• şənbə, 20 Aprel, 02:47
  • Baku Bakı 15°C

Oğlan uşaqları nə üçün baletə meyil etmirlər?

19.04.16 14:02 3353
Oğlan uşaqları nə üçün baletə meyil etmirlər?
Qəzetimizin “Gənclik” əlavəsində Bakı Xoreoqrafiya Akademiyasından reportaj təqdim etmişdik. Akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə söhbətimiz əsnasında bildirmişdi ki, Xoreoqrafiya Akademiyasının əsas problemi oğlan şagirdlərinin az olmasındadır. Bu da təəssüflər olsun ki, daha çox bizim milli mentalitetimizdən irəli gəlir. Əbülfəz müəllim deyirdi ki, onlar valideynlər və uşaqlar arasında təbliğat aparmağa çalışırlar: “Akademiyanın çox az sayda oğlanları baletə üstünlük verirlər. Onlar daha çox xalq rəqslərinə getməyi üstün tuturlar. Klassik bölmədə qızlarla oğlanların nisbəti gözəçarpacaq qədər kəskindir”.
Əslində bu, sıradan məsələ deyil. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün klassik xoreoqrafiyaya meyil edən oğlanlar çox azdır. Klassik xoreoqrafiya ilə məşğul olan oğlanlar cəmiyyətimizdə birmənalı qarşılanmır. Məsələn, balet artisti hər hansı bir qapıya elçi gedərkən ona qız vermirlər, bu peşə ilə məşğul olan uşaqlara kənardan gülürlər. Məsələnin bu tərəfi də var ki, klassik xoreoqrafiya ilə məşğul olan oğlan uşaqları qara kolqotka geyinərək dərslərə girməkdən imtina edirlər.
Milli mentalitetin böyük rol oynadığı bu məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Akademiyanın klassik rəqs bölməsində çalışan Azərbaycanın görkəmli balet ustası, əməkdar artist Rimma İsgəndərova bildirdi ki, əvvəllər şagirdlər arasında baletə böyük maraq var idi: “İndi belə hallarla tez-tez rastlaşırıq. Amma kim baleti sevirsə, o bu işlə sonuna qədər məşğul olur. Əvvəllər baletə daha çox diqqət var idi. Bizim qrupumuzda dərs dediyimiz uşaqlardan klassik xoreoqrafiyanı tərk edib başqa sahəyə keçənlər az olmayıb. Ancaq biz bacardığımız qədər valideynlərlə danışıb onların fikirlərini dəyişməyə çalışmışıq. İndi klassik xoreoqrafiyaya çox az oğlanlar meyil edirlər. Biz bu problem üzərində işləyirik. Belə ki, artıq uşaqlar arasında baleti təbliğ etməyə başlamışıq. Əslində bu çox nüfuzlu sənətdir. Bizim kifayət edə biləcək səviyyədə şagirdlərimiz var. Amma baletə olan marağı artırmaq üçün əlimizdən gələni edirik”.
Əməkdar artist gələcəkdə balet artistləri sarıdan qıtlıq çəkib-çəkməyəcəyimizlə bağlı fikrini də açıqladı: “Hesab etmirəm ki, gələcək nəsil bu sahədə peşəkar balet artistlərindən qıtlıq çəksin. Biz hər yerdə akademiyaya istedadlı uşaqlar dəvət edirik. Bir neçə uşaqlar imtina etsələr də, yerdə qalan uşaqlar bizim üçün qənaətbəxşdir”.
Kulturoloq, yaponşünas Əbülfəz Babazadə bizimlə söhbətində oğlanların balet və ya klassik rəqsdə qızlara nisbətən sayının az olmasının səbəblərini müxtəlif aspektlərdən izah etdi: “Rəqs göründüyü kimi asan bir sənət deyil. Əslində sənətlər arasında ən çətini və ən incəsi məhz rəqs, xoreoqrafiya sənətidir. Ələlxüsus da balet sənəti. Çünki burada insanın bütün əzaları fəaliyyətdə olmaqla bərabər, insanın hissləri, fikirləri və mənəviyyatı da əzaları ilə birgə vəhdət təşkil etməlidir”.
Azərbaycan elə bir coğrafiyada yerləşir ki, burada tarixən daha çox milli, əraziyə xas ritmləri ehtiva edən rəqslərə üstünlük verilib. Kulturoloqun fikrincə, ümumbəşəri dəyərlərə hörmət, çağdaşlıq prinsiplərinə sadiqlik və insan mənəviyyatını inkişaf etdirən mütərəqqi hadisələrə həssaslıq Azərbaycanda da balet sənətinin inkişafına yol açıb: “Azərbaycanda klassik xoreoqrafiyanın tarixi 90 illik bir müddəti əhatə etsə də, burada gender bərabərliyi hər zaman təmin olunmamışdır. Və bu daha çox təbii və sosial amillərdən asılı olmuşdur. Azərbaycanda və son zamanlar müşahidələrinə görə, dünyanın bir çox ölkələrində qızlar oğlanlara nisbətən baletə daha çox maraq göstərir və bu peşəyə yiyələnirlər. Səbəbləri araşdırarkən məlum olur ki, Azərbaycandakı səbəblər bir qədər fərqlidir. Əgər SSRİ dövründə, yəni 1991-ci ilə qədər xoreoqrafiya məktəbində təhsil alan oğlanların sayı kifayət qədər idisə, müstəqillik dövründə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təsiri altında, gənclərin cəbhəyə getməsi və hərbi-vətənpərvərlik fəaliyyətinin geniş miqyas alması bu sayı dəfələrlə azaltmışdır. Digər tərəfdən, milli özünüdərk və milli mentalitet məsələlərinin ön plana çıxması da bu sənət növündə oğlanların iştirakına təsir göstərmişdir. Bu gün isə Azərbaycanda Avropa dəyərlərinin təbliği, multikultural cəmiyyətin formalaşması və klassik sənətə olan marağın artması nəticəsində bir çox valideynlər öz oğul övladlarının bu sənətlə məşğul olmasını dəstəkləyir və çox zaman təqdir edirlər”.
Əbülfəz Babazadə təəssüf hissi ilə qeyd etdi ki, müəyyən yaşa çatdıqda, məsələn 8-9-cu siniflərdə, klassik rəqslə məşğul olan bəzi oğlan uşaqları həm tədris proqramının getdikcə çətinləşməsi, həm də bir sıra sosial məsələlər ucbatından milli rəqs şöbəsinə və ya ümumiyyətlə digər təhsil müəssisələrinə keçməyə üstünlük verirlər: “Bu problemin həlli balet artistlərinin və ümumiyyətlə xoreoqrafiya sənəti ilə məşğul olan hər bir gəncin cəmiyyətdə müvafiq imtiyazlardan yararlanmasında, fərdi sosial təminatında və bu sənətin düzgün təbliğatındadır. Azərbaycanda dövlət səviyyəsində bu sahənin inkişafı üçün kifayət qədər şərait yaradılıb. Bunun tam və bütövlüklə həyata keçməsi artıq bu sahədə çalışanların fəaliyyətindən asılıdır”.
Əməkdar artist, rəqqas-xoreoqraf Tahir Eynullayev də oğlan uşaqlarının baletə olan marağından narazıdır. İncəsənət Gimnaziyasının müəllimi deyir ki, milli rəqslə müqayisədə baletin hərəkətləri çox çətindir: “Balet elə bir sənətdir ki, onun adi məşqi çox mürəkkəb keçir. Baletlə məşğul olan insanın fiziki cəhətdən imkanları buna əl verməlidir. Belə ki, onda fiziki güc olmalıdır, o, xanımları qaldırmalı, barmaq uclarında gəzməlidir. Bu sahədə bizim ixtisaslı müəllimlərimiz var. Amma balet qrupunda daha çox rus, ləzgi, yəhudi şagirdlərlə rastlaşırıq. Burada mentalitet məsələsi də çox böyük rol oynayır. Müxtəlif səbəblərdən bizim oğlan uşaqları baletdən kənar gəzirlər. Ancaq bəzi oğlanlar əsgərliyə getməmək üçün balet sənətinə üstünlük verirlər. Çünki bu sənətlə məşğul olan oğlanlar əsgər getmirlər. Valideynlər özləri bu sənətə az üstünlük verirlər”.
Əmək düşünmür ki, gələcəkdə bizdə balet artisti olmasın. Hər il Xoreoqrafiya Akademiyası 5-6 oğlan balet artistini Opera və Balet Teatrına göndərir. Amma olur ki, onların əksəriyyəti xaricə gedirlər: “Bu sahədə bizim istedadlı uşaqlarımız az da olsa var. Opera və Balet Teatrının artistləri digər teatr artistlərindən daha çox maaş alırlar. Balet artisti olmaq çox çətindir. Səhər saat 10-dan gəlir, axşam saat 10-da gedirlər. Bu rəqsdən böyük travmalar da almaq mümkündür. Fiziki cəhətdən aktyor möhkəm olmalıdır ki, bütün hərəkətlərə dözə bilsin. İnsan gərək özünü sağlam saxlasın. Əvvəllər balet truppası müxtəlif şəhərlərə gedirdi. Devalvasiya olduğuna görə, teatrda o qədər də qastrol səfərləri olmur”.
O ki qaldı oğlan uşaqlarının baletdən kənar gəzmələrinə, Tahir Eynullayev də hesab edir ki, xoreoqrafiya ilə məşğul olan oğlanlara kənardan pis baxırlar: “Kimin ki incəsənətdən başı çıxmır, onlar baletə gedənlərə lağ edirlər. Çünki həmin insanların dünyagörüşü yoxdur, incəsənətin nə olduğunu bilmirlər. Oğlan uşaqlarının baletdən imtina etməsi ilə çox rastlaşmışam. Çalışmışam onları başa salım ki, balet gülməli sənət deyil. Düşünürəm ki, uşaqlara orta məktəblərdə mütləq şəkildə kulturologiya dərsləri keçirilməlidir. Belə olan halda uşaqlar incəsənətin, rəqsin nə demək olduğunu dərk etmiş olarlar”.
“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova isə bildirdi ki, balet sənətinə olan maraq bizim genimizdən gəlməlidir. Adətən bizdə milli mentalitetə əsaslanan bir çox insanlar övladlarına müəllim seçərkən daha çox qadın müəllimlərə üstünlük verirlər. Müəyyən peşə seçimlərində sıxıntılarımız olduğunu deyə psixoloq hesab edir ki, ötən illərlə müqayisədə bu il peşə seçimində çox irəliləyişlər nəzərə çarpır: “Əvvəlki illərə nisbətən müxtəlif peşələri indi daha rahat qəbul edə bilirik. İnsanlar davamlı şəkildə bir şeyi göz önündə görürsə, ona adaptasiya olurlar və bu onlar üçün qeyri-adi görünmür. Bu gün baletə müraciət edənlərin sayı azdır. Bunun üçün televiziyalarda, mətbuatda çox az informasiya verilir. İlk növbədə balet tamaşalarına biletlərin pulsuz verilməsi, buraya universitet tələbələrinin və şagirdlərin cəlb olunması vacib məsələlərdəndir. Bu gün valideynlər öz uşaqlarını idmana daha çox aparırlar, nəinki baletə. Bu prosesdə ilk növbədə valideynlər maarifləndirilməlidir. Xoreoqrafiya Qərbdən gəlmiş bir mədəniyyətdir. Biz daha çox Şərqə meyilli olmuşuq. Belə ki, güləş, idman - bu sahədə daha çox inkişaf etmişik. Ona görə uşaqlar arasında döyüşməyə meyillilik daha çoxdur. Xoreoqrafiya bizim milli adət-ənənələrimizə yaxın olmadığı üçün o sənəti mənimsəmək daha çətindir. Burada etnopsixoloji faktor da rol oynayır”.
Xoreoqrafiyanın bütün fiziki hərəkətlərin cəm olduğu bir sənət olduğunu bildirən Narınc Rüstəmova deyir ki, balet ilə məşğul olan uşaqlar bütün pis vərdişlərdən uzaq olurlar: “Bu gün cəmiyyətimizdə artıq çəkili uşaqlar üstünlük təşkil edir. Ancaq hansı ki onlar gimnastika, xoreoqrafiya ilə məşğul olsalar, bu hallar çox azlar. Balet elə bir sahədir ki, orada barmaqucu və digər incə hərəkətlər yer alır. Bu rəqslə məşğul olmaq üçün ilk növbədə uşaqların fiziki sağlamlığı yerində olmalıdır. Bu rəqs hərtərəfli olaraq sağlam və xeyirlidir”.
Psixoloq bildirir ki, balet bizim genimizdən gələn rəqs deyil. Ona görə də xalqımızın bunu həzm etməsi bir qədər zaman alacaq: “Bu bizim qanımızdan gələn prosesdir. Biz onu nə qədər təbliğ edib göstərəriksə, bir o qədər də insanlar üçün adi hala çevrilər. Psixologiyamızda “oğlan uşaqları baletə gedər” deyə bir anlayış yoxdur, ona görə cəmiyyətimizi qınaya bilmərik. Ancaq cəmiyyətin fikirlərini dəyişə bilərik. El dilində desək, bu sənəti bir qədər moda mindirmək lazımdır”.
Göründüyü kimi, burada əsas məsələnin təbliğat olması ilə bağlı ekspertlərin fikirləri üst-üstə düşür. Doğrudan da, millilikdən bir qədər uzaq olan xoreoqrafiya sənəti ölkəmizdə kifayət qədər təbliğ olunmur.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər