• cümə axşamı, 18 aprel, 10:13
  • Baku Bakı 12°C

Onlar Azərbaycanı ancaq qara görürlər

22.10.16 11:47 1102
Onlar Azərbaycanı ancaq qara görürlər
Human Rights Watch təşkilatı növbəti hesabatını dərc edib. Oktyabrın 20-si açıqlanan hesabatda bu dəfə də Azərbaycan haqda kəskin tənqidi fikirlər yer alıb. 75 səhifəlik hesabatdaqeyd olunub ki, ölkədə həbslər artıb. Müəllif onu da bildirib ki, 2015-ci ildə neftin qiymətinin qlobal səviyyədə ciddi şəkildə düşməsi, Azərbaycanın neft ixracından asılı olan iqtisadiyyatında ciddi itkilərə səbəb olub: "Xəzər dənizindən Avropaya qaz ixracı məqsədi ilə hökumət Xəzər dənizi Şahdəniz qaz yatağı və Cənub Qaz Dəhlizi də daxil olmaqla mədən sənayesinə Dünya Bankı və digər bu kimi digər qurumlardan əlavə beynəlxalq maliyyə yatırımlar əldə etməyə can atır”.

Mövzu haqda fikirlərini öyrəndiyimiz ekspertlərin qənaətinə görə, təşkilat növbəti dəfə Azərbaycan barədə yalan məlumatlar yayıb və bu, təəccüblü deyil. Çünki onlar hər zaman öz qərəzli mövqeləri ilə digərlərindən fərqləniblər.

Millət vəkili Tahir Kərimli "Kaspi”yə açıqlamasında dedi ki, Human Rights Watch təşkilatı hər zaman ölkəmiz haqda belə fikirlər bildirir: "Oktyabrın 20-də dərc olunan hesabatı oxudum. Bir fakt yenə də ortadadır. Onlar Azərbaycanı ancaq qara görürlər. Hesabatın özünü isə ölkəmizin əleyhdarlarının dediklərinə əsasən hazırlayırlar. Hökumət tənqidçiləri, bəzi hüquq müdafiəçiləri, özlərinə yaxın vətəndaş cəmiyyətinin nümayəndələrinin məlumatları ilə hesabat hazırlayırlar. 75 səhifəlik hesabata baxanda adama elə gəlir ki, bu ölkədə yaxşı heç nə baş vermir. Ən dəhşətlisi odur ki, yenə də bir milyondan artıq qaçqınımızın hüquqları heç kimin yadına düşməyib. Onlar barədə bir kəlmə söz yoxdur. Həmçinin Azərbaycan cəmiyyətinin tolerant olması barədə bir kəlmə söz yoxdur. Halbuki bu, dünyaya nümunə olası məsələdir. Bundan əlavə, sanki inflyasiya, devalvasiya ancaq Azərbaycanda var. Guya dünyanın başqa ölkələrində böhran yaşanmır. Azərbaycanda kim həbs olunursa, adını siyasi fəal qoyurlar. İstənilən jurnalist, hər hansı bir gənc, partiya üzvü cinayət törətdikdə iddia edə bilər ki, məni müxalifətçi olduğuma görə, hakimiyyət haqqında tənqidi fikirlər səsləndirdiyimə görə həbs ediblər. Bu yaxınlarda prezident Avropa Parlamenti nümayəndələri ilə görüşdə onları fakt qarşısında qoydu. Diqqətə çatdırdı ki, hesabatlar qərəzlidir və yalan üzərindən hazırlanır. Məsələn, jurnalistlə futbolçu arasında yaşanan anlaşılmazlığı da siyasətə qatırlar. Deyirlər ki, guya jurnalist prezidenti tənqid etdiyinə görə bu cür vəziyyət yaranıb. Halbuki burada siyasi heç bir motiv yoxdur. Human Rights Watch-un hazırladığı hesabatlar da bu silsilədəndir və həqiqəti əks etdirmir”.

Millət vəkili onu da diqqətə çatdırdı ki, Azərbaycan haqda yalan məlumatları xaricilərə ötürənlər radikal adamlardırlar: "Təşkilat üzvləri üçün bir prinsip var - nə xəbər olur olsun, təki Azərbaycan əleyhinə məlumat olsun. Belə informasiyaları dərhal da çap edirlər. Bildiyiniz kimi, bu yaxınlarda referendum keçirildi. Bununla bağlı insanlara hər cür şərait yaradılmışdı. Faktdır ki, mitinqlər də baş tutdu. Bu da bir daha sübut edir ki, sözügedən təşkilat qərəzlidir. Əgər insan haqları məsələsi bir ölkənin daxili işi deyilsə, onda, bu cür təşkilatlar ədalətli olsunlar. Qoy bütün məqamlar qeyd edilsin. Azərbaycan haqqında yalnız mənfi rəy yazılması ölkə hakimiyyətinə təzyiq xarakteri daşıyır”.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov da Human Rights Watch kimi qurumların birtərəfli və qərəzli fəaliyyət göstərdiklərini bildirdi: "Onlar sərgilədikləri mövqe ilə dünyada obyektivliyini itirmiş, nüfuzsuz qurumlara çevriliblər. Human Rights Watch-ı heç beynəlxalq təşkilat hesab etmirəm. Bir təşkilat kimi, illər uzunu yalnız birtərəfli, qərəzli, real faktlara əsaslanmayan məlumatlar yayıblar. Yalnız öz maraqları çərçivəsində fəaliyyət göstərirlərsə, artıq hər şey aydındır. Ona görə də onların beynəlxalq statusundan danışa bilmərik. Təşkilatın Azərbaycanla bağlı hesabatlarını qeyri-ciddi hesab edirik. Düşünərəm ki, belə hallar Azərbaycanın dünyada qazandığı imicə, nüfuza qarşı qısqanclıq mövqeyindən başqa bir şey deyil”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər