• cümə, 19 Aprel, 07:08
  • Baku Bakı 13°C

Ollandın fikirləri Fransanın beynəlxalq nüfuzuna xələl gətirir

14.02.17 11:30 765
Ollandın fikirləri Fransanın beynəlxalq nüfuzuna xələl gətirir
Sovetlər imperiyasının dağılması keçmiş ittifaq ərazisində milli zəmində münaqişələrin baş qaldırması ilə müşayiət olunub. Moldovada Dnestrynı, Gürcüstanda Abxaziya və Osetiya problemləri yaşanıb, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilərin separatçı hərəkətləri geniş vüsət alıb. Əvvəlcə Ermənistan SSR Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Beləliklə də Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi başlanıb. Bu əsassız iddialar, ölkələrin BMT tərəfindən təsdiqlənmiş ərazi bütövlüyünün parçalanmasına edilən cəhdlər Cənubi Qafqazda yeni müharibə ocağının yaranmasına gətirib çıxarıb. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan inzibati rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq azərbaycanlı insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatsa da, işğal olunmuş ərazilərdən erməni silahlı birləşmələri geri çəkilməyib.
Dağlıq Qarabağ problemi kimi tarixə düşən bu münaqişənin həlli ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupuDağlıq Qarabağ münaqişəsininməhz ATƏT-in prinsipləri əsasında sülh və danışıqlar vasitəsi ilə həllinə məsuldur. 1996-cı ilin dekabrından etibarən ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyətə başlayıb. Həmsədr dövlətlərin də əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək olub. Lakin indiyə qədər ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib. Həmsədr dövlətlər Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlıBMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrinin, o cümlədənBMTBaş Assambleyası,Avropa Şurası Parlament Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər qurumların qətnamələrinin yerinə yetirilməsinə də nail ola bilməyiblər. Ermənistan bütün beynəlxalq norma və prinsipləri kobud şəkildə pozmasına, işğalçı siyasətini bu gün də davam etdirməsinə, cəbhə xəttində müxtəlif təxribatlar törədərək müharibəni yenidən alovlandırmaq cəhdlərinə rəğmən, nə beynəlxalq təşkilatlar, nə də həmsədr dövlətlər rəsmi İrəvana hər hansı təzyiq və təsir göstərməyiblər.
Ən acınacaqlı məqam burasıdır ki, bəzi hallarda həmsədr dövlətlərin rəsmiləri, yaxud siyasətçilər öz ölkələrinin nüfuzunu, beynəlxalq imicini, milli maraqlarını nəzərə almadan münaqişə barədə qeyri-obyektiv fikirlər səsləndirir, dünya ictimaiyyətində yanlış rəy formalaşdırırlar. Bu addımın bilməzlikdən, təsadüfdən irəli gəlməsi inandırıcı deyil. Hər dəfə belə xoşagəlməz hadisənin mahiyyətini, yaranma səbəbini araşdırdıqda onun arxasında erməni lobbisinin, ermənipərəst dairələrin maraqlarının gizləndiyi dərhal üzə çıxır. Fransa prezidenti Fransua Ollandın bu günlərdə mediada yayılan fikirlərini də bu qəbildən saymaq olar. Çünki, Fransa kimi Avropanın qabaqcıl ölkəsinin, ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən xəbərsiz, dəqiq məlumatsız ola bilməz. Bununla bərabər, bu vaxta qədər Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə görüşüb. Təkcə ötən ilin ortalarında Varşavada keçirilən görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlər arasında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanın milli və dövlət maraqlarını, Dağlıq Qarabağ probleminin mahiyyətini Fransa prezidentinə növbəti dəfə çatdıran ölkə başçısı İlham Əliyev münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğunu bildirib. Fransa prezidenti də bu mövqeyi bölüşərək, münaqişənin sülh yolu ilə həllinə fəal dəstək verəcəyini vurğulayıb.
Ancaq bu günlərdə Fransa prezidenti F.Olland erməni diasporu ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər tamamilə başqa məna kəsb edib. O, münaqişənin həlli üçün "Madrid prinsipləri”nin tətbiq olunmasından danışarkən deyib ki, bu zaman Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər. "Qarabağ xalqı” ifadəsini işlədən Fransa prezidenti bununla ermənipərəstliyini ortaya qoyub. Əvvəlcə onu qeyd edək ki, Fransa prezidentinin, rəsmi şəxsinin bu cür qeyri-obyektiv münasibət sərgiləməsi onun imicinə, ardınca isə dövlətinin nüfuzuna xələl gətirir. Halbuki, həmsədr dövlət tərəfsiz olmalı, yalnız ədalətli mövqe ortaya qoymalı, qızışdırıcı rol oynamamalı, həqiqətən də problemin sülh yolu ilə həllinə çalışmalıdır. Lakin bunun əksinə olaraq, onun ermənilərə xoş gəlmək üçün səsləndirdiyi fikirlər Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın Minsk qrupunun həmsədr dövləti kimi Fransaya olan inamını, güvənini sarsıdır, bu ölkənin obyektiv mövqe nümayiş etdirəcəyini şübhə altına salır. F.Olland ermənilərə olan simpatiyasından dolayı "Qarabağ xalqı”, "öz müqəddəratını təyin etmək” kimi ifadələr səsləndirməklə, suveren bir dövlətin ərazi bütövlüyünü şübhə altına salır, Azərbaycanın ərazi bütövlüyünü pozan separatçılara "qol-qanad” verir.
F.Ollandın ermənilərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirləri Fransada qarşıdan gələn seçki kampaniyası ilə də əlaqələndirmək olar. Görünür cənab Olland növbəti prezident seçkilərində iştirak etməyəcəyini bildiyinə görə, şəxsi karyerasını düşünür, dövlət başçısı postunu tərk etdikdən sonra işsiz qalmaq istəmir. Bunun üçün isə ən yaxşı vasitə "erməni sevgisi”, uydurma soyqırımı, "Qarabağ xalqı” və sair bu kimi məsələlərlə erməni lobbisinə yarınmaqdır. Çünki, erməni lobbisinin Fransada necə böyük bir gücə, imkana sahib olması hər kəsə bəlli həqiqətdir. F.Olland da bu həqiqətlərdən öz mənafeyi naminə yararlanmaq istəyir. Amma bu zaman o, dövlətinin maraqlarını nəzərə almır. Ümumiləşdirsək belə qənaətə gəlmək mümkündür ki, F.Ollandın ermənilərin əhatəsində olan zaman işlətdiyi fikirlər həm Fransanın beynəlxalq nüfuzuna, həm də Minsk qrupunun həmsədr dövləti kimi ona olan inama xələl gətirir, rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsinin həllində oynayacağı ədalətli rolu şübhə altına salır.
Alpər TURAN
banner

Oxşar Xəbərlər