AZE | RUS | ENG |


Obrazlar qalereyası və ya “İki aktyorun teatrı”

Obrazlar qalereyası və ya “İki aktyorun teatrı”
Milli kino sənətimiz inkişaf mərhələsindədir və "buzun qırılması”nın bariz nümunəsi təkcə ardıcıl olaraq ekrana yol tapan filmlərdə və teleseriallarda deyil, həm də yeni aktyor nəslinin yetişməsindədir. Bu baxımdan, "ekran-səhnə etibarlı əllərdədir” desək, oxucu (tamaşaçı) bunu illərdir işlədilən şablon ifadə kimi qəbul etməməlidir.
 "Teatr məbəddir” frazası da yeni deyil. Bu məbədin işıqları da möcüzəvi və cəlbedicidir, pərdələri və hətta qarderob deyilən texniki xidmət göstərilən hissəsi də. 
 1980-ci illərdə o zaman yeganə telekanal olan Azərbaycan Dövlət Televiziyasında gənclik mövzusu ilə bağlı müxtəlif verilişlərinin aparıcısı olan uzun saçlı gənc bir qız, yazıçı Anarın ssenarisi əsasında səhnələşdirilmiş məşhur "Evləri köndələn yar” tamaşasında savadlı və bir neçə xarici dil bilən vəkil qız obrazını canlandırdı və bu rolla da məşhurlaşdı. Yeri düşmüşkən, yeni il ərəfəsində ekranlara çıxarılan bu, son dərəcə aktual və "duzlu” televiziya tamaşasında gözəl aktyor ansamblı oynayırdı. Tamaşada Kamilin (Azərbaycan Respublikasının Xalq artisti, mərhum Telman Adıgözəlov) nişanlısını oynayan aktrisa Hicran Qəşəmova (hazırda Nəsirova -S.R.) maraqlı və təbii bir obraz yaratmağa nail olmuşdu. 
 Hicran Nəsirova bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif obrazlar yaratsa da, tamaşaçılar onun R.İsax və V.Əmirovun ssenarisi əsasında çəkilən və hər həftə növbəti seriyası səbirsizliklə gözlənilən "Vicdan haqqı” teleserialında yaratdığı Minayə adlı qayınana obrazı ilə də sevdi. Kimin düz, kimin səhv "yol”da olduğu barədə müzakirə açmaq fikrindən uzaq olaraq Hicran Nəsirovanın ustalıqla yaratdığı qayınana barədə danışmaq istərdim. Qayınana deyəndə Azərbaycan tamaşaçısının - bizlərin gözü önünə həmişə unudulmaz gülüş ustası Nəsibə xanım Zeynalova gəlir. Hicran Nəsirovanı isə bu gün inamla "Səhnəmizin (ekranın) dramatik qayınanası” adlandırmaq olar. Adı çəkilən "Vicdan haqqı” teleserialında XX1 əsrin şəhər həyatının qayınana obrazı onun ifasında o qədər ustalıqla "açılır” ki, heyrətlənməyə bilmirsən. Əvvəlcə tamaşaçıya onun maddi ehtiyac içində yaşayan oğlunun ailəsi ilə uzun illər bir evdə yaşaması və gəlininə əsil ana münasibəti bəsləməsi çatdırılır. Amma ailənin həyatında müəyyən dəyişikliklərin baş verməsi - yəni oğlu Kamilin (Elxan Yunus) Rusiyada varidat qazanması və ikinci dəfə ailə qurması bu qayınananın iç üzünü "açır”, onun meşşan təbiəti və hadisəyə qeyri-obyektiv münasibəti də üzə çıxır. Bu "açıqlama” Hicran Nəsirovanın ifasında-baxışlarında, yerişində və hətta bəzən etik normaları kobudcasına pozmasında da məharətlə əks olunur. Nəvəsinin keçmiş nişanlısı ilə görüşməsini telefonla onlara çatdıran Şəfiqə - yəni oğlanın anası narazılığını bildirir. Minayə xala (H.Nəsirova) "Şəfiqə kimdir ki, bura zəng vurur?” sözlərini işlədir və qıcıq dolu jestləri ilə göstərir ki, gözlənilmədən qazanılan varidat onu – həyatın çətinliklərini görmüş bir qadını əməlli başlı "çaşdırıb”, adi insanlara yuxarıdan aşağı baxmağına "əsas verib”. 
"Vicdan haqqı” serialı nə qədər həyati və real olsa da, tamaşaçı burada müəyyən istisnalara rast gəlir: məsələn, adətən Azərbaycan anası oğlunun Rusiyadan rus qızı və ya qadını gətirməsinin əleyhinə olur, imkanları və nüfuzu çərçivəsində belə nikahın pozulmasına nail olmaqla "qələbə” uğrunda "sona kimi” mübarizə aparır. Söhbət subay oğlanın ailə qurmaq məqsədilə özü ilə gətirdiyi qızdan gedir. Bu əsərdə isə artıq uzun illər ailəli olan iki uşaq atası Kamil ağlasığmaz bir cəsarətlə ikinci dəfə (özü dərk etdiyi tərzdə) evlənmək fikrinə düşüb, amma birinci həyat yoldaşından qanuni şəkildə boşanmaq fikrini yaxın buraxmır. Bu, hər kəsdə çaşqınlıq yaradır. Belə vəziyyətdə ana - Minayə xala gəlini Dilarənin (Kəmalə Müzəffər) vəziyyətinə acısa da, onun müəyyən həqiqətlərin üzə çıxmasından sonra "üzünün dönməsinə” sərt reaksiya verir, qızı Afaq (Təzəgül Hidayət ) ilə birgə hər tərəfdən zərbələr alan gəlininə əsil "müharibə” elan edir. Təbii ki, Dilarə rolunun ifaçısı, Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kəmalə Müzəffərin son dərəcə canlı və təbii ifasını qeyd etməmək olmaz. 
Tam fərqli bir Azərbaycan kişisinin obrazını yaradan - yeri gəldikdə dialektik üslubda olan nitqi və daha çox məişətdə "istifadə edilən” davranış və hərəkətləri ilə filmi demək olar ki, "idarə edən” Elxan Yunusun Kamilinə inanmamaq, bütün baş verənlərin səbəbkarı olmaqla doğmalarına iztirab və əzablı günlər, aylar yaşadan bu ürəyiyumşaq, humanist və dürüst insana rəğbət bəsləməmək mümkün deyil. Elxan Yunus "baş verənləri düşünüldüyündən və həyatda olduğundan daha artıq təbii və canlı yaratmağı bacarır” desək, mübaliğə sayılmaz.
 Romantik pafos, daxili temperamentə malik, milli ruha son dərəcə yaxın olan, yapışıqlı səsi ilə qarşısındakını (istər tərəf müqabilini, istərsə də tamaşaçısını) "sehrləyən” Elxan Yunusun kamil ifası ekran əsərinin növbəti kadrlarının uğurundan xəbər verməklə tamaşaçını ona rəğbət bəsləmək üçün hazırlayır və "xəbərdaredici” rol oynayır.
"İki aktyorun teatrı” ifadəsi "Bir aktyorun teatrı” kimi qəbul edilmiş ifadədən götürülüb. Bu ifadə biri kifayət qədər tanınmış - digəri isə Azərbaycanın Qərb bölgəsi olan Gəncədə yaşayıb-yaratmaqla respublikanın əməkdar artisti adına layiq görülmüş, uzun illər Gəncə Dövlət Dram Teatrının səhnəsində müxtəlif obrazlar yaratmış tanınmamış aktyorun - Hicran Nəsirova və İlham Hüseynov "paralel”ini yaratmaq istəyindən yaranıb. 
Serialda İlham Hüseynovun ifadə üsulu da mənalıdır. Yenə keçmişə - XX əsrin uzaq - bu dəfə 70-ci illərinə qayıdırıq. Onun bu gün oynadığı sırf mənfi obraz hesab olunan İmran davranışını və "məntiq”ini realist boyalarla "əsaslandırmaqla” pafos və emosiyalardan uzaq olan, əsəbləri "dəmirdən düzəldilmiş” bir yaramazdır. İlham Hüseynov İmran "tip”ini dərin yumor və təbii ifa üslubu ilə çatdırmaqla yaşlı nəslə, o cümlədən orta yaşlı Azərbaycan tamaşaçısına vaxtilə "mənfi obrazlar ustası” kimi sevilən və bir-birinin ardınca yaramaz tiplərini və onların cəmiyyətdəki davranışı və namuslu insanların yolunda törətdikləri əngəllərin kökünü göstərməyi bacaran Fuad Poladovu xatırladır. O illərdə hazırda Rus Dram Teatrının aparıcı aktyorlarından olan Fuad Poladov fenomeni o qədər davamlı təsir gücünə malik idi ki, tamaşaçı onu müsbət planda sadəcə, görmək istəmirdi.
 Bu gün Akademik Milli Dram Teatrının səhnəsində tarixi obraz kimi mübahisələrə yol açmış Ağa Məhəmməd Şah Qacar obrazını ustalıqla yaradan Fuad Poladov, təbii ki, aktyor olmaq, səhnədə və ekranda maraqlı obrazların öhdəsindən gəlmək arzusu ilə yaşayan məktəbli - daha sonra tələbə olan İlham Hüseynovun da "qəhrəman”ı olub. Amma bir məsələni xüsusilə qeyd etmək lazımdır; adı çəkilən aktyor heç kimi təkrarlamadığı kimi, Fuad Poladovun da ifa üslubunu və maneralarını təkrarlamaq və təqlidçilik ruhundan uzaqdır və bu "uzaqlıq” bacarığı hər aktyora nəsib olmur.
 "Vicdan haqqı”nda Minayə xanımın (H.Nəsirova) sevimli kürəkəni olan İmran (İ.Hüseynov) "Qayınana-gəlin” problemi kimi ,"Qayınana-kürəkən” münasibətlərində baş verən və verə biləcək nüansların da üstünə "işıq salır”.
 İ.Hüseynov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif obrazlar yaradıb. Aktyor Gəncə Dövlət Dram Teatrında çalışarkən Akademik Milli Dram Teatrına N.V.Qoqolun "Evlənmə” əsəri ilə qastrol səfərinə gəlmiş kollektivin tərkibində baş rolun ifaçısı idi. O, həmçinin, böyük aktyor və şəxsiyyət kimi tarixdə qalmış Hüseyn Ərəblinskinin həyatından bəhs edən "Sənətkarın taleyi” (Elçin) tamaşasında oynadığı knyaz rolunda rus mentalitetinin xüsusiyyətlərindən irəli gələn manera və hərəkətləri, o cümlədən rus aristokratının psixologiyasını ustalıqla çatdırmağı bacarmışdı.
 İ.Hüseynovun yaradıcılığı barədə danışarkən hələ "Vicdan haqqı” serialının nümayişindən bir neçə il əvvəl Azərbaycan tamaşaçısının mühakiməsinə verilmiş "Sonuncu fəsil” (R.İsax) əsəri barədə danışmamaq olmaz. Həmin ekran əsərində İ.Hüseynov İlyas adlı humanist, vicdanlı və sözün əsil mənasında sevməyi bacaran bir obrazı yaratmaqla yalnız yaramazların deyil, səmimi və təmiz insanların psixologiyasına da "hakim kəsildiyini” sübut edir.
 Sovet dövründə, səhv etmirəmsə, "Azərbaycan gəncləri” qəzetində bir müddət "Alqış, səhnəyə istedad gəlir” adlı rubrika altında yenicə tanınmağa başlamış gənc aktrisa və aktyorlar barədə "tanıtım” məqalələri dərc olunurdu. Bu fikirləri bu gün İ.Hüseynov haqqında da yazmaq olar.  Onun İlyas ("Sonuncu fəsil”) və İmran ("Vicdan haqqı” ) rolları ilə geniş tamaşaçı kütləsinin diqqətini cəlb etməsi, "dəst-xətt”inin "təqdimat”ı kimi qəbul olunmalıdır. 

Sevda Rəsulova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN