• cümə, 29 Mart, 00:54
  • Baku Bakı 7°C

Olimpiya məşəli Tokioda ictimaiyyətə təqdim olunub

01.09.20 11:30 657
Olimpiya məşəli Tokioda ictimaiyyətə təqdim olunub
Gələn ilin yayınadək təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəli Yaponiya paytaxtının ictimaiyyətinə təqdim olunub.
AZƏRTACxəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Yaponiya hökumətinin, Milli Olimpiya Komitəsinin, Tokio administrasiyasının və Oyunların təşkilat komitəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Olimpiya məşəli Yunanıstandan Yaponiyaya martın 20-də, Oyunların gələn ilədək təxirə salınması barədə qərarın qəbulundan dörd gün əvvəl gətirilib. Məşəl Tokionun Şincuku rayonunda yerləşən Yaponiya Olimpiya Muzeyində nümayiş etdirilir.
Mərasimdə çıxış edən Yaponiya Milli Olimpiya Komitəsinin sədri Yamaşita Yasuhiro bildirib ki, Olimpiya və Paralimpiya Oyunlarına qatılmaq istəyən idmançılar hazırda yorulmadan məşq edirlər. Tokioda Olimpiya məşəlinin ictimaiyyətə təqdim edilməsi bu idmançılara emosional dəstəkdir.
Yaponiya Olimpiya və Paralimpiya Oyunları naziri xanım Haşimoto Seyko isə bildirib ki, məşəl ümid deməkdir. Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq və Oyunların yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Olimpiya məşəlinə baxmaq istəyənlər əvvəlcədən bron götürməlidirlər. Eyni zamanda, muzey koronavirus pandemiyası ilə əlaqədar tamaşaçıların sayını azaltmağa çalışır. Muzeyə girişin qiyməti 500 yen (təqribən 5 dollar) olsa da, uşaqlar və məktəblilər üçün biletlər ödənişsizdir.
Olimpiya məşəli ziyarətçilərə noyabrın 1-dək nümayiş etdiriləcək.
banner

Oxşar Xəbərlər