• çərşənbə axşamı, 19 mart, 08:22
  • Baku Bakı 8°C

Ombudsman Bakıdakı Britaniya Məktəbində görüş keçirmişdir

25.04.17 21:21 824
Ombudsman Bakıdakı Britaniya Məktəbində görüş keçirmişdir
İnsan hüquqlarının müdafiəsi və həyata keçirilməsi ilə yanaşı, uşaqların təhsil hüquqlarının təmini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın diqqət yetirdiyi məsələlərdəndir.
Ombudsman "BSB” (British School in Baku) Tam Orta İnnovasiyalar Məktəbində "Maraqlı peşə sahibləri ilə görüş” layihəsi çərçivəsində tədbirdə iştirak etmiş, buradakı şagirdlər onun ictimai xadim və Müvəkkil kimi fəaliyyəti ilə tanış olmuşlar.
İlk öncə Müvəkkil Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və adı çəkilən məktəbin rəhbərliyi ilə görüşmüş, bu təhsil ocağının fəaliyyəti ilə tanış olmuşdur. Qeyd edilmişdir ki, "BSB” məktəbi 2007-ci ildən fəaliyyət göstərir, Britaniya milli təhsil standartlarına cavab verən, eyni zamanda milli tədris proqramını tətbiq edən yeganə məktəbdir. Bu məktəbin hər il 30-a yaxın məzunu olur və bu məzunların əksəriyyəti dünyanın nüfuzlu universitetlərində təhsil alır, habelə burada yerli müəllimlərlə yanaşı, 30-dan çox yüksək ixtisaslı əcnəbi müəllimlər də çalışır.
Ombudsman şagirdlərlə görüşdə çıxış edərək, müstəqil ölkəmizin memarı Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatların həyata keçirildiyini, dövlətimizin 230-dan çox beynəlxalq konvensiyalara, o cümlədən Uşaq Haqları Konvensiyasına qoşulduğunu bildirmiş, həmin islahatların bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. O, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirmişdir. Ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın bu sahədə dəyərli işlər gördüyü yüksək qiymətləndirilmişdir.
Müvəkkil məktəblilərlə ingilis dilində keçirilən görüşdə elmi və ictimai fəaliyyəti haqqında ətraflı məlumat vermiş, Azərbaycanda Ombudsman təsisatının mandatı, səlahiyyətləri və insan hüquqları sahəsində gördüyü işləri diqqətə çatdırmışdır.
Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi üzrə üç mühüm strateji sənəd - "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006), habelə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) və bu sənədin beş istiqamətinin hər biri üzrə Ombudsmanın fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Müvəkkilin digər hüquqlarla yanaşı, uşaqların hüquqlarına, hüquqi maarifləndirməyə böyük diqqət yetirdiyi, bu sahədə UNİCEF-lə və müvafiq QHT-lərlə səmərəli əməkdaşlığı, bununla əlaqədar silsilə tədbirlərin keçirildiyi vurğulanmışdır. Habelə onun təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramının həyata keçirildiyi diqqətə çatdırılmışdır. Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən proqrama 130-dan çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 7500-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 600-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.
Bildirilmişdir ki, Müvəkkil ənənəvi olaraq, hər il 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Mən və hüquqlarım” mövzusunda uşaq rəsmləri müsabiqəsi keçirilir və qaliblər mükafat və sertifikatlarla təltif olunur.
Ombudsmanın "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiyası edilməsi, "Uşaqların cismani cəzadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu prosesinin sürətləndirilməsi, məişət zorakılığına məruz qalmış qadın və uşaqların, insan alveri qurbanlarının sosial müdafiəsi məqsədi ilə sosial-reabilitasiya, habelə cəmiyyətə uyğunlaşmaya yönəlmiş proqramların hazırlanması və tətbiqi, həmçinin ixtisaslaşmış sosial-psixoloji reabilitasiya xidməti göstərən regional sosial sığınacaq komplekslərinin yaradılması və digər təklifləri barədə də məlumat verilmişdir.
Habelə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin və Liderlik Məktəbinin fəaliyyəti, burada keçirilən tədbirlər barədə məlumat verilmişdir. Qeyd edilməlidir ki, bir müddət əvvəl bu təşkilat tərəfindən Xocalı faciəsinin ildönümü ərəfəsində "Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılan ümumrespublika aksiyası çərçivəsində ölkəmizin müxtəlif güşələrində yaşayan və təhsil alan 310.000-dən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanmış, imza vərəqələri BMT Baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərilmişdir.
Sonra Müvəkkil məktəblilərin suallarını ətraflı cavablandırmışdır.
"Maraqlı peşə sahibləri ilə görüş” layihəsi çərçivəsində "BSB” məktəbinin fəxri qonağı olduğu üçün E.Süleymanovaya məktəb tərəfindən müvafiq Diplom təqdim olunmuşdur.
Eyni zamanda Ombudsman təsisatının hüquqi nəşrləri məktəbə hədiyyə edilmişdir.
banner

Oxşar Xəbərlər