• çərşənbə, 24 Aprel, 08:36
  • Baku Bakı 13°C

Olimpiada “Mişka”sının qəribə taleyi

29.07.20 09:30 1766
Olimpiada “Mişka”sının qəribə taleyi
Və ya gördüyü işdən məmnunluq duyan Viktor Çijikov
Moskva Yay Olimpiadasının simvolu olan "Mişka”nın (Olimpiada Ayısı) müəllifi kimi məşhurluğu asanlıqla qazanmamışdı. Bu günlərdə dünyasını dəyişəndə də "Mişka”nın müəllifi vəfat etdi” başlıqlı xəbərlər mətbuatda və sosial şəbəkələrdə yer aldı. 84 yaşında dünyasını dəyişən məşhur rəssam Viktor Çijikov sovet və rus incəsənət tarixinə dəyərli töhfələr verdi.
"Geriyə yol yox idi...”
Viktor Çijikov 1935-ci ildə Moskvada doğulub. 1953-cü ildə Moskva yaxınlığında yaşadıqları zaman 103 saylı kənd məktəbini bitirib. "Rəssamlığa həvəsiniz necə yarandı?” deyə jurnalistlər ondan tez-tez soruşurdular. Görkəmli rəssam təkrarlamaqdan yorulmurdu: "Atam arxitektor idi, həmişə mənə yağlı karandaşlar alır və şəkil çəkməyə həvəsləndirirdi. Mən on aylıq idim. Çarpayım pəncərənin yanında qoyulmuşdu. Demək olar ki, bütün divarı rəngləmişdim. Anam divarları sabunlu su ilə silməkdən yorulmuşdu. Atam rəsm kağızları da alırdı. Daha sonra flomaster, kist almağa başladı. Bütün uşaqlar uşaqlıqda karandaşla nəsə çəkirlər. Hərənin öz səbəbi olur. Mən isə artıq karandaşı əlimdən yerə qoymurdum. Hara gəldi rəngləyir, şəkillər çəkirdim. Hətta ayaq tutanda qonşuların divarlarını da rəngləyirdim. Onlar evimizə şikayətə gələndə qaçıb gizlənir, gözə görünmürdüm. Ancaq valideynlərim məni tənbeh etmirdilər. Onlar karandaşa vurğunluğumu artıq başa düşürdülər. Necə deyərlər, geriyə yol yox idi. Bu həvəs də məni hələ orta məktəbdə oxuyarkən dərnəklərə yazılmağa sövq etdi. İşlərim müəllimlər tərəfindən bəyənilirdi. Daha çox karikatura çəkirdim. Müəllimlərin karikaturaları bəzən onların xoşlarına gəlməsə də, etiraz da etmirdilər. "Gələcəkdə bundan nəsə çıxacaq” sözləri isə həmişə qulağımda səslənirdi. Bu sözlər mənim işimə verilən ilk qiymət idi”.

V.Çijikov 1952-ci ildə gənc karikaturaçı kimi ilk təcrübəsini "Mənzil işçisi” qəzetində qazanır. 1953-1958-ci illərdə Moskva Poliqrafiya İnstitutunun sənət şöbəsində oxuması isə rəssamlığın sirlərini daha dərindən öyrənməsinə şərait yaradır. İnstitutda oxuyanda tələbələr arasında keçiriləm müsabiqələrdə həvəslə iştirak edir. Qalib gəldiyi məqamlar da az olmur. İnstitutu bitirəndən sonra ”Krokodil” jurnalında işə düzəlir. Daha sonra fasilələrlə "Şən şəkillər” və "Murzilka”, "Dünya ətrafında”, "Gənc qvardiya”, "Pioner”, "Həftə”, "Gənc təbiətçi” jurnallarında və dövri nəşrlərdə çalışır. Rəssam həmçinin "Körpə”, "Uşaq ədəbiyyatı”, "Bədii ədəbiyyat” nəşriyyatlarında kitab illüstrasiyası ilə məşğul olur.
Olimpiadanın talismanı
Viktor Çijikov uzun illər daltonizm xəstəliyindən əziyyət çəkib, buna baxmayaraq 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarının "Mişka”sını - Olimpiya Ayısının eskizini yaratmağa nail olub. Personaja görə, antropomorfik bir ayı gülümsəyərək arxa ayaqları üzərində dayanır. Olimpiada Ayısı təkcə 1980-ci ildə Olimpiadanın simvolu olmadı, həmçinin daha geniş şəkildə XX əsr sovet epoxasının rəmzinə çevrildi. Mişa adı (Mişka, Mixail, Mixail Potapuç), bir çox rus xalq nağıllarında olan ayı üçün ənənəvi rus ləqəbidir. Moskva Olimpiadasının Təşkilat Komitəsi bir idmançının gücü, əzm və şücaətinin səciyyəvi xüsusiyyətlərini əks etdirmək üçün simvol olaraq bu heyvanı seçdi. 1977-ci ildə Olimpiadanın Təşkilat Komitəsi ən yaxşı ayı təsviri üçün müsabiqə elan edir. Uşaq kitablarının 42 yaşlı illistrator rəssamı Viktor Çijikovun eskizi müsabiqədə qalib gəlir. Sonralar rəssam xatırlayırdı ki, o və dostları emalatxanaya yığılaraq hər biri yüzə yaxın karandaşla eskizlər çəkiblər. Təşkilat Komitəsinə təqdim olunan 60 eskiz arasında Çijikovun eskizi diqqət çəkir. Ancaq ona təsviri rəngləməyi təklif edirlər. Aprelin 1-də rəngli, gülümsəyən Ayı eskizi komitəyə təhvil verilir. Ancaq eskizdə vacib olimpiada elementləri çatışmırdı. Yalnız avqust ayında rəssam öz ideyasını yuxuda görür və eskizdə dəyişiklik edərək Olimpiada həlqələrini göy-qara-sarı-yaşıl və qırmızı rəngləyir, Ayının belinə kəmər "bağlayır”.

Az sonra Olimpiada talismanı layihələrinin sərgisində iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Lord Killanin Çijikova zəng vuraraq:"Viktor Aleksandroviç! Təbrik edirəm - sizin "Mişka”nız Kommunist Partiyası MK-nın razılığını qazandı”- deyir. Nəhayət, 19 dekabr 1977-ci ildə Olimpiada Ayısı Olimpiadanın rəsmi talismanı seçilir.

Gördüyün işdən məmnunluq
"Mişka”nın hazırlanmasına gəlincə, 8 metrlik kukla - talismanı əvvəlcə Moskvada Rezin Sənayesi İnstitutunda hazırlamaq istəyirlər. Sonra böyüklüyünə görə institutun Zaqorsk filialına göndərirlər.

"Mişka” obrazı Olimpiadanın hazırlıq proseslərində geniş istifadə olunur. O plakatlarda, zərflərin, açıqcaların, suvenirlərin, poçt markalarının, çap nəşrlərinin üzərində peyda olur. "Mehriban Ayı” özləri mahnıların mətninə köçür. A.Paxmutova və N.N.Dobronravovun Olimpiadanın bağlanış mərasimi üçün yazdıqları "Əlvida, Moskva” mahnısına daxil edilir.

"Sonra məni çağırıb eskizi qəzetdə çap etmək istədiklərini dedilər. "Bəs müəllif hüququ, əvvəlcə "Mişka”nı hüququ baxımdan sənədləşdirmək lazımdır. "Hə, əlbəttə gəlin, danışaq”- dedilər. Eskizi 250 rubl dəyərində qiymətləndirdilər. "Şəklin özü üçün bu məbləğ ola bilər azdır, amma gəlin, müəllif hüququndan danışaq” deyəndə Lubomirov adlı birisi "O barədə nə danışacağıq? Müəllif sovet xalqıdır”- deyə cavab verdi. Mənsə: "Əgər bəstəkar Lepin sevastopolluların arzusu ilə "Sevastopol marşını yazıbsa, müəllif bütün hallarda Lepindir” dedim. Nəticədə mənə 300 min rubl verildi”- deyə rəssam xatırlayırdı.

Olimpiada "Mışka”sı rəssamı nəinki sovet məkanında, hətta dünyanın əksər ölkələrində məşhurlaşdırır. Xatırladaq ki, 1980-ci ildə keçirilən Moskva Olimpiadasını 60 ölkə boykot etmişdi. Həmin ölkələr SSRİ-nin Əfqanıstana ordu yeritməsinə etiraz əlaməti olaraq bu addımı atmışdılar.Olimpiadada ən çox medalı da elə SSRİ idmançıları qazanmışdılar - 195 (80 qızıl, 69 gümüş, 46 bürünc).

"Məni hər yerdə tanıyırdılar. Xüsusən, qeydiyyat lazım olan yerlərdə, məsələn, poliklinikalarda soyadımı soruşduqdan sonra xeyli üzümə baxırdılar. Düzdür, mən Krikorov deyiləm, ona görə məni dərhal tanımırdılar. Bununla belə, soruşurdular: "Siz Olimpiada "Mışka”sını düzəldən deyilsiniz?” Mən də "bəli, həmin adamam” deyə cavab verirdim. Dərhal üzlərə təbəssüm qonur: "Oyy, biz necə xoşbəxtik, bizə avtoqraf verərsinizmi?” deyə sevinirdilər. Mən də məmnuniyyətlə avtoqraf yazır və bundan böyük məmnunluq duyurdum. Gördüyün işdən məmnunluq böyük şeydir”.

Bu qədər illər keçməsinə baxmayaraq, Olimpiada "Mişka”sı hələ də məşhurluğunu itirməyib. "Eskizin plagiat olması ilə bağlı heç bir şikayət eşidilmədi” rəssam məmnunluğunu gizlətmirdi: "Axı ayılar başqa ölkələrin rəssamları tərəfindən də işlənmişdi. Təsvir bütün ölkələrdə məşhurlaşanda – şikayət etməyə, üstəlik məhkəməyə verməyə çoxlu şanslar vardı. Amma sükut oldu. Eskiz nə qədər orijinal idisə, o qədər də cəlbedici idi. Mən nə qədər yaxşı təsvir yaratdığımı başa düşürdüm”.
"Mişka”nın taleyi
Təntənəli bağlanış mərasimində tribunalardakı əlvan mozaikalardan sonra Olimpiya alovu söndürülür və ekrana böyük Olimpiada "Mışka”sı gəlir. Minlərlə tamaşaçıya "Xoş səyahət” deyən talisman kuklanın gözündən yaş axır. Lev Leşenko və Tatyana Ansiferovanın ifasında "Əlvida, Moskva” mahnısının sədaları altında göyə buraxılan minlərlə rəngbərəng şarla birlikdə Olimpiada "Mişka”sı ağır-ağır Moskva səmasına qalxır. Mənzərə o qədər təsirli idi ki, tamaşaçılar və Olimpiada iştirakçıları göz yaşlarını saxlaya bilmirlər. "Adamlar o uçanda ağlayırdılar. Bu, adi vağzal səhnəsi idi. Bu sevdiyin personajdan ayrılmaq idi”- deyə rəssam həmin anı unuda bilmirdi.

Bir neçə saatdan sonra talisman-kuklanı Vorobyov dağlarından tapıb anbara aparırlar. 1980-ci ildə bir alman firması rezin "Mişka”nı 100 min alman markasına almaq üçün Sovet hökumətinə müraciət edir. Ancaq rədd cavabı alır. "Mişka” bir müddət Ümumittifaq Sərgi Salonunun "Gənc texnik” pavilyonunda qoyulur. Sonra Olimpiya Komitəsinin zirzəmisində saxlanan "Mişka” siçovulların yeminə çevrilir.

Olimpiadadan sonra "Mişka” cizgi filmləri üçün ən yaxşı obraz oldu. Olimpiada talismanı "Soyuzmultfilm” studiyasında çəkilən "Böyük estafet”, "Ayı balası hardadır” "Mükafatı kim alır”, "Salam Olimpiada”, "Birinci aftoqraf”, ”Nokaut”, ”Metamarfoza” kimi cizgi filmlərində çəkildi, jurnalların üz qabığını bəzədi.
Məni onsuz da tanıyırlar

Viktor Çijikov Olimpiada "Mişka”sı ilə nə qədər tanınsa da, bu məşhurluğu özünə qalxan edib oturmadı. Yaradıcılığı dövründə RSFSR Jurnalistlər İttifaqı, RSFSR Rəssamlar İttifaqının üzvü, "Murzilka” jurnalının redaksiya kollektivinin üzvü seçildi. "Mir” telekompaniyasında keçirilən "Tik-tak” uşaq rəsmləri müsabiqəsinin münsiflər heyətinin sədri, 2009-2020-ci illərdə həmçinin Rusiya Uşaq Kitabı Şurasının sədri vəzifələrində çalışdı.

Hazırda rəssamın işləri A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyində saxlanır. "Mənim işlərim bir çox nəsillər üçündür. Əgər yaşadığım dövrdə insanların diqqətini çəkmişəmsə, rəsmlərimlə kimdəsə təbəssüm yaratmışamsa, demək yumorist bir sənətkar kimi məni tanıyırlar. Mən kiçiklər üçün cizgi filmi kimiyəm, niyə özümü xüsusilə tanıtdırım? Məni onsuz da tanıyırlar” deyə söyləyirdi.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər