınmış yazarları və onların əsas əsərləri. Doğrusu çox sevinmişdim, dövlətin dəstəkləmədiyi nəcib bir işə, özəl nəşriyyat sahib çıxırdı. Deməli, beləcə yaddaşımızın dərin bir yerinə dəfn etdiyimiz o romanları, hekayələri, şeirləri, şairləri gənclər də tapıb oxuya biləcədi.
Üstəlik də "nostalji” kəlməsi gənclərin dilindən düşmürdü. Bilirsiniz, gənc yazarlara o dövrdə yazılmış əsərləri oxumalarını tövsiyyə edərdim, ciddi qəbul edənlər vardı, sonra mənə, məsələn, Rəşat Enisin "Gecə danışdı” əsərini, ya da Sədri Ertəmin "Cəhrələr dayananda” əsərini tapana qədər nə zülm çəkdiklərini danışırdılar. Bundan sonra o kitabları ələ etmək çətin olmayacaqdı, belə ki, nəşrə hazırlamağa başlayırdılar, əvvəl-axır çap olunacaqdı.
O günlərdə Səlim İləri, Suat Dərviş haqqında yazdığı məqaləsində, onun "Heç” (1939), "Çılğın kimi” (1945) adlı əsərlərinin çap olunacağı xəbərini verirdi. Suat Dərviş, İnönü Cümhuriyyətinin faşist təzyiqi, "soyuq müharibə” demokratiyasının bəlaları arasında, gözdən itirilmiş bir yazarımızdır. O vaxtlar kitab kimi nəşr edilən əsərləri ilə yanaşı, qəzetlərdə hissə-hissə yayımlanan romanları da var. 1938-ci ildə "Xəbər” qəzetində "Palçıq” adlı bir romanı hiss-hissə çap olunurdu, lakin onun kitab kimi nəşrinə rast gəlmədim.
Aka Gündüzün, Mahmud Yesarinin, Sərmət Muxtarın və digərlərinin bu sırada olduğunu düşünüb, sevinməmək mümkün deyil.
Çünki bu romançılar bircə-bircə "tanış”dır.
O günlərdə Fəthi Naciylə söhbət edirdik, mövzumuz da Rəşad Nuri haqqında yazdığı son əsəriydi. Rəşad Nurinin xoş xasiyyəti, səbirli davranışı, istedadı və çalışqanlığı ilə erkən "Cümhuriyyət dönəmi”nin nə qədər töhfə verdiyini düşündük. Üstəlik Naci, Rəşad Nurinin istiqamət olaraq tənqidi realizmin nümayəndəsi olduğunu deyirdi. Təkcə o deyil, mən də o dönəm yazarlarının üç aşağı, beş yuxarı eyni istiqamətdə yazdıqlarına inanmışdım.
Erkən "Cümhuriyyət dönəmi” romançıları və hekayəçilərində, o illərə aid bir dinamizm, zaman-zaman naturalizmə yönələn sərt realizm üstünlük təşkil edir. Bu da fikrimcə, o yazarların kimliyini və xarakterini bircə-bircə üzə çıxardır. O yazarlar inkişafın və yeni dönəmin Anadolu kəndlərinə nə qədər gec çatmasını, onların həyat tərzini, ayrı-ayrılıqda və ümumilikdə oxuculara tanış edir.
Əsərlərinin təkrar nəşr olunması, təkrar oxunması və müzakirə edilməsi üçün, bunlar önəmli və yetərli səbəb deyil?

6 fevral, 1996

Atilla İlhan
Dilimizə uğunlaşdıran: Səxavət Sahil
banner

Oxşar Xəbərlər