• cümə, 29 Mart, 12:53
  • Baku Bakı 14°C

Ohanyan həbs olunacağını istisna etmir

28.03.17 09:00 711
Ohanyan həbs olunacağını istisna etmir
Ermənistanda aprelin 2-də keçiriləcək ərəfəsində gərginlik davam edir. Həbslər, zorakılıqlar, hakimiyyətin müxalifət namizədlərə qarşı təzyiqləri səngimir. Bir vaxtlar hakimiyyətdə təmsil olunan şəxslərin həbsi ölkədə ciddi narazılıqlara yol açır. Əksəriyyət həbsləri hakimiyyətin qarşıdan gələn seçkilərdə məğlub olacağı ehtimalının güclü olması ilə əlaqələndirir. Hazırda ən böyük diqqət həm də seçkilərdən sonrakı vəziyyətin necə olacağına yönəlib. Onlarla insanın öldürüldüyü 2008-ci ilin mart hadisələrinin yenidən təkrar olunacağı ehtimalı günbəgün artır. Bunu hakimiyyət də görür və indidən təhlükəli hesab etdiyi şəxsləri zərərsizləşdirməyə çalışır. Məsələn, separatçı rejimim qondarma müdafiə naziri Samvel Babayanın həbsi buna bariz nümunədir. Hakimiyyət bununla daha çox sabiq müdafiə naziri Seyran Ohanyana mesaj vermək istəyir ki, rejimə qarşı ittihamlarını dayandırmasa, növbədə o olacaq. Elə Ohanyanın özü də bunu istisna etmir.
"Biz Ermənistanda yaşayırıq və burada heç nəyi istisna etmək olmaz”. Bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, "Ohanyan-Raffi-Oskanyan” blokunun lideri Seyran Ohanyan həbs oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, təbliğat kampaniyası zamanı bu kimi məişət mövzularına və intriqalara diqqət ayırmağa zaman yoxdur: "Bildiyiniz kimi, mən siyasətdə yeniyəm. Lakin vəziyyətə tez uyğunlaşdım və savadlı insanları ətrafıma topladım. Düşünürəm ki, bunların hamısı dezinformasiyadır. Mən bütün Ermənistanı gəzirəm, siyasi proseslərin mərkəzində oluram. Əgər belə bir şey olsaydı, hüquq-mühafizə orqanlarından kimsə bir dəfə də olsa bu məsələyə toxunardı. Lakin biz Ermənistanda yaşayırıq, burada heç nə istisna deyil”. S.Ohanyan qondarma Dağlıq Qarabağ rejiminin "keçmiş müdafiə naziri” Babayanın həbsinə münasibət bildirərkən deyib ki, Samvel Babayanı sonadək müdafiə edəcəklər. O bildirib ki, Babayanın həbsi onların seçki blokuna qarşı təzyiqlərin davamıdır. S.Ohanyan qeyd edib ki, Babayanı sonadək müdafiə edəcəklər, hakimiyyətin qondarma ittihamla öz məqsədinə çatmasına imkan verməyəcəklər. Blokun digər lideri ,”İrs” partiyasının sədri Raffi Ovanisyan isə Samvel Babayanı siyasi məhbus adlandırıb. O deyib ki, "Babayan özünün vətəndaş və siyasi baxışlarına görə həbsə atılıb, çünki bizim blokun həmfikridir”.
Vəkili Avetik Kalaşyan deyib ki, Babayan ölkəyə "İqla” zenit-raket kompleksi keçirmək cəhdi ilə bağlı ona qarşı iddiaları qəti şəkildə rədd edir. Babayana qarşı rəsmi ittiham irəli sürüləcəyinə gəldikdə isə vəkil bunun hələ ki, aydın olmadığını və 1-2 günə bəlli olacağını deyib.
Qeyd edək ki, S.Babayan martın 22-də saxlanıb. Ermənistanın milli təhlükəsizlik xidməti onun Gürcüstandan qaçaq yolu ilə ölkəyə "İqla” zenit-raket kompleksi keçirmək cəhdi ilə bağlı istintaq çərçivəsində saxlandığını bildirib. Bu işlə bağlı Babayandan başqa daha 2 nəfər də saxlanıb.
Yeri gəlmişkən, aktiv seçki mübarizəsinə girişən "Erməni Milli Konqres-Ermənistan Xalq Partiyası” bloku (rəhbəri keçmiş prezident Levon Ter-Petrosyandır) elm və təhsil naziri Levon Mıkırtçyanın istefasını tələb edib. Seçki blokunun bununla bağlı yaydığı bəyanatda ölkənin təhsil müəssisələrinin bu və ya digər formada 2 apreldə keçiriləcək seçkilərin saxtalaşdırılması prosesində iştirak etdiyi, qanunla yasaq edilən tədbirlərin keçirildiyi, materialların yayıldığı qeyd olunub. Bildirilir ki, ölkənin ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri kütləvi şəkildə hakimiyyətin saxtakarlıq planlarına cəlb olunur, hakim Respublika Partiyasının qalib olması üçün inzibati rıçaqlardan istifadə edilir. Məktəb direktorları, müəllimlər, valideynlərdən bu məqsədlər üçün istifadəni qanunsuz sayan bəyanat müəllifləri bildirib ki, hakimiyyətin təkzibinə baxmayaraq, administrativ resurslardan istifadə olunmaqla bu sektorda çalışanların siyahıya alınması faktdır. "Bu, qanun pozuntusudur, baxmayaraq ki, hakimiyyət bunu təxribat hesab edir”, – deyə sənəddə qeyd olunur.
Blok məsələnin ciddi şəkildə araşdırılması və hüquqi qiymət verilməsini, həmçinin elm və təhsil naziri Levon Mkırtıçyanın istefaya göndərilməsini tələb edir.
Ekspertlər hesab edir ki, ağır sosial-iqtisadi durum və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaşananlar hakim Ermənistan Respublika Partiyasının şanslarını əhəmiyyətli dərəcədə azaldır və bu durumda aprel seçkilərindən sonra Ermənistanı yeni qüvvənin idarə etməyə başlayacağı istisna olunmur. Seçkidən sonra Ermənistanın həm siyasi, həm də iqtisadi həyatının daha böyük çətinliklərlə xarakterizə olunacağı gözlənilir. Xüsusən də insanların maddi rifah halının, sosial vəziyyətinin sürətlə pisləşməsi fonunda Serj Sarkisyan iqtidarına qarşı ictimai narazılığın daha da artması gözlənilir. Elə müxalif qüvvələr həm ağır sosial-iqtisadi durumu, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkənin üzləşdiyi problemləri qabardaraq parlament seçkiləri ərəfəsində özlərinə ictimaiyyət arasında daha çox dəstək toplamağa çalışırlar.
Hazırda Ermənistan üçün əsas reallıqlardan biri qeyd edildiyi kimi, sosial durumun kifayət qədər ağır və acınacaqlı olmasıdır. Vəziyyətin düzəlməsinə də hər hansı ümid yoxdur. Erməni iqtisadçı Aşot Yeqiazaryan da bildirir ki, Ermənistanın inkişaf üçün resursları tükənib. "Joxovurd” qəzeti isə yazır ki, Ermənistanın iflasına səbəb olan cinayətkar rejim əhalinin yaşayış səviyyəsini minimuma endirib. Aparılan qeyri-konstruktiv siyasət nəticəsində bütün beynəlxalq enerji, neft-qaz layihələrindən kənarda qalan Ermənistan indi yalnız ianələr hesabına dolanır. Ermənistanın sabiq baş naziri, millət vəkili Qrant Baqratyan da onunla həmfikirdir: "Ermənistanda iqtisadi tənəzzül tək bu il deyil, qarşıdakı illərdə də davam edəcək. Pul ehtiyatlarının, transfertlərin həcminin azalması nəticəsində ölkənin daha böyük problemlərlə üzləşəcəyi proqnozlaşdırılır. Hakimiyyətin səriştəsizliyi üzündən Ermənistanda əhalinin sosial vəziyyəti gündən-günə çətinləşir. Artıq ölkə məhv olmaq həddindədir”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər