• cümə axşamı, 25 aprel, 17:25
  • Baku Bakı 23°C

Ohanyan səmimi deyil

02.03.17 12:30 987
Ohanyan səmimi deyil
"Erməni və azərbaycan xalqları yanaşı yaşayıblar və bundan sonra da yaşayacaqlar, onlar sülh istəyirlər, lakin bizim regionda sülh və tolerantlıq məsələsini həll etmək üçün Azərbaycanla Ermənistan arasında balansı təmin etmək lazımdır. Eyni zamanda, iki xalqı xalq diplomatiyasına təşviq etmək, qarşılıqlı etimad mühiti formalaşdırmaq vacibdir”.

Bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, hazırda keçmiş xarici işlər naziri Vardan Oskanyan və "İrs” partiyasının lideri Raffi Ovanisyanla birlikdə blok yaradıb parlament seçkilərinə hazırlaşan Seyran Ohanyan səsləndirib.

Xatırladaq ki, bir müddət əvvəl digər müxalif lider, eks-prezident Levon Ter-Petrosyan da oxşar fikirlər səsləndirmişdi və sülh şəraitinin zəruriliyindən danışmışdı. Bəs Ermənistan müxalifətinin sülhdən, münasibətlərin normallaşdırılmasından danışmasına səbəb nədir? Məlumdur ki, prezident Sarkisyan seçki üçün xal qazanmaq istəyəndə cəbhədə vəziyyəti gərginləşdirir. Əgər bu taktika uğurludursa, Sarkisyanın rəqiblərinin sülhdən danışması nəyin göstəricisidir? Ola bilərmi ki, erməni toplumu əslində, sülh istəyir və müxalif qüvvələr bu məqamdan yararlanmaq niyyətindədirlər?

Millət vəkili Şahin İsmayılov mövzu haqda fikirlərini "Kaspi” ilə bölüşərkən bildirdi ki, Ohanyanın dediklərini səmimi qəbul etmir. Ş.İsmayılovun fikrincə, onlar həmişə seçkilər zamanı Qarabağ kartından ciddi şəkildə istifadə edirlər: "Həmişə cəbhədə vəziyyəti gərginləşdirmək, provakasiya, diversiya hərəkətləri etməklə Ermənistan ictimaiyyətinin fikrini yayındırırlar. Bu, çox iyrənc taktikadır. Son proseslər göstərir ki, Sarkisyan bu əməllərini davam etdirir. Ermənistanda daxili vəziyyət pisdir, insanlar bədbindir. Ermənilər başa düşməlidirlər ki, Qarabağı işğalda saxlamaqları onların öz ziyanına işləyir. Bütün böyük layihələrdən kənarda qalıblar, iqtisadi blokadadadırlar. Ölkəni geri qayıtmamaq şərti ilə minlərlə gənc tərk edir. Faktdır ki, Azərbaycan gündən-günə inkişaf edir, böyük iqtisadi layihələrə imza atır, ordusu ən son texnika ilə təmin olunur. İstər Sarkisyan olsun, istərsə də Ohanyan, onların əli azərbaycanlıların qanına batıb. Düşünürəm ki, dediklərinin səmimiliyinə inanmaq sadəlövhlük olardı. Erməni xisləti elədir ki, hər məsələdən öz məqsədləri üçün yararlanmağa çalışırlar. Ohanyanın belə bəyanat verməsi ilk baxışda normal, praqmatik düşüncə kimi qəbul edilə bilər. Amma xatırlayaq ki, o, indiyə qədər bu proseslərin içində olub, Qarabağ məsələsində Sarkisyanla çiyin-çiyinə dayanıb. Onun birdən-birə fikirlərini 180 dərəcə dəyişməsini sadəcə, seçkiyə getmək üçün istifadə olunan kart kimi dəyərləndirirəm”.

Millət vəkili qeyd etdi ki, Ermənistanda reallığı dərk edən, münaqişənin onların ziyanına işlədiyini düşünənlər var və Ohanyan onların səsini qazanmaq istəyir: "Əlbəttə, mən çox istərdim ki, o, bunu real desin, doğrudan da məsələnin mahiyyətini dərk etsin. Amma Ohanyanın indiyə qədər olan fəaliyyəti dediklərinin qeyri-səmimi olduğunu düşünməyə əsas verir. Ona görə də bunu qeyri-səmimi və seçkiyə hesablanan bəyanat hesab edirəm. Amma Ermənistanda Azərbaycan torpaqlarının gec-tez geri qaytarılmalı olduğunu düşünənlərin olduğu məlumdur. Azərbaycan mövcud olduqca, cənab prezidentin daxili və xarici siyasəti ilə heç vaxt öz torpaqlarımızdan imtina etməyəcəyik və ərazi itkisi ilə barışmayacağıq. Bu cür blokada ilə onların vəziyyəti gələcəkdə daha da pis olacaq. Bir qrup erməni başqalarının torpaqlarından ötrü evlərində meyit qəbul etməkdən bezib. Müharibədə psixoloji məqam da mühüm məsələdir. Azərbaycanlılar bu baxımdan da güclüdürlər və öz torpaqları üçün mübarizə aparmağa razıdırlar, hazırdırlar”.

Politoloq Arzu Nağıyev də Dağlıq Qarabağ məsələsinin seçkilər üçün kart olduğunu düşünür: "Bu mövzu mühüm siyasi gedişlərdən biridir. Bildiyiniz kimi, Ohanyan Sarkisyandan ayrılaraq keçmiş nazirlərlə birgə müxalifətdə təmsil olunur. Bütün bunlar göstərir ki, daxillərində bir-birinə zidd məsələlər var. Onlar sülhməramlı millət olduqlarını göstərməyə çalışırlar. Lakin heç də belə deyil. Sarkisyan öz hakimiyyətini saxlamağa çalışır. Yəni baş verənlərin hamısı seçki ilə bağlıdır. Bütün bunlar seçkinin başındadır. Müxtəlif yollarla vətəndaşlarına öz yalanlarını yeritməyə çalışırlar. Problem Dağlıq Qarabağ məsələsindən seçkiqabağı platformada bir kart kimi istifadə etmələridir”.

Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər