AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Olland Fransanın “bitərəf”liyini Ermənistana satır

Olland Fransanın “bitərəf”liyini Ermənistana satır

Siyasət
29 Yanvar 2013, 10:00 1459
Fransa prezidenti Fransua Olland aprelin 24-də Ermənistana səfər etməyi planlaşdırır. Türkiyənin "Hürriyət” qəzetinin yazdığına görə, bu haqda Yelisey sarayı məlumat yayıb.

Türk nəşri yazıb ki, Olland Ermənistan prezidenti Serj Sarkisyanın dəvətini qəbul edib. Məlumatda həmçinin bildirilir ki, Fransua Olland 2014-cü ildə yerli özünüidarə orqanlarına seçki ərəfəsində “qondarma erməni soyqırımı ilə bağlı sərt bəyanatla” çıxış edəcək. Bu isə sabiq prezident Nikola Sarkozi dönəmində olduğu kimi, Türkiyə ilə diplomatik münasibətlərin pisləşməsinə, hətta kəsilməsinə gətirib çıxara bilər. Qeyd edilir ki, qondarma erməni soyqırımı haqqında qanun layihəsi yenidən Fransa parlamentindədir. "Erməni soyqırımı"nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsini parlamentə «Xalq hərəkatı uğrunda» partiyanın deputatı Valeri Boyer təqdim edib. Dəyişiklik qəbul edilsə, qondarma soyqırımı inkara görə cinayət məsuliyyətinin nəzərdə tutulması üçün hüquqi əngəl aradan qalxmış olacaq. Məlumat üçün bildirək ki, Valeri Boyer bundan əvvəl Fransa parlamentinin hər 2 palatasında qəbul olunmuş, lakin Konstitusiya Məhkəməsi tərəfindən rədd edilən qondarma soyqırımı haqqında qanun layihəsinin müəllifidir. Lakin bununla yanaşı, nəşrdə dərc edilən xəbərdə göstərilir ki, Fransa prezidenti hələ ki qondarma erməni soyqırımının inkar edilməsinə görə cəzanın verilməsini nəzərdə tutan qanun layihəsini təqdim etmək istəmir. Bu, bir sıra “texniki” səbəblərlə əlaqələndirilib.

Ötən ilin sonlarında Fransa Senatı aşağı palatanın 2011-ci ilin 22 dekabrında qəbul etdiyi adıçəkilən qanun layihəsini qəbul edib. Qanun layihəsi qondarma erməni soyqırımının inkar edilməsinə görə 1 il azadlıqdan məhrum edilmə cəzasını və 45000 avro cərimə ödənilməsini nəzərdə tutur. Lakin Fransa Konstitusiya Məhkəməsi adıçəkilən qanun layihəsini antikonstitusion hesab edərək onu geri qaytarıb. Şura bunu onunla əsaslandırıb ki, qanun Fransa Konstitusiyasının söz və vicdan azadlığı barədə 33-cü maddəsini inkar edir. Lakin ötən ilin sonunda Parisdə Ermənistan prezidenti Serj Sarksiyanla görüşən Fransa prezidenti Fransua Olland təsdiq etdi ki, qondarma erməni soyqırımının inkarına görə cəzanın verilməsini nəzərdə tutan qanun layihəsi qəbul ediləcək.
Yaxınlaşmaqda olan seçkilərlə əlaqədar ermənilərin könlünü almağa çalışan Fransa tərəfi, həmçinin qondarma erməni soyqırımı haqqında iddiaları da dərsliklərə salıb. Şagirdlərin kitabında "erməni soyqırımı" başlıqlı bölümə rast gəlmək mümkündür. Dərs kitabları ilə bağlı təftiş işləri Nikola Sarkozinin vaxtında başlamışdı. Yeni seçilən Fransua Ollandın dövründə isə bu işlər davam etdirilib. Artıq orta məktəbin 3-cü sinif tarix və çoğrafiya dərsliklərində 1915-ci il hadisələri "soyqırım" olaraq tədris edilir.

Şübhəsiz ki, Olland Fransada seçkiqabağı erməni icmasının dəstəyini əldə etmək üçün bu addımı atır. Və seçki qurtardıqdan sonra yenə ermənilər yaddan çıxacaq. Qondarma erməni soyqırımının tanınması istiqamətində səylər Azərbaycanın da maraqlarına ziddir. Qardaş Türkiyəni «soyqırımda» ittiham etməklə Ermənistan bu ölkəni dünya birliyinin gözündən salmağa çalışır. Bu işdə isə ona ən böyük yardımı Fransa göstərir. Azərbaycanlı ekspertlər, mütəxəssislər hesab edirlər ki, Fransa tutduğu bu mövqeyə görə, Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılmalıdır. Yəni qatı ermənipərəst mövqe tutmaqla Fransa Dağlıq Qarabağ münaqişənin həllində obyektiv mövqe ortaya qoya bilməz. Bu səbəbdən də onun həmsədrliyi Böyük Britaniya və yaxud Almaniya ilə əvəzlənməlidir. Maraqlıdır ki, Fransada hakimiyyətin kursu ilə barışmaq istəməyənlər də var. Türkiyə ilə yaxınlaşmanın tərəfdarı olan dairələr hesab edir ki, Fransa ermənilərə həddən artıq yer verməklə səhv edir. Onların qənaətincə, bu yaxınlarda ermənilərdən ibarət cinayətkar dəstənin üzə çıxması bu qənaətə gəlməyə əsas verir.

Eləcə də Fransada kürd terror təşkilatının üzvlərinin ermənilərlə əməkdaşlığı da narahatedici faktdır. Fransadan alınan xəbərlərdə göstərilir ki, ölkənin hüquq-mühafizə orqanları Parisdə üç kürd fəalının qətli ilə bağlı təhqiqatları davam etdirir. Bəlli olduğu kimi, qətlə yetirilən üç PKK-çı qadından biri Səkinə Cansız terror təşkilatının əsasını qoyanlardan olub. Qətlə yetirilən şəxslər şübhəsiz ki, PKK daxilində qarşıdurma nəticəsində öldürülüb. Lakin indi PKK-ya yaxınlığı ilə seçilən “gelawej.net” saytı Səkinə Cansıza həsr edilən bir məqalədə maraqlı bir fakta toxunub. Orada Dağlıq Qarabağda döyüşmüş fransalı erməni Sarkis Açpanyan bəyan edir ki, Öcalanla birgə PKK terror təşkilatının əsasını qoymuş və son illər PKK-nın Fransadakı nümayəndəliyinin rəhbəri olmuş Cansız erməni mənşəli olub. Açpanyan deyir ki, onu Sara adlandırırmışlar. Erməni terrorçusu bildirir ki, bu adı onun erməni nənəsi qoyub. Ekspertlər bildirir ki, PKK-da lap əvvəldən ermənilər kürdlərdən çox olublar. Heç kimə sirr deyil ki, PKK əvvəldən erməni terror qruplaşmaları ilə, sonradan isə Ermənistanın xüsusi xidmət orqanları il əməkdaşlıq edib. PKK nümayəndələri ənənəvi olaraq aprelin 24-də Yerevanın mərkəzində keçirilən qondarma soyqırımı mərasimlərində iştirak edir, abidə önünə əklillər qoyurlar. Nəhayət, ötən ilin yayında bəlli olur ki, Ermənistan və İran PKK terrorçularını silahla təchiz edir. Onlara verilən Rusiya istehsalı olan silahlar separatçılara məhz erməni ərazilərindən keçir. Tehran isə onları özü istehsal etdiyi döyüş sursatları ilə təchiz edir.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, PKK ilə əməkdaşlıq edən ermənilər gec-tezi Fransanın özü üçün çox ciddi bir problemə çevriləcəklər. Necə ki bunu vaxtilə Türkiyənin və digər ölkələrin başına gətiriblər.

Azər NURİYEV