• cümə, 29 Mart, 03:57
  • Baku Bakı 7°C

Onlar bir-birlərini baxışlarından anlayır – Ailə

26.01.15 06:05 3838
Onlar bir-birlərini baxışlarından anlayır – Ailə
Naibə Qurbanova: “Gözlərimin içinə baxıb dedi ki, “alacam səni”
Malik Məmmədov: “Kim düzdürsə, o da düzdür”

Kənardan baxanda iki bir-birinə zidd insan təsiri bağışlayırlar. Biri qaraqabaq, ağır təbiətli, hər kəsələ ünsiyyətə girməyi sevməyən, digəri olduğu yerə rəng qatan, deyib gülən. Amma özləri deyir ki, bir-birlərini o qədər gözəl tamamlayırlar ki, hətta eyni vaxtda baxışlarından nə düşündüklərini “tuta bilirlər”. Müsahiblərimiz 10 ildir eyni dam altda yaşayan "Gündəlik Teleqraf" qəzetinin müxbiri Naibə Qurbanova və vaxtilə jurnalist işləmiş, hazırda isə özəl şirkətdə çalışan Malik Məmmədovdur. Əvvəlcə cütlüyün tanışlıq tarixçəsinə nəzər salaq...
“Naibəyə güllü fincan borcluyam”
2003-cü il prezident seçkisi ərəfəsində “Vətəndaş Həmrəyliyi” qəzetinə qaraqabaq bir oğlan gəlir. Onu qəzetə tərcüməçi kimi işə götürürlər. Malik Naibə üçün “quru adam” təsiri bağışlayır. Dediyinə görə, heç aylarla gələcək həyat yoldaşı olacaq şəxsin adıını da bilməyib, sadəcə tərcüməçi oğlan adlandırıb.
Bir dəfə yayın istisində reportajdan qayıdan Naibə fincanını qoyduğu yerdə tapmır. Uşaqlar fincanının tərcüməçi oğlanın götürdüyünü deyirlər: “Mən də heç nə demədim, fincanı zibil vedrəsinə atdım ki, məndən icazəsiz heç kim fincanımda çay içə bilməz. Ondan sonra tərcüməçi oğlana heç salam da vermədim. Onsuz da xoşum gəlmirdi, bu hadisədən sonra lap zəhləm getdi”.
Söhbətimizə qoşulan Malik fincanı indiki kimi xatırladığını deyir: “Balaca güllü fincan idi. O vaxtdan Naibəyə fincan alacağıma söz vermişəm, amma hələ də borcluyam”.
Naibə Malikin də ondan xoşunun gəlmədiyini deyir: “Hiss edirdim ki, tərcüməçi oğlanın da məndən zəhləsi gedir. Telefon ancaq onun otağnda olduğundan tez-tez o otaqdan müsahiblərimə zəng etməli olurdum. Hər dəfə otağına girəndə mənə “sifət” edirdi”. Sonradan Malik özü də məndən xoşunun gəlmədiyini, qadın kimi deyil, “soldat” kimi yeridiyimi bildirirdi”.
Erməni ailəsinin birləşdirdiyi cütlük
Bir-birilə arası olmayan bu cütlük arasındakı sırsıra yol gedib bir-birini tanıyandan sonra əriməyə başlayır. Baş redaktor Naibəyə siyasi mühacir adı almaq üçün ABŞ səfirliyinə müraciət edən bakılı erməni ailəsindən reportaj hazırlamağı tapşırır. Naibənin rus dilini yaxşı bilmədiyi məlum olanda, baş redaktor reportaja tərcüməçi oğlanla getməyini məsləhət görür: “Baş redaktorun təklifinə ağız büzsəm də, onunla getmək məcburiyyətində idim. Maliklə danışdım, mənə ev nömrələrini verib, dedi ki, səhər tezdən hər ehtimala qarşı bu nömrəyə zəng vurub xatırlatma edim. Nömrəni qeyd dəftərimin birinci səhifəsinə yazdım. Hələ də o dəftərçə məndə durur. Ağlıma gəlməzdi ki, gələcəkdə o nömrə mənim öz evimin nömrəsi olacaq”.
Reportajdan qayıdandan sonra yolboyu ordan-burdan söhbət edirlər və heç də bir-birlərini “çəkə bilməyən” adam olmadıqları bəllənir. Ondan sonra telefonla danışmaq üçün Naibə Malikin otağına keçəndə artıq bir-birləri üçün maraqlı insan olaraq söhbət etməyə başlayırlar: “Yolumuz eyni olduğundan eyni marşrutla gedirdik. Mən “Dostluq” kinoteatrının yanında, Malik isə məndən 2 dayanacaq sonra düşürdü. Hər dəfə marşruta minəndə çıxarıb yolpulumu verirdi. Söhbətimiz nə qədər tutsa da, onun bu hərəkəti məndə qıcıq yaradırdı. Fikirləşdim ki, ola bilməz ki, bu adam hər gün eyni vaxtda mənimlə marşruta minsin. Bir gün işdən çıxıb dayanacağa gedəndə Maliki gözlədim və yaxınlaşıb nə vaxta qədər mənim yolpulumu verəcəyini soruşdum. Dedim, “bir də yolpulumu vermirsən, səni bir də bu marşrutda və mənim arxamca gəldiyini görməyim”. Ürəyimi boşaldandan sonra Malik gözlərimin içinə baxıb bircə kəlimə dedi: “alacam səni”. Mən lap qıcıq oldum. Aramızda söz davası düşdü və arxamca gəlməməyini tapşırıb 88 nömrəli marşruta mindim. Blokumuza çatanda gördüm ki, Malik blokun ağzında dayanıb. Mən marşruta minəndən sonra o da taksiylə arxamca gəlib. Sözün açığı, onun cəsarəti, etirazlarıma baxmayaraq etdiyi sürprizlər xoşuma gəldi. Uzun-uzadı mesajları sevmirəm. Ondan sonra gördüm söhbətimiz tutur. Yavaş-yavaş hiss etdik ki, bir-birimizə öyrəşmişik".
“Redaksiyada nişanlandığımızı biləndə şok yaşandı”
Malik də reportaja gedənə kimi Naibədən xoşunun gəlmədiyini bildirir. Zarafatla əlavə edir ki, erməninin sığınacaq istəməsi onları bir-birinə tanıtdı: “Zarafat bir yana, amma düz deyirlər ki, yol adamı bir-birinə tanıtdırır”.
Naibənin ürəyini qazanan Malik bundan sonra tez-tez onunla reportaj hazırlamağa gedir. Mərkəzi Seçki Komissiyasının tədbirləri gec qurtardığından hər dəfə siyasət yazarı olan Naibəni tədbirdən redaksiyayacan müşayiət edir: “Çıxanda görürdüm ki, qapının ağzında dayanıb. Get-gedə bunu təbii qarşılamağa başladım. Artıq çıxan kimi gözlərim Maliki axtarırdı”.
Beləcə, ulduzları barışan cütlük ailə həyatı qurmağa qərar verir. Amma redaksiyada heç kimi Naibə ilə Malikin nişanının olduğuna inandıra bilmirlər: “Redaksiyada bizim nişanlandığımızı biləndə şok yaşandı. Heç kim inanmırdı ki, iki bir-birinə zidd, aylarla küsülü qalan, bir-birinə düşmən kimi yanaşan adamlar nişanlansın”.
Bir-birlərində nəyi bəyənirlər?
Malik deyir ki, Naibədə onu özünə çəkən xüsusiyyət ilk növbədə qarşı tərəfin səliqəsi olub: “Özüm vasvası adamam. Naibə dəhşətli dərəcədə səliqəli idi. Ona görə məhz onun fincanını götürüb çay içmişdim. Həm də cəsarətini bəyəndim. “Başına vur, çörəyini əlindən al” tipli deyil, öz başını saxlaya bilən adam idi. Gördüm ki, bu insanla yola getmək olar, yıxılmamağım üçün lazım olanda əlini kürəyimə dayaq da verə bilər”.
Naibə deyib-gülən olsa da, daxilində həmişə qaraqabaq adamın gizləndiyini bildirir: “Həmişə istəmişəm ki, həyatda birgə addımlayacağım insan da daxilən özüm kmi olsun. Həm də tərbiyəyə çox fikir verənəm. Malikin ailə tərbiyəsi hərəkətlərindən bəlli idi. Baxdım ki, o, istədiyim tipdir. Ailələri də ailəmizə uyğundur və cəsarətlə bu adamı valideynlərimə təqdim edə bilərəm”.
“Ailə qurandan sonra həyatımda inqilab olmadı”
Ailə qurandan sonra həyatında böyük bir inqilabın baş verəcəyini düşünən Naibə fikirlərində yanılır: “Düşünürdüm ki, ailə qurandan sonra həyat tərzim dəyişə bilər. Malik də mənə xatırlatma etmişdi ki, jurnalist səfərlərimdə bir az məhdudiyyətlər olacaq. Ixtisasca müəllimə olduğumdan üstüörtülü də olsa, öz ixtisasım üzrə işləməyimi məsləhət görürdü. Amma evlənəndən sonra heç bir şey dəyişmədi. Malikin xatırlatmaları da yaddan çıxdı”.
Bütün günü bir yerdə olduqlarından Malik evlənənə qədər 90 faiz bir-birlərini tanıdıqlarını deyir. Yalnız Malikin xırdaçıl olması Naibəni evlənəndən sonra az da olsa, qıcıqlandırır: “Bu adam o qədər xırdaçıldır ki, hətta stolun üstündə su damcısı belə olsa, o süfrədən imtina edər. Malik məişətdə də, həyatda da, işində də xırdaçıldır. Hər şeyin kökünə getməyi xoşlayır”.
Amma Malikin xırdaçıl olması heç nəyi dəyişmir. Arada Naibəni hirsləndirsə də, hər şey axarı ilə gedir: “Bir-birimizi dəhşətli dərəcədə baxışdan anlayırıq. Hətta ikimiz eyni vaxtda oturduğumuz halda beynimizdən nə keçdiyini “tutur” və bir-birimizə baxıb gülə bilirik. Bu da bir-birimizi tamamlamağımız deməkdir”.
“Əsəbi olanda bir-birimizi yola veririk”
Bütün ailələr kimi həmsöhbətlərimizin ailəsində də mübahisə olur. Malik deyir ki, mübahisə zamanı kim düzdürsə, o da düzdür: “Mən yumruğumu stola vurum ki, bu, belədir, elə olmaz. Müəyyən məqamlar olur ki, işdən əsəbi gəlirəm, düz də, səhv də olsam, Naibə məni yola verir. Naibə də işdən əsəbi gəlirsə, mən onu yola verirəm. Amma sonradan məsələnin əslində necə olduğuna aydınlıq gətiririk”.
“Uşaq olana kimi aramızdan su da keçməyib”
Naibənin sözlərinə görə, evlənən gündən 7 il ərzində onların arasından heç “su” da keçməyib: “Mübahisə nədir, qaşımızı da düyünləmək kimi bir şey olmayıb. Övladımız Sədi dünyaya gələnə qədər həddindən artıq sakit həyat tempimiz olub. Sədi həm sevinc, həm də mübahisə mənbəyimizdir. Onun tərbiyəsi üstündə 3 ildir mübahisə edirik. Atası həddindən artıq sərbəstlik verir, mən də sıxıram. Malik yapon tərbiyə üsuluna istinad edərək, uşağı 6 yaşına kimi qadağalarla böyütməyin düzgün olmadığını bildirir”.
“Məncə, yaxşı gəlinəm”
Qayınanalı evdə yaşadığından Naibədən necə gəlin olduğunu da soruşduq. Bəlli oldu ki, Nabə pis gəlin olmadığı iddiasındadır: “Məncə, qayınanam məndən razıdır. Dəfələrlə hamıya təriflədiyinin şahidi olmuşam. Həm də bunu söz-söhbətsiz on il birgə yaşamağımızdan da bilmək olar. O, Malikdən fərqli olaraq xırdaçıl deyil, sakit təbiətlidir. Hətta elə sirrim var ki, anama deyil, qayınanama deyirəm. Həyatımızda elə dönəmlər oldu ki, bu müddətdə həm qaynanamı, həm də Maliki sınaqdan keçirmək imkanım oldu. O dönəmdə mənə olan dəstək ayaqda qalmağıma kömək etdi. Mən Maliki də o vaxt ərzində daha yaxşı tanıdım və şükr etdim ki, seçimimdə yanılmamışam”.
Evin maliyyə naziri kimdir?
Müsahiblərimizlə evdə pulları kimin idarə etməsindən də danışdıq. Məlum oldu ki, pulları idarə edən evin maliyyə naziri Naibədir: “Pullar hamısı bir yerə gəlir, xəzinədarı da mənəm. Ailənin iqtisadi büdcəsinin idarəçiliyini gələn gündən özüm ələ almışam. Əvvəl çətin olsa da, indi bu işdə o qədər peşəkarlaşmışam ki, gözüyumulu aylıq ərzaqa, uşağa, geyimimizə, məclislərə nə qədər pulumuzun çıxacağını dəqiqliklə bölə bilirəm”.
Səbr xoşbəxtlik gətirir
Xoşbəxtliklərinin sirrinə gəlincə, Malik səbirli olmağın, hər şeyi qabartmamağın onlara xoşbəxtlik gətirdiyini deyir: “Qüsursuz insan yoxdur. Kimsə səhv edirsə, ya ona göz yummaq, ya da ara sakitləşəndən sonra bunu aydınlaşdırmaq lazımdır”.
Naibənin fikrincə, iki insanın bir yerdə normal yaşaması üçün gərək müəyyən məqamlarda gözüyumulu olasan: “Əgər ikimiz də dərinliyə varsaq, xırda nöqsanlarımızı qabrtsaydıq, bir yerdə yaşaya bilməzdik. Xaraktercə mən Malikdən emosional olsam da, ailə məsələlərində çox həssasam və səbrlə hərəkət edirəm. Bir çox ailələrdə cütlüklər elə şeyləri özlərinə dərd edirlər ki, mat qalıram. Məsələn, işdən evə gələn kimi verilən “harda idin”, “niyə gec gəldin” suallarını nə vaxtsa dediyimi xatırlamıram. Əslində böyük qovğalar kiçik bəhanələrdən, sadə görünən söz-söhbətlərdən qaynaqlanır. Bunun qarşısını almağın sadə formulu var - qıcıq doğuracaq suallar verməyəcəksən, səni narahat edən səbəbləri həmin anda öyrənməyə çalışmayacaqsan. Bu prinsipi əsas tutaraq hansımızsa işdən evə gec gələndə bir-birimizə “niyə gec gəldin” sualını vermirik. Bu, uzaqbaşı narahatlıqdan dolayı ola bilər. Ümumiyyətlə, ailədə gərək xırda detallara varmayasan, bu sonrakı böyük söz-söhbətlərin başlanğıcıdır. Ancaq qarşılılı anlayış sayəsində qurduğun kiçicik dövləi qoruya bilərsən”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər