AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Oğlanlar 8 martda kimləri təbrik edir? - Polemika

Oğlanlar 8 martda kimləri təbrik edir? - Polemika

Gənclik qəzeti
08 Mart 2014, 08:27 1617
Kimisi hədiyyələr, çiçəklərlə, kimisi də xoş sözlər deməklə həmin gün zərif cinsin nümayəndələrinin könlünü oxşamağa çalışırlar. Gənclər 8 Martda kimləri təbrik edir və qadınlar onlar üçün kimdir? Suallarımızı cavablandırmaq üçün gənclərə müraciət etdik.

“Mənim üçün ən əziz qadın anamdır”
Taleh Atakişiyev, teatrşünas.

Taleh deyir ki, 8 martda bütün dünya kişiləri qadınların qarşısında baş əyir. Həmsöhbətimizin sözlərinə görə, qadının ən gözəl missiyası onun ana omasıdır: “Qadın öncə anadır. Ona görədir ki, biz oğlanlar qızları bu qədər çox sevirik. Onlar çox qayğıkeşdirlər. Bizi tək olmağa və sıxılmağa qoymurlar. Bu dünyada qadın və kişinin öz vəzifələri var. Düşünürəm ki, qadınlar vəzifələrinin öhdəsindən bizdən daha yaxşı gəlir və həyatımızı daha da asanlaşdırırlar. Mən bu xüsusiyyətinə görə Azərbaycan qadınlarını dünyada ən gözəl, ən alicənab, ən ailəcanlı qadınlar hesab edirəm. Qadınların həyatımıza necə rəng qatmaqlarından saatlarla danışmaq olar. Qadınların bəşəriyyətin mövcudluğu və həyatındakı rolu barədə bir-birindən dəbdəbəli ifadələr işlətmək olar. Amma bu həqiqətdir ki, qadın səmimidir, yeri gəldiyində isti qucaqdır, dara düşdüyündə ilk qaçdığın və sığındığın kəsdir”. Qadınların hansı hədiyəyə önəm verdiklərinə gəldikdə, müsahibimiz deyir ki, onları sevindirmək üçün bəzən ürəkdən gələn səmimi, xoş sözlər də kifayət edir: “Qadınların hansı hədiyəyə üstünlük verməsi zənnimcə, qadına görə dəyişir. Hər qadını fərqli hədiyələr sevindirir. Lakin ümumilikdə, xanımlar ətir, gül, şarf, bijuteriya, kosmetik vasitələr və bu kimi digər şeyləri hədiyyə kimi qəbul etməyi sevirlər. Əlbəttə, ev, maşın, daş-qaş xoşlayanları və bunları hədiyyə almağı sevənlər də var. Bəzilərinin isə sadəcə xoş bir sözə ehtiyacı var. Nəzərə alsaq ki, qadınlar qulaqlarıyla sevirlər və digər hər şey keçici xarakter daşıyır, xoş sözlərlə bərabər hədiyyə təqdim etmək daha məqsədə uyğundur”.
Həmsöhbətimiz 8 mart kimi özəl gündə ilk olaraq anasını və sevdiyi qızı təbrik edir: “Mən ətir, gül, suvenir verməyi sevirəm. Mənim üçün ən əziz qadın anamdır. Daha sonra sevgilim və mənə yaxın olan bütün qadınları təbrik edirəm. Hamısına hədiyyə almağa imkan olmadığını nəzərə alsaq, xoş sözü əskik etmirəm”.

“8 mart sevinc bayramıdır”
Elxan İsmayılov, analitik.

Elxan deyir ki, həyatı bir kino kimi təsəvvür etsək, qadınlar bu kinonun baş rol ifaçılarıdır. Onlar xüsusən hər bir kişinin həyatında əsas rola sahibidirlər. Onun sözlərinə görə, 8 mart ilk növbədə bütün anaların bayramıdır, daha sonra bütün xanımlara diqqətin təzahürüdür: “8 Mart xüsusi diqqət, qayğı, təbəssüm, sevinc bayramıdır. Sadəcə, bir telefon zəngi bizim xanımların üzündə, ürəyində xüsusi təbəssüm, sevinc, xoşbəxtlik hissi yaradır. Ətrafımızda olan bütün sevdiyimiz, hörmət etdiyimiz xanımlara, ən əsası analarımıza nəinki ilin bir günü, hər gün sevgimizi hiss etdirməliyik. Çünki, bizi dünyaya gətirən də, həyatı boyu qeydimizə qalan da, övladlarımızın əziyyətini çəkənr də qadınlardır”. Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan qadınları hədiyyə kimi daha çox zinət əşyalarına, kosmetik vasitələrə üstünlük verirlər: “Fikrimcə, hədiyyənin qiymətinin önəmi yoxdur. Əsas onun necə təqdim edilməsidir. Bizim qadınlar üçün ən gözəl hədiyyə, zinət əşyaları, kosmetik vasitələr və geyimlərdir. Mən öz ətrafımdakı qadınlara hədiyyə seçərkən onların nələri sevdiyini nəzərə alıram və çalışıram ki, yadda qalan, maraqlı hədiyə olsun. Düşünürəm ki, suvenir verməkdənsə, qadınların istifadə edə biləcəyi hədiyyə almaq daha yaxşı olar.”. Elxan hər il 8 mart günü anasına, sevdiyi qıza, sevdiyi qızın anasına və bacısına hədiyyə alır.

“Ucuz hədiyyələrlə qadınların könlünü oxşamaq çətindir”
Elşən Bayram, eksponat mühafizəçisi.

Elşən düşünür ki, qadınlara yalnız 8 Martda yox, bütün günlərdə diqqət, qayğı göstərmək lazımdır: “ Hər kəsin həyatında olduğu kimi, qadınlar bu gün mənim də həyatımda önəmli yer tutur. Çünki, bu gün bizi dünyaya gətirən, daim qayğımıza qalan, nəvazişlərinə ehtiyac duyduğumuz qadınların günüdür. Bütün dünya qadınları bu gün diqqət mərkəzində olur. Amma mən düşünürəm ki, qadınlar kişilərin həyatında o qədər müqəddəsdir ki, onlara tək 8 Martda deyil, hər gün o qayğını, nəvazişi göstərmək lazımdır. Vacib deyil ki, məhz həmin gün onlara hədiyyə alınıb, xoş sözlər deyilsin. Onlar hər gün diqqət və qayğıya layiqdirlər”.
Müsahibimiz indiki qadınların kişiləri başa düşməməsindən də şikayətləndi. Onun sözlərinə görə, indiki qadınların könlünü ucuz hədiyələrlə oxşamaq mümkün deyil: “Qadınların hansı hədiyyəni sevdiyini deyə bilmərəm. Düşünürəm ki, indiki qadınların əksəriyyəti hədiyyələrin qiymətlərinə önəm verir. Əgər qiyməti bahalıdırsa, həmin qadın mütləq o hədiyyəni sevir. Psixoloqlar da bildirir ki, qadına nə qədər böyük hədiyyə versən, o qədər xoşbəxt olar. Əvvəllər qadını 1 ədəd gül ilə xoşbəxt etmək mümkün idi. İndi isə gül sadəcə əldə tutmaq üçündür. Onun yanında mütləq bahalı hədiyə də olmalıdır”. Elşən deyir ki, bu il 8 martda sadəcə öz anasına hədiyə alacaq: “İnsanı ancaq öz anası başa düşə bilər və yalnız analarımız üçün hədiyyənin qiyməti yoxdur. Hətta, analarımız üçün quruca təbrik, onun qəlbini oxşamaq, əzizləmək yetər. Qalan dost, tanışlarımı isə sadəcə, sözlə təbrik edəcəm”.
Xatırladaq ki, 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması inqilabçı Klara Setkinin adı ilə bağlıdır. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması təklifi ilə çıxış edib. O gündən sonra bütün dünya qadınları bu günü bayram kimi qeyd edirlər.

Aygün Əziz