AZE | RUS | ENG |


On minlərlə azərbaycanlının xatirəsinə ucaldılan möhtəşəm abidə - Fotolar

On minlərlə azərbaycanlının xatirəsinə ucaldılan möhtəşəm abidə - Fotolar
“Soyqırımı Memorial Kompleksi” ilə bağlı irəli sürülən təkliflər öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Prezidentinə təqdim ediləcək

XIX əsrin əvvəllərindən başlayaraq qonşu dövlətlərin ərazisindən Azərbaycan torpaqlarına köçürülən erməni daşnaklar burada möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atıblar. Yerli sakinlərin mədəniyyətinə, dilinə, adət-ənənəsinə sahiblənməyə, özlərini aborigen xalq kimi təqdim etməyə can atan ermənilər bu yolda təxribatlardan, münaqişələrdən, kütləvi qırğınlardan da çəkinməyiblər. XX əsrin əvvəlində bolşevik libasına bürünən ermənilər azərbaycanlılara qarşı sistemli şəkildə soyqırımı həyata keçiriblər. 1918-ci ilin mart soyqırımı da Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biridir. Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilib. Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılıb və yandırılıb, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilib. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülüb. 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülüb və doğma torpağından didərgin salınıb.
 
 

400-dən artıq insan cəsədi

Xüsusilə qeyd edilməlidir ki, ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində yalnız Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib. Həmin hadisələr nəticəsində Qubada 167 kənd dağıdılıb ki, onlardan 35-i hazırda da mövcud deyil. Qatil Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törədiblər. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi də qətlə yetirilib. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübut olunub. Belə ki, 2007-ci il aprelin 1-də Quba ərazisində torpaq işləri görülərkən kütləvi insan məzarlığı aşkar edilib. Dərhal torpaq işləri saxlanılıb və 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində kütləvi məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Məlum olub ki, məzarlıqdakı 400-dən artıq insan cəsədi qalıqları müxtəlif yaş qruplarına aiddir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları əsasən yaşlı kişilərə aiddir. O da məlum olub ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
 
 
 
Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti

2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Beləliklə də aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər. Bununla da 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə möhtəşəm abidə ucaldılıb.
 
 

Kompleksin mövcud vəziyyətinin araşdırılması üçün komissiya

Son dövrlərə qədər ölkəmizin dövlət və qeyri-hökumət təşkilatları, xüsusən Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Quba şəhərindəki "Soyqırımı Memorial Kompleksi”nə tez-tez səfərlər təşkil edib. Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr və turistlər kompleksi ziyarət ediblər. Lakin son dövrlər kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunub. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib. Prezidentin tapşırığına uyğun olaraq Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Quba şəhərində "Soyqırımı Memorial Kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Sənədə əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib. Komissiyaya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Prezident Administrasiyasına təqdim etməsi həvalə olunub.
 
 

Təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək

İyunun 9-da sözügedən komissiya üzvlərinin iştirakı ilə "Soyqırımı Memorial Kompleksi”nin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxılıb, Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub, problemlə bağlı Quba Rayon İcra Hakimiyyətində iclas keçirilib, mövcud vəziyyət müzakirə edilib, təkliflər səsləndirilib. Bununla əlaqədar mətbuata açıqlama verən komissiya sədri, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kompleksin ən müasir standartlara cavab verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, abidə-muzeydə mövcud olan şərait və tarixi sənədlər, faktlar və ekspozisiyalar həmin dövrdə erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat əldə edilməsi və bütün bunların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradır. O, kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçirildiyini də vurğulayıb. Bildirib ki, Quba Rayon İcra Hakimiyyətində keçirilən iclasda mövcud vəziyyətlə bağlı müzakirələr aparılıb və artıq problemin aradan qaldırılmasına dair ilkin təkliflər irəli sürülüb. Komissiya sədrinin sözlərinə görə, daxil olan təkliflər yaxın zamanlarda öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Prezidentinə təqdim ediləcək.
 
 

Hamımızın vətəndaşlıq borcu

İyunun 9-da memorial kompleksə təşkil edilən səfərdə və Quba Rayon İcra Hakimiyyətində keçirilən iclasda iştirak edən komissiya üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni "Kaspi”yə açıqlamasında bildirib ki, kompleksin ərazisinə baxış keçirilib və vəziyyət yerindəcə dəyərləndirilib. Onun sözlərinə görə, həmin dəyərləndirmədən irəli gələrək, gələcəkdə kompleks ərazisində görülməsi vacib olan müxtəlif təkliflər irəli sürülüb: "Müzakirələrdə belə bir kompleksin yaradılması və bu günə qədər görülən işlər yüksək qiymətləndirildi. Bununla bərabər, hazırda özünü göstərən problem və ondan çıxış yolları da diqqətə çatdırıldı. İrəli sürülən təkliflər ətrafında müzakirələr aparıldı və yekunda bunların sistemləşdirilərək dövlət başçısına təqdim olunması qənaətinə gəlindi. Ümumi fikir bundan ibarət oldu ki, insan cəsədlərinin qalıqları – skeletlərin hissələrində erroziyaya uğrama halı varsa, onun qarşısı mütəxəssislər tərəfindən alınsın, cəsəd qalıqları şüşə altında saxlanılsın, qorunsun, hətta zərurət varsa, beynəlxalq ictimaiyyətin iştirakı ilə həmin cəsəd qalıqları dəfn olunsun, bu da bütün dünyaya nümayiş olunsun. Beləliklə də Azərbaycan tarixinin qanlı illərini, erməni-daşnak və erməni-bolşeviklərin azərbaycanlılara qarşı qətliamlarını, vəhşiliklərini əbədi olaraq dünyaya çatdırmaq imkanı yaransın. Bir sözlə, kompleksdəki cəsəd qalıqlarının qorunması, oradakı cəsəd qalıqlarına kənar təsirlərin qarşısının alınması üçün bütün müasir imkanlardan istifadə olunacaq. Bu, bizim tariximizdir, erməni soyqırımını sübut edən tutarlı faktdır, mənbədir. Onu qorumaq, gələcək nəsillərə çatdırmaq, eyni zamanda Ermənistanın işğalçılıq, soyqırımı və deportasiya siyasətinin nəticələrini bir daha dünyaya nümayiş etdirmək vətəndaş kimi hamımızın borcudur”.
 
 

Vətəndaş cəmiyyətinin dəstəyi

R.Zeyni bildirib ki, iclasda kompleksin dünya ictimaiyyətinə bundan sonra daha geniş şəkildə təqdim edilməsi də müzakirə olunub. Milli QHT Forumunun prezidenti onu da əlavə edib ki, problemin aradan qaldırılması məqsədilə yaradılan komissiya, ölkə başçısının bu istiqamətdə verdiyi müvafiq tapşırıqlar ictimaiyyət tərəfindən də müsbət qarşılanır: "Biz tez-tez yerlərdə olur, vətəndaş cəmiyyətini təmsil edən müxtəlif insanlarla ünsiyyətdə oluruq. Onların hər biri "Soyqırımı Memorial Kompleksi” ilə əlaqədar atılan addımları dəstəkləyirlər, belə bir abidənin qorunub saxlanmasının vacibliyini vurğulayırlar. Bu cür abidələr çox az ölkələrdə var. Polşada yaradılan bu cür kompleksdə polyak və yəhudilərin soyqırımına məruz qalmaları, onlara verilən işgəncələr, qətliamlar barədə ətraflı məlumatlar verilir. Həmin kompleksi ziyarət edən hər bir turist çox təsirlənir, milliyyətindən asılı olmayaraq oradan bir polyak, yəhudi kimi ayrılır. Yəni, insanların faciəsinə şərik olur, dinc əhaliyə qarşı törədilən amansızlıqları, əsl həqiqətləri görür. Qubadakı memorial kompleks də eyni rolu oynayır və bundan sonra da belə olacaq. Bu baxımdan, belə komplekslərin yaradılması, qorunub saxlanması olduqca vacibdir”.  

Rufik İSMAYILOV
 






Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6539
GBP 1 İngilis funt sterlinqi 2.2653
TRY 1 Türk lirəsi 0.4424
KWD 1 Küveyt dinarı 5.6250
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 1.9983
CHF 1 İsveçrə frankı 1.7166
USD 1 ABŞ dolları 1.7001