• şənbə, 27 Aprel, 01:40
  • Baku Bakı 14°C

Oftalmoloq Aynurə Əliyevadan gözlərin qorunması ilə bağlı tövsiyələr

28.04.20 14:37 555
Oftalmoloq Aynurə Əliyevadan gözlərin qorunması ilə bağlı tövsiyələr
Dünyanı bürümüş koronavirus COVİD-19 xəstəliyinin göz ilə yayılması halları da istisna olunmur. Əlləri təmiz olmadığı halda gözlərini qaşıyan yaxud ona toxunan şəxs əlbəttə ki, virus və bakteriyaları gözünə ötürür. Gözün ön səthi 24 saat göz yaşı ilə yuyulur, lakin virulentliyi yüksək olan infeksiya ona qalib gələrək xəstəlik törədir.
Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva gözlərin qorunması ilə bağlı tövsiyələrini verib.
Kaspi.az həmin tövsiyələri təqdim edir:
Koronavirus gözə müxtəlif mexanizmlə daxil olub gözün ön səthinin iltihabı olan konyunktivit, uveit, retinit və nevrit törədə bilər. Koronavirus Covid-19 xəstələrinin yalnız 3 faizində konyunktivit müşahidə olunur. Fasiləsiz sulanma, qızartı, gözdə "yad cisim” hissi kimi diskomfort əlamətləri bir neçə saat və ya gün sonra üşütmə, qızdırma, halsızlıq, boğazda qıcıqlanma-ağrı, öskürək kimi simptomlarla müşahidə olunarsa, özünü təcrid qaydalarına riayət etməklə təcili tibbi yardım xidmətinə müraciət etmək məsləhət görülür.
Viruslu konyunktivit əlamətlərini hiss edən şəxs mütləq öz oftalmoloquna müraciət etməli və heç bir halda aptekdən özbaşına dərman alıb istifadə etməməlidir. Karantində olanlar və onlara xidmət edən personal, cəmiyyətlə sıx kontanktda olan, işləmək məcburiyyətində olan vətəndaşlar da eyni qaydada tərkibində aşağı konsentrasiyalı bor turşusu olan göz damlalarından (omkasa, tafazol və s.) və ya göz yaşı əvəzedicilərindən istifadə edə bilərlər.
Virusun aktivlik müddətinin müxtəlifliyini nəzərə alaraq eynək istifadəçiləri gigiyenaya xüsusilə diqqətli olmalıdırlar. İstifadədən öncə və sonra hər gün istənilən növ eynəklərin adi maye-sabunlu suyla yuyub təmizləmək tələb olunur. Spirt tərkibli dezinfektantlar eynəklərdə müxtəlif məqsədlə təyin olunmuş örtükləri zədələyir, buna görə yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhətdir.
Linza istifadəsini minimuma endirmək, məcburiyyətdən istifadə zamanı isə hər gün təbliğ olunan şəkildə əlləri yuduqdan sonra linza taxıb yaxud çıxarmaq, daha yaxşı isə gündəlik linzalardan istifadə məsləhətdir. Gözləri yükləməmək üçün hər 30 dəqiqədən bir 10 dəqiqəlik fasilələr vermək, göz gimnastikası etmək məsləhətdir. İdman prosesinə göz almasını hərəkət etdirmək, yuxarı-aşağı,sağa-sola,diaqonallara baxmaq, ən uzaqda ayırd edə bildiyiniz obyektə baxmaq, gözləri tez-tez qırpmaq kimi hərəkətləri daxil etmək olar.
banner

Oxşar Xəbərlər